Poeziyamızda cavanların cavanı - Fikrət
Qoca
Xalq
şairi Fikrət Qocanın 1960-cı illərin əvvəllərində
bir-birinin ardınca işıq üzü görmüş
“Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə
ay çiməndə” (1967) və s. kitabları Azərbaycan
poeziyasına tamamilə yeni üsluba və estetik
dünyagörüşünə malik parlaq bir istedadın gəlişindən
xəbər verirdi.
O da
öz yaşıdları kimi zamanın bütün dərdlərinə
və problemlərinə səmimi münasibət bildirmək
istəyirdi. Və bütün
altmışıncılar kimi, F.Qoca da qələmə
aldığı mövzularda həqiqi və səmimi şair
olmağı qarşısına məqsəd qoymuşdu.
Təsadüfi deyil ki, ilk dəfə olaraq, məhz F.Qoca
və yaşıdları ədəbiyyatımızda, ələlxüsus
da poeziyada ənənəyə çevrilmiş tematik sərhədləri,
fərqləri və poeziyanın xeyrinə olmayan başqa ədəbi-siyasi
vərdişləri qətiyyətlə inkar etdilər. Yeni poetik nəsil
üçün ictimai şeir, siyasi lirika, intim şeir, təbiət
lirikası, hərbi-vətənpərvərlik şeiri və
s. kimi bölgülər mövcud deyildi. Gözəl
və səmimi poeziya tələbi mövzusundan və qayəsindən
asılı olmayaraq bütün şeirlərə aid idi.
Gənc şairin ilk kitabının adına
və sonralar yeni ədəbi dövrün poetik uğuru rəmzinə
çevrilən “Qağayı” (1961) şeiri söylədiklərimizə
parlaq misal ola bilər. Bu yığcam, lirik
süjetə malik şeirdə müxtəlif poeziya sahələrinin
sərhədləri itmiş, əsl poetik gözəllik
öz mahiyyətində müasir insanın ümid və
arzularını bir-biri ilə qovuşdurmuşdu. Və
bir həqiqət şeirdə qətiyyətlə ifadə
olunmuşdu; poeziyamıza qağayı öz dənizinə məftun
olan kimi, dünyanı və insanlığı, Vətənini
və elini ürəkdən sevən və bu sevgisini gələcək
ömrünün bütün dolaylarında yaşadacaq yenilməz
bir şair gəlir...
Ötən
yüzilin böyük şairlərindən biri və yeni
poetik nəslin qayğıkeş hamisi Rəsul Rza məhz həmin
illərdə yazırdı:
“Fikrət
Qocanın ən yaxşı şeirlərində mədəni
bir şairin, ürəyi sözlə dolu (kəlmə yox,
sözlə) bir insanın, nəyə isə məhəbbət,
nəyə isə nifrət aşılamaq istəyən bir
şairin səsini eşidirik...”
Gənc Fikrət Qocanın oxucuların qəlbini fəth
edən şeirləri o dövrdəki bir sıra Sovet
şairlərinin zəmanəyə həmahəng və
uyğun düşünülmüş, çox cəhətdən
bir-birinə bənzəyən yorucu və cansıxıcı
nəzmindən köklü surətdə fərqlənirdi.
Bu
nöqteyi-nəzərdən şairin “Fəhləyəm”
(1964), “Usta ev tikir” (1963), “Eyniyik” (1961), “Söhbət” (1962), “Mənim
fəhlə dostlarım” (1963) və s. şeirlərində
dövrün ədəbi siyasətinə uyğun gəlməyən
bədii təhlil və qərarlar diqqəti cəlb edir. Yuxarıdakı poetik nümunələrdə Sovet
poeziyasından miras qalmış monumental və mücərrəd
fəhlə obrazının poetik demontaj edilməsi, başqa
sözlə, bədii praktikada yenidən qurulması və
formalaşdırılması prosesini müşahidə edirik.
Bu şeirlərin heç birində ictimai-siyasi
mənşəyin və sinfi mənsubiyyətin
ideallaşdırılması qətiyyən nəzərə
çarpmır. Əksinə, sinfi və
siyasi bölgünün əhəmiyyətsizliyi, insanların
müxtəlif mənsubiyyətlərindən asılı
olmayaraq mahiyyətən birliyi və eyniliyi
vurğulanırdı. “Eyniyik” şeirində
biz məsələyə məhz bu cür yanaşmanın
şahidi oluruq. Bir neçə misralıq şeirdə
müəllif cəmiyyətin ən mürəkkəb və
siyasi cəhətdən həssas probleminə aydınlıq gətirir:
Sənin əlin
qabar-qabar
Mənim
ürəyim,
Onun beyni.
Hamımız
eyni cür fəhləyik qardaş,
Eyniyik,
eyni!
“Mən
ünvansız yaşayıram” (1960) şeiri 50-ci illərin
sonu və 60-ci illərin əvvəllərində Azərbaycan
ədəbiyyatında, xüsusən, poeziyada vüsət alan mənəvi estetik dəyişmə və
yüksəlişi parlaq surətdə əks etdirir. Bu şeir yeni lirik qəhrəmanın
dünyagörüşünün və dünyaya münasibətinin
aydın ifadəsidir. Onun bu özünəməxsus
manifestində uzaq vaxt, uzun illər ərzində məhdudiyyətlər
və qoruq- qaytaq içində iztirab çəkən
insanın qurtuluş sevinci əks edib. Bu, əlbəttə,
böyük mənadakı ictimai və milli qurtuluş deyildi.
Bu ruh yüksəkliyi sanki zindandan qurtulan, türmədən
xilas olan, sərbəst hərəkət və yaşamaq səadətinə
qovuşmuş adamın sevincinə bənzəyirdi. Bu mənəvi
vəziyyəti və halı başqa
altmışıncıların
yaradıcılığında da müşahidə etmək
mümkündür. Sovet cəmiyyətində
həmin dövrdə gerçəkləşmiş müəyyən
azadlıq və sərbəstliklər sevinci gənc
altmışıncıların ilk lirikasında ürəkdən
vəsf olunub. Fikrət Qocanın lirik “mən”i
də məhz bu ovqatda köklənmişdi. Amma o öz istəyini, arzusunu özünəməxsus
tərzdə ifadə edirdi. O da bol-bol sərbəstlik, səma
kimi ucsuz-bucaqsız azadlıq, günəş kimi isti və
mehriban həyat arzulayırdı:
Mən
ünvansız yaşayıram -
günəş kimi, səma kimi...
Göründüyü kimi, müəllif öz sərbəstliyini
və ictimai-siyasi buxovlarla hesablaşmadığını
xüsusi vurğulayır.
“Günəş”
və “səma”nı gənc lirik qəhrəmanın
öz həyat tərzini səciyyələndirən təbii-bədii
simvollar kimi seçməsi xüsusilə diqqətə
layiqdir. “Ünvansızlıq” metaforası yeni
lirik qəhrəmanın mahiyyətini ifadə edən bədii
vasitədir. Amma bu metafora lirik qəhrəmanın
həyatının heç bir ölçüyə və ya
zaman-məkan sərhədlərinə uyğun gəlməməsini
bildirmir. Onun həyatının öz
meyarları və sərhədləri mövcuddur. Şeirdə ikinci və bizcə, əsas xüsusiyyət
müəllifin öz mahiyyətini təbiətlə eyniləşdirməsidir.
Günəşlə, səmayla, yaşıl
düzlər, meşələrlə, yollarla, dağlar və
çaylarla öz həmcinsliyini vurğulamaqla müəllif
sanki dünya ilə, bütün insanlıqla birliyini təsdiq
etmiş olur.
Müəllif dünya ilə birliyini vurğulamaqla
yanaşı, dünyanın da ona mənsubluğunu təkid
edir və öz həyatını, gələcək taleyini
dünyadan ayrı, yalnız öz ölkəsində, öz
küçəsində və öz evində təsəvvür
etmək istəmir.
“Telefonla söhbət” (1962) şeirində isə lirik “mən”in
dünyaya münasibəti daha konkret və real şəkildə
əks edir. Şeirin qəribə və özünəməxsus
süjeti ilk baxışda oxucunu müəyyən dərəcədə
təəccübləndirir də. Bu
şeirdə Yer kürəsinin gələcəyi və taleyi
üçün narahat insanın dramatik yaşantıları,
ümid və ümidsizlik arasındakı dərin
iztirabları öz ifadəsini tapıb. Narahat
və qayğıkeş insan öz yaşadığı
dünyanı xilas etmək üçün təcili
yardıma müraciət etməsi bir bədii üsul kimi
özünü doğruldub. Bu, gənc şairin fikirləşib
tapdığı və kəşf etdiyi uğurlu bir lirik
mübaliğədir:
“Dəstəyə
əl atıb çağırdım:
- Alo! Təcili yardım, kömək eləyin.
- Alo!
Buyurun, deyin, xəstənin neçə yaşı var?
- Milyard,
daha çox olar.
-
Uzatmayın, xəstəliyi nədir?
- Nüvə
silahı asılıb başının üstdən, bir
ayağı qəbirdədir.
- Tez eləyin,
zarafatı buraxın, hansı ünvana gələk, deyin!
-
Ünvan? Bizim səyyarə - Yer kürəsi”.
Göründüyü kimi, lirik qəhrəmanın Yerpərvərliyi
qəlbinizi riqqətə gətirir. O, həqiqətən də
yaşadığı planetin yalnız sakini yox, həm də
sahibi kimi özünü təsdiq etməyə can atır. Bu duyğu və düşüncə şeirin
ikinci personajı həkim tərəfindən qəribə
qarşılansa da, XX yüzilin ikinci yarısında
yaşayan insanın arzu və qayğılarını obyektiv
ifadə edir. Çünki
dünyamızı yalnız bu cür düşünən və
Yer kürəsini öz evi, öz doğma Vətəni hesab
edən və sevən insanlar xilas etməyə qadirdir.
“Mənim əsrim” (1962) şeiri də müəllifin mənsub
olduğu zaman və məkan haqqındakı təkrarsız
düşüncələrinin ifadəsidir. Əgər
“Telefonla söhbət”də məkan Yer kürəsi şəklində
bədiiləşibsə, “Mənim əsrim”də isə zaman
özünün ən böyük ölçü vahidlərindən
birinin adıyla əbədiləşib. Gənc
şair zamanın - öz əsrinin şərəf və ləyaqəti
barəsində dərin xəyallara dalır.
Öz əsrinin
ziddiyyətləri və dəhşətli təzadları
onun şəxsi və dəruni kədərinə
çevrilir: “Qardaş, XX əsrdir, hər kəs öz
işində. Ağalar Yer kürəsini
qarpız kimi dilimləmək istəyir. Görəsən,
nə demək istəyir...” XX əsr haqqında zəmanəmizin
V.Mayakovski, N. Hikmət, B. Pasternak, P.Elyuar, P.Neruda, S.Vurğun,
R.Rza, Ə.Kərim və başqa görkəmli sənətkarlarının
bənzərsiz müşahidə və düşüncələri
vardır. Amma gənc Fikrət Qocanın
aşağıdakı misraları öz misilsizliyinə və
orijinallığına görə heç də onlardan geri
qalmır. Hətta gənc şairin yanğısı və
qayğıkeşliyi bir sıra xüsusiyyətlərinə
görə öz sələflərindən də emosional və
təsirli duyulur:
“Yenə
də Qərbdə körükləyirlər
hərbin
kürəsini.
Yoxsa nəhəng
bir külqabıya
döndərmək istəyirlər Yer kürəsini.
İnsanlardan
yadigar,
Bir
yığın insan ah-naləsi qalar,
Əsrlərlə
qalaktikanın sükutu
içrə dolanar”.
“Mənim əsrim” şeirində gənc şairin
üslubu və poetik təhkiyəsi o dövrün möhtəşəm
və təntənəli üslubundan kəskin surətdə
fərqlənir.
Müəllifin
əsrimiz haqqındakı mülahizələri, fikirləri ən
yaxın və ən əziz adam barəsindəki
narahat düşüncələr təsiri
bağışlayır. İnsanın yeganə
və doğma Vətəni - Yer kürəsini xilas etmək
üçün o bütün insanlığa üz tutur.
Və 53 il əvvəl yazılmış
və səslənmiş bu xitab bu gün də son dərəcə
təbii və səmimi səslənir:
Sən
insansan,
Ayaqlarına sığınıb Yer kürəsi.
İnsansan,
yaşayırsan,
Həyata cavabdehsən.
Dünyanın
taleyini
Çiynində
daşıyırsan!
Qəribədir
ki, yuxarıdakı misralarla 53 il sonra
işıq üzü görmüş “Yaşayaq” (2015)
şeirinin son sətirləri arasında heyrətamiz bir həmahənglik
var.
Xalq
yazıçısı Anar böyük poeziyanın mahiyyətindəki
və siqlətindəki bu sirri həssaslıqla açır:
“Şair,
doğrudan da şairdirsə - onun 16 yaşında
yazdığı şeirlə 46, yaxud 66 yaşında
yazdığı şeirlər arasında, şübhəsiz,
fərq olacaq. Amma bu fərq - əzəmətli,
qollu-budaqlı, qocaman bir ağacın yarpaqlarıyla həmin
ağacın çox illər, bəlkə çox əsrlər
bundan qabaqkı pöhrə vaxtının yarpaqları
arasında fərq kimidir.
Ağac həmin ağacdır - qovaq, çinar, əbrişim
ya palıd. Yaşı başqadır, görkəmi
başqadır, illərinin sayı fərqlidir. Şair həmin şairdir, poeziyasının alın
qırışları çoxalıb, şeirinin başı
ağarıb, amma şairin sifəti həmin sifətdir.
Əsl şairin üzü olur, bu üz dəyişir,
amma başqalaşmır, ya başqalaşır, amma
yadlaşmır”. Əsl şair
yaradıcılığındakı bu uyğunluğu gənc
Fikrət Qoca ilə müdriklik yaşına qədəm
qoymuş Fikrət Qoca arasındakı mənəvi-estetik
birlik və vəhdət emosional şəkildə bədiiləşib:
Qardaşım, bacım, gözünü geniş aç!
İşığa doğru qaç!
Yaşadığın zamana, dünyaya yaxşı bax!
Biz doğma bir ailəyik,
Gəlin əl-ələ verək,
İnsan kimi yaşayaq.
Yeni ədəbi epoxanın ən görkəmli nümayəndələrindən biri Xalq şairi Fikrət Qocanın 60-70-ci illər yaradıcılığı bədii təfəkkür tariximizin yarım əsr əvvəlki hadisələrinə və bir sıra yenilənmə proseslərinə bugünkü gün səviyyəsindən çıxış edərək işıq salmağa imkan verir. Poeziyada altmışıncılar nəslinin həyata keçirdiyi bir çox bədii eksperiment və təcrübələri, ədəbi köhnəliklə yeniliyin mübarizəsi və bir-birinə qarşılıqlı münasibətini, 30-50-ci illərin siyasi qəliblərə sıxılmış poetikasının əsas komponentlərinin inkarını və ya bədii praktikada dekonstruksiyasını əsas nəsildaşları ilə birlikdə Fikrət Qocanın erkən yaradıcılığında da aydın surətdə müşahidə edirik. Xalq şairinin müasir poeziyamızdakı mövqeyini ustad Anarın dəyərli mülahizələri aydın surətdə səciyyələndirir.
Aşağıdakı fikirlər həm də Fikrət Qoca poeziyasını sevənlərin hər birinin qənaəti və münasibətinin ifadəsidir:
“Ötüb keçməkdə olan XX əsrin təxminən yarısı qədər bir müddətdə Fikrət Qoca sözün yaradıcısı, qoruyucusu və yeniləyicisi kimi öhdəsinə düşən vəzifəni şərəflə yerinə yetirir. Gənc yaşlarından özünə “Qoca” təxəllüsü seçən Fikrət yeni şeir kitabı ilə bir daha sübut edir ki, bu gün də şeirimizdə cavanların cavanıdır. Və bu yalnız Fikrətin yox, hamımızın təsəllisidir”. Böyük şairimizin həyatın sınaqlarına mərdliklə sinə gərə-gərə özünün əzəmətli və mübarək səksən yaşına günbəgün yaxınlaşdığı bir vaxtda Anar müəllimin 15 il əvvəl bildirdiyi səmimi ürək sözləri və arzuları daha da həyatbəxş və emosional duyulur.
Yaşar QASIMBƏYLİ
525-ci qəzet.- 2015.- 25 aprel.- S.23