Vaqif Bəhmənli. Altmışın
astanasında...
“Bəlkə
də xoşbəxtlikdi vaxtı unutmaq...”
Bu, müsahibə deyildi, sanki elə ilk mükalimədən
Zamana qarşı çıxmaq, ən azından qısa
müddətə də olsa, onu dayandırmaq cəhdi idi. Həmsöhbətim
müdrik idi, bilirdi ki, bu, alınan məsələ deyil, amma
mən inada düşmüşdüm... Zamanı
dayandırmaq istəyirdim, vəssalam. Zamansa
keçirdi...
Həmsöhbətim
bu yaxınlarda Zamanın il bölgüsü ilə
götürsək, 60-cı sənəsini sanamağa
hazırlaşan tanınmış şair Vaqif Bəhmənlidir. Şairin yubileyini təbrik etmək üçün
gəlmişdim bura - Bakının səs-küyündən
kifayət qədər uzaq Mərdəkandakı, özü
demiş- doğma Məkanda məni-bu evi isti yuvaya çevirən
iki mehriban insan qarşıladı. Şair
və həyat yoldaşı Rəhilə xanım. Vaqif Bəhmənlinin şeirlərindən Rəhilə
xanımı qiyabi tanıyırdım. Sonra əyani
şəkildə də bir-birinə olan böyük
sevginin, ehtiramın şahidi olacaqdım...
Zaman
keçməliydi... Və bu söhbətdən sonra biləcəkdim
ki, Rəhilə xanımı dünyanın hər
dürlü azarına qarşı güclü edən də
yanındakı Kişidir, onun sevgisidir, Vaqif müəllimin
yarızarafat-yarıgerçək etiraflarından sonra
anlayacaqdım ki;
“Demə
arvad canavar,
Kişi
quzudu, qağa
Kişini
kişi edən
Kişi
qızıdı, qağa...”
Qapının
kandarından ayağımı içəri qoyar-qoymaz bildim
ki, niyə bu Məkanda Zaman belə ləng gedir, niyə bu
evin sakinləri “maşallah”
deyiləcək qədər yaşlarından cavan
görünürlər. Onlar Zamana sevgilərini qalxan ediblər,
gah ona qarşı çıxırlar, gah da zarafat edirlər
onunla... Zaman keçməliydi...
Bu iki
insan mənə qol-budaqları ilə bir-birinə dayaq verib
yaşayan, bir-birini yıxılmağa qoymayan, tufanlara sinə
gərən iki möhtəşəm tut ağacını
xatırlatdı niyəsə...
Ləklərindəki ispanaqları, nanələri, həyətdəki
toyuq-cücələri, aləmə səs salan hind
toyuqları və daha çox ağaca bənzəyən iki
insanı ilə bu Məkan bütövlükdə təbiətin
ilkinliyini özündə ehtiva edirdi.
Şair
Zamana asilik cəhdimi hiss eləmişdi. Söhbətə
başlar-başlamaz qol saatını açıb əyləşdiyi
divanın bir qırağına qoydu. Bilirdim
bunun nə demək olduğunu, amma yenə də öz dilindən
eşitmək istədim. Təbəssümlə:
“Birincisi, Zamanı özümdən uzaqlaşdırmaq istəyirəm,
heç olmasa, indi. Qol saatı gəzdirməyi
də bir elə sevmirəm. Əsası isə
bu o deməkdir ki, sənə istənilən qədər zaman
ayıra bilərəm”.
Lap beş barmağım kimi bilirdim ki, Zaman məsələsində
bütün bunlar özünü aldatmaqdan başqa bir şey
deyil, amma müsahibim müəyyən mənada buna nail
olmuşdu. 60-cı yaşına təxminən
45 yaşın görüntüsü və 30 yaşın
şair təbi ilə gəlib yetişmişdi.
Bu
söhbət lap başlanğıcdan Zaman-Məkan
uzlaşmasının kəsişmə nöqtəsinə təsadüf eləmişdi. Maraqlı Məkanda Zaman Adamla söhbət də demək
olardı buna. Yarızarafat-yarıciddi dedi ki, artıq
boynuma qoydun Zaman Adam anlayışını, nə deyə bilərəm.
“Bir yolsuz
körpəyəm, yapış əlimdən...”
Vaqif Bəhmənli insana ayrılan vaxtın ən
şirin, ən doğma, ən əlçatmaz
çağı-uşaqlıq dövrü xatirələri ilə
və çox maraqlı, mübahisə doğuracaq fikirlə
söhbətə körpü atdı: “Mənə elə gəlir
ki, doğulduğum anın özü gözümün
qabağındadır. Bu barədə “Tut
ağacı” şeirimdə yazmışam. Mənə sonralar həmişə deyirdilər ki, sən
burada-mərəkdə doğulmusan. O tut ağacı
orda dururdu və onun üzlü bir qanadı da pəncərədən
içəri girmişdi. Həmişə məndə
belə təsəvvür olub ki, doğulmağımı
hamıdan yaxşı həmən bu tut ağacı
görüb.
Sonralar o
qədər olub ki, o doğma ağacın qara koğuşuna
girib orada əbədi qalmaq istəmişəm... Sözümün canı budur ki, anadan olandan
üzübəri uşaqlığımı
xatırlayıram, uşaqlıq unudulmur. İnsanın
sonra hiss etdiyi bütün ətirlər, qoxular,
gördüyü rənglər, eşitdiyi səslər,
ağzındakı dad- bunların hamısı ona artıq 3-4
yaşında bəlli olur. Sonrakı həyatı
boyu insan son nəfəsinə qədər o qoxunu, o rəngi,
o dadı, o istini, o soyuğu axtarmağa başlayır. Tapmayanda da, deyir ki, ağzımın dadı
qaçıb...Uşaqlığın hər anı doğmadır.
Uşaqlıqda elədiyimiz hərəkətlərə,
hansısa səhv işə görə bizi
qınamırdılar, danlamırdılar, üzümüzdən
öpüb deyirdilər ki, qorxma, qurban olum, olan şeydi. Amma həyatın sonrakı
dönəmində təqsir, günah müqabilində zərbələr
çox amansız olur... Hətta başqaları
səni cəzalandırmasa da, güclü adamsansa,
özün- özünü cəzalandırırsan. Mənim qeyri-adi uşaqlığım olmayıb.
Təbiətin bir parçası kimi olmuşuq.
Sanki insandan daha çox ağac, ot, quş
olmuşuq...Həyətdə dolanan quzulara bənzəyirdik. Heç evə girmək
istəmirdik onda, elə çöldə yaşamaq istəyirdik.
Uşaqlığımı yadıma salanda
bostanı xatırlayıram. Həyatımda bostan qədər
cazibədar yer çox az olub. Günün bütün hissəsini orda -
tağların, ləklərin, ağacların arasında
keçirirdim. Nənəm - Məşədi
Səfəralı kişinin qızı Dilbər
xanımın hokum - zabitəsi Füzulidə hələ də
camaatın yaddaşında yaşayır. Bostanımızla
həyətin arasına qarğıdan çitəmə
çəkilmişdi. Qapısına da
qıfıl vurulardı ki, meyvə-tərəvəzi
göy-göy yoluşdurmayaq. Amma nə o
qıfıl, nə də nənəmin zabitəsi bizi öz bostanımıza
şərti olaraq oğurluğa girməkdən
daşındıra bilmirdi (gülür). Özü
də günün isti vaxtı.
Ərik vaxtı ərik, nar vaxtı nar ...
Onsuz da özümüzün idi o meyvələr, onsuz da biz
yeyirdik, sadəcə, böyüklər deyirdilər ki, kal-kal
yeməyin, imkan verin, yetişsin, sulansın. Həm də kal meyvəni yeyib xəstələnə
bilərdik. Amma kimə deyirsən? Bir dəfə də girmişəm bostana, baxdım
ki, əmioğlu Rafiq meşin torbasını əriklə
doldurub, qalanını da qoynuna yığıb, oturub
ağacın əyri budağının üstündə
yeyir.
Qayıdıb deyəsən ki, Şoman, (uşaqlıqda
mənə Şoman deyirdilər) evdə demə, gəl, əriyi
yarı bölək. Ağacın başında mənimlə
alver açmağına hirsləndim, üstünə
qışqırmağa başladım ki, düş
aşağı. Həm də elə
boğuq səslə mırtdanırdım ki,
danışığı evdən eşitməsinlər,
axı mən də oğurluğa girmişəm.
Ərik dolu torbanı evə apara bilmərəm, sata bilmərəm...
Onu yığdığı əriklə birgə
aşağı düşürdüm, çəpərin xəlvət
küncündən ərikqarışıq yola saldım
çıxıb getdi...
Hələ
Qabil babam... Çox azad danışığı vardı
onun... Yəni, Azərbaycan
dilindəki bütün sözləri nitqində işlədirdi
(gülür). Çox böyük yumoru
vardı, sonralar mən onları yazdım, yazılarımda
işlətdim. İndi
düşünürəm ki, nə qədər böyük
bir söz sərvətinin yanından laqeyd ötmüşəm.
Hara getsə məni də yanına salıb
özüylə aparırdı. Toya da, ehsana da... Nənəm
ona deyirdi ki, ay kişi, sən bunu
yanına salıb az ora-bura apar. O yekə kişilərin
yanında bunun tərbiyəsini pozassan.
Özüm
də sakit uşaq deyildim, od
parçasıydım. Bir dəqiqə dinclik
tapa bilmirdim. İndinin özündə də işdən
gələndə həyət-bacada yüz dəfə dövrə
vurmasam, ya torpaqla eşələnməsəm, ya yazı
yazmasam dinclik tapmıram...
Uşaqlıqdan yadımda qalan ən şirin, ən dəyərli
xatirələr ədəbiyyatla bağlıdır. Artıq 3-cü sinifdən yazmağa
başlamışdım. O şeir dəftərləri
indi də qalır, 60 dəftərim olar. İlə
bir dəftər düşür. İndi də
əvvəlcə kağıza yazıram, sonra dəftərə
köçürürəm. Ondan sonra şeirin
yaşamaq hüququ varsa, kompüterdə
yığılır...”
“Mən
bir də dönəcəyəm...”
O uzaq
uşaqlığın yaşandığı doğma yurdu -
Füzuli rayonunun Böyük Bəhmənli kəndi
haqqında soruşdum, danışdıqca gözlərinin
buludlandığı da diqqətimdən qaçmadı:
“Düzdür, Bəhmənli kəndi indi bizdədir, orada
işğal altında olan müxtəilf rayonlardan axıb gəlmiş
məcburi köçkün və qaçqınlar
üçün də yaşayış şəraiti
yaradılıb. Amma onların gözü
işğaldakı yurdlarındadır. Əvvəllər,
tələbə olanda, elə sonralar da hər il yayda məzuniyyətə
çıxanda əvvəlcə Bəhmənliyə gedirdik,
ordan Füzuliyə - əmilərimgilə, ordan Qubadlıya -
bacımgilə, ordan Şuşaya - Əli Mahmudgilə, ordan
Ağdama - Çingiz Aslanovgilə, Aqil Abbasgilə... 15-20
gün ərzində bütün Qarabağı
fırlanıb Laçından, Kəlbəcərdən belə
gəzib yenə dönürdük Bəhmənliyə...
Dağların havasında yanaqlarımız
qıpqırmızı olurdu... İndi elə bilirəm,
yolumu kəsiblər...Elə bilirəm, ev tikmişəm, pəncərəmin
qabağında bir namərd gəlib divar hörüb,
heç haranı görə bilmirəm, ora baxmaq olmaz, ora
ancaq baş vurub yarmaq olar...Dartınıb yoluma davam eləmək
istəyirəm...Mənə elə gəlir ki, bu duyğu
bizim insanlarda yaşasa yaxşıdı. Nə vaxtsa ( “nə vaxtsa” sözü də artıq urvatdan
düşüb) biz oralara yenə gedəcəyik, oralar
bizimdi...
Xeyirdə-şərdə gedirəm Bəhmənliyə. Birdən elə
könlümə düşür, gedirəm. İndi də
bərk oturub havası beynimə, yəqin ki, vaxt tapıb
yaxınlarda obamıza baş çəkəcəm... Orda hər şey mənə nəsə deyir. Yeridiyim torpaq, nəfəs aldığım
hava...Altında doğulduğum tut ağacı durmasa da, onun
balaları durur orda. Hə, yeri gəlmişkən, hələ
mən kənddə yaşayanda bir səhər durub gördük
ki, o tut ağacının yerində kömür qalıb,
ağac yoxdu, ildırım vurub...Nənəm dedi yaxşı
ki, ildırım bu ağacı vurdu, yoxsa ildırım evə düşərdi.
Üç adam o ağacı qucaqlaya bilməzdi,
elə nəhəng gövdəsi vardı... Altında
doğulduğum o ağac bizim ailənin həyatını
xilas eləmişdi o zaman...”
“Yaşamağa
vaxt qalmadı...”
Söhbətin axarı hərlənib-fırlanıb yenə
Zamana gəlirdi. Zamansa keçirdi-istəsək də, istəməsək
də: “Bircə uşaqlıq yaşım yadımda
qalıb.Yerdə qalan illərin cəmi iş içində
keçib. İş olanda adam vaxtın necə
keçdiyini hiss eləmir. Bu yaşa
çatmışam, amma heç zaman vaxt bolluğu hiss eləməmişəm.
Məndə həmişə vaxt
çatmayıb, indi heç çatmır. Bilmirəm, insanın öz ömrü, həyatı
qarşısında olan borca görədi, illər
keçdikcə elə bil daha çox məsuliyyət hiss eləyir.
Məsələn, yayda görürəm ki, iki nəfər
küçədə stol qoyub tut ağacının
altında nərd oynayır. Deyirəm, ilahi,
insan nə qədər xoşbəxt olar ki, buna da vaxtı
çatır? Vaxt qızıldır deyənlər hələ
onun qiymətini az veriblər, vaxt
dünyanın ən bahalı, ən dəyərli nemətidir.
Çalışmaq lazımdır ki, səndən
qopub düşən o vaxta bir məna verəsən. O da
ancaq əməllə ola bilər. Şeirlərimin birində yazmışam ki,
ömrümü bütöv yaşamaq istəyirəm -
aylara, illərə, günlərə bölmədən.
Ömrü bütöv yaşamaq yaxşı
bir qismətdir. Kaş hamıya nəsib ola...”
“Havada
yazıram yazdıqlarımı...”
Vaqif Bəhmənli
deyir ki, zaman, həyat, iş haqqında düşüncələrinin
bir an belə durğun olduğunu
xatırlamır.
“Yeriyərkən
dediyi şeirlər”dən elə belə də təxmin eləmişdim:
“Hər an beynimdə düşüncə
var. Yazı prosesinin özündə də düşüncə
var. Bəzən o prosesdə də düşüncələr
o qədər bol olur, sürətlə bir-birini əvəz
edir. Yazı prosesinin özü ən dərin
düşüncədir, düşüncənin ali formasıdır. Hətta bir
yazının içindəcə beyninə ayrı
düşüncələr gəlir. Düşünürəm
ki, əməl və düşüncə içində
keçən həyatın içərisindəki xırda
boşluqları insana bağışlamaq olar. Hələ
yarımçıq yaşamışam, ömür hələ
bitməyib... qarşıda hələ bir 60 il
də var...
Mənim bütöv yaşayıb
yaşamadığımı cəmiyyət dəyərləndirə
bilər. Ömrün dolğunluğu cəmiyyətə
verdiyi xeyirlə bağlıdır. Səndən cəmiyyətə
ötürülən dəyər o ömrün qiymətləndirmə
meyarıdır...”
Həmsöhbətimin
danışarkən nikbinliklə baməzəliyin qarışmış
tərzi, “qarşıda hələ bir 60 il də
var” - kimi mübaliğli zarafatında da onun Zamana asiliyini hiss
elədim. Zamansa keçirdi...
“Sözsüz
ki, sözdəndi ruhun dərisi...”
Düşünürəm ki, onun Zamana asiliyə
haqqı çatır. Çünki mayası sözlə tutulan, ürəyi ədəbiyyat
eşqi ilə döyünən və özündən sonra
SÖZ qoyub getməyə iddialı hər kəsin Zamana
qarşı çıxmağa haqqı var yəqin ki:
“Ədəbiyyatla bağlı hər hansı tərpənişim,
hər hansı duyğum və həyəcanım xoşdur. Dünyada
ondan bakirə, ondan ləzzətli, ondan xoş heç nə
yoxdur. Harda olur olsun,
yazıçının bir işi var-yazmaq. Bəlkə də mənim yazdıqlarım qədər
yazmadığım yazılar var. Yazı prosesində
düşüncələr haçalanır...Yazı prosesi
sirri-Xudadır, ona kimsə təyinat verə bilməz. Hər gün yazmaq sözü də şərtidir.
Adam yorğun ola bilər, işi olar.
Amma bilməlisən
ki, səni orda yazı masan gözləyir...
Yazmaq hər dəfə masa arxasından
qoltuğunda 3-4 varaq şeirlə durmaq deyil. Bu, nəticə deyil. Nəticə odur ki, sən
o anda nələri, hansı poetik ovqatı, hansı həqiqəti,
hansı bədii mətləbləri dəqiqləşdirdin...
Mətbuatda çıxan ilk kiçik məqaləm
yanğınla bağlı idi. Mən ədəbiyyata
odla gəlmişəm (gülür). Kəndin zəmisinə
od düşmüşdü, camaat da onu
söndürmüşdü. Bu, adicə bir
informasiya idi. Ancaq onun sevinci, o
yazının qəzetdə tutduğu yer heç cür
yadımdan çıxmır. Altından
yazmışdılar ki, Vaqif Quliyev, Bəhmənli kənd orta
məktəbinin 8-ci sinif şagirdi... Ondan sonra miniatürlərim
çıxdı... Və sonra da kitablarım... 35-dən
artıq kitabın müəllifiyəm... Amma
düşünürəm ki, yazdıqlarım
yazmadıqlarımın yarısıdır... Mənim
fəlsəfəm, həyatım, düşüncələrim-
hamısı o kitablardadır.
Yazanda oxucunu düşünmürəm. İndi yazdıqlarımla
30 il əvvəl yazdıqlarımın
ürəyinin döyüntüsünün eyni olduğunu
hiss eləyirəm. Ruh eynidi, amma sonrakı
şeirlərin daha ağıllı, daha düşüncəli
olduğunu da görürəm. Mənim həyat devizim
belədir: “İstedad+zəhmət +bilik”. Bunlar
vacib şərtlərdir. Yaradıcılıq
həm də elmdir. Ədəbiyyatda daimi dinamika var.
Başqa elmlərdən fərqli olaraq ədəbiyyatda kəşflər
hər an baş verə bilər,
tapıntı gözlə-qaş arasındadır...”
“Ölümün
acığına yazılır ən diri yazı...”
Paradoksal
görünsə də şair Vaqif Bəhmənlinin enerji
qaynağı poeziya yox, nəsrdi: “Mən şeiri çox da
sevməmişəm, indi də nəsri oxumağı daha
çox sevirəm. Enerjini nəsrdən
alıram. Poeziyadakı bütün “bicliklər”
mənə tanışdı. Sadəcə,
poetik tapıntılara görə “sağ ol” deyirəm. Amma bəzən görürsən ki, şeirin ilahi
bir təsiri olur. Bəlkə də orada sənin
axtardığın ədəbi kəşf də yoxdur.
Kəşf onun o havasındadır. Mifik havalı şeirlər var və təbii ki, belə
şeirləri də sevirəm.
Son
zamanlar poeziya məni az təsirləndirir.
Mən oxumaq xəstəsiyəm. Gəncliyimdə əlimə nə keçsə,
oxuyurdum. “Koroğlu” dastanını ilk dəfə
oxuyanda çox təsir eləmişdi mənə... Məmməd
Arazın “İllərdən biri” kitabını əlimdə un kimi ovulana qədər oxumuşdum... Bəxtiyar
Vahabzadənin “Şəbi-hicran” poemasını
ağlaya-ağlaya oxuyurduq... Füzulini
uşaqlıqda başa düşmürdüm, amma qəzəllərini
əzbərləyirdim, sonralarsa onu dərk eləyərək
oxudum, stolüstü kitabıma çevrildi.
Molla Pənah
Vaqif, Qasım bəy Zakir, Aşıq Ələsgərin
şeirlərini çox bəyənirdim. Gəncliyimdə Rəsul Rzanı çox
oxuyurdum. İndi mütaliədə daha çox
dünya ədəbiyyatına üstünlük verirəm.
Ədəbiyyat haqqında düşüncəm,
yaxud da ona yanaşmam konseptualdır. Artıq
bilirəm ki, nəyi oxumaq lazımdır. Ümumi
şəkildə mənə məlumdur ki, hansı əsərləri
oxusam, vaxtımı almaz. Memuarları,
tarixi əsərləri, elmi ədəbiyyatı oxumağa
üstünlük verirəm”.
“Mən
sizdə qalıb yazıram...”
Yaşadığı sürəcə
ayağını torpaqdan üzmək istəməyib. Bəlkə
poeziyasının rişələri də torpağın dərinliyinə
bu qədər işlədiyindən
yaradıcılığı da bu qədər xəlqidi,
ürəyəyatımlıdı və seviləndi:
“Mənim də, Rəhilə xanımın da arzusu olub
ki, ayağımız həmişə torpaqda olsun. Mən hələ
gəncliyimdən hündür mərtəbəli binada qala
bilmirəm. Bir dəfə hələ gənc
ikən Moskvadakı “Ukrayna” mehmanxanasının 17-ci mərtəbəsində
mənə otaq ayırmışdılar. Səhərə
qədər yata bilmədim. Ertəsi
gün iki dənə nar götürüb düşdüm
administrator xanımın yanına. Narları verib dedim
ki, xahiş eləyirəm, mənim yerimi aşağı mərtəbələrin
birinə dəyişin. Məni 3-cü mərtəbəyə
endirdilər. Ondan sonra yaxşı
yatdım. Hündürlükdən qorxum
var. Hündürlük böyük Yaradana məxsusdu. Ona çox da yaxın getmək olmaz (gülür).
Hündürlük və sürətlə aram
yoxdu. Şeirlərimin birində yazmışam, mənimki dərinlikdi...
Yəni mənim üçün ucalıq dərindədi.
Hətta fikrin əsası da dərindədi...
İtki
ağırsa da heç batma yasa,
Axı nə faydası, Tanrını çağır?
Əgər
haray çatan bir quyu varsa
O quyu
içindi, içinə bağır...”
Və
indi anlayıram ki, uzun illərdir müxtəlif tədbirlərdə
çıxışlarını, şeirlərini dinlədiyim
Vaqif Bəhmənlinin danışarkən səsinin tonunu zərrəcə
də olsun qaldırmamağı, sakitliyi elə bundan qaynaqlanırmış-
içinə bağırmaqdan...
“Məni
kimsə bilməz mən bilən qədər...”
Zamanını məmurluqla şairlik arasında
bölüşən bütün yaradıcı adamlara verilən
ənənəvi sualı ünvanladım.
Cavabsa
şablon deyildi: “Məmur sözünün özündən
xoşum gəlmir. Mənim məmurluğum heç
vaxt şairliyimə mane olmayıb. Mən
heç vaxt ürəyimcə olmayan,
dığ-dığlı yerdə, pis mühitdə
çalışmamışam. Mənim
çalışdığım bütün kollektivlərdə
həmişə yaxşı insanlar olub. Ola
bilsin ki, daha yüksək yerlərə, nüfuzlu vəzifələrə
dəvətlər də olub. Mən həmişə
öz yerimi bilmişəm. Düşünmüşəm
ki, əgər sən burda özünü rahat hiss eləməyəcəksənsə,
yaxud da o işi bir başqası məndən daha yaxşı
görə bilərsə, niyə yer tutmalıyam?
İnsan qazandığı biliklərlə bağlı
olan yerdə çalışmalıdır. Bu mənada mənə
elə gəlir ki, hər kəs öz yerində olsa
yaxşıdır. Mənim indiki işim,
belə desək, məmurluğum da sırf
yaradıcılıqla -kitab nəşri, yayımı ilə
bağlıdır. Kitabxanalarla işləmək
çox mühümdür. Kitabxanaların
taleyi bəlkə də gələcəkdə bizim milli
düşüncəmizin taleyi deməkdir. Çox güman ki hardasa 20 ildən sonra
kağız nəşrlər olmayacaq. Hər şey
disklərdə, flaş kartlarda olacaq. Uşaqlar
da məktəbə kitab əvəzinə noutbuk götürəcəklər.
Amma yenə də insanın müasir
texnologiyalarla yanaşı, informasiya almaq üçün
kitaba ehtiyacı olacaq. İndi bütün
dünyada sürətli texnoloji inkişaf gedir. Etiraf edim
ki, bu sürətli inkişafda o böyük söz sərvətini,
kitabxanaların itirəcəyimizdən qorxuram... Elə eləmək lazımdır ki, yeni ictimai-mənəvi
formasiyaya keçid minimum itkilərlə olsun. Kitabları onlardakı ideyalara görə qorumaq
vacibdir. Kitabın qədrini sadiq oxucular bilər.
Mən
indi bu sahədəki həqiqi inkişafı hiss eləyirəm.
90-cı illərdə insanlarla kitab arasına xalq arasında
deyildiyi kimi, elə bil qurd yağı çəkilmişdi...
Mən o vaxtlar professorları, böyük filosofları, alimləri
Təzə bazarda
xırda ayın-oyun satan görmüşəm. Qəfil bütün kitab mağazaları qeybə
çəkildi. Kitabın üzünə
baxan olmadı. Ancaq sədaqətli, fədakar,
işıqlı insanlar oxumaqda, kitabı sevməkdə
davam elədilər. Bunu irs kimi
ötürdülər bu günə. Yaxşı
oxucu həm də kitabın həmmüəllifidir. Kitabı yaxşı duyubsa, yazıçı ilə
müəllifliyə şərikdi.
Mənim məmurluq işim
yazıçılarımızın yaradıcılıq
ruhunun qorunması, böyük ədiblərimizin irsinin təbliği,
gələcək nəslə ötürülməsidir. Ona görə də bu
iş mənə zövq verir. Biz mənəvi-mədəni
irsimizi gələcək nəslə çatdırmasaq,
öyrətməsək, onlar şüur, fikir pəltəyi
olacaqlar...”
“Yaxşı ki, ürəyimin yerini bilirəm!”
Vaqif Bəhmənli ilə sevdiklərindən və sevmədiklərindən
də danışdıq. Müsahibim səfərləri bir o
qədər sevməsə də, dünyanın 40-dan artıq
ölkəsində olub- gah iş, gah
yaradıcılıq səfərlərində. Sevdiyi
şəhərlər sırasında Aşqabad öndə gəlir.
Səbəbi sadədi: gəldiyimiz yeri xatırladır...
Sevdiyi çoxlu şəhərlərin adını çəkir. Amma son istinadgahı yenə Bakıdı: tozu, torpağı, dəli küləyi, paxıllığını çəkənləri və sevənləri ilə birgə. Sevgi də bir başqa izaholunmazlıqdı müsahibimə görə:
“Sevgi insana məxsus keyfiyyətlərin ən alisidir. Əgər o
duyğu, o hiss insanın canından çıxsa, insan cin
olar, şeytan olar, məxluqat olar. Ancaq təbiətdəki
sevgidən fərqli olaraq insanla insanın münasibəti idarə
olunmalıdır. İnsan sevgiyə qovuşursa, o,
mütləq göylə əlləşir, ruhi vəziyyəti çox
yüksəkdə olur. Eşq hamıya məxsus olanın
içərisindən sənin payına düşəndir... Hamının ümumi istifadəsində olan deyil,
yalnız səni qanadlandıran bir duyğudur. Sevgi məzarda da gözə dolan son
palçıqdır. Eşqin izahı o qədər
genişdir ki, axırda gətirib izaholunmazlığa
çıxarır...”
Valideyn,
baba sevgisi ilə də Vaqif Bəhmənli də ilmə- ilmə
toxunur
gözümüzün qarşısında:
“Üç övladım var. Nəvələrimdə
yaradıcılıq cücərtiləri hiss edirəm. Şəmsin qızı- nəvəm Nəzrin
çox gözəl piano çalır. Bir
dəftər də şeir yazıb. Mənə
deyir ki, ayrı yerdə yazmıram baba, ancaq sənin evində
yaza bilirəm. Xəyyamın oğlu - nəvəm
İsgəndər rusca şeirlər qoşur. Mənə bənzəyir, eynən mənim kimi
canını qoymağa yer tapmır, dinclik bilən deyil.
Nəvəm Səfər bədahətən
yaxşı meyxana deyir. Kiçik qızım
Gülgün rusca yazır. Çox razıyam
övladlarımdan...”
“...Köhnə
kitabam-tirajsız, bircə nüsxə...”
Söhbətimizin bütün ruhuna bir yumor hopub. “Öz bədənimdə
özümü otuzumdakı kimi hiss edirəm” - deyən
müsahibim gülə-gülə əlavə edir:
“İşləməyib bekar olanda, günüm havayı
gedəndə xəstələnirəm, hətta qrip oluram. Təbii ki bioloji baxımdan
insan yaşının fərqi var. Ancaq insan dərk eləyəndə
ki, onun həyatının mənası var, bu həyat ən
azı onun özünə, ətrafında bir neçə
adama xoş gəlirsə, düşüncə
baxımından cəmiyyətin inkişafına nəsə əlavələr
eləyirsə, onda məncə, yaşın bir fərqi olmur.
Mən bu düşüncədəyəm.
Düşüncənin bu yaşındayam.
Hansı yaşda olmasından asılı olmayaraq, fikrimcə,
əsas ruhdur və insanın öz həyatının mənalı
olduğunu dərk eləməsidir...”
Həmsöhbətimin
yaşadığı və danışdığı Zaman
dopdolu idi, vaxt lazımınca dəyərləndirilmişdi...
Ancaq heç nəyə baxmayaraq, Zaman keçmişdi...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 25 aprel.- S.20-21