Eşitdiyim və
gördüyüm Yaponiya...
Yol qeydləri
TOKİO
- “KÖRFƏZ QAPISI”
(əvvəli ötən şənbə
sayımızda)
“Buludlar dağıldı.
Yağışsa
damcılayır hələ də
Yol
paltarımın qolundan”
Syoxoku
Bəri başdan deyim ki, mənim Yaponiya haqqında səfər
təəssüratlarımı hər dəfə hokkularla
başlamağımın başlıca səbəbi o
xalqın mənəvi həyatında poeziyanın yüksək
mövqeyə malik olması ilə bağlıdır. Yaponların ilk
yazılı abidələrindən olan, hələ uzaq VII əsrdə
tərtib edilmiş “Manyösü” , yəni
“on min yarpaq” da məhz şeir antalogiyasıdır. Elə o
zamandan müasir günümüzədək hər il yanvar ayında bu ölkədə ənənəvi
şeir müsabiqəsi keçirilir. O ki qaldı Yaponiyaya səfərimizin
sonlarına, nəzərdə tutulan qalan iki gündə
paytaxt Tokioda daha bir neçə rəsmi tədbirə
qatıldıq və dünyanın ən bahalı şəhəri
ilə tanışlığımız davam etdi.
Səfər proqramımıza “Tokio sky tree” qülləsini
ziyarət də daxil edilmişdi. Parisdəki Eyfer qülləsindən
fərqli olaraq təkcə gecələr deyil, elə
gündüzlər də sanki günəşin ziyasından
od alıb alışan, alovlanan qüllə durduğu yerdən
elə əzəmətlə boy verir ki, şəhərin hər
yerindən görünür. Ehtişamlı,
ecazkar görünüşü ilə baxanı heyran edir.
Şəhəri gəzib dolaşdıqca kənardan
seyr etdiyimiz “Tokio sky tree” qülləsi durduğu yerdə bir əfsanə,
bir nağıldır. Təkcə bir-birinə
deyil, həm də onları əhatə edən ətraf
mühitə münasibətdə də qeyri-adi xüsusiyyətləri
ilə seçilən yaponlar klassik və müasir
memarlığın nadir incisi olan bu şəhanə abidəyə
də tamaşasına duranların ruhunu oxşamaq
üçün ürəklərinin səsini, qəlblərinin
işığını qatıblar.
Yeri gəlmişkən, İmperator sarayının
qarşısındakı bağ da, eləcə nəhəng
şəhərin ucsuz-bucaqsız küçələrinə
ötüb keçən yolların da hamısı sanki bu
İmperator bağının ətrafında kəsişir. Şəhərdə
hərəkət etdikcə hər gün bu bağı
görür, onun sadə, sakit, arxayın mənzərəsini
seyr edirdik. Ölkənin hər yerində
biri-birindən gözəl, nəfis parklar çoxdur. Həsəd olmasa da, hər halda heyrətə səbəb
olan İmperator bağını görən çətin
unuda.
lll
Xarici İşlər Nazirliyində keçirilən
görüş isə Yaponiyaya səfərimizin son rəsmi tədbiri
oldu.
Ölkənin xarici işlər nazirinin parlament məsələləri
üzrə müavini Takana Makino ötən ilin aprel ayında
ölkəmizə səfərini məmnuniyyətlə
xatırladı. Azərbaycanda hökumət rəsmiləri
ilə görüşlərindən, apardığı
işgüzar müzakirələrdən söz açdı.
Nazir müavini əslən Kioto şəhərindəndir.
Nazir müavini Yaponiya ilə Azərbaycanın
regionları arasında formalaşmaqda olan dostluq münasibətlərinin
qədim və zəngin tarixə, mədəniyyətə
malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına bir
töhfə olacağını vurğuladı.
Respublikamızın
uğurlarının Yaponiya tərəfindən maraqla izləndiyini
qeyd edən nazir müavini burasını da dedi ki, bugünlərdə
Ukrayna Prezidentinin inauqurasiya mərasimindən vətəninə
qayıdarkən yolüstü, Almaniya televiziyasında Azərbaycanın
turizm imkanlarına həsr olunmuş filmi maraqla izləyib.
Nümayəndə heyətimizin rəhbəri Hüseyn
Mövsümov möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin Yaponiya ilə əməkdaşlığı
yüksək qiymətləndirdiyini və diqqət mərkəzində
saxladığını bildirərək, hər iki ölkənin
regionları arasında əməkdaşlığın
böyük potensialı olduğunu qeyd etdi.
Nümayəndə
heyətimizin rəhbəri Hüseyn Mövsümov bildirdi ki,
Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin
Ağcabədi, Masallı, Şabran, Qusar, Yardımlı
rayonlarının və Şəki şəhərinin icra
hakimiyyətləri başçılarından ibarət
nümayəndə heyətinin Yaponiyaya bu səfəri iki
ölkə arasında əməkdaşlığın daha da
genişlənməsinə imkan yaradacaq, regional əməkdaşlığın
inkişafına və faydalı təcrübə mübadiləsinə
töhfələr verəcək.
Yaponiyanın regionlarına səfər vaxtı dostluq mübadiləsi
və tərəfdaşlıq barədə şəhərlərin
meriyalarına verilmiş niyyət protokollarının layihələri
nazir müavininə təqdim olundu.
Nazir müavini T.Makino da iki ölkənin regionları
arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin
zəruriliyini vurğulayaraq, yapon tərəfinin bu istiqamətdə
mümkün olan bütün addımları
atacağını vəd etdi.
lll
Ölkəmizin
İsmayıllı rayonu ilə əməkdaşlığından
tanıdığımız “Kosuqi” şirkətinin rəhbəri
Saki Kosuqi isə əsl azərbaycansayağı qonaqpərvərlik
göstərərək uzaq bir yol gəlib paytaxtın Royal
park otelinin restoranında bizə təntənəli şam yeməyi
verdi. Əslində bunu
işgüzar görüş adlandırmaq daha düzgün
olardı.
Bu şirkət bizim İsmayıllı rayonu ilə
dostluq edir. İsti suları, bağçılığı ilə
məşhurdurlar.
“Kosuqi” şirkətinin indiki rəhbəri Saki Kosuqi
üçüncü nəsildir ki, bağçılıqla
məşğuldur. Səfirimiz Gürsel İsmayılzadə
və digər bir şirkətin - yapon bağı
yaşıllaşdırma ilə məşğul olan şirkətin
rəhbəri Hiromi Tsuko də ziyafətə
qatılmışdı.
Belə deyirlər ki, balacaboy adamlar adətən
çox böyük iddialı olurlar. Bu bizlərdə də
bu kateqoriyaya daxil olan adamlara xasdır. Yaponların
əksəriyyəti bizə nisbətən balaca boyludurlar.
Ancaq davranışları zamanı
çöhrələrindən gülüş, dillərindən
şirin, xoş sözlər əskik olmur. Müsahiblərini “bəli”, “bəli” deməklə
(özü də tez-tez) dinlədiklərini, bununla da diqqətlərinin
onlarda olduğunu nümayiş etdirirlər. Bunu Kosuqinin
verdiyi ziyafətdə də hiss etdik. Bu bəstəboy
kişilərin bizə ehtiramlarının daha bir əlaməti
də onların görüşə davranışları ilə
əsilzadələrə məxsus ağayana təsir
bağışlayan xanımları ilə qatılmaqları
idi.
“Kosuqi” şirkəti dünyanın çox yerində -
Almaniya və Cənubi Kirpdə də bağ salır. İki il
əvvəl şirkət bağçılıq üzrə
dünyada keçirilən müsabiqədə I yer tutub.
İto
şəhərində binə olan şirkətin bağlarda
istifadə etdiyi Stevasiya ağacının qabığı
insan rəngindədir, gülləri isə ağ
olur.
Şirkət hər gün şəhərdə 80 min
kv.m yaşıl zolaq qazon biçir. Koreyada
saldığı bağdan da bir fraqment təqdim elədi.
Bəhreyndə də 5 min kv.m da bağ salmaq
üçün hazırlıq işləri görürlər.
Yaponiyada bağlar dörd əsas amil üzərində
qurulur. Rəng, gözəllik, sakitlik, ahəngdarlıq.
“Kosuqi” şirkəti bu dörd amili özündə
əks etdirən bir bağı İsmayıllı rayonunda da
salıb. Dövlətimizin
başçısı da şəxsən o bağda olub.
Şirkətin
rəhbəri ölkəmizdə turizmin inkişafının
imkanlarının böyüklüyünü qeyd edib Azərbaycanın
neft ölkəsi olduğu kimi turizm ölkəsinə
çevrilməsini də arzu etdiyini dedi.
Yaponiyadakı
işgüzar görüşlərin davamı olaraq şirkət
bu il Bakı şəhərində olub. Suraxanı və Xətai rayonlarının icra
hakimiyyəti başçıları ilə
görüşüb.
Ev sahiblərinin
söylədiklərindən sonra Hüseyn müəllim də
öz fikirlərini bildirdi, dedi ki, biz də təbiətə
elə sizin qədər bağlıyıq. Hüseyn müəllim
poetik bir ifadə də işlətdi: “Siz təbiətdən,
ekologiyadan elə danışdınız ki, sanki
çiçəklərin də dilini bilirsiniz...” Sonra da Xalq
şairimiz Məmməd Arazdan bir parça şeir də
söylədi:
Vətən
mənə oğul desə nə dərdim,
Mamır
olub qayasında bitərdim!
“Kosuqi” şirkətinin baş ofisinin əsas
ünvanı olan İto şəhərinin meri yetmiş
kilometr yol qət edib bizim şərəfimizə verilən bu
ziyafətə qatılmışdı.
Mer Çukudo bizlərlə hərarətlə
görüşdü. Bu səfərimizə görə təşəkkürünü
bildirdi. Kosuqi ilə əlaqələrini də
dilə gətirdi. O, “biz həmçinin insanlararası
münasibətlərin qurulmasına
çalışırıq” - deyə poetik ifadələrlə
fikirlərini davam etdirdi.
Mer bizə Kosuqi və cənab səfirin (Gürsel
İsmayılzadə) səyləri sayəsində
İsmayıllı rayonu ilə dostluqlarından məmnunluqlarını
bildirdi. Onu da
dedi ki, xarici işlər nazirimizin müavini Azərbaycanda
olanda İsmayıllıya da getmişdi.
Kosuqi həmyerlisi,
ötən gün görüşdə olduğumuz ölkənin
xarici işlər nazirinin müavini Takano Makinonu ilə dost
olduğunu etiraf etdi. Həmçinin ölkənin
baş nazir üçün də bağ
saldığını mənmunluqla bildirdi.
(Görünür, yerliçilik, necə deyərlər,
bütün bəşəriyyətə xas bir xüsusiyyətdir
və dünyanın hər yerində olduğu kimi elə
yaponlarda da var).
Dünyanın
bir çox ölkələrində yapon parklarının
salınması və dizaynı üzrə
ixtisaslaşmış bu şirkətin rəhbəri Saki
Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti
Xətai rayonu ilə Kitakyuşu şəhəri arasında
imzalanmış dostluq və tərəfdaşlıq
sazişi layihəsi çərçivəsində həyata
keçirilən reallaşdırılacaq layihənin təqdimatı
ilə bağlı ötən il paytaxtımızın bu
rayonunda olmuşlar.
Nümayəndə heyəti ilə görüşdə
Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov
Yaponiyaya səfəri zamanı keçirilən işgüzar
görüşlərin, səmərəli
danışıqların artıq öz real bəhrəsini
verdiyini qeyd etmişdir. Azərbaycanın bir neçə rayonunda
özəl layihələri o həyata keçirməklə
tanınan “Kosuqi” şirkətinin Xətai rayonun da ən
görməli yerlərinin birində, ulu öndərimizin
adını daşıyan Heydər Parkının ərazisində
çox müasir bağ salacağından məmnunluğunu
bildirmişdir.
Bu bağ
Xətai rayonunda həyata keçirilən ən nəhəng
layihələrdən birini - “Ağ şəhər” layihəsini,
necə deyərlər, bir növ tamamlayacaq qədim neft emalı
müəssisələrinin yerləşdiyi “Qara şəhər”in,
eləcə də bütövlükdə doğma
Bakımızın simasını daha da gözəlləşdirəcəkdir.
lll
Səfər proqramımızın rəsmi hissəsi
respublikamızın gündoğar ölkədəki Vətənimizin
bir parçası, qarşısında müqəddəs
bayrağımız dalğalanan səfirliyimizə ziyarətlə
başa çatdı.
Səfirliyimizin Mequra şəhərinin ərazisində
yerləşdiyini demişdik. İqamətgah icarəyə
götürülüb. Bir yapon
sahibkarın geniş mülkündən ibarət həmin ərazidə
bir çox dövlətlərin, o cümlədən,
keçmiş Sovet respublikalarından Gürcüstanın,
Qırğızıstanın da böyük ellilikləri
bizim səfirliyimizlə qonşuluqdadır. Ancaq ən yaxşı şəraiti olan səfirlik
bizimkidir.
2006-cı ildə cənab Prezidentimiz İlham Əliyevin
də bu ölkəyə səfəri zamanı baş çəkdiyi
səfirliyin geniş toplantı salonunda bizi bu ölkədəki
böyük elçimiz Gürsel İsmayılzadə
qarşıladı.
Görüşdə səfirimiz ilk əvvəl müstəqil
Azərbaycan dövləti ilə Yaponiya arasında əlaqələrin
əsasının Ümummilli liderimiz Heydər Əliyevin bu
ölkəyə 1998-ci ildə səfəri zamanı
qoyulduğunu, Prezident İlham Əliyevin 2006-cı ildə rəsmi
səfəri zamanı isə yeni mərhələyə qədəm
qoyduğunu bildirdi. Azərbaycanın beynəlxalq tədbirlərin
təşkili mərkəzinə çevrilməsi nəticəsində
yaponların da ölkəmizə marağının
artdığını, respublikamıza səfərə gələn
turistlərin sayının çoxaldığını qeyd
etdi. Azərbaycanın Yaponiyada təbliği
məqsədilə səfirlik tərəfindən
görülən işlər, ölkəmiz haqqında yapon və
ingilis dillərində nəşr edilən məqalələr,
“İrs-İsan” jurnalının nömrələri barədə
bizə ətraflı məlumat verildi.
Burası da qeyd olundu ki, ölkənin “The japan times” qəzetində
də “İrs - İsan” jurnalının yapon dilində ilk
nömrəsinin nəşrinə həsr olunmuş məqalə
dərc olunub.
Məqalədə qeyd edilir ki, jurnal indiyədək
Çin, ingilis, alman, ispan, türk, ərəb, çex dillərində
nəşr olunmuş, 70-dən çox ölkədə
yayılmışdır.
Yaponiyanın
Azərbaycanda ilk səfiri, jurnalda dərc edilmiş “Yaponiya Azərbaycan
dostluq əlaqələri və prespektivlər” məqaləsinin
müəllifi Tetsuya Hiroes, UNESKO-nun sabiq baş direktoru
Koişiro Matsuura elə bu jurnalda dərc etdirdikləri məqalələrində
Yaponiyanın Azərbaycanı bölgədə vacib tərəfdaşı
hesab etdiklərini vurğulayıblar.
Məqalədə yapon dilində nəşrə
başlamış “İrs-İsan” jurnalının iki xalq
arasında dostluq münasibətlərinin genişlənməsinə
töhfə verəcəyinə əminlik də ifadə
edilib. Böyükelçilikdə
görüşümüz başa çatır.
Səfirimiz
Gürsel İsmayılzadə və əməkdaşlarının
Yaponiyaya səfərimiz müddətində bizə göstərdikləri
səmimiyyət və diqqəti isə elə bilirəm ki, mənim
kimi elə həmkarlarım da həmişə minnətdarlıqla
xatırlayacaqlar!
lll
Yaponların nümayəndə heyətimizə qeyri-rəsmi
münasibətdə daha səmimi, son dərəcə
ehtiramla yanaşdıqlarını da qeyd etməliyəm.
Gündoğar ölkənin Maliyyə Nazirliyinin
xüsusi məsələlər üzrə nümayəndəsi
Naoyuki Okamotonun təşkilatçılığı ilə
Tokioda məşhur Tacima restoranında nümayəndə heyətimizə
verilən təntənəli şam yeməyini hər
baxımdan həm də öz qeyri-adiliyi ilə fərqləndi.
Yaxşı yemək-içməklə bərabər
işgüzar şəraitdə keçən bu
görüşdə səmərəli müzakirələr
də apadıq. “Çörəyi dizinin üstündədir”
deməsinlər deyə, daha təfərrüata varmıram.
Şirkətin sahibi də krallar kimi biz yeməyə
oturandan yarım saat sonra gəldi. Ona qədər
isə nazirliyin rəsmisi ilə əyləşmişdik.
Əvvəlcə həmin rəsmi şəxsin iş
yoldaşları olan 2 xanım, sonra
üçüncüsü də gəlib məclisə
qatıldı. Bu da ziyafətin təşkilatçılarının
bizə diqqətinin bir nümunəsi idi.
Yaponlar daha çox dəniz məhsulları, tərəvəz
və bitkilərlə qidalanıblar. XVIII əsrdən tədricən
qırmızı ət yeməyə başlayıblar.
Yaponlar olduqca nəzakətli, nəcib və incədirlər. Ancaq maliyyə
nazirinin boğazında, maşallah, yalan olmasın, on
adamın səsinin gücü vardı. Xanımlar
qonaqların əhvalını xoş etmək
üçün fasilələrlə bir-bir hər birimizə
yaxınlaşıb hal-əhval tutur, diqqət göstərir,
əlbəttə, yer boşalıbsa, yanaşı otururdular.
Yeri gəlmişkən, Yaponiyada qızların ərə
getmə yaş həddi 29, oğlanlarda isə 31
yaşdır. Ən imkanlı adamların
evinin ümumi sahəsi (orta təbəqə) 120 kv.m-dir. Bu səmimi
şam yeməyindəki xanımların ərdə
olmadıqlarını öyrənə bildik. Yaşları bizə
qaranlıq qaldı. “Kasıblıqları” isə
bəlli idi.
Yaponiyada birmənalı olaraq insanlar özlərini maddi
vəziyyətinə görə orta təbəqə hesab
edirlər. Yəqin ki, “kasıbıq” deməyə utanır,
“varlıyıq” deyib öyünməyi isə özlərinə
lovğalıq bilirlər. Bu ölkədə,
yəqin ki, heç kasıb da yoxdur. Çünki
Yaponiyada işsizlik problemi çoxdan həll edilib.
Ancaq bu ziyafətin maliyə tərəfinin təşkilatçısına,
zənnimcə, yaponların bu xüsusiyyətini aid etmək
olmazdı. Qeyd etdiyim kimi, şirkətin rəhbəri biz
süfrəyə oturandan yarım saat sonra “təşrif” gətirdi.
Yəqin ki, bu iş adamı haqqımızda çox
eşitmişdi. Odur ki, özünü daha diqqətcil
göstərməyə çalışırdı.
Qonağı olduğumuz ölkədə əl verib
görüşmək adət olmasa da bu cüssəli iş
adamı üstü yeməklərlə dolu oturduğumuz
masanı dövrələmə fırlanıb hər birimizin
əlini sıxdı. Sonra onun üçün əvvəlcədən
saxlanılmış yerdə keçib oturdu.
Süfrəyə yapon mətbəxinin çox ləziz
yeməkləri qoyulmuşdu. Gördükləri
işi bir incəsənət nümayişi, baxdıqca
adamı valeh edən aşpazlar qarşı-qarşıya
gözlərimiz önündə hazırlayıb ərsəyə
gətirdikləri yeməkləri masalarımıza
ötürür, həvəskarlar ləzzətlə təam
edirdilər. Aşpazlarla üzbəüz yemək
hazırlanma prosesində - hərçənd buna mərasim
demək daha doğru olar - yadda qalan çox şey
vardır. Ancaq mənim özüm
üçün xüsusilə unudulmayan bir məqam da dəniz
canlılarından olan krevetkaların (xərçənglərin)
əziyyətlə bişirilməsidir. Düzdür,
krevetka yemirəm, ancaq ona görə yox ki, o canlını əzabla,
diri-diri isti peçin üstündə bişirirlər.
Möhkəm qlafla örtüldüyündən
bu dəniz heyvanı canını çox gec təslim edir.
İsti peçin üstündə
krevetkanın belə işgəncə ilə ölməsini
görmək mənə görə olduqca ağırdır.
İsti peçin üstündə adamın
baxışları altında gözləri hədəqəsindən
çıxır. Nə isə...
Bu qonaqlıqda da “mərmər ət” verdilər. Ancaq çiy
gətirdilər. Sonra qazan qaynamağa
başladı və bizim saca oxşar qabda gələn nazik
doğranmış mərmər ət qazanda ortaya qoyuldu.
Yaponlar isə hər şeydə, elə qazanda bişən
yeməkdə də bir təbiilik, ilkinlik axtarırlar, onlarda
bu əsasdır.
Bu ara müddətində isə süfrəyə
hər cür yeməklər də verdilər. Qazan
dolu su qaynayana yaxın isə yenə aşpazlar öz yerində
göründü. Qazanın qaynaması
xeyli çəkdi. “Mərmər ət”i
nazik-nazik doğrayıb sinilərdə qalaqladılar. Xidmətçi xanımlar nazik ət varaqlarını
haşi ilə yemək üçün çəngəli əvəz
edən iki ağac çubuqla qaynar qazana salıb sağa-sola
dolandırıb tez də çıxararaq “artıq yemək
üçün hazırdır” işarəsini verib kənara
çəkilərək durdular. Mən bu
yeməyi yoxlamadım. Ona görə ki,
“haşi”dən istifadə edə bilmirəm, stolda çəngəl
də qoymuşdular. Ətin bir anda bişməyinə
inanmamışdım...
Qonaqlıq verən şirkətin rəhbəri səxavətini
əsirgəmirdi. Özünün dediyinə görə,
bu böyük ölkədə olduqca bahalı “mərmər ət”i
üç şirkət satır ki, onlardan da biri elə
özünündür. O, Bakıda da belə bir restoran
açmaq fikrində olduğunu deyib həmkarlarımla
işgüzar söhbət etdi. Bu iş adamının getməyi
də gəlməyi kimi oldu. Təqribən 40-45
dəqiqədən sonra xudahafizləşib yerindən
qalxdı. Səxavətli kişi hətta
gedəndə - bax, hərənizin bir kiloqram “Kobe bif - mərmər
ət” yeməyinizi rica edirəm, - deyib yola düzəldi. Biz bunu nəzakət xətrinə deyilmiş söz
hesab etmişdik. Aradan az
keçmiş aşpazlar elə bayaqki peçin arxasında
sinilərdə iri parçalarla kəsilib qoyulmuş mərmər
ətlə peyda oldular. Bu nədir soruşanda da: - ağa
tapşırıb, yeməlisiniz, - deyə israr edilər. Maliyyə Nazirliyinin məsul işçisi
xahiş-minnətimizi birtəhər izah edib bizi sübhəcən
mərmər ət yeməkdən xilas etdi.
Paytaxtda daha bir tədbir “Ropponqi Hils” çoxməqsədli
mərkəzlə tanışlıq oldu. “Altıağac
təpələri” mənası verən 55 mərtəbəli
binanın 55-ci mərtəbəsindən Tokionu seyr etdik.
Nəhəng binanın 55-ci mərtəbəsinin
damındakı geniş meydançasından şəhərin
füsunkar gözəlliyinin seyrinə daldıq. Bu qüllənin
bir ecazkarlığı da odur ki, əhalisinin sayına görə
dünyanın ən böyük şəhərlərindən
biri olan Tokionun okeanla çəpərlənən
hüdudları buradan apaydın görünür. Qüllənin 51-ci mərtəbəsindəki
restoranda şam yeməyi yedik. Yemək
yediyimiz yer çox zərif və könülaçan idi.
Bu çox təmtəraqlı qonaqlıqda süfrəyə
suşi başda olmaqla yapon mətbəxində ləziz
sayılan hər növ təamlar düzülmüş,
“Basashi” deyilən, incə-incə doğranmış çiy
yeyilən at əti də qoyulmuşdu. Çiy at əti
yemək ömrü uzadır, deyirlər. Hər şeyi
faydasına görə götür-qoy edib məişətlərinə,
elə mətbəxlərinə daxil edən yaponlar yəqin
buna əmin olduqları üçün “Basashi”ni
hörmətli tutur, əziz qonaqlarına da ləziz yemək
kimi başlanğıcda təklif edirlər.
İştahla deyə bilmərəm, ancaq
yoldaşlarımızdan da çiy at ətindən, “Basashi”dən
dadanlar oldu.
Ağzına qoyduğu “Basashi”ni birtəhər
udan həmkarlarımdan biri diqqətlə
baxdığımı görüb:
-Ağır
tamı var,dadmasan yaxşıdır, -
deyib məsləhət də verdi.
Mən də:
-Acından
ölsəm də yemərəm, - deyə cavab verdim.
Hüseyn müəllim süfrə üstdən
qalxıb bu nəhəng şəhərin gecə
görüntüsünü seyr etmək üçün
arada şüşəbəndə
çıxmışdı. Qayıdanbaş yanımdan ötəndə
ayaq saxladı:
- Sən
də at ətindən yedinmi? -deyə xəbər
aldı.
- Yox,
heç dadına da baxmadım, - dedim və burasını da əlavə
etdim ki, heç yoldaşlarımızdan da o yeməyə əl
uzadan olmadı. Elxan müəllim (Şəki) boşqabı
yerindən qaldırmışdı, bir az
yaxın tutub baxdı, baxdı, sonra da ehmalca yerinə qoydu.
Hüseyn müəllim də: - Elədir, oğuz
oğulları nə atı, nə də onun ətini yeməz!
Atı minərlər, - deyərək keçib
getdi.
Həqiqətən, süfrədə balıqdan
başlamış hər növ çiy ət məmulatlarınacan
verilən təamlardan səfər yoldaşlarımdan balaca
dadanlar olmuşdusa da, soyuq qəlyanaltı kimi sonda gətirilən
çiy at ətinə kimsə əl uzatmamışdı.
Hüseyn müəllimin o sualı bəlkə də mənim
ata olan sevgimi əvvəlcə bildiyindən
qaynaqlanmışdı, deyə bilmərəm, ancaq onun dedikləri
məni çox düşündürdü.
Bizlərdə
“at igidin qanadıdır”, “at ucalıq rəmzidir”, “at
muraddır” kimi o qədər dadlı, şirin deyimlər var
ki, ceyranın, cüyürün, qırqovulun, bir sözlə
əti yeyilən heç bir canlının ətinin ləzzəti,
tamı o deyimlərin, o kəlamların dadını verməz...
Haşiyə:
İndi yaşı 18-ə çatan bir səmənd
atım var. Atlar üçün bu yaş çoxdur. Bəlkə də sonuncu dəfə
bu il Səmənd at daha bir at balası
daylaq doğub. Səfərdən dönəndən
sonra çox sevdiyim ata da baş çəkdim. Yeri gəlmişkən, bu at mənim
üçün həm də ona görə əzizdir ki, atam
onun yalını sığallayıb. Bir
yaşında olanda, atam baxıb, Səməndə diqqətimi
dəyərləndirsin deyə, indi qocalmış, tüklərinin
də rəngi dəyişən qulanı ata-baba yurduna, həyətimizə
gətirmişdim. Atam yaxınlaşıb
qulanın yalına, sonra da sağrısına sığal
çəkdi. - Yaxşı at olacaq, - dedi, sonra da, -
heyif ki, mən onu minə bilməyəcəm, - deyib dərindən
bir köks ötürmüşdü... Hüseyn müəllimin
sözünə görə “atın ətini yeməzlər,
atı minərlər” ifadəsini xatırlayıb bu qoca səmənd
atını minmək fikrinə düşdüm.
Atı yəhər-yüyənləməzdən əvvəl
bir sıxım şirni də yedizdirdim, ayağımı
üzəngiyə atıb belinə qalxdım. Yığcam
dairədə azacıq səyridib qarşımdakı
gen-geniş düzənlik tərəfə döndərdim.
Yaşlı olsa da, Qarabağ cinsli bu qeyrətli
at üstündəki - Mən adlı - “yükün”
ağırlığının-yüngüllüyünün
fərqinə varmadan meydan boyu səkib ötməyə
başladı. Tərpəndiyimiz yerdən təxminən
dörd, ya beş yüz metr uzaqlaşmışdım ki, Səmənd
at arxasında qalan dayçasından
uzaqlaşdığını hiss edib yerişini dəyişmədən
boynunu yana çevirərək balası səmtə elə
boylandı ki, yəhərin üstündə, mindiyim,
çapan atın ürəyinin ritminə düşən,
necə deyərlər, onunla həmahəng çırpınan
qəlbim səksəndi. Səməndin yüyənini
dartıb geri döndüm. Mindiyim yerdə
də düşüb yəhərini üstündən
aldım. Düşündüm ki, yəqin
ki, mən bu atı bir daha minməyəcəm, minməyə
qıymayacağam. At minməyim bir də
qaldı bu gün məni Səmənd atla yoldan eləyən
bu daylağın böyüməyinə...
lll
Oyandım. Bəs hanı onlar?
Doğma kəndimizdəki dostlarım mənim?
Hər şey yox oldu bir yuxu kimi.
Sotyo
Tokiodan gündoğar ölkənin bu nəhəng və
heyrətamiz şəhərindən onun gülərüz, həmişə
harasa tələsən insan seli ilə dolu küçələrindən
keçib hava limanına yollandıq. Nəhəng hava
laynerinə əyləşib səmaya qalxdıq. Bakıyacan yolumuz hələ Qətərə, onun
paytaxtı Dohayadır. Sağ-salamat enək...
Dohayacan on iki saatlıq yolumuz var. Uçaqda yerimiz
rahatdır. Geniş salon, su, çay, yemək-içmək, hər
şey öz yerində (şabranlı dostum Aydın müəllimin
yeri məlum). Yatacağımızı,
gecə geyimlərini hazır qoymuşlar. Dostum
Şair Alxasov çarpayısını açıb
yorğanını da sinəsinə çəkib. Yatıb-yatmadığını deyə bilmərəm.
Mən də, bax burada, səmada, necə deyərlər
göyün yeddinci qatında səfərimizin əvvəlindən
bu günə qədər yol qeydlərimi yavaş-yavaş
qaralayıb nöqtəsini qoyuram.
lll
Bizimlə 18 nəfərlik VİP salonda dörd əcnəbi
də yolçuluq edir. Onların dördü də oturduqları
yerdə “Ayfon”u açıb əl işığını
da üzərinə tuşlayıb oxuyurlar. Deyəsən, bunlar heç yatana oxşamırlar.
Yatmaq istəsələr belə, bizimkilərin
şipşirin, “xısın-xısın”, ipincə söhbətləri
heç buna imkan verər? Ay yatdılar ha!..
Beləcə
adı uşaqdan böyüyəcən az
qala dillərdə dastan olan dünyanın şöhrətli
bir ölkəsini on gün ərzində zamanın müasir əfsanəsi
sürətli miniklərlə şəhər-şəhər
dolaşıb, görüb tanış olub geri
dönürük. Əlbəttə,
gördüklərimizdən götürməyə çox
şey vardır. Ancaq mənə görə
həsədə, qibtəyə dəyməz, xalqımla
yanaşı vətənimizin də zahiri
görünüşü sahib olduğumuz minilliklərlə
ölçülən tariximizdə dəfələrlə dəyişib.
Gah qüdrətlənmişik, hələ bir ətrafımıza
da əl uzatmışıq. Gah da zaman bizi
imperiyalar buxovuna salıb. Ancaq yenə də
zəncirləri qırmağı bacarmışıq. İtirdiyimiz, güzəştə getmədiyimiz bir
ideal amalımız-dilimiz olub, milli-mənəvi dəyərlərimiz,
adət və ənənələrimiz. Bu
amillərə əbədi sədaqət, dəyişməz
münasibət bizi yenilməz edib. Bir də
yenilməz, təşəbbüskar, qeyrətli
oğullarımız.
Kimin yolu düşübsə, bizdən də nəsə
götürüb. Biz isə özümüzünkü olanlarla kifayətlənmişik...
lll
Doha
Bakıdan Yaponiyaya ilk dayanacağımız olan Doha bu dəfə
vətənə tərəf sonuncu dayanacağımızdır.
Bu dəfə şəhərə, Dohadan yaxın bir
yerdə yerə enirik. Buradan gündüz, günorta
saatlarında vətənə uçacağıq. Arada 7-8 saat vaxt var.
Səfər təşkilatçıları bu vəziyyəti
hələ yola düşməzdən əvvəl nəzərə
alıblar. Qayıdan baş üçün həm dincəlmək,
həm də qardaş ölkənin paytaxtını ötəri
də olsa görmək üçün otel də nəzərdə
tutub yer alıblar.
Yaponiyaya uçarkən Dohaya gecəgözü enməyimizdən
təəssüflənmişdim. Düşünmüşdüm ki,
gün işığında heç olmazsa kənardan, səmadan
da olsa adını çox eşitdiyim inkişaf etmiş bu ərəb
ölkəsinin paytaxtını uzaqdan da olsa seyr edə bilərəm...
İndi isə sübhün alatoranında, hələ
işıqların da sönməyib göz vurduğu
geniş, açıq yollarla Dohaya tərəf
şütüyürük. Ətraf qup-quru, bom-boz
torpaqdır. Maşının istisi təndirin
həniri kimi adamın üzünü qaysaqlayır.
Ancaq yol boyu ətrafda qızğın iş gedir. Abadlıq, yaşıllaşdırma işləri
aparılır, yeni qazonlar salınır və bir tərəfdən
də onlar başdan-başa süni yağış
yağdırmaqla suvarılır.
lll
Qayıdanbaş gündüz, hava açıq idi. Təyyarənin ilminatorundan demək olar ki, Bakıya qədər yuxarıdan aşağı uçub keçdiyimiz yerləri seyr etdim. Dohadan qalxandan sonra Ərəbistanın daşlı gölləri, aşağıda gözə dəyən orta kiçik yaşayış məntəqələrinin o yerlər üçün ənənəvi yastı, palçıq damlı evləri görünür. Suların üstü ilə ötüb keçəndən sonra Rəşt diyarının üstü ilə uçurduq. Bəzi yerlərdə dağların başı qarlı olsa da, üzüaşağı yamacları, ətəkləri bom-boz görünürdü.
Ətrafından ötdüyümüz İsfahanda, eləcə də Rəştə yaxınlaşdıqca isə dağlar da, yaylalar da, düzənliklər də yamyaşıldır. Seyrinə dalanın üzünə gülümsəyir.
lll
Mavi suları aydın səmalarına güzgü tutan, xırçın ləpələri doğma torpaqların sahillərini döyəcləyən Xəzərin üzərindən süd qoxulu, nur ətirli qədim Bakı şəhəri - Vətən torpağı görünür. Təyyarəmiz artıq eniş zolağındadır.
Qarşılamağa gələn doğmalarımız, əzizlərimiz bizi elə uzaqdan görən kimi hələ heç onlara yetişməmiş əl edib xoş gəldin edirlər.
Məni də qarşılamağa - ataları ilə - nəvələrim gəlib. Uzaqdan qaçıb tullanaraq sinəmə sığınan Nəcəfin çiyinlərinin üstündən Bəhruz da boynuma dırmaşır.
Bəmbəyaz saçlarında əllərinin xəfif sığalı görünən ağbirçək bir xanım da: “Hər səfərdən beləcə xətərsiz” - deyib əlini mənə uzadır...
Yolçu yolda gərək!
Yayda onun geyimi
Səma və torpaq.
Kikaku
31 may-11
iyun 2014-cü il
Tokio -
Bakı - Şabran
Novruz Nəcəfoğlu
525-ci qəzet.-
2015.- 25 aprel.- S18-19;31