Azərbaycan aliminin tədqiqatları
dünya şərqşünaslığının
maraq dairəsində
Bakı Dövlət Universitetinin professoru Aida Qasımovanın
klassik Azərbaycan şeirində Quran simvolizmi
ilə bağlı tədqiqatlarını dünya,
xüsusən Qərb
şərqşünaslıq mühiti böyük maraqla qarşılayır.
Mövzu ilə bağlı müəllifin Edinburq Universitetində (“Journal of Quranic
Studies”) və ABŞ-da
(“İslamic İmages
and İdeas” toplusu) məqalələri dərc
olunub.
Son iki ildə
ABŞ-ın Dyuk
(Duke) universitetində elmi
yaradıcılıq məzuniyyətində
olan müəllifin Azərbaycan-türk şeirində
Quran simvolizmi ilə bağlı daha iki məqaləsi nüfuzlu dərgilərdə
işıq üzü
görüb. “Əgər bütün ağaclar qələm olsaydı... Klassik azəri türk şerində qələmin Quran simvolizmi”
məqaləsi türk
ədəbiyyatı sahəsində
nüfuzlu jurnal sayılan “ Jornal
of Turkish Literature”də nəşr
olunub (2014, say 11, səh.
7-33).
Müəllifin başqa bir yazısı “Brill” nəşriyyat evi tərəfindən nəşr edilən, əsası görkəmli şərqşünas alim Helmut Ritter (1892-1971) tərəfindən qoyulmuş “Oriens” jurnalında çap edilib (Oriens, 2015, say, 43, səh. 101-153). Bu yazıda Aida Qasımova ilk öncə klassik Azərbaycan-türk şeiri, onun türk ədəbiyyatları cərgəsində özünəxas mövqeyi ilə bağlı məlumat verir. Müəllif göstərir ki, vaxtilə E. Gibb, E. Braun, V. Minorski, H. Ritter, Y. Rıpka, R. Nikolson, L. Massinon kimi şərqşünasların nəzərini cəlb etmiş zəngin irsimiz son dövrlərdə ya tamam unudulub, ya da Osmanlı çətiri altında özünə yer edə bilib (Endryus Valterin tədqiqatları).
Klassik şeirimizin Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Nemətullah Kişvəri kimi ünlü sənətkarlarının sənət dünyasının Quranla bağlılığını vurğulayan alim sufizmə xas ilahi vəcdəgəlmə və Camalın seyri ilə bağlı “muşahada”, muhadara” , “mukəşəfə” kimi anlamların ifadəsində Quranla bağlı epizod və süjetlərin mühüm əhəmiyyətini vurğulayır, xüsusilə bəndənin Allahı görmək arzusunun gözlə bağlı mənalara xüsusi çalarlar verdiyini göstərir.
Əsərdə Tanrının insan gözəlliyində təcəllisi, bunun mifik sistemlərdəki gənc tanrılar və xristianlıqdakı gənc İsa obrazı ilə səsləşən “şahid” obrazına rəvac verməsi və bu səbəbdən, cismani komponentlərin poeziyada mühüm yer tutub ruhi-mənəvi elementlərlə səsləşən mənalar yaratması ayrıca qeyd edilir. Gözün mifoloji və arxetipik xarakterindən qaynaqlanan Göz-Allah, Göz-İnsan, Göz-Sehrkar, Göz-Qatil, Göz-Kimyagər, Göz-Xəttat kimi çoxsaylı obrazlar tədqiqat boyu klassik şeirimizdən gətirilən nümunələr əsasında tədqiq edilir, Quranla bağlı motivlərin poeziyanın sətirdaxili məna tutumundakı yeri göstərilir.
Müəllif məqalə boyu poeziyamızda özünə yer etmiş gözlə bağlı əlliyədək Quran obrazını araşdırır, hər bir obrazın ənənəvi xarakteri ilə yanaşı, konkret şairin fikir dünyasna xas fərdi çalarlara malik olmasını da göstərir.
Qeyd edək ki, mövzu ilə bağlı müəllifin Azərbaycanda iki monoqrafiyası, 30-dək elmi məqaləsi işıq üzü görüb.
VƏFA
525-ci qƏzet.- 2015.- 25 aprel.- S.16.