İşğal
“525-ci qəzet” Xalq
yazıçısı Anarın “Yaşamaq haqqı”
traktatından parçaların dərcini davam etdirir.
Xatırladaq
ki, ötən şənbə saylarımızda əsərin
“Avqust putçu və sistemin iflası”, “İlk maarifçilərimiz”,
“Tarixi şans - 21 Azər”, “Qara yanvar”, “18-ci il.Qanlı
mart” bölümlərini dərc
etmişdik.
Bu sayımızda əsərin
1920-ci il 28 aprel hadisələrindən bəhs edən hissəsini
oxuculara təqdim edirik.
Ən böyük və real təhlükə Azərbaycanı
Şimaldan hədələyən qüvvələr idi. Bizim müstəqilliyin
əvvəllərində bu, general Denikinin ordusu idi.
Ağ qvardiyaçılarla mübarizə aparan Sovet hökuməti Azərbaycana
təklif etdi ki, Denikinə qarşı saziş
bağlasınlar. Xarici işlər naziri Fətəli Xan
Xoyski, Sovet Rusiyasının xarici işlər üzrə xalq
komissarı Çiçerinin notasına cavab olaraq yazdı
ki, saziş bağlamağa hazırdır, amma bunun
üçün gərək əvvəlcə Sovet hökuməti
Azərbaycanın müstəqilliyini tanıya. Çiçerin
bu təklifdən yayındı, çünki aydın məsələdir
ki, problem Denikində deyil, Sovet Rusiyası ona qalib gəldikdən
sonra Azərbaycana özü göz dikəcəkdi.
F.X.Xoyski
Xalq Komissarlığına yazırdı: Xalq komissarı
Çiçerinin iki radioqramından heç birində Azərbaycan
Respublikasının müstəqilliyinin şərtsiz
tanınması barədə qəti fikir ifadə olunmayıb.
Amma Sovet hökuməti Polşa, Finlandiya və Estoniya kimi ölkələrlə
silahlı mübarizə vəziyyətində olmasına
baxmayaraq bu ölkələri tanımışdı.
Məlum oldu ki, Leninin imzaladığı Rusiya
xalqlarının öz müqəddəratını təyin
etməsi və hətta istədiyi vaxt ayrılması
haqqında deklorasiyalar kimi Qərb demokratlarının
hüquq bərabərliyi, ədalət, azadlıq haqqında
hər cürə boşboğazlıqları da riyakarlıq
imiş. Dünyanı “xırdalarla” hesablaşmayan qüdrətli
dövlətlər yalnız öz xudbin maraqları naminə
idarə edir. Birinci Dünya müharibəsinin
qalibi olan ölkələr bolşevik Rusiyasına düşməncəsinə
münasibət bəsləyirdilər, amma onları olmazın
çətinliklərlə müstəqilliyə nail olmuş
xalqların taleyi əsla maraqlandırmırdı. Azərbaycan diplomatlarının hansı çətinliklərlə
öz ölkələrinin vəziyyəti haqqında həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq cəhdləri
çoxlu sayda faktlarla Cəmil Həsənlinin Azərbaycanın
xarici siyasətinin 1918-1920-ci illər dövründən bəhs
edən kitabında işıqlandırılıb. Və
o faktları nəzərdən keçirəndə bu
günün gerçəklikləri ilə bağlı
duyğular istər-istəməz baş
qaldırır - ABŞ, Rusiya və
Fransa, bir-birinə qarşı yumşaq söyləsək,
soyuq olsalar da, Minsk qrupu çərçivəsində
təsirli şəkildə
yekdil, qanlı Qarabağ
münaqişəsinə gələndə isə laqeyddirlər.
O uzaq
1920-ci ildə isə Denikin Sovet qoşunları tərəfindən
darmadağın edildi və XI Qızıl Ordu
Dağıstanı zəbt edərək Azərbaycan sərhədlərinə
yaxınlaşdı. Azərbaycan Respublikasının
iflasına az bir müddət qalmış
F.X.Xoyski məktubla Çiçerinə müraciət edir:
“Dağıstan
Denikin qoşunlarından təmizlənəndən sonra Azərbaycan
xalqı, Şimaldan çəkinmədən sülh şəraitində
yaşamağa ümid bəsləyir... Bununla
belə, Sovet hökumətinin hərbi qüvvələrinin,
Azərbaycan Respublikasının sərhədləri
yaxınlığında, Dağıstan hüdudlarında, Dərbənd
rayonu ətrafında xeyli dərəcədə cəmləşməsi
müşahidə olunur. Azərbaycan hökuməti Sovet
hökumətinin niyyətini bilmədiyinə görə xahiş edir ki, təcili olaraq
qoşunların yuxarıda adı çəkilən ərazilərdə
olmasının səbəbi, məqsədi haqqında Azərbaycan
hökumətini məlumatlandırasınız”.
Bu, bolşevik işğalından qabaq Azərbaycan
diplomatiyasının sonuncu mübariz aksiyası idi.
F.X.Xoyskinin
notasına cavab
gəlmədi. Cavab zirehli qatarla və XI Qızıl Ordunun
süngüləri ilə gəldi.
Azərbaycanın taleyində ən acınacaqlı o idi
ki, kənar düşmənlərdən başqa ölkənin
daxilində də bir yox, bir neçə “düşmən dəstəsi”
fəaliyyət göstərirdi. Üzeyir Hacıbəyov 1919-cu ildə
yazırdı:
“Bir Denikin var ki, o bizi kənardan hədələyir. Amma bizi
içimizdən gəmirən denikinlər də var”.
Və əslində Azərbaycanın müstəqilliyini
də ölkə daxilində müxtəlif qüvvələr
qəbul etmirdilər. Müstəqilliyimizin gizli və aşkar düşmənləri
onun Parlamenti üzvləri arasında da var idi - özü də
yalnız daşnak ermənilər və qaragüruhçu
ruslar yox, həm də azərbaycanlıların özləri
- “Hümmət” və ya da Qarabəy Qarabəyovun rəhbərlik
etdiyi klerikal “İttihad” partiyalarının üzvləri, bir
çoxları - xüsusən Azərbaycan bolşevikləri
birbaşa Moskva casusları idilər. Belə bir fakt da maraq
doğurur: Türk jurnalisti və siyasi xadimi Mühiddin Birgənin
şəhadətinə görə Qarabəy Qarabəyov, -
“bir zamanlar Qafqazda
milli hərəkatın təşkilatlanması
üçün “Birlik və Tərəqqi” partiyasından ona
etibar edilmiş gizli instruksiyaları
xaincəsinə çar hökumətinə ötürürmüş”.
Moskva və
bolşeviklərlə bilavasitə əlaqələri olmayan
insanlar da vardı, amma onlar da, hesab edirdilər ki, Azərbaycan
müstəqil surətdə mövcud ola
bilməz. Buna görə də onların bir qrupu Azərbaycanı
Rusiyanın tərkibində, digərləri isə
İranla Konfedarasiya formasında, yaxud Türkiyəyə birləşməkdə
görürdülər. Türk elementləri, bunu qeyd etmək
nə qədər üzüntülü olsa da Azərbaycanın
sovetləşməsində az rol
oynamadılar.
Azərbaycanın
Baş naziri Nəsib bəy Usubbəyov 1919-cu ilin dekabrında
Mustafa Kamala kömək məqsədilə pul göndərdi,
amma Svyatoxovskinin yazdığı kimi bu, Azərbaycanda olan
bolşevik təhlükəsinə qarşı Türkiyənin
tutduğu mövqeyi ümumən dəyişmədi.
Həsən
Həsənov Nərimanov haqqında kitabında yazır:
“Orconikidzenin Rostovdan Moskvaya göndərdiyi teleqramda deyilirdi:
“Mustafa Kamal paşa xahiş edir ki, Sovet qoşunlarına
öz ərazisindən yol versin, ondan ötrü ki, sərhəddə
yaxınlaşmaları
onlar üçün müdafiədir. Xəlil
Paşanın Atatürkə məktubu da xarakterikdir: “Mən
Bakıya yaxınlaşıram, ordan isə İrana keçəcək”.
Azərbaycanlıların Naxçıvanda daşnak
bandalarından qorunmasında xüsusi xidmətləri olan
Kazım Qarabəkir paşa hesab edirdi ki, İslam
dünyasının gələcəyi üçün Azərbaycanın
bolşevikləşməsi vacibdir.
Əlbəttə, bu vəziyyət, müəyyən dərəcədə,
obyektiv səbəblərdən yaranırdı. Türk tarixçisi
O.Qocamin qeyd edir ki: “16 mart 1920-ci ildə Britaniya
qoşunlarının İstanbula hücumu Sovet-Türkiyə
münasibətlərinin xarakterinə öz həlledici təsirini
göstərdi, görkəmli Türkiyə liderlərindən
Kazım Qarabəkir və Fazil Çaxmaq kimilərin
bolşeviklərlə əlaqələri qaydaya salmaq meylləri
onlardan hərbi yardım almaqla nəticələndi”.
Bu barədə
Azərbaycan tarixçisi Musa Qasımov da yazır:
“İngilislərin inqilabı beşiyində boğmaq, həm
də türk torpaqlarını ələ keçirmək cəhdi
Ankara ilə Moskvanı müttəfiq etdi”.
Rusiya
Kamal ordusuna silah-sursat, həm də maddi yardım göstərməyə
razılıq verdi. Əvəzində
Türkiyə tərəfi Qafqaza qarşı hər hansı
bir iddiasından əl çəkdi, bu bölgənin Sovet
Rusiyasının təsir dairəsinə mənsub olmasıyla
razılaşdı.
Məncə,
bu faktları 20-ci illərdə Azərbaycanda işləmiş,
yuxarıda bəhs etdiyim Mühiddin Birgenin sözləri ilə
ifadə etsək, daha
yaxşı olar. Azərbaycanın XI Qızıl
Ordu tərəfindən işğal olunmasında,
başlıca fiqurlardan biri olan türk generalı Xəlil
paşanı M.Birgen belə qələmə verir:
“Bu nankor və əxlaqsız insanlar, avanturist Xəlil
paşanın rəhbərliyi altında, rus bolşevikləri
tərəfindən Azərbaycanın sovetləşməsi
üçün hazırlanmış gizli planların həyata
keçirilməsində iyrənc rol oynadılar”.
Daha sonra
M.Birgen yazır: “Xəlil paşa 27 aprel 1920-ci ildə
Bakıya gəlir ki, Qızıl Ordunun
komandanlığını qəbul etsin, sanki Anadoluya köməyə
tələsirmiş, amma komandanlıq onu izahat
üçün Moskvaya, Leninin yanına göndərir və
o bir daha Bakıya qayıtmır”.
1920-ci ilin aprelində Azərbaycanda faciəvi son
yaxınlaşdı. XI Qızıl Ordu artıq şimal sərhədlərini
keçmişdi və Bakıya doğru irəliləyirdi.
Gənc Azərbaycan Ordusunun seçmə hissələri
Qarabağda erməni təcavüzkarlarına qarşı
vuruşurdular. Ölkənin şimal sərhəddindəki
azsaylı hərbi qüvvələr Qızıl Ordunun
hücumuna qarşı hər hansı bir ciddi müqavimət
göstərmək iqtidarında deyildi.
Port Artur
qəhrəmanları, çar ordusunun hərbi komandirləri
general Səməd ağa Mehmandarov Azərbaycanın müdafiə
naziri, Əliağa Şıxlinski isə onun müavini idi. A.Şıxlinski “artileriya allahı” adını
qazanmışdı. S.Mehmandarov dərhal bəyan
etdi ki, hücuma keçən hissələrə müqavimət
göstərmək mənasızdır, biz yalnız bir
neçə saat davam gətirə bilərik. M.Ə.Rəsulzadə, - bu bir neçə saat da
tarix üçün qiymətlidir, - deyə etiraz etməyə
səy göstərdi. Cavab olaraq Parlamentdə
Türkiyəyə (!-A.) kömək göstərilməməsinə
görə Rəsulzadəni və musavatçıları
günahlandırdılar. Axı, Sovet hökuməti Azərbaycana
qarşı silahlı aksiya ilə yanaşı effektli bir təbliğat
oyunbazlığını da ortaya atmışdı - guya ki,
Qızıl Ordu türk zabitlərinin rəhbərliyi
altında Anadoluya - Kamalçılara köməyə gedir. Belə çıxırdı ki, Türkiyənin Qərb
imperialistlərinə qarşı azadlıq mübarizəsinə
mane olan məhz Azərbaycan hökumətidir. Sovet qoşunlarının Bakıya doğru maneəsiz
irəliləməsini Parlament üzvü, bolşevik
Əliheydər Qarayev cani dildən dəstəkləyirdi.
Rəsulzadə Qarayevə cavab verərək dedi: “Mən
burada Azərbaycan parlament üzvünün yox, Rusiyanın
müvəkkilinin, casusunun nitqini eşitdim. Siz
müstəqillik tərəfdarı deyilsiniz, onu məhv etməyə
cəhd göstərən xainsiniz”.
Deputat
A.Qarayev parlamentdə parlamentə yaraşmayan ifadə ilə
M.Ə.Rəsulzadəni hədələyir: - Mən sənin
gözlərini çıxararam, - Xalqın gözünü
çıxarmısan artıq! - deyərək
Məmməd Əmin cavab verir, sonra: - Əliheydər,
yoldaşlar səni güllələyəndə məni
xatırlayacaqsan. - deyə əlavə
edir.
Maraqlıdır, görəsən, Ə.Qarayev güllələnmədən
qabaq Rəsulzadənin bu sözlərini
xatırlayıbmı?
Ən
acınacaqlısı odur ki, Qarayevin təslimçi nitqi
parlamentin özündə alqışlarla
qarşılanıb. Nüfuzlu qonaqlar
üçün ayrılmış lojalarda əyləşmiş
Türkiyə nümayəndələri də əl
çalanlar arasında olublar. A.Balayevin qeyd etdiyi kimi
“türk nümayəndələrinin bu cür davranışı Azərbaycanda
Kamal Türkiyəsi ilə
bolşevik Rusiyası arasında əldə olunmuş
razılaşmanın nəticəsi kimi qarşılandı və
bu, ADR-in çökməsinə gətirib çıxaran
mühüm amillərdən biri oldu”.
Aprelin
27-də, gündüz saat 12-də Azərbaycan parlamentinə
belə bir məzmunda ultimatum daxil oldu: “Azərbaycan Sovet
Sosialist Respublikasının qırmızı donanması (məlum
oldu ki, hələ mövcud olmayan dövlətin adı da var
-A.) təklif edir ki, hakimiyyəti təcili
olaraq, başda N.Nərimanov olmaqla Fəhlə-kəndli
hökuməti sovetinə təhvil verəsiniz. Belə
olan təqdirdə Qırmızı donanma milliyyətindən
asılı olmayaraq bütün Bakı əhalisinə
sülh və əmin-amanlıq vəd edir. Sovet Azərbaycanı Qırmızı
donanmasının rəhbəri Çingiz İldırım”.
Bu zaman Nəriman Nərimanov özü Bakıda deyildi. Beləcə, tarixdə ilk
dəfə sınaqdan keçirilmiş bu modeli, sonralar Sovet
hakimiyyəti ayrı-ayrı ölkələrə - 1921-ci ildə
Gürcüstana, 1940-da Baltika ölkələrin, 1956-da
Macarıstana, 1968-də Çexoslavakiyaya, 1979-da
Əfqanıstana qarşı tətbiq etdi. Bu
modelin mahiyyəti ondadır ki, işğal olunmuş ölkənin
oyuncaq hakimiyyəti onun hüdudlarından kənarda
yaradılır və ölkənin özünə
süngü ilə yeridilir. Hələ də - Yanoş
Kadar, Qustav Qusak,
Babrak Karmal kimi ölkədən kənarda
yetişdirilmiş liderlərin
adı yaddaşlardan silinməyib.
Ultimatumun müzakirəsi üçün parlament təcili
axşam iclasına toplaşdı. Hələ ultimatumun
müzakirəsi davam edərkən Xəzər hərbi
donanmasının silahları parlamentin binasına doğru
istiqamətləndirilmişdilər.
Parlament
üzvü, kommunistlərlə danışıq aparmaq
üçün yaradılmış komissiyanın sədri
M.Q.Hacinski məlumat verdi ki, axşam saat
7-yə kimi hakimiyyət kommunistlərə təhvil verilməlidir.
Əgər onların şərti qəbul
olunsa, Qızıl Ordu Bakıya daxil olmayacaq. Bütün məmurlar öz vəzifələrində
qalacaqlar. Yalnız hökumət üzvləri
dəyişdiriləcək və onların da yerini yalnız
azərbaycanlılar, azərbaycanlı kommunistlər tutacaq.
Parlamentdə təmsil olunan partiyalar öz fəaliyyətlərini
davam etdirə bilərlər, onlara və hökumət
üzvlərinə qarşı heç bir inzibati tədbir
görülməyəcək. Klerikal
“İttihad” partiyasının nümayəndələri və
“Əxrar” partiyasının sosialist fraksiyası hakimiyyətin
bolşeviklərə keçməsini yekdilliklə dəstəklədilər.
Sosialist Səməd ağa Ağamalı oğlu bu faciəli
anlara Üzeyir Hacıbəylinin komediyasının adıyla
duz qatmaq istədi: “O olmasın, bu olsun” yəni
müsavatçılar olmasın, kommunistlər olsun. M.Ə.Rəsulzadə və Ş.Rüstəmbəyov
ultimatumun qəbul olunmasına qarşı
çıxış etdilər. M.Ə.Rəsulzadə bəyan
etdi: “Əfəndilər, mötəcazir bir ultimatum
qarşısında qalmışıq. Burada təslimdən
bəhs edirlər. Fəqət əfəndilər,
təslim nə demək? Kimə tərki
mövqe edirik? Bizə deyirlər ki,
hüdudunuzu keçən ordunun başında Nicati adında
bir türk komandanı durmuşdur. Rusiyadan
gələn bu mötəcaviz ordu əmin edirlər ki, həyat
və məmat mücadiləsində qalan Türkiyənin
xilası üçün gedir. Yalandır.
Gələn ordu rus ordusudur. Fərzən
komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu
imdadına gedəcək bəhanəsiylə yurdumuza girən
bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir”.
Parlamentin sonuncu iclasının stenoqrammasında belə
bir qeyd də qalıb ki, faktiki kapitulyasiya haqqında qərar
qəbul olunandan sonra Şəfi bəy Rüstəmbəyov
ağlayıb.
Aprelin 28-də, sübhə yaxın XI Qızıl Ordu
Bakını tutmuşdu, onun arxasınca general Xəlil
paşanın başçılığı ilə azərbaycanlılara
bolşeviklərə müqavimət göstərməməyi
təbliğ edən türk zabitləri gəlirdi. Bolşevik hissələri
Bakını ələ keçirəndən dərhal sonra
S.K.Orconikidze V.İ.Leninə məruzə etmişdi: “Türk əsgər
və zabitləri inqilabın xeyrinə xeyli fəal rol
oynadılar”.
Yeni hakimiyyətin qurulmasının birinci günündəcə onun parlamentlə razılaşmasının bütün bəndləri pozuldu. Qoşunların şəhərə daxil olmayacağına zəmanət vermələrinə baxmayaraq, əlbəttə, onlar şəhərə girdilər. Axı, hələ 17 mart 1920-ci ildə Lenin yazmışdı: “Bakını tutmaq bizə son dərəcə vacibdir. Eyni zamanda bəyanatlarda son dərəcədə diplomatik olmaq...”.
Bax, Vladimir İliç öz şagirdi Şaumyana belə diplomatiya öyrədirdi - ikiüzlülük və xəyanət. Və elə həmin gün Lenin iki teleqram vurur - birini Nərimanova: “Yaşasın müstəqil Azərbaycan”, ikinci teleqramı Orconikidzeyə: “Hakimiyyəti bütünlüklə öz əlinizə alın”.
Təbii ki, heç bir istiqamətdə Anadoluya, Türkiyəyə kömək heç yada düşmədi. Və nəhayət anlaşmanın həyat əhəmiyyətli bir maddəsi pozuldu - respublika rəhbərliyinin gizlənməyə macal tapmayan bütün üzvləri həbs olundular, görkəmli ictimai siyasi xadimlər Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli, İsmayıl xan Ziyadxanov, Məmməd Bağır Şeyxzamanlı və Azərbaycan ordusunun bütün yüksək rütbəli zabitləri güllələndilər. Muzdlu qatilin güllələri Fətəli Xan Xoyskini və Həsən bəy Ağayevi Tiflisdə, Behbud bəy Cavanşiri İstanbulda, Nəsib bəy Usubbəylini Azərbaycanın özündə haqladı.
Azərbaycan ordusunun bütün zabit heyəti, generallar və polkovniklər: Sulkeviç, (ştab rəisi, keçmiş Krım hökumətinin sədri), İ.Usubbəyov, Şahzadə Əmənulla Mirzə Qacar, şahzadə Kazım Mirzə Qacar, Qədim bəy Gaytabaşı, Həbib bəy Səlimov, S.Gəray Tlexas, Makayev, Rüstəm bəy Şıxlinski, Əliyev, İskəndər Seytulin güllələndilər.
Azərbaycan Respublikası Gürcüstanla “təcavüz zamanı qarşılıqlı kömək haqqında müqavilə” imzalamışdı. Gürcüstanın baş naziri N.Cordaniyadan, Gürcüstanın niyə öz müqavilə öhdəliyinə əməl etməməsi, Azərbaycana yardım gəlməməsi haqda soruşanda o, demişdi: Əgər Azərbaycan özü müqavimət göstərsəydi, biz də köməyə gələrdik.
İkinci İnternasionalın xadimləri belə bir talenin tez, ya gec menşevik Gürcüstanın da gözlədiyini duyduqlarından K.Kautskinin başçılığı ilə həmrəylik üçün Tiflisə gəldilər. İkinci Internasionalın rəhbərlərindən biri Renodel Gürcüstanı, aşkarca, Sovet Azərbaycanı ilə müharibəyə çağırdı: “Gürcüstan Qafqaz xalqlarının başında durmalıdır və bədbəxt azərbaycanlıları azadlığı hər vəchlə boğan kommunistlərdən azad etməlidir”.
Və əslində Gəncə üsyanı baş verməsəydi, təcavüzə qarşı bu dərəcədə itaətkarlıq (təcavüzkar nə qədər güclü olsa belə!) tariximizin səhifələrində rüsvayçılıq kimi qala bilərdi.
ANAR
525-ci qəzet.- 2015.- 25 aprel.- S.14-15