Rza Şah və
Əli Xan
Rza Şah
1878-ci ildə Mazandaranda
dünyaya göz açmışdı. Atası Abbas
Əli İran Qacar Xanədanının ordusunda polkovnik idi. Anasının isə qafqazlı
olduğunu yazırlar.
O da atası kimi daha 16 yaşındaykən
İran ordusunda xidmətə başladı.
Cəsarəti ilə diqqəti
çəkdi və tezliklə yüksəldi.1923-cü ildə də ingilislərin yardımıyla
Əhməd Şah Qacarı devirərək 2
il sonra
onun yerinə İran Şahənşahı
olaraq tac qoydu. Atatürk heyranı idi.
Atatürk kimi reformalar
yaratmağa çalışdı.
Mədrəsələri, çarşafı yasaqladı, modern məktəblər
açdı. Çox keçmədən
ingilislərlə münasibəti
pozuldu. Onların neft gəlirlərini
məhdudlaşdırdı, ölkədən çıxarmaq
istədi. İngilislər 1941-ci ildə Rza Şahı
devirdilər və yerinə oğlu Məhəmməd Rza Pəhləvini gətirdilər.
Rza Şah Cənubi Afrikanın paytaxtı Yuhannesburqa götürüldü.
Üç il
sonra 1944-cü ildə
həmin şəhərdə
vəfat etdi. Bəzi tarixçilər onun ingilislər tərəfindən
zəhərləndirildiyini yazır. Cəsədi Misirdə mumiyalandı
və illərcə Qahirədəki El Rıfai
məscidində saxlandıqdan
sonra İrana geri götürüldü
və Rey şəhərindəki
məzarına gömüldü.
Məzar
1979-cu ildəki İslam
İnqilabından sonra
yerlə bir edildi.
Rza Şah haqqında ən gözəl bioqrafiyalardan birini Əsəd Bəy yazıb. Onun Mazandarandakı
uşaqlığını, gəncliyini, Tehrana gedişini oxuduqca gözlərimin önünə
“Əli və Nino”nun qəhrəmanı
Əli Xan gəldi. Çünki ikisi arasında
inanılmaz bənzərliklər
vardı. İnancları, dostları və yaşadığı yerlər
bir-birinə çox bənzəyirdi. Əsəd Bəyin
“Rza Şah” əsəri 1936-cı ildə
həm Vyanada, həm də Laypsiydə Dr. Rolf Passer nəşriyyatında
yayınlanmışdı. Təxminən əsər 1935-ci ildə yazılmışdı.
“Əli və
Nino”nun nəşr tarixi isə 1937-ci ildir. Daha ilk oxuduğumda iki əsərdəki bənzərliklər
diqqətimi çəkincə
“Rza Şah”ı daha diqqətlə oxudum və gördüm ki, kitabın otuz ikinci səhifəsində başlayan
“Şahın əmrində”
(Im Dieneste des Kaisers) bölümü “Əli və Nino”nun iyirmi üçüncü
bölümü ilə
birəbir eynidir. Bu durumun araşdırmaçıların
niyə diqqətini çəkmədiyinə heyrət
etdim. Çünki iki kitabın
yuxarıda yazdığım
bölümlərində sadəcə
kəlmə və anlam bənzərlikləri
yoxdur. Başdan sonadək eynidir.
Oxucular bir fikir sahibi
olsunlar deyə iki kitabdan bəzi
parçaları tərcümə
etdim.
“Əli və Nino”dan: “Uzaqdan karvanın zınqırov səsi gəlirdi. Maşın sürəti azaltdı.
Dik bir yoxuşda dəvələr ehmalca, ağır yerişlə tərpənirdilər. Əlində əsa tutmuş sarvan karvanın önündə gedirdi.
Onun dalınca da qara paltar geyinmiş
adamlar yeriyirdilər.
Yoxuşa çıxmaq dəvələr
üçün çətin
idi və onlar bütün güclərini yığıb
yoxuşa dırmanırdılar.
Onların boğazından asılan
zınqırovların səsi
asta gəlirdi. Dəvələrin boz bellərindən
torbalar asılmışdı.
Bəs bu torbalarda nə
var idi? İsfahan parçalarımı? Gilan yunumu?
Maşın dayandı. Dəvələrin üstündəki yük
cəsədlər idi.
Onların sayı yüz,
iki yüz idi və meyitlər
qara parçaya bükülmüşdü”. (“Əli və Nino”, s. 148, Şərq-Qərb Nəşriyyatı,
Bakı 2006)
İndi də “Rza Şah”
kitabının 32-ci səhifəsindən
oxuyaq: “Yoxuş tərəfdən karvan yaxınlaşırdı. Dəvələr ağır və diqqətli yeriyirdi. Əlində
əsa tutmuş sarvan dəvələrin önündə gedirdi.
Onun arxasında isə qara paltar geyinmiş
adamlar vardı. Boyunlarında zınqırov asılı
dəvələr yoxuşu
çıxmaqda əziyyət
çəkirdilər. Dəvələrin boz
bellərində torbalar asılmışdı.
Bu torbalarda nə
vardı? İsfahan parçalarımı?
Gilan yunumu? Gənc geri çəkildi.
Dəvələrin üstündəki yük cəsədlər idi. Hər dəvə səkkiz
cəsəd daşıyırdı
və bu karvandan yüz və ya iki
yüz cəsəd vardı” (“Rza Şah”, Əsəd Bəy, Dr.Rolf Passer nəşriyyatı, Vyana
1936, sayfa 32- 33).
Rza Şah gənc bir adamdır,
Mazandarandan Tehrana əmisinin yanına getməkdədir. Əli Xan da Bakıda rus-erməni terrorunun nəticəsində
ailəsi ilə birlikdə Tehrana əmisinin yanına qaçır. İkisi də
nə hikmətsə eyni yolda eyni
insanları, eyni hadisələri, hətta eyni dəvələri və eyni karvanı
görməkdədirlər.
“Əllərimizlə gözlərimizi bağlayıb,
onların qabağında
səcdəyə dayandıq. Bərkdən
qışqırıb dedi
ki, “İmamın məzarında bizim üçün də dua edin”. Sarvan
cavab verib dedi :”Biz
özümüz bir duaya möhtacıq”. Karvan yoluna davam etdi.
O böyük səhranın
kabusu olan Əbu Yezid kimi sakitcəsinə uzaqlara hərəkət edirdi...” (“Əli
və Nino”, Qərb-Şərq,
Bakı, s.149).
Eyni sətirləri “Rza Şah” əsərinin 33- cü səhifəsində
oxuyuruq: “ Yolçular
əlləriylə gözlərini
bağlayıb diz çökdülər. “O müqəddəs
adamın (imamın) məzarının önündə
bizim üçün
də dua edin!” deyə bağırdılar. Sarvan
cavab verdi:
“Biz özümüz də
o duaya möhtacıq.
Karvan yoluna davam etdi.
O böyük səhranın
kabusu olan Əbu Yezid kimi sakitcəsinə hərəkət edirdi”.
(“Rza Şah”, Əsəd Bəy, s. 33).
Əli Xan Tehranın qapısından girərkən
bunları görür: “Uzaq Dəmavəndin qarlı təpəsindən Tehran qapısının
dörd qülləsi
görünürdü. Qapının üstü rəngarəng,
rənglər də mülayim və yumşaq idi. Qapının ərəb üslublu
tayında incə hərflərlə həkk
olunmuş müdrik kəlamlar elə bil iblisin qara
gözləri kimi mənə zillənmişdi.
Bədənini dəhşətli yaralar bürümüş
dilənçilər, dərvişlər,
müxtəlif rəngli
cır-cındır geymiş
səyyahlar böyük
darvazanın qabağında
tozun içində oturmuşdular. Onlar incə
barmaqlı arıq əllərini bizə uzadırdılar” (“Əli
və Nino”, s.150).
İndi baxaq Rza Şah Tehrana girərkən nələr görür: “Rza Şah Tehranın rəngli çinilərlə süslənmiş qapısının önündə durdu. Uzaq Dəmavəndin qarlı təpəsindən Tehranın qapısının dörd qülləsi görünürdü. Qapının ərəb üslubuyla yazılmış tayının qapısı ona iblisin gözləri kimi göründü. Bədənini dəhşətli yaralar bürümüş dilənçilər, dərvişlər, müxtəlif rəngli cır-cındır geymiş səyyahlar böyük darvazanın qabağında tozun içində oturmuşdular. Onlar incə barmaqlarını, arıq əllərini yaxındakılara uzatmışdılar”. (“Rza Şah”, s. 33)
Bu bənzərliklər sadəcə Əsəd Bəyin “Rza Şah” əsərində deyil, başqa əsərlərində də vardır. Məsələn, onun digər məşhur bioqrafik əsəri “Stalin”də də eyni sətirlərə rastlamaq mümkündür. “Stalin” əsərindən sadəcə bir örnək vermək istəyirəm.
Stalin tələbəlik illərində Tiflisin qəhvəxanalarında içib sərxoş olur. Bir gün girdiyi bir qəhvəxanada bunları görür: “Kor musiqiçilər İrandan gəlmiş və fars melodiyaları oxuyurdular”. (“Stalin”, Əsəd Bəy, Gustav Kiepenhauer Nəşriyyatı, Berlin, 1931, s. 22)
Eyni iranlı kor musiqiçilər Bakıda Əli Xanın məktəb bitirmə mərasimindədirlər:
“Pərdə açıldı, on yaşlı bir oğlan uşağı dörd nəfər qara saçlı İrandan gəlmiş kor kişinin əlindən tutub içəri gətirdi”. (“Əli və Nino”, s. 30)
Araşdırmalar irəlilədikcə qaranlıqda qalmış bir çox gerçəklər ortaya çıxacaqdır. Xüsusilə Əsəd Bəyin almanca, ingiliscə nəşr olunmuş əsərləri düzgün tərcümə edildikcə əsərləri arasındakı bənzərliklər və fikirlər də heç bir mübahisəyə yer qoymayacaq.
Orxan ARAS
525-ci qəzet.- 2015.- 25 aprel.- S.10