Nekroloq əvəzi

 

 

 

Son vaxtlar Vəsilənin xəstə olduğunu bilirdim. Söhbət əsnasında bir dəfə dedi ki, boğazımdan çörək keçmir. Ancaq az miqdarda duru xörəklər yeyə bilirəm. Mən həmişə ona təskinlik verməyə çalışırdım.

 

Deyirdim ki, bu, əsəbdəndir, tezliklə sağalacaqsan. Hətta ona şahidi olduğum bir əhvalatı da danışdım.

 

Dedim ki, qohumlarımızdan biri tələbə vaxtı bizdə qalanda, eynilə sənin kimi çörək yeyə bilmirdi. Həkimə apardım, o dedi ki, bu qız çox əsəbidir, keçib gedəcək. Mən ona 2 dənə ağrıkəsici dərman verib, inandırdım ki, bunları içsən, sağalacaqsan. Doğrudan da belə oldu. Dedim ki, sən möhkəm qadınsan, bu xəstəliyə qalib gələcəksən.

 

Dekabr ayında Vəsiləyə zəng edərək hörmətli müəllimimiz, professor Şirməmməd Hüseynovun onu 90 illik yubileyinə dəvət etdiyini bildirəndə, çox sevindi. Lakin xəstəliyinə görə, yubileyə gələ bilməyəcəyinə təəssüfləndi. Sonra da əlavə etdi ki, çox istəyirdim gəlib Şirməmməd müəllimlə, sizinlə görüşüm. Bəlkə bu, bizim son görüşümüz oldu. Onun bu sözləri məni yaman kövrəltdi...

 

Xəstə olduğunu biləndən sonra ona tez-tez zəng vururdum. Hər dəfə xeyli dərdləşirdik. Son günlər Vəsilənin zənglərimə cavab verməməyi məni çox narahat edirdi. Sən demə, o, ölümlə həyat arasında çarpışırmış. Aprelin 23-də isə səhər-səhər tələbə yoldaşımız Şəfəq Nasirdən eşitdiyim xəbər məni sarsıtdı. Vəsilə artıq dünyasını dəyişmişdi...

 

Deməli, artıq bir daha telefonda onun həlim səsini eşitməyəcəyəm. Yazıları barədə fikirlərimizi bölüşməyəcəyik...

 

İstedadlı peşəkar jurnalist Vəsilə Usubovanın imzası “525-ci qəzetƏdalətqəzetlərinin oxucularına çox doğmadır. O, vətənpərvər, xalqının gələcəyini düşünən, bədnam qonşularımızın vurduğu zərbələrin ağırlığını zərif çiyinlərində daşıyan, eyni zamanda qəlbinin süzgəcindən keçirib qələmə alan bir jurnalist idi. Onun yazılarının ahəngi bəzən sakit axan çayı, bəzən isə qarşısına çıxan maneələri özüylə aparan dağ selinə bənzəyir. Qarabağ mövzusu, Xocalı qətliamı, qaçqınların yurd həsrəti, əsrlər boyu xalqımızın milli istiqlal uğrunda apardığı mübarizə ümumiyyətlə, taleyüklü mövzulara daha çox müraciət edirdi Vəsilə Usubova. Həyatda da, yazılarında da kiməsə yarınmağı xoşlamazdı. Sözünü üzə deməyi bacarırdı.

 

Vəsilə qələmini bədii janrda da sınamışdı. 2008-ci ildə Mahmud Qaşğarinin 1000 illiyi münasibətilə Beynəlxalq hekayə müsabiqəsindəNərgizimzalıPolinezhekayəsinə görə xüsusi mükafata layiq görülmüşdü.

 

Hər dəfə Vəsilə ilə danışanda qayğısız tələbəlik illəri yada düşürdü. Universitetdə oxuduğumuz 5 il ərzində Vəsiləni sakit təbiətli bir qız kimi tanıdım. Bu sabirabadlı qızın səsini ancaq seminarlarda eşidərdik. Oxuyub-öyrəndiklərini səbrlə danışar, müəllimlərin suallarına təmkinlə cavab verərdi. Çalışqanlığı mütaliəsi ilə seçilən Vəsilə heç vaxt gözə girməyi sevməzdi. Mübahisələrdən uzaq qaçan, tənəffüs vaxtı yerindən durmayan, mühazirə dəftərlərini vərəqləyən Vəsilə çox ciddi, artıq söz-söhbəti xoşlamayan bir qız idi. Universiteti bitirib Sabirabada qayıdıb, orada işləməyə başladı.

 

Onun “525-ci qəzet”də çıxan Zakir Sadaxlının vəfatı ilə bağlı yazdığıHeyf sənə, Zakiradlı yazısının sonundakı cümlələr diqqətimi çəkdi: “Adil Qaçayoğlunun (Adil bizim tələbə yoldaşımız idi) nömrəsini hələ telefonumdan silməmişəm. Zakirin nömrəsini silməyəcəm. Bir adı, bir neçə rəqəmi ölənəcən yanında gəzdirməyə var ki! Dərd ürəyin dərdidi”.

 

Bəli, elə Vəsilə də ağır dərd yükünə tab gətirmədi. Ətrafında baş verən hadisələrə dərhal qələmi ilə cavab verən Vəsilənin həssas qəlbi taleyin bəxtinə yazdığı dərdlərə dözmədi. Onun ailə sarıdan bəxti gətirmədi. İki övladını - oğlu İlhamı və qızı Nərgizi tək böyütməli oldu. 18 yaşlı oğlu İlhamın faciəli ölümü isə ona çalın-çarpaz dağ çəkdi. Bu itkinin ağrı-acısına dözmək çətin olsa da, için-için göz yaşları tökən Vəsilə taleyilə barışmağa məhkum olundu. Bu dərd onu qəbir evinədək müşayiət etdi. Vəsilənin ölüm xəbəri də onu tanıyanların hamısını, eyni zamanda tələbə yoldaşlarını sarsıtdı. Hələ yazılası o qədər mövzuları var idi Vəsilənin.

 

Sıralarımız yavaş-yavaş seyrəlir. Adil Atakişiyev, Mail Dəmirli, Allahyar Atayev, Vahan Məmmədov, Xəlil Cabbarovbir də sən bizləri tərk etdiniz. Səndən bizə qalan acılı-şirinli xatirələr, bir də qəlbinin süzgəcindən keçirərək yazdığın yazıların oldu. Allah sənə rəhmət eləsin. Qəbrin nurla dolsun.

 

P.S. Vəsilə Usubovanın vəfatı hamımızı kədərləndirdi. Onun kimi peşəkar jurnalistin məqalələrinin kitab şəklində çap olunmamasına çox təəssüfləndik. Bu məsələdən xəbər tutan həmkarımız, uzun illər “Elm və həyat” jurnalının redaktoru işləyən, tanınmış jurnalist, tərcüməçi, hazırda Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər şöbəsində bizimlə birlikdə çalışan Ülkər Hüseynova V.Usubovanın bütün yazılarının toplanıb kitab halında çap olunması təşəbbüsünü irəli sürdü. Ülkər xanımın bu qərarı həmkarım Maral Poladovanı və məni də belə bir xeyirxah işin iştirakçısı olmağa cürətləndirdi. Ümid edirik ki, V.Usubovanın qələminin məhsulu olan yazıların bir kitabda toplanması onun ruhuna ehtiramın ifadəsi ola bilər.

 

 

 

 

Mehparə Axundova

AJB-nin üzvü

525-ci qəzet.- 2015.- 25 aprel.- S.32