Niyyətdən başlayan uğurlu yol

 

Faiq Şahbazlı - 60

 

Niyyətin hara

 

Xatirələr, yaddaşının dərin guşəsində qoruduğu o günlər nə qədər şirin olsa da, diqqətini toplamaq, fikrini tezliklə tamamlayıb nəşriyyata verməli olduğu əsər üzərində cəmləşdirmək istəsə də, alınmırdı. Yadına məşhur akademik, böyük alim, mərhum Azad Mirzəcanzadədən  nə vaxtsa oxuduğu fikirlər düşdü: Keçmiş sənindir, səninlədir. Bu  günə açılan keçmişi unutmaq, yaddaşdan tamamilə silib atmaq mümkün deyil.

 

Öz-özünə fikirləşdi ki, heç buna cəhd etməyin mənası da yoxdur.

 

Faiq Şaban oğlu Şahbazlı 1955-ilin 25 aprelində Dəvəçi (indi  Şabran adlanır) rayonunun  bütün fəsillərdə gözəl olan axar-baxarlı Orta Əmirxanlı  kəndində dünyaya göz açıb.

 

...Gərək ki 1967-ci il idi. Kəndlərindəki   səkkizillik məktəbdə oxuyurdu. Görkəmli yazıçı C.Cabbarlı ilə bağlı tədbirə hazırlaşırdılar. Ədəbiyyat müəllimi mərhum Qədir Qədirov şagirdləri həmişəki kimi  necə həvəsləndirmişdisə, hamı çalışırdı ki, ona tapşırılan işi sevimli müəlliminin ürəyincə yerinə yetirsin. İderliyi yenə Faiq edirdi. Ədəbiyyatla bağlı keçirilən tədbirlərdə, müsabiqələrdə Faiqin fəallığı çoxdan Qədir müəllimin diqqətini çəkmişdi. Zənnində yanılmadığına əmindi. Həm də istəyirdi ki, Faiqdə ədəbiyyatımıza, doğma dilimizə olan sevgi daha da artsın, inkişaf etsin.

 

Faiq gülümsündü. Orta Əmirxanlı kənd səkkizillik məktəbini bitirəndən sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə, T.Abbasov adına orta məktəbə gətirdi onu valideynləri. Qəribə idi ki,  çox keçməmiş bu məktəbdə də Faiqi ədəbiyyata, dilə xüsusi marağı olan bir şagird kimi tanıdılar.  Sima müəllimə Sima Həsənbəyova sanki Faiqə uzun illərdi ki, dərs deyirdi. Faiq səbəbi çox sonralar, özü    Azərbaycan dili və ədəbiyyat müəllimi olanda öyrəndi. Demə, Qədir müəllim rayon mərkəzinə gələndə   Sima xanımla görüşüb söhbət edib, Faiqin ədəbiyyata, dilə olan marağından danışıb.

 

Bir qeyd: Yaxşı müəllim yetirməsində gördüyü istedadla bağlı nəinki özü iş aparır, bu barədə həmkarları ilə də söhbət edir, istedadın parlaması üçün heç nəyi əsirgəmir.

 

Faiqin qəlbində özünə yer tutmuş niyyət getdikcə möhkəmlənirdi: Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq! Bu niyyət də onu gətirdi Azərbaycanın sayılıb-seçilən ali təhsil müəssisələrindən birinə - Lenin adına Azəbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun)  filologiya fakültəsinə. Amma qəbul imtahanlarından aldığı qiymətlər ona tələbə olmağa imkan vermədi. Hələ uşaqlıqdan ruhdan düşmək,  ilk uğursuzluqdan  geri çəkilmək Faiqin xasiyyətinə yad idi. Fəhlə kimi işə başladı. İmtahanlara hazırlaşmağı da yaddan çıxarmadı. Hələ kiçik yaşlarından ailədə zəhmətə, əməyə alışması köməyinə çatdı. İşdən sonra kitab əlindən düşmədi. Biliyini artırmaq məqsədi ilə hazırlıq kurslarında təhsil aldı. Və nəhayət, bir gün arzu etdiyi ali məktəbin tələbə biletini əlinə alanda fikirləşdi ki, doğrudan da, niyyətin hara, mənzilin də ora.

 

Tələbəlik illəri

 

İndi özü də sayalıb seçilən, yüzlərlə gəncin qəlbində ədəbiyyatımıza, dilimizə  məhəbbət artıran müəllim olan Faiq Şahbazlı tələbəlik illərindən söhbət salanda kövrəlir,həm də bir qürur hissi keçirir. Faiq institutda vaxtilə xəyalında yaşatdığı arzularına çatdı. Adlarını kitablardan oxuduğu, Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin, dilçiliyinin inkişafında müstəsna xidmətləri olan alimlərdən dərs aldı. Akademiklərdən Əbdüləzzəl Dəmirçizadənin, Feyzulla Qasımzadənin, Afat Qurbanovun, professorlar Azər Hüseynovun, Nizami Xudiyevin mühazirələri, dosent Əhəd Əhmədovun özünəməxsus seminarları, ədəbiyyatımızın bəşər mədəniyyətində oynadığı rol, tutduğu yerlə bağlı məntiqi mülahizələri Faiqi  seçdiyi peşəyə daha dərindən bağladı. İştirak etdiyi tədbirlər, tələbə elmi cəmiyyətindəki çıxışları onu daha  səylə çalışmağa ruhlandırdı. Ali məktəb ona təkcə yaxşı müəllimlər yox, gözəl dostlar  qismət etdi. Ömür-gün yoldaşını - nəcib Amaliya xanımı da burada tapdı. İnstitutu fərqlənmə diplomu ilə başa vurdu. O dövrlərdə belə bir yazılmamış qayda vardı: Ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş ən istedadlı tələbələri institutun kafedralarından birində saxlayır, inkişafına  şərait yaradırdılar. Faiqə də bu imkan təklif edildi. Amma o, orta məktəbdə dərs deməyi, müəyyən təcrübə toplamağı üstün tutdu.

 

Üzü məktəbə

 

Təyinatını Quba rayonunun ən ucqar kəndlərindən birinə-Xaltana aldı. Bu dəfə məktəb qapılarını şagird kimi yox, müəllim kimi açmağa başladı. Yaradıcı fəaliyyətə, müstəqil düşüncə tərzinə, başlıcası isə şagirdlərlə, valideynlərlə, müəllim həmkarları ilə səmimi münasibətinə görə tezliklə işlədiyi məktəb kollektivinin, kənd camaatının hörmətini qazandı. Faiqin "Dərsim hamının üzünə açıqdır" prinsipi məktəbə yeni ab-hava gətirdi, qaynar bir mühit yaratdı. Sağ olsunlar qədir bilən insanlar. Faiqin zəhməti qiymətləndirildi, İşlədiyi məktəbə direktor təyin edildi. Bu, sevimli müəllimlərindən öyrəndiklərini tətbiq etməyə daha geniş imkanlar açdı. Xaltan məktəbinin adı qabaqcıl təhsil müəssisələri sırasında çəkilməyə başladı.

 

Yenidən doğma instituta

 

Müəyyən təcrübə topladıqca hiss edirdi ki, daha çox oxumağa, öyrənməyə ehtiyac var. Hisslərini ifadə etməkdən, arzularını bölüşməkdən çəkinmirdi. Təhsil aldığı universitetin aspiranturasına qəbul olanda sevincinin həddi-hüdudu yoxdu. Amma  isnişdiyi məktəbdən, dərs dediyi şagirdlərindən, rəhbərlik etdiyi kollektivdən ayrıldığı anları yada salanda bir daha dərk edir ki, harada, Azərbaycanın hansı guşəsində olursan ol, fərqi yoxdur, çəkilən zəhmət bəhrəsini verəcək.

 

1982-1985-ci illərdə N.Tusi adına ADPU-da aspiranturada təhsil aldı. Sevimli müəllimi Afat Qurbanovun rəhbərliyi ilə Azərbaycan dilçiliyinin inkişafında müstəsna xidmətləri olmuş  akademik Ə.  Dəmirçizadənin həyat və fəaliyyəti ilə bağlı tədqiqat apardı. O günləri yada salan Faiq müəllim deyir ki, mövzu seçimində adətən, elmi rəhbərin rəyi daha çox nəzərə alınır. Amma bu dəfə Afat müəllim ona tam sərbəstlik verdi.

 

Aspiranturanı bitirib uğurla müdafiə edəndən sonra Azərbaycan dilçiliyi kafedrasında fəaliyyətə başladı. Laborantlıqdan dosent vəzifəsinə qədər bir yol keçdi. Yenə xarakterinə sadiq qaldı, məsuliyyəti, həmkarlarına münasibəti, tələbələrinə sevgisi ilə iş yoldaşlarının diqqətini çəkdi.

 

Təhsil Nazirliyində  və...

 

Fəaliyyəti, elmi yaradıcılığındakı uğurları nəzərə alınaraq F.Şahbazlı 1997-ci ildə Azərbaycan  Respublikası Təhsil Nazirliyinə dəvət olundu, elm idarəsində rəis müavini vəzifəsinə təyin edildi. İşin ağırlığına baxmayaraq həm də müəllimlik fəaliyyətini davam etdirdi. Faiq müəllim hazırda nazirliyin Tədris Resursları şöbəsinin müdiridir.

 

Ömrünün müdriklik çağını yaşayan 60 yaşlı dostumuz Faiq Şahbazlı bacarıqlı təşkilatçıdır. Rəhbər işçi kimi qarşısına qoyulmuş vəzifəni uğurla yerinə yetirir. Amma heç vaxt elmi fəaliyyətdən ayrılmayıb. Ölkəmizdə təhsilin dolğun mənzərəsini yaradan iki cildlik "Azərbaycanda təhsil siyasəti"  toplumunun tərtibatçısı və redaktorudur.  50-dən artıq məqalə, 1 dərs vəsaiti çap etdirib. 5, 5-7, 8-9-cu siniflərin Azərbaycan dili dərsliklərinin müəlliflərindən biri, çoxlu sayda əsərin elmi redaktorudur. Elmi və elmi-pedaqoji kadrların yetişdirilməsi sahəsində uğurla fəaliyyət göstərir.  Rəsmi opponenti olduğu 6 dissertasiya əsərinin müəllifləri Azərbaycan dili üzrə fəlsəfə doktoru elmi adı almağa layiq görülmüşdür. F. Şahbazlının dünyanın qabaqcıl ölkələrinin  təhsil  təcrübəsinin öyrənilməsində xidmətləri də az deyil. Qardaş Türkiyədə, Gürcüstanda, Braziliyada, Kanadada, Litvada, Hollandiyada tədris səfərlərində olmuşdur. Bu gedişlər sadəcə səfər olaraq qalmamış,  təkliflərlə nəticələnmiş, mətbuatda həmin ölkələrin təhsilindəki müsbət cəhətlərlərlə bağlı ümumiləşdirici yazılar dərc olunmuşdur. Qabaqcıl təhsil işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimidir, təhsil nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.

 

Faiq Şahbazlı üç övlad atasıdır. Qızı Könül atasının yolunu davam etdirir. Elmi işçidir. Bu yaxınlarda pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla müdafiə edib. Tanınmış mütəxəssislər Könülün tədqiqatının elmi və praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Zamanın özü kimi yaş məfhumu da nisbidir, şüurun məhsuludur. Mən də çalışdım ki, Faiqin 60 yaşını zaman müstəvisindən yox, bir insanın gördüyü işlər, keçdiyi yol baxımından nəzərdən keçirim. İnanıram  ki, bu yol hələ çox davam edəcək və alim, müəllim dostumuz  Faiq Şahbazlıya yeni-yeni  uğurlar gətirəcək.

 

Oqtay  ABBAS

23 aprel, 2015-ci il

525-ci qəzet.- 2015.- 28 aprel.- S.8