Bir vida yazısı

 

RAMİZ MİRİŞLİNİN ƏZİZ XATİRƏSİNƏ

 

 

 

Poeziyamızın nəhəng nümayəndəsi Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə 1982-ci ildə Naxçıvan Poeziya Teatrı yaradılmışdı.

 

Bu Teatrın ilk tamaşası olan "Mənim tanrım gözəllikdir, sevgidir!" əsərində ölməz Cavidin obrazını yaradırdım bu tamaşanın musiqisini Ramiz Mirişli bəstələmişdi. Ramiz müəllimlə tanışlığımız da elə bu tamaşadan başlamışdı. Elə həmin il müəllifin "Ana" əsərinin səhnə təfsirini bu teatrda vermək mənə həvalə olundu. Yeni tamaşa üçün xüsusi musiqi sifarişi barədə düşünəndə ilk ağlıma gələn elə Ramiz Mirişli oldu. Onda Ramiz müəllim Bakıda yaşasa da, Naxçıvan Bəstəkarlar İttifaqının sədri idi, elə bu üzdən demək olar ki, ayın çox gününü doğma şəhərində keçirir, Muxtar Respublikanın ictimai-mədəni həyatında fəal iştirak edirdi. Naxçıvan teatrında onlarla tamaşaya musiqi yazmışdı.

 

Ancaq Ramiz müəllimlə ürəkdolusu söhbət etmək arzum o qədər asan başa gəlmədi. Çünki onun vaxtı demək olar ki, çox məhdud idi. Ətrafında həmişə xeyli adam olardı. Həmyerliləri həmsöhbətləri Ramiz müəllimin duzlu-məzəli deyimlərinin, hamı ilə məhrəm zarafatlarının, səmimi atmacalarının, Bakı ilə bağlı gənclik macəralarının vurğunu olduğundan "Ağa" tək buraxmaq istəmirdilər. (Ramiz Mirişli ağır seyid ocağının nümayəndəsi idi, o illərdə sovetin dəmir qadağalarına məhəl qoymayıb onun dədə-baba evinə ziyarətə, diləyə gələnlərə mane olmağa gücü çatmasa da, insanların sevgisini, inamını ümidini öz səmimiyyəti ilə cavablandırmağa çalışırdı.)

 

Nəhayət ki, vədəsini aldım o teatra gəldi. 1983-cü ildə biz gözəl, müştərək bir işi müvəffəqiyyətlə tamamladıq. Ramiz Mirişlinin məxsusi bu tamaşa üçün yazdığı mahnılar sonralar dillər əzbəri oldu. H. Cavid adına Poeziya Teatrı isə məhz bu tamaşaya görə Respublika Komsomolu mükafatına layiq görüldü. (Onda bu mükafat hər bir gənc yaradıcının arzuladığı bir ödül idi). Tamaşa bu gün AzTV-nin Qızıl Fondunda saxlanılır hər ilin oktyabr ayında, Cavidlər soyadını daşıyan unudulmaz dəyərli insanların xatirə günlərində efirə verilir. Hər dəfə Ramiz müəllim zəng eləyib: "Əliqismət, baxdın tamaşaya, amma gözəl işləmişik ha!" - deyirdi. Sonra da gülə-gülə: "Vallah, məndən bir olmayacaq! Evdəkilərə denən, bir Ərzuman küftəsi bişirsinlər, Zərifə xanımla gələk, qeyd edək!"

 

Deyərdi, amma gəlməzdi... Özünə haqq qazandırmağa bəhanəsi hazır olardı həmişə: "Vaxtım gəzir... bir Bakıda o dadda küftə bişirən çətin tapıla, olsa da, bizim yerlərdə bişirilənin dadını-tamını  verməyəcək. Ay Əli, Naxçıvan məzrəsini (çox nadir göyərti adı - Ə.L.) Bakıda hardan tapacaqsan?"

 

Yenə oktyabr ayı gələcək, yenə "Ana" tamaşası göstəriləcək, ancaq o tarixi mənə xatırladan bir Ərzuman küftəsinin damağında qalan dadının həsrətini çəkən insan dana mənə zəng eləyib qürurla deməyəcək :"Baxdın? Gör necə musiqi yazmışam?!"

 

Beləcə, düz bir qərinə (33 il) əvvəl başlanan tanışlığımız dostluğumuz davam etdi. Onunla aramızdakı yaş fərqini heç eynimizə belə almadan bu ərkyana güvənli münasibətimiz Hüseyn Cavid Poeziya Teatrının - Hüseyn Cavid ocağının xeyir-duası ilə başlandığından hər ikimiz onun müqəddəsliyini qorumağa çalışdıq. Bu illər ərzində biz dəfələrlə həm Naxçıvanda, həm Bakıda görüşdük, yol yoldaşı olduq, Naxçıvanda Bakıda keçirilən dövlət tədbirlənin təşkilində iştirak etdik, yeni tamaşalar hazırlamaq barədə xəyallar qurduq. Həmişə deyirdi ki, sənin maraqlı rejissor yozumun var, tamaşa qoy, səhnədən ayrılma! hərdən bir təəssüflə deyirdi: "Sənin məmurluğun bizim əlimizdən istedadlı bir rejissoru aldı".

 

Məşhur bir sənətkarın qarşısındakı gəncin istedadını, bacarığını qabiliyyətini belə yüksək qiymətləndirməsi, ona dəyər verməsi hər addımda rastlanan fakt olmadığından Ramiz müəllimin bu qayğısı məni həmişə duyğulandırırdı həmişə deyirdim ki, əgər təzə bir səhnə əsəri yazsanız, rejissoru özüm olacam.

 

O da qətiyyətlə deyirdi ki: "Yazacam, özü əlyazmasının üstündə qeyd edəcəm ki, bu tamaşanın quruluşçu rejissoru mütləq Lalayev olmalıdır".

 

İllər keçdi, mən yenə teatra qayıtdım, bizdə onun "Qısqanc ürəklər " musiqili komediyası oynanılırdı, "Amerikalı kürəkən" əsərinin məşqlərinə isə mən gələndən sonra başlanıldı. Tez-tez məşq prosesinə baxmağa gəlirdi, aktyorlarla, rejissorla, musiqiçilərlə söhbət edirdi, məsləhət tövsiyələrini verirdi.

 

Ümumiyyətlə, o teatrla, kino ilə məhsuldar əməkdaşlıq edən bəstəkar idi. Onun bütün mahnılarını ekranda efirdə, el məclislərində tamaşaçılar, dinləyicilər dönə-dönə dinləmək istəyirdi. Hər kəs bilirdi ki, Ramiz müəllimin ürəyinin səsi, könlünün pıçıltısı var bu nəğmələrdə.

 

Onu yaxından tanıyanlar bilirlər ki, Ramiz Mirişli bütün yaradıcılığı boyu öz xalqına sədaqəti ilə fərqlənirdi. Böyük bəstəkar sayı-hesabı dəqiq bilinməyən lirik mahnılarında da, iri həcmli simfonik əsərlərində öz xalqının ən səmimi ən pünhan duyğularının tərcümanı kimi yaddaşlarda qaldı.

 

Heç unutmadığım çoxsaylı xatirələrdən biri: Qarabağ müharibəsinin qızğın vaxtlarında ikimiz Azərbaycan Dövlət Filarmoniyasında işləyirdik, mən direktor müavini idim, o Dövlət Mahnı Rəqs Ansamblının bədii rəhbəri. Günlərin bir günü Ağdamın Çəmənli kəndini qoruyan özünümüdafiə dəstələrinə mənəvi dəstək olmaq üçün cəbhə bölgəsinə getdik. Hərbi hissədə əsgərlərlə görüşdük, onları ruhlandırmaq məqsədi ilə konsert verməyə gəldiyimizi bütün kənd bilirdi. Ona görə hərbi hissənin özündə belə çox qələbəlik idi. Artistlərimiz çıxışlarını bitirər-bitirməz atışma səsləri eşitdik, kəndə xəbər yayıldı ki, ermənilər atəşkəsi yenə pozublar. Ramiz müəllim, ayağa qalxıb üzünü komandirə tutdu:

 

- Mən sizinlə düz sərhəddə qədər gedəcəm.

 

Bizi əhatə eləyənlərin hamısı cavan, dəliqanlı gənclər idi. Yerbəyerdən hamı etiraz etdi. Amma Ramiz müəllim sakitləşmirdi. Mən o an hiss elədim ki, əgər biz Ramiz Mirişlini güclə olsa, maşına əyləşdirməsək, o mütləq özünü o odun, o atəşin qabağına atacaq. Həmin gün biz Bakıya qayıtdıq yol boyu Ramiz Mirişli əsəbini, qəzəbini saxlaya bilməyib danışdı... Sonra onun bir-birinin dalınca yeni əsərləri yarandı: "Mənim xalqım", "Əsgər haqqında ballada", "Əsgər andı", "Adın şöhrət, şan yerimiz" nəhayət "Məşəl kimi yanan ürək".

 

Mənim tələbəlik illərimdə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan "Ana laylası" ən çox sevdiyimiz səhnə əsərləri sırasında idi. İndi Əməkdar artist olan Almaz Mustafayevanın ifasında səslənən mahnılar o qədər şirin, o qədər bənzərsiz idi ki, məhz bu mahnılara, musiqiyə görə "Ana laylası"na dəfələrlə baxmışdıq. Sonralar bu mahnılar Elmira Rəhimovanın ifasında da efirdə tez-tez səslənirdi. Tamaşanın musiqisi o qədər cəlbedici idi ki, mənim yaddaşımdan heç silinmirdi.

 

Heç uzaq deyil, aprelin 3-ü ya 4-də Ramiz müəllimi teatra dəvət etdimona bildirdim ki, əgər "Ana laylası"nın orkestr variantını işləsə, uşaqlar üçün çox gözəl bir hədiyyə olar. Çox sevindi, duyğulandı. Birlikdə televiziyaya zəng vurduq, Azərbaycan Televiziyasından bu tamaşanın lent yazısını istədik, Gənc Tamaşaçılar Teatrından əsəri və onun musiqisi yazılmış diski xahiş etdik. Hər şey o qədər təcili həll olundu ki, Ramiz müəllim çox böyük sevinc və razılıqla teatrı tərk etdi, 1-2 günə zəng edəcəyini dedi. Dedi ... və getdi.   

 

Bu gün də hər dəfə telefon çalanda Ramiz Mirişlinin mənə zəng edəcəyi barədə verdiyi söz yadıma düşür. Axı o, mənə zəng etməliydi. Axı biz vədələşmişdik. Vaxt tapan kimi zəng edəcəyini vəd edib getmişdi. Mənim əziz dostumsa illər boyu vədəsinə, sözünə sadiq qalmışdı. İndisə... hələ də qulağım səsdədir. Elə bilirəm ki, hər an özünəməxsus səs-küylə, şuxluqzarafatla içəri daxil olacaq, çox sevdiyim yüzlərlə nahnısından birini, bəlkə də əhvalına, ovqatına o an tuş gələn nəğməsini zümzümə edəcək: "Həyat, söylə sən kiminsən?"-deyib pəncərəmdən görünən Xəzərə sarı boylanıb təkrar soruşacaq:

 

- HƏYAT, SÖYLƏ SƏN KİMİNSƏN?

 

Sonra da inamla deyəcək:

 

- MƏN HƏYATI ÖYRƏNƏNİN!

 

Həyatsa elə bir möcüzə, elə bir aləmdir ki, 100 il yaşasan da onun mənasını sonadək  dərk edə bilmirsən...

 

Heyif səndən, maestro! Doğrudan da səndən birolmayacaq! Görünən yerini kimsə doldurmayacaq!

 

 

 

Əliqismət Lalayev

525-ci qəzet.- 2015.- 28 aprel.- S.7.