"Azərbaycan
xalçaları"nın daha bir sayı
"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin
təsis etdiyi "Azərbaycan xalçaları"
elmi-publisistik jurnalının
yeni - 14-cü sayı
işıq üzü
görüb.
Həm sənətşünaslıq, həm də tarixşünaslıq sahələri üzrə ixtisaslaşmış jurnalın bu nömrəsində də Novruz bayramına həsr olunmuş ümumxalq şənliyindən reportaj, maraqlı ekspedisiya materialları, məqalələr, fotoşəkillər öz əksini tapıb.
Tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin və tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun həmmüəllif olduqları "Azərbaycan "Zeyvə"ləri: yurdlar və xalçalar" silsiləsindən ilk məqalə Şabran rayonunun Zeyvə kəndində aparılan ekspedisiya materiallarını əhatə edir.
Məqalədə bu qədim yaşayış məskəninin tarixindən, abidələrindən, əhalisinin etnik tərkibindən, adət-ənənələrindən, ərazidəki Kilvar məbədindən, o cümlədən, burada inkişaf etmiş sənətkarlıq sahələrindən biri olan xalçaçılıqdan və xalçaçılardan bəhs edilir. Tarix üzrə fəlsəfə doktoru Sevil Piriyevanın (Karamanlı) "Ahıska türklərinin mədəni həyatı" adlı məqaləsi bu qədim türk xalqının mədəniyyət tarixinin, məskunlaşma prosesinin, etnoqrafiyasının, görkəmli ziyalılarının həyat və yaradıcılığının öyrənilməsi baxımından qiymətli mənbədir.
Jurnalın ənənəvi "Tərcümələr" rubrikasında təqdim olunmuş "Kolleksiyaçıların xalça indeksi" yalnız xalça mütəxəssisləri, alimlər, kolleksiyaçılar üçün deyil, eyni zamanda hər bir xalça həvəskarı üçün də qiymətli informasiya bazası ola bilər. Oxucular məqalədə xalçanın rəng, yaş, naxış, törəmə, ölçü, forma və s. kimi beynəlxalq kateqoriyalar üzrə müəyyənləşdirilmiş qiymətləndirmə prinsipləri, Azərbaycan xalçalarının bu indeks üzrə dəyərləndirilməsi haqqında məlumat ala biləcəklər.
Nəşrin bu nömrəsində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndinin xalçaçılıq ənənələri, Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzində fəaliyyət göstərən xalçaçılıq kursları, Kanada Tekstil Muzeyində qorunan qədim Azərbaycan xalçaları və xalça məmulatları, XIV əsr Təbriz miniatür sənətində dini mövzular haqqında və s. materiallar, müəllif məqalələri yer alıb.
Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 28 aprel.- S.7.