Kamal Abdulla İtaliya televiziyasının qonağı olub

 

 

Yazıçı Kamal Abdulla bugünlərdə İtaliyanın "Rai 3" kanalında Dünya Kitab Müəllif Hüquqları Günü ilə bağlı Milanda hazırlanmış televiziya proqramında iştirak edib.

 

İtaliya Naşirlər Assosiasiyasının "İo legge perche" (Mən oxuyuram, çünki...) layihəsi çərçivəsində yayımlanmış proqrama xüsusilə ədəbi keyfiyyətinə oxucular tərəfindən yüksək qiymətləndirilməsinə, böyük tirajla satışına görə seçilən kitabların müəllifləri dəvət olunub.

 

Yazıçı Kamal Abdullanın italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan "Yarımçıq əlyazma" romanı da bu nəşrlər arasındadır.

 

Romanda klassik ədəbiyyatla qədim tarixə aid mifologiyanın vəhdətdə təqdim olunması italiyalı kitabsevərlərin diqqətini cəlb edib.

 

Məhz buna görə "Yarımçıq əlyazma" romanı bu yaxınlarda İtaliyada 10 min tirajla ikinci dəfə nəşr edilib.

 

İtaliya Nəşriyyatlar Assosiasiyasının həmin ölkənin Mədəniyyət Nazirliyinin layihəsinə görə, bu tiraj satış üçün nəzərdə tutulmayıb, ancaq kitabxanalara, məktəblərə, universitetlərə digər sosial qurumlara paylanacaq. İtaliyanın "RAİ-3" televiziya kanalı bu hadisəylə bağlı həm meydanlardan, həm studiyadan 3 saatlıq, əhatəli, canlı veriliş hazırlayıb.

 

Televerilişdə Azərbaycan ədəbiyyatını uğurla təmsil edən K.Abdulla kitab oxumağın faydaları ilə bağlı fikirlərini tamaşaçılarla bölüşüb, yazıçının cavabının italyancaya tərcüməsi subtitrlə verilib:

 

"Mən oxumağı sevirəm, çünki bilirəm ki, bu zaman xalqlar bir-birini daha gözəl tanıyır, bir-birinin xasiyyətinə, təbiətinə daha yaxşı bələd olur. Tolerantlıq üstünlük qazanır və insanların qəlbinə mərhəmət, şəfqət hissləri dolur. Mən oxumağı sevirəm, çünki mən kitabın səhifələrini açdıqca ölkələrin qapalı sərhədləri də mənim gözümdə açılır və söz hakimi-mütləq olur, söz qılınca qalib gəlir. Söz qalib gələndə isə qılıncların susan vaxtıdır, söz susanda, təəssüf ki, qılınclar danışır.

 

Mən oxumağı sevirəm, çünki vərəqlər sona çatdıqda və son səhifəni çevirdikdə kitab bitir, mətn sanki yox olur. Ancaq mən öz xəyallarımda, öz fantaziyalarımda o mətni yaşatmağa davam edirəm. Bu mətnin mətndən sonrakı müəllifi oluram.

 

Mən oxumağı sevirəm, çünki mən sevirəm...".

 

Qeyd edək ki, "İo legge perche" (Mən oxuyuram, çünki...) layihəsi İtaliyada müxtəlif kitabların təbliği və kitabsevərlərin bir araya gəlməsi üçün irəli sürülən ən önəmli təşəbbüslərdəndir. Layihə çərçivəsində yüz minlərlə kitabın və minlərlə oxucunun bir arada toplaşdığı, müxtəlif təhsil ocaqlarının və kitabxanaların nümayəndələrinin qatıldığı tədbirlər təşkil olunur.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 28 aprel.- S.7.