24 aprel - qondarma soyqırımın iflas
günü
"ERMƏNİLƏR GƏLƏCƏKLƏRİNİN OLMADIĞINI BİLİR VƏ ANCAQ KEÇMİŞLƏ YAŞAYIRLAR"
Aprelin 24-ü dünya iki qütbə bölündü.
Türkiyə və Azərbaycanın dostları
Çanaqqalada zəfər bayramını qeyd edərkən,
siyasətdə ermənipərəst mövqe nümayiş
etdirən qüvvələr İrəvanda uydurma matəm
şousuna qatılaraq rüsvayçı Ermənistanla həmrəy
olduqlarını nümayiş etdirdi.
Qondarma
matəm şousu hazırlayaraq öz acizliyini, rəzilliyini
dünyaya təqdim edən işğalçı dövlət,
həmin gün dəvət göndərdiyi qonaqları
Çanaqqala zəfərinin 100 illik tədbirlərində
görəndə türk dünyası qarşısında nə
qədər gücsüz və zəif olduğunu bir daha hiss
etmək məcburiyyətində qaldı. Əgər saxta
"soyqırım" tədbirinə qatılmaq
üçün İrəvana 4 ölkə - Rusiya, Fransa,
Serbiya və Yunan Kiprinin prezidentləri səfər etdisə,
həmin gün Türkiyədə zəfər bayramına 21
ölkənin rəhbərləri və 50-dən çox
yüksək çinli dövlət və hökumət
nümayəndələri təşrif buyurdu. Fransa
prezidenti Fransua Ollandın Ermənistana səfəri isə
region turnesinin tərkib hissəsi kimi yadda qaldı. Çünki Olland İrəvan
görüşünü yekunlaşdıraraq Prezident
İlham Əliyevlə görüşmək
üçün Azərbaycana gəldi.
Çanaqqala zəfərində iştirak etmək
üçün Türkiyəyə gələn heç bir
dövlət başçısı isə yolunu Ermənistandan
salmadı. Çünki dünya ictimaiyyəti yaxşı
bilir ki, Roma Papası Fransiskin 20-ci əsrin ilk
"soyqırım"ı adlandırdığı hadisə
tarixin ən böyük yalanıdır.
Çanaqqalada
təşkil olunan Sülh Zirvəsi konfransında
çıxış edən Türkiyə prezidenti Rəcəb
Təyyib Ərdoğan həmin gün düşmən cəbhədə
həyata keçirilən saxta soyqırım kampaniyasına əhəmiyyət
vermədən Birinci Dünya Savaşında türklərlə
müharibə aparan avropalıları da yad etməklə əslində
dünyanı bir daha sülhə, dostluğa
çağırdı.
Lakin təəssüf doğuran məqam Azərbaycanla
Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həllinə vasitəçilik
edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən
ikisinin İrəvanda saxta matəm şousuna
qatılmasıdır. Bununla həm Rusiya, həm də Fransa məsələlərə
tərəfli yanaşdığını və ermənipərəst
mövqedə olduğunu nümayiş etdirdi. Bu isə sözügedən qurumun formatının dəyişdirilməyəcəyi
təqdirdə sülh danışıqlarının heç
bir nəticə verməyəcəyini deməyə əsas
verir.
Millət
vəkili Zahid Oruc bildirib ki, düz 100 il öncə ingilis və
fransız ordularının dağıdıldığı
Çanaqqalada aprelin 24-ü Britaniya hərbi orkestri xatirə
ritualları keçirib, dini liturgiya və ayinlər icra edib.
Onun sözlərinə görə, dünya informasiya məkanının
nəhəngləri - BBC, SNN və Euronews "Çanaqqala zəfəri"ni birbaşa yayımlayıb:
"Əski və qalib türk əsgərinin memorial
abidənin əhatəsində görənlər iki əsr
arasında dəyişən və qüdrətlənən
türk ordusunun kiçik bir parçasını
gördülər.Onlar Çanaqqaladan keçib Cümhuriyyətin
quruculuğunda iştirak etmiş, imperializmə qalib gələrək
müstəqil dövlət qurmuşdular. İndi bir əsr
əvvəl Türkiyəni məğlub tərk edənlər
şanlı bir ordunun qələbəsinin başına
toplaşıblar. Bax dünyaya bu sifətlə
çıxmaq gərəkdir. Fatehlik və
uğurun tərəfdarları hər zaman çox olur.İrəvanın
üzərini örtən hadisə bax budur".
Məğlubiyyət,
qırılma, matəm, mərsiyyə, şikayət və
yardım istəklərini bir kənara buraxıb dünyaya
yeni sifətdə çıxmağı düşünmək
lazım olduğunu deyən millət vəkili hesab edir ki,
milli kodunu və əfsanəvi tarixini unudub da şikayətçi
bir üslubda dünyanı ədalətsizlikdə
qınamağı tarixə buraxmaq vaxtıdır:
"Ərdoğan bir zamanlar Yaponiya dövlətinin
etdiklərini gerçəkləşdirməyə qadir oldu. Gündoğar
ölkənin vətəndaşları xarakiri
keçmişini bir kənara ataraq təhsilə, elmə,
texnologiyaya və ədalətli cəmiyyətə qovuşa
bildilər. Soyqırımlardan deyil,
Çanaqqaladan itirilmiş torpaqlara getməyi bacaranları
meydanda görmək istərdim".
Millət
vəkili Sahib Alıyev qeyd edib ki, aprelin 24-də Ermənistan
şam, aprelin 26-sı isə Azərbaycan məşəl
yandırdı:
"Ermənilər bunu saxta soyqırımlarıyla
bağlı edirdilər. Biz real oyunlara hazırlaşırıq.
Onlar gələcəklərinin
olmadığını bilir və ancaq keçmişlə
yaşayırlar. O keçmişlə ki, onda da
başucalığı gətirəcək nəsə etməyiblər.
Biz gələcəyə baxırıq, zəfərlərlə
dolu gələcəyə. O gələcəyə ki, bu məşəl
Qarabağın indi erməni tapdağı altında olan hissəsində
də gəzdiriləcək. Ən böyük
zəfərimiz bütün torpaqlarımız geri
qaytarılanda olacaq".
Politoloq Qabil Hüseynli qeyd edib ki, aprelin 24-ü
Çanaqqalada baş tutan zəfər tədbirləri
möhtəşəmliyi və xarici nümayəndə heyətinin
çoxluğu ilə yadda qaldı. Həmin gün
dünyaya sülh, dostluq çağırışları səsləndi.
Bundan əlavə sivilizasiyalararası dialoqun
daha da möhkəmləndirilməsi məsələsi
müzakirə olundu. Bu bayram tədbirləri
dünyanın ictimai rəyində daha çox rezonans
doğurdu. İrəvanda isə saxta
göz yaşları, kin, nifrət "soyqırım"
kampaniyasının əsas elementləri oldu.
Ona görə də inanmıram ki, Ermənistanda baş
tutan tədbir dünya xalqları üçün ciddi bir
mövzuya çevrilə bildi. Bütün bunlara baxmayaraq təhlükəli
cəhət odur ki, İrəvanda saxta matəm şousunda
ATƏT-in Minsk qrupunun iki həmsədr dövlətinin
prezidentləri çıxış edərək "erməni
soyqırımı" ifadəsini işlətdi və ermənilərin
dərdlərinə şərik olduqlarını bildirdi. Bütün bunlar beynəlxalq münasibətlərdə
gərginlik yaradan amillərdəndir.
Hesab edirəm ki, dünyaya saxta soyqırımın
yubileyləri deyil, sülhə və dostluğa
çağırış mesajları daha vacibdir. Bu baxımdan
Çanaqqala zəfərinin 100 illiyinin əhəmiyyətini
vurğulamaq lazımdır. İrəvanda Rusiya və
Fransa prezidentlərinin özlərini rüsvay etdiklərini
deyən politoloq əlavə edib ki, bununla Minsk qrupunun
formatının dəyişdirilməsi ilə bağlı
fikirlər daha da aktuallaşdı:
"Dağlıq
Qarabağ münaqişəsində tənzimləyici
funksiyanı öz üzərində daşıyan ATƏT-in
Minsk qrupunun formatının dəyişilməsi, müsəlman
dövləti kimi Türkiyənin, eyni zamanda 3 milyona yaxın
türkün yaşadığı Almaniyanın quruma daxil
edilməsi vacibdir. Çünki 1 milyondan
artıq vətəndaşımızı öz
yurd-yuvalarından didərgin salan Ermənistanın saxta
soyqırım iddialarını dəstəkləmək əvəzinə
həmsədr dövlətlər tarixi yalanın
qarşısını almaq üçün ciddi tədbirlər
görməli idi. Bu vəziyyətdə isə
Minsk qrupunun münaqişəyə təsiri real
görünmür".
Konstitusiya
Araşdırmaları Fondunun sədri, politoloq Əliməmməd
Nuriyev qeyd edib ki, İrəvanda saxta soyqırım tədbirində
4 ölkə rəhbəri iştirak edirdisə, həmin
gün Çanaqqalada dünyanın müxtəlif
coğrafiyalarını təmsil edən 21 dövlət
başçısı zəfər bayramını qeyd edirdi.
Onun
sözlərinə görə, hətta Çanaqqala tədbirlərində
Birinci Dünya Müharibəsində Osmalıya qarşı
vuruşan dövlətlərin də nümayəndələri
iştirak edirdi:
"Əhatə dairəsi və dünyaya verilən
mesajlarına görə Türkiyədə keçirilən
tədbir öz möhtəşəmliyi ilə yadda qaldı. Əgər Çanaqqala zəfərinin
100 illiyi sülhə, təhlükəsizliyə, dövlətlərarası
münasibətlərin
yaxşılaşdırılmasına, müharibələrin
gətirdiyi acı nəticələrin aradan
qaldırılmasına xidmət edirdisə, İrəvanın
"matəm" şousu nifrət və nifaq
yükünü özündə daşıyaraq
ayrı-ayrı xalqlara düşmənçilik
idealarını ötürməyə xidmət edirdi. Türkiyə nə qədər alicənablığa
sahibdir ki, onun istiqlalını əlindən almağa
çalışan dövlətlərin şəhidləri
üçün də Çanaqqalada abidə ucaldıb, həlak
olanların qəbirləri tam bərpa edilib. Bu Türkiyənin dünyaya sayğı
yanaşması, dostluq çağırışı idi.
Ermənistanda isə bir türk əsgərinin
məzarı qalıbmı? Xeyr,
çünki bu dövlət özü dəfələrlə
türklərə qarşı soyqırım planlarını
həyata keçirib".
Ermənilərin
saxta soyqırım kampaniyasının tamamilə iflasa
uğradığını deyən politoloq bildirib ki, Ermənistan
qarşısına qoyduğu kirli məqsədlərə
çata bilməyib:
"Sarkisyanın dünya dövlətlərindən
böyük gözləntiləri var idi. Lakin əksər
ölkələr qondarma erməni soyqırımını dilə
gətirməyərək ermənilərin arzularını
ürəyində qoydu. Hətta Ermənistanın
müttəfiqləri, onunla bir blokda fəaliyyət göstərənlər
də bu tədbirə qatılmadı. Çünki
bu dövlətlər uydurma soyqırım tədbirlərinə
qatılmaqla özlərini nüfuzdan salacaqlarını
yaxşı bilirdilər. Bəzi dövlətlər
isə öz siyasi ambisiyalarından çıxış edərək
riyakarcasına saxta soyqırımı
tanıdığını dilə gətirdi.
600 ildən çox tarixi olan Osmanlı
İmperiyasının tərkibində yaşamış
xalqlara türklər hər zaman hörmətlə
yanaşıblar. Bunun nəticəsidir ki, indi müstəqillik
əldə edən xalqlar öz tarixi adət-ənənələrini,
dini-etnik görüşlərini qoruyub yeni nəsillərə
ötürə bilirlər. Ancaq digər
dövlətlər işğal etdikləri ərazilərdə
belə bir yanaşmanı tətbiq etməyiblər.
ATƏT-in
Minsk qrupunun həmsədr dövlətlərinin öz
neytrallığını qoruya bilmədiyini deyən Ə.Nuriyev hesab edir
ki, bu dövlətlər Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ torpaqlarının azad edilməsiylə
bağlı heç vaxt cəsarətli addım atmayacaqlar:
"Əksinə bu dövlətlər
torpaqların işğal altında qalmasında
maraqlıdır. Hətta İrəvanda "erməni
soyqırımı" ifadəsini işlədən Fransua
Olland heç vaxt Bakıda işğal faktını dilə
gətirməyib. Aprelin 25-i Fransa prezidentinin Azərbaycan səfəri
yalnız iqtisadi maraqlar xatirinə idi. Bu bir daha təsdiq edir
ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsinin
danışıqlar yolu ilə tənzimlənməsində
real addımlar ata bilməyəcək. Çünki
bunun üçün qurumun imkanları yoxdur.
Heç şübhəsiz ki, münaqişə üzrə
danışıqların yüksələn xətlə
inkişaf etməsi üçün formatın dəyişdirilməsi
mütləq məsələdir. Hazırkı vəziyyət
dünyada ikili standartların tətbiq olunduğunu bir daha
sübut edir. Fikir versək, yaxın tarixdə
Xocalıda ermənilərin törətdiyi soyqırım vəhşilikləri
heç kəsin diqqətini cəlb etmir, lakin 20-ci əsrin əvvəllərində
hadisələrin təhrif olunmuş formada təqdim edilməsi
dünya tərəfindən ciddi qarşılanır.
Türkiyə prezidenti Rəcəb Təyyib
Ərdoğanın saxta soyqırım iddialarını təsdiqləyən
dövlətlərə bildirdiyi kimi onlar gedib öz tarixlərini
araşdırsınlar. Görsünlər ki, hansı
xalqların dininə, milliyyətinə, təbii sərvətlərinə
görə varlığına son qoyub, hansılarının
isə sonuncu nümayəndəsinin yer üzündə
qalmasının səbəkarı olublar.
Vəzifəsi dinlərarası, mədəniyyətlərarası
dialoqları möhkəmləndirmək oları Roma
papaları tarix boyu müharibələrin səbəbkarları
kimi çıxış ediblər. Orta əsrlərdə
səlib yürüşlərinə fətva verən də
Roma Papası olub. İndi də qondarma "erməni
soyqırımı"nı tanımaqla
böyük yalanın altından imza atıb. Bunun
əvəzinə baxıb görsünlər ki, Yaxın
Şərqdə baş verən soyqırımların,
kütləvi qətliamların arxasında duranlar kimlərdir.
O zaman bu cür qərar verə biləcəklərmi?".
Ceyhun ABASOV
525-ci qəzet.-
2015.- 28 aprel.- S.4.