Professor Qəzənfər Paşayevə məktub

 

 

 

Əziz, mehriban Qəzənfər müəllim, salam!

 

Dünyanın əvəzsiz neməti olan cansağlığı, ailə səadəti arzulayıram!

 

Amansız xəstəlik məni birdəfəlik yatağa saldı. Xeyli vaxtdır həyətimizi, küçəmizi görmürəm. Tənhalıq xiffəti məni əzir. yaxşı ki, dünyada hər şeyə gücü çatan ölümün, xatirələri öldürməyə gücü çatmır. Yoxsa mən Sizinlə, Sizin kimi vəfalı, bütöv təbiətli alicənab dostlarla "görüşməyə", söhbətləşməyə həsrət qalardım. Yataqda bir "Ömürnamə" (ad şərtidir) yaza bildim - Ostrovskiyə bənzər üsulla. Çapa verilib, hələlik xəbər yoxdur.

 

Mən Sizi təmiz, pak təbiətli Azərbaycan ziyalısı, dost, qardaş, alim kimi çox sevirəm. Eşitdiklərim hesabına yox, gördüklərim hesabına! Tale sinəmə çalın-çarpaz dağ çəkəndə - çox gənc filosof nəvəm dünyasını dəyişəndə qələm dostlarınızı yığıb hüzrə gəldiniz - əsl Azərbaycan kişisi kimi... Mən Sizi məclisə təqdim edəndə dediyim sözləri məncə unutmamışsınız: "Sovet hökuməti qurulandan yıxılanadək - 70 il müddətində Azərbaycan xalqı cənublu qardaş-bacılarına, müqəddəs ziyarətgahlarımıza həsrət qaldı. 70 illik zülm və həsrət pərdəsini qıran, Şərqin qapısını ilk dəfə üzümüzə açan böyük alim, böyük şəxsiyyət Qəzənfər Paşayev dostları ilə hüzrə gəlib, mənə dözüm və təsəlli arzusu ilə. İndi aramızdadır. Ona təşəkkür və Haqqın bəyəndiyi dualar etməyi özümüzə borc bilirik..."

 

...İranda - Tehran, Təbriz və Ərdəbildə, İraqda - Bağdad, Mədain, Kərbəla və Nəcəfdə keçirdiyimiz günləri, yol xərci üçün ayrılan vəsaitin qurtardığını Ərdəbil yeməkxanasında elan edərkən bəzi müsafirlər bikef olanda ayağa qalxıb dediyiniz sözləri xatırlayıram: "Yeməklərinizi iştahla nuş edin, haqqınız ödənib". Əsl saf ürəkli, saf niyyətli, cəsarətli Azərbaycan kişisinə məxsus nəcib hərəkətləri Sizdə çox gördüyümdən haqqınızda düşünəndə, elə bil, xəstəlik də, qocalıq da gəlişinə aram vermək istəyir, bəli, elə bil... Amma hər şeyin sonu olduğu kimi, ömrünsonu labüddür. Kaş, vərəsələr varislərin hər kəlamını müqəddəs ömür payı kimi qəbul edəydilər, laqeydliyə qorxulu xəstəlik kimi baxaydılar. Bir vaxt, böyük dostum Bəxtiyar Vahabzadənin xatirə dəftərimə yazdığı çoxlu şeirlər içərisindən birini - hər gün düşündüyüm misraları ömrün sonluğuna inam kimi köçürürəm:

 

Sonum yaxınlaşır mənə ilbəil,

Hardasan ay ölüm, gəl apar məni.

Ölüm qorxusundan yaşamaq deyil -

Ölümün özüqurtarar məni.

 

Düşünməyin ki, bədbinəm, yox! Həyatda "son" sözü planetlə yaşıddır. Sizin kimi nadir insanlardan ədəbi ayrı düşmək dəhşətdir! Budur məni yandıran!

 

Sizə ürəyinizcə keçən uzun, məmnun, ilhamla dopdolu ömür, qaynar yaradıcılıq şövqü arzulayıram.

 

Hörmətlə,

dostunuz Hacı İmamverdi Əbilov

09.04.2015

 

 

525-ci qəzet.- 2015.- 29 aprel.- S.7.