Görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilova məktub

 

 

Əzizim İmamverdi müəllim,

 

aprelin 9-da yazdığınız sonuncu məktubunuzu aldım. Oxudum, haldan-hala düşdüm. 20 il öncə, 1994-cü ilin sentyabrında avtobusla dahi Füzulinin 500 illik yubileyinə İraqa birgə gedib-gəldiyimiz günlər gözlərim önündən keçdi. Sizinlə o vaxt yaxından tanış oldum.

 

Məndən yaşca xeyli böyük olsanız da, tanışlığımız dostluğa çevrildi. Yaxşı bilirsiniz ki, mənim əsl dostlarım məndən xeyli yaşlı olublar. Böyük alimlərimiz Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar Qarayev, saz sənətinin memarlarından biri Mikayıl Azaflı artıq haqq dünyasındadırlar. İndi hər birinizin yaşı az qala doxsanı haqlasa da, Bakıda akademik Teymur Bünyadov, Naxçıvanda professor Yavuz Axundlu Neftçalada Siz ən doğma adamlarımsınız. Hər biriniz bir nümunə, məktəbsiniz. Xeyirxahlığı, ümidsizliyə qapılmamağı, gecə-gündüz yazıb-yaratmağı sizlərdən öyrənmişəm. Çalışmışam ki, sizlərə oxşayım. Hər birinizlə fəxr edirəm. Hər il may ayının 1-də çalışıb Sizi ziyarət edirəm. Səmimiyyətlə deyirəm, sanki müqəddəsləri ziyarət edirəm. Xalq şairi Qabil, Sizi müqəddəs adlandırırdı. 70 illik yubileyinizdə şairin oxuduğu misralar indi qulaqlarımda səslənir.

 

Bu ev bülbül yuvasıdı, dəyməyin,

Qapısını bəd niyyətlə döyməyin.

İmamverdi bir təvazö heykəli,

Qarşısında özünüzü öyməyin.

 

İmamverdi müəllim, siz əyalətlə paytaxt arasında ədəbiyyatşünaslıq sahəsində ilk körpü salan, bir çox görkəmli ədib, şair və ədəbiyyatşünas alimlərimizin böyük dostu, yadigarı, el ağsaqqalı, tanınmış ziyalısınız. Odur ki, Sizinlə dostluq etmək şərəfdir. Siz böyük qələm sahibisiniz. Hələ Sovet dönəmində çap etdirdiyiniz "Xatirələr işığında" və "Rəsul Rzanın yaradıcılıq yolu" kitablarınız əl-əl gəzirdi. Sonralar yazdığınız "Uzaq keçmişimizdən uzaq gələcəyə" (1995), "Zamanla vaxt arasında" (2004), "Təbiətin və təfəkkürün möcüzəsi" (2005) və s. kitablarınız oxucu və tədqiqatçıların stolüstü kitabına çevrildi. Mən bilərəkdən son illərdə yazdığınız kitabları göstərdim. Bununla xüsusi vurğulamaq istədim ki, qocalıqla, xəstəliklə  gecə-gündüz əlləşsəniz də ədəbiyyatımız, ədəbiyyatşünaslarımız, "əldən-ələ keçən vəfasız həyat", onun mənası Sizi bu yaşda da qayğılandırır. Mənə ünvanladığınız sonuncu məktub da deyilənləri təsdiqləyir. Yazdığınız məktub hələ mənə çatmamış nəvənizin telefonu ilə zəng edib, onun mətbuatda çap olunmasını arzu etdiniz. İnşaallah məktubunuz ən çox oxunan mətbu orqanlardan "Ədalət" və "525-ci qəzet"lərdə çap olunacaq. Kövrək səslə dediyiniz "Bu məktub bəlkə də mətbuatda çıxan son yazım oldu" - məni sarsıtdı.

 

İmamverdi müəllim, Sizə ünvanladığım"Seçilmiş əsərləri"mdə çap olunan "Gecikmiş məktub" (Təhsil, 2012, V cild, s. 188-189) adlı yazımın sonuncu cümləsi belə idi: "Sizə ən azı memuarlarınızı, xatirələrinizi yazıb bitirmək naminə Yaradandan cansağlığı, uzun ömür təmənna edirəm".

 

Şadam ki, arzum yerinə yetdi. Məktubunuzdan məlum olur ki, "Ömürnamə" adlandırdığınız xatirələrinizi bitiribsiniz. Yaxşı addır. Akademik Bəkir Nəbiyevin Üzeyir Hacıbəyliyə həsr etdiyi son kitabı da "Ömürnamə" adlanır.

 

İmamverdi müəllim, Allah qoysa, may ayının 1-də professor Şirindil Alışanovla ziyarətinə gələcəyik. Mütləq mətbuatda çap olunan son məktubunuzu da gətirəcəyəm. Görüşənə qədər.

 

Dostunuz Qəzənfər Paşayev

27.04.2015

 

 

 

 

525-ci qəzet.- 2015.- 29 aprel.- S.7