"Ədəbi proses-2014" müzakirə
olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunun
Elektron akt zalında 2014-cü ilin ədəbi yekunlarına həsr edilmiş "Ədəbi proses-2014" mövzusunda
yaradıcılıq müşavirəsi
keçirilib.
Tədbiri giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli açıb.
Ölkəmizdə dövlət rəhbərliyinin
elm və təhsilə,
mədəniyyət və
ədəbiyyata qayğısının,
bu istiqamətdə aparılan genişmiqyaslı
işlərin tənqid
və ədəbiyyatşünaslıq
elmini də əhatə etdiyini vurğulayan institut rəhbəri müasir dövrdə bədii ədəbiyyatın inkişaf
istiqamətləri və
perspektivləri barədə
məlumat verib.
Azərbaycanda ötən ilin ümumi ədəbi mənzərəsini real faktlarla
diqqətə çatdıran
akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığın
ayrı-ayrı janrları
üzrə ədəbi
prosesin gedişatı
və onun hazırkı vəziyyəti
barədə ətraflı
bəhs edib. Akademik İsa Həbibbəyli qeyd edib ki,
müstəqillik dövrünün
ədəbiyyatı özünəməxsus
inkişaf xüsusiyyətləri
ilə fərqli olub milli varlığımızın
və mənəvi dəyərlərimizin təbliğində,
müasir inkişafın
ədəbiyyata dərindən
və əsaslı şəkildə əks etdirilməsində, ümumilikdə
isə yeni Azərbaycan cəmiyyətinin
hərtərəfli bədii
portretinin yaradılmasında
özünəməxsus fərqli
keyfiyyətlərə malikdir.
Belə ki, formalaşmaqda olan yeni tipli
müasir ədəbiyyatın
tədqiq edilib qiymətləndirilməsi də
böyük əhəmiyyət
kəsb edir. Bu tipli araşdırmalar təhlillər, icmallar və proqnozlar formatında sistemli olaraq davamlı şəkildə aparılmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin təmsilçilərinin
də iştirakı ilə yaradıcılıq
müşavirəsinin keçirilməsinin
böyük əhəmiyyətindən
danışan akademik İsa Həbibbəyli göstərilən formatda
aparılan müzakirələrdən
yalnız ədəbiyyat
elminin deyil, ümumiyyətlə cəmiyyətimizin
fayda götürməsi
baxımından vacibliyini
vurğulayıb.
Akademik deyib ki, şair və
yazıçılarımızın qələmə aldıqları
əsərlər ədəbiyyatşünaslıq
nöqteyi-nəzərindən geniş təhlilə cəlb edilməli, Azərbaycan ədəbiyyatının
yaşlı və orta nəsil nümayəndələri ilə
yanaşı, gənclərin
də bədii axtarışları, publisistika
və dramaturgiya yaradıcılığı mükəmməl
elmi-nəzəri tənqidin
süzgəcindən keçirilərək
geniş oxucu dairəsinə çatdırılmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid müasir dövr Azərbaycan ədəbiyyatının forma və
məzmun uyarlığı
problemləri, bədii
əsər nümunələrinin
daha çoxşaxəli
tədqiqatı, bir sıra istiqamətlərin
müasir dövrün
tələbləri rakursunda
araşdırılması, ideya qoyuluşu məsələlərindən danışıb.
Rəşad Məcid Ədəbiyyat İnstitutunda keçirilən
yaradıcılıq müşavirələrinin
bədii ədəbiyyatın
daha obyektiv və əhatəli dəyərləndirilməsi istiqamətində
böyük əhəmiyyətə
malik olduğunu xüsusi qeyd edib. Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi, AYB-nin Tənqid və publisistika seksiyasının rəhbəri
Bəsti Əlibəyli
və "Ədəbiyyat
qəzeti"nin baş
redaktoru Azər Turan çıxış
edərək uzun fasilədən sonra artıq keçən ildən ədəbi proses üzrə yaradıcılıq müşavirələrinə
Ədəbiyyat İnstitutunda
yenidən start verildiyini
əhəmiyyətli elmi-ədəbi
hadisə, ədəbi
həyatımızın sistemli
yekunu və gələcək vəzifələrinin
işıqlandırılması kimi dəyərləndiriblər.
Sonra Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin "İlin ədəbi mənzərəsi" mövzusunda geniş və ətraflı məruzəsi dinlənilib.
Tənqidçi alimlərdən Nərgiz Cabbarlı ("2014-cü ilin şeiri"), Elnarə Akimova ("Poemalar"), Aynurə Mustafayeva ("Dramaturgiya"), Qürbət Mirzəzadə ("Tənqid"), Salidə Şərifova ("Ədəbiyyatşünaslıq"), Tehran Əlişanoğlu ("İlin romanları"), Maral Yaqubova ("Povestlər"), Mətanət Vahid ("Hekayələr"), Günay Qarayeva ("Uşaq ədəbiyyatı"), Lalə Həsənova ("Ədəbi gənclik"), Pərvanə Məmmədli ("Cənubda ədəbi proses"), Cavidə Məmmədli ("Bədii tərcümə") ədəbiyyatşünaslığın müxtəlif janrlarını səciyyələndirən ayrı-ayrı mövzularda məruzə ediblər. Məruzələrdə və çıxışlarda 2014-cü ildə çap olunmuş bədii-publisistik əsərlər konkret misallarla janrlar üzrə ədəbi tənqidin süzgəcindən keçirilib.
Məruzələr ətrafında müzakirələr və diskussiyalar aparılıb, polemika tədbir boyu davam etdirilib, çoxsaylı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.
Sonda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək "Ədəbi proses-2014" yaradıcılıq müşavirəsinin işini yüksək dəyərləndirib, bundan sonra da bu səpkidə tədbirlərin mütəmadi olaraq keçirilməsini məqsədəuyğun hesab edib. Akademik İsa Həbibbəyli "Ədəbi proses-2014" yaradıcılıq müşavirəsinin materiallarının toplu şəklində nəşr edilməsi, regionlarda gedən ədəbi prosesin öyrənilməsi zərurəti barədə İşçi qrupuna müvafiq tapşırıqlar verib.
Tədbirdə elmi ictimaiyyətlə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin məsul əməkdaşları, şair və yazıçılar, kütləvi informasiya vasitələrinin və elektron medianın nümayəndələri iştirak ediblər.
525-ci qəzet.- 2015.- 29 aprel.-
S.7