"Araşdırmağ"ı araşdırmaq ehtiyacı, yaxud bir sözün qəribə taleyi

 

 

Son zamanlar dilimizdəki bitişdirici samitlər sırasına süni olaraq "ş" adlı bitişdirici samitin artırılması müşahidə olunur.

 

Bu fikrin tərəfdarları buna nümunə olaraq "araşdırmaq" sözünü göstərirlər. Lakin bu fikir özünü doğrultmur. Bu söz haqqında fikirlərimizi bir neçə dəfə səsləndirsək də, həmin fikirlər bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

 

Bu nöqteyi-nəzərdən "araşdırmaq" sözündəki "ş" ünsürü və onun rolu haqqındakı fikirlərimizi -ışdır,-işdir,-uşdur,-üşdür, -aşdır,-əşdir,-şdır şəkilçiləri üzərində izah və şərh etməklə təqdim edirik. -ışdır,-işdir,-uşdur,-üşdür, -aşdır,-əşdir,-şdır. Bu şəkilçi "ş" ünsürlü -ış,-iş,-uş,-üş, -aş,-əş və -dır,-dir,-dur,-dür şəkilçilərinin sintezi əsasında əmələ gəlmiş və mürəkkəb struktura malikdir.

 

Müasir Azərbaycan dilində qeyd olunan şəkilçini bir qrup sözlərdə tərkib hissələrə ayırmaq mümkün olduğu halda, bir qrup sözlərdə bu, mümkün deyil. Məsələn, bölüşdürmək, bitişdirmək, didişdirmək, vuruşdurmaq, əmişdirmək, qatışdırmaq, tutaşdırmaq və s. kimi sözlərdə dördvariantlı -ışdır şəkilçisi iki ayrı sözdüzəldici şəkilçi funksiyasında çıxış edir. Bu məqamda -ış,-iş,-uş,-üş,-aş felin növ kateqoriyasının -dır,-dir,-dur,-dür isə, təsirlilik kateqoriyasının morfoloji göstəricisi olub, yeni məzmunlu leksik vahidlər əmələ gətirir.

 

Bir qrup sözlərdə şəkilçi tərkib hissələrə ayrılmır, birlikdə mürəkkəb şəkilçi kimi götürülür. Bu yolla dilimizdə yaranan sözlər azlıq təşkil etdiyindən -ışdır,-işdir,-uşdur,-üşdür, -aşdır,-əşdir,-şdır şəkilçiləri qeyri-məhsuldar şəkilçi hesab olunur, işlənmə dairəsi olduqca məhduddur. Məsələn: araşdırmaq.

 

Qeyd edək ki, son zamanlar yanlış olaraq "araşdırmaq" sözünün tərkibindəki "ş" samiti bitişdirici samit kimi götürülür. Dilimizdə mövcud olan y, n, s bitişdirici samitləri yanaşı gələn iki sait arasında işlənir.

 

Düzdür, istisna hallarda sait və samit arasında bitişdirici samitlər də işlənə bilir. Bu hal o, bu əvəzliklərinə samitlə başlanan şəkilçi artırıldıqda özünü daha qabarıq göstərir. Məsələn: onda, ondan, onlar, onsuz, bundan, bunda, bunlar, bunsuz, bunlu və s. Lakin araşdırmaq sözündə sait və samit arasında işlənən ş samitinin ( əslində -aş şəkilçisinin ) deyildiyi kimi bitişdirici samitlərlə bağlılığı yoxdur.

 

Əslində bu fikrin tərəfdarlarının heç bir elmi əsası və izahı da yoxdur. Fundamental dilçilik ədəbiyyatlarında da "ş" samitinin bitişdirici samit olması haqqında heç bir qeydə rast gəlinmir. Əksinə, "ş" və "ş" ünsürlü sözdüzəldici şəkilçilərin həm tarixi, həm də müasir qrammatikada sözyaratma prosesində kifayət qədər söz əmələ gətirməsinə dair qiymətli faktlar var.

 

Demək olar ki, "ş" samiti dilimizin inkişafının bütün mərhələlərində bu və ya digər dərəcədə işlək olmuşdur.  Prof. A.Axundov "ş" samiti haqqında özünün "Azərbaycan dilinin fonetikası" kitabında (səh. 154) yazır: << "ş" fonemi dilimizdə müxtəlif fonetik mövqələrdə: sözün əvvəlində, ortasında və sonunda sərbəst işlənir. Azərbaycan dilində o, ("ş" samiti nəzərdə tutulur- İ.Ə) hər iki morfoloji mövqedə, yəni kökdə və şəkilçidə (məsələn, "ış...", "-mış...") işlənir. Bu fonemin müxtəlif sait və samitlərlə işlənməsində də başqa samitlərlə müqayisədə elə bir qeyri-adilik yoxdur. O, bütün saitlərdən əvvəl və sonra sərbəst surətdə işlənir. "Ş" fonemi müxtəlif samitlərdən əvvəl işlənməsinə görə də, dilimizin samit fonemləri içərisində mühüm yerlərdən birini tutur.>>

 

"Araşdırmaq" sözünün tərkibindəki "ş" samitinin bitişdirici samit olmadığını erkən orta əsrlərə aid bədii mətnlər üzərində aparılan müşahidələr, ayrı-ayrı dil faktları da təsdiq edir. Əslində "araşdırmaq" sözündəki -şdır şəkilçisi -aş və -dır şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Söz kökü saitlə bitdiyindən, şəkilçi də saitlə başladığından eliziya hadisəsi baş vermiş və -aş şəkilçisindəki "a" saiti düşmüşdür: ara(maq)-ara+aş(maq)-araş+dır(maq).

 

Yuxarıda sadaladığımız sözlərdən fərqli olaraq "araşdırmaq" sözündəki -ş şəkilçisi ayrıca məna vermədiyi üçün və asemantik olduğu üçün -dır şəkilçisi ilə birlikdə mürəkkəb qeyri-məhsuldar şəkilçi kimi götürülməlidir. Bu şəkilçi müasir dilimizdə qeyri-məhsuldar olsa da, tarixən daha işlək olmuşdur. Hətta "araşdırmaq" sözündəki -ş şəkilçisinə olduğu kimi "Kitabi-Dədə Qorqud dastanları"nda da rast gəlmək mümkündür:

 

Qaranqu axşam olanda güni doğan,

Qar ilə yağmur yağanda ər kibi duran,

Qaraquc atları gördügində kişnəşdirən,

Qızıl dəvə gördügində bozlaşdıran,

Ağca qoyun gördügində quyruq çırpub qamçılayan,

Arqasını urub bərk ağılın ardın sökən,

Qarma-bükəc səmüzin alub tutan,

Qanlu quyruq üzüb çap - çap yudan,

Avazı qaba köpəklərə ğavğa salan,

Çaqmaqluca çobanları dünlə yügürdən,

Ordumun xəbərin bilürmisin, degil mana!

Qara başım qurban olsun, qurdum, sana! - dedi.

 

Nümunələrdən də göründüyü kimi, -ş şəkilçisi dilin tarixinin ilkin mərhələlərində növ şəkilçisi kimi işlənmiş, qayıdış, qismən də məchul növ məzmunu ifadə etmişdir. Dastan dilindən yuxarıda verilən nümunədə müraciət obyekti "qurd"dur və feli sifət tərkibləri ilə sadalanan əlamətlər də "qurd"un xarakterik xüsusiyyətləridir. "Atları kişnəşdirmək" də, "dəvələri bozlaşdırmaq" da "qurd"a məxsusdur.

 

-Ş şəkilçisinin tarixən qayıdış növ məzmununu ifadə etməsini prof.Q.Ş.Kazımov da öz tədqiqatlarında təsdiq edir. O, bu münasibətlə yazır: " -ış şəkilçisinin qarşılıq növ mənasının hələ tam sabitləşmədiyi qədim dövrlərdə bu şəkilçi qayıdış növ mənasına xidmət etmişdir. Odur ki, bu şəkilçi ilə düzələn feillərin bir qismində qayıdış növ mənası, bir qismində işin qarşılıqlı icrası mənası olur". Müasir dilimizdə bu fakt özünü əsasən, -laş,-ləş və qismən də dördvariantlı -ış və ikivariantlı -aş şəkilçili sözlərdə göstərir. Məsələn:

 

Qayıdış növ mənalı feillər: soyuqlaşmaq, işıqlaşmaq, sərinləşmək, qatılaşmaq, isinişmək, çıxışdırmaq, yetişdirmək, ayaqlaşmaq, pisləşmək, istiləşmək, saxtalaşmaq, saflaşmaq, kömürləşmək, passivləşmək, aktivləşmək, şoranlaşmaq, köpəşmək, qəşəngləşmək, soruşmaq,sıxışmaq və s.

 

Qarşılıq-birgəlik növ bildirənlər: sağollaşmaq, vidalaşmaq, dilləşmək, itələşmək, gəzişmək, qaynaşmaq, əmişmək, cütləşmək, vuruşmaq, didişmək, sözləşmək, birləşmək, qucaqlaşmaq, təpikləşmək və s.

 

Az bir qisim sözlərdə isə məchulluq bildirir: bahalaşmaq, ucuzlaşmaq, yodlaşmaq və s.  İşlənmə məqamından asılı olaraq bəzi sözlər həm qayıdış, həm də qarşılıq-birgəlik məzmunu ifadə edə bilir. Məsələn: bitişmək, gəzişmək və s.                   -ış,-iş,-uş,-üş şəkilçili sözlər həm təsirli, həm təsirsiz olduğu halda, -laş,-ləş şəkilçili sözlər təsirsiz feillərdən ibarət olur.

 

Çoxfunksiyalı -ış,-iş,-uş,-üş şəkilçisi tarixən məsdər şəkilçisinin əvəzində də işlənmişdir. Bu hala "Kitabi-Dədə Qorqud dastanları"nın dilində rast gəlinir: Baban dedi, keyikləri qovsun gətürsün, bənüm önümdə dəpələsün: "oğlumun at səgirdisin, qılıc çalışın, oq atışın(...oğlumun at səgirtməyin, qılınc çalmağın, ox atmağın-İ.Ə) görəyim, sevinəyim, qıvanayım-güvənəyim, dedi"-dedilər.

 

  Araşdırmaq qəlibi əsasında müasir dilimizdə bir neçə söz yaranmışdır ki, həmin sözlər də söz tərkibindəki -ş samitinin bitişdirici olmadığını sübut edir. Məsələn: ovuşdurmaq, quraşdırmaq, çırpışdırmaq, tıxışdırmaq və s.

 

Azərbaycan dilinin orfoqrafiya lüğətinin VI nəşrində də müstəqil olaraq ovuş(maq), tıxış(maq) və çırpış(maq) sözlərinə rast gəlinmir. Qeyd etdiyimiz kimi, ovuşdurmaq, quraşdırmaq, tıxışdırmaq, çırpışdırmaq və araşdırmaq sözlərindəki -ş ünsürü tarixən feildən feil düzəldən və növ kateqoriyasının morfoloji göstəricisi olub, müasir dilimizdə şəkilçi tərkibində daşlaşmış formada işlənir. Çaxnaşmaq, gərnəşmək, tıxnaşmaq (bunlar da əsasən qayıdış növ məzmunu ifadə edir) sözlərinin tərkibində şəkilçi daxilindəki -ş ünsürü də ovuşdurmaq, tıxışdırmaq, quraşdırmaq, çırpışdırmaq və araşdırmaq sözlərindəki -ş ilə eyni mənbədəndir.

 

Orta əsrlərə aid mətnlərdə bu şəkilçinin işlənməsi də fikrin dolğunluğunu təsdiq edən əsas mənbələrdən biridir. Məsələn, -aş şəkilçisinə "araşmaq" sözünün tərkibində XVI-XVII əsrlərdə yaşayıb-yaratmış Əlican Qövsi Təbrizinin "Divan"ında da təsadüf olunur. Bu şəkilçi Q.Təbrizinin 8 beytdən ibarət olan və "Bu yetməzmi ki, seylabi-bəla başimdən aşıbdır; Ki, mövci-əşk həm zənciri-ahəngtək dolaşıbdır" mətləli qəzəlinin məqtə beytində aşağıdakı formada işlənmişdir (bax: Qövsi Təbrizi.Seçilmiş əsərləri. Bakı-2005. Səhifə 74-75).

 

Kimin kim, eşq bağlar əl-ayağın daxi açılmaz,       

Bu müşkül mənini çox kimsədən Qövsi araşıbdır.

 

Nümunədən də göründüyü kimi, "araş(maq)" sözü tarixən də soruşmaq, axtarmaq, soraqlamaq, soraqlaşmaq, xəbər almaq, məlumat almaq və s. kimi mənalarda işlədilmişdir. Eyni zamanda -aş şəkilçisinin mətndə yaratdığı semantikada hələ də qayıdışlıq məzmunu qalmaqdadır.

 

Müasir dilimizə doğru inkişaf etdikcə isə, tədricən işləkliyini itirmişdir, məhdud dairədə işlənir. -,-ş sözdüzəldici şəkilçisi vasitəsilə əmələ gələn sözlərin bir qismi birgəlik ( tutaşmaq, mələşmək), bir qismi isə konkret mətndaxili situasiyadan asılı olaraq həm birgəlik, həm də qayıdışlıq məzmununa malik olur (qaynaşmaq). Müqayisə edin: 1. Adamlar stansiyada qaynaşırdılar.(A.Səhhət) 2. Uşaq elə bil civədir, səhərdən axşama kimi qaynaşır.

 

Görünür, dilin tarixinin ilkin mərhələlərində -aş,-ş şəkilçisi omonimlik keyfiyyətinə malik olmuş, həm qayıdış, həm də birgəlik növün morfoloji şəkilçisi kimi çıxış etmişdir. Bu xüsusiyyət hətta müasir dil nöqteyi-nəzərindən kök daxilində daşlaşmış bəzi sözlərdə özünü daha qabarıq şəkildə göstərir. Məsələn, "tərpəşmək, öyrəşmək" kimi sözlərdə hər nə qədər qayıdışlıq varsa, "daraşmaq" sözündə bir o qədər birgəlik məzmunu vardır. Bu məqamda "Tərpəşmək, öyrəşmək" sözlərinin tərkibindəki -ş budaq morfemi  qayıdışlıq məzmunu əmələ gətirən -n budaq morfeminin tam sinonimi kimi çıxış edə bilir. Məsələn: tərpəşmək-tərpənmək, öyrəşmək-öyrənmək. Quraşmaq və araşmaq sözləri hazırda işlənməsə də, orfoqrafiya lüğətində öz varlığını qoruyub saxlamaqdadır.

 

Qeyd olunan bu leksik vahidlərin həm şifahi, həm də yazılı nitqdə obyekt tələb etməsi -aş,-əş,-ış,-iş,-uş,üş şəkilçisi ilə deyil, dilin tarixi inkişafının sonrakı mərhələsində sözlərin əsasına artırılan, təsirlilik kateqoriyasının morfoloji göstəricisi olan və icbar növ feillərin əmələ gəlməsində iştirak edən şəkilçilərlə omonimlik xüsusiyyəti daşıyan -dır,-dir,-dur,-dür sözdüzəldici şəkilçiləri ilə əlaqədardır. -dır,-dir,-dur,-dür  şəkilçilərinin də dilimizdə nə vaxtdan işlənməsi, yuxarıda göstərilən sözlərə qoşulması haqqında konkret fikir və nümunə söyləmək mümkün deyil.

 

Şəkilçinin dilimizdə işlənmə tarixi olduqca qədimdir. "Kitabi-Dədə Qorqud dastanları"nın, "Dastani-Əhməd Hərami"nin dilində kifayət qədər işlənən bu şəkilçiyə hətta qədim türk yazısı abidələrinin dilində də -tır,-tir,-tur,-tür formasında təsadüf olunur. Qədim türk yazısı abidələrinin dilini tədqiq edən, Orxon-Yenisey abidələrinin dili üzərində araşdırmalar aparan tədqiqatçı alim prof.Ə.Rəcəbli bu münasibətlə özünün "Qədim türk yazısı abidələrinin dili" adlı kitabında (səh.511)yazır: "Bu şəkilçi də (-tır,-tir,-tur,-tür şəkilçisi nəzərdə tutulur-İ.Ə) təsirli feillərdə təsirliliyi qüvvətləndirir, təsirsiz feillərdən təsirli feillər düzəldir; məsələn:

 

yan<< qayıtmaq >>-yantur (T45) qaytarmaq;

 

kon <<qonmaq>>-kontur (KT ş 21) qondurmaq;

 

kəl <<gəlmək>>-kəltür (T 54) gətirmək;

 

ağ <<qalxmaq>>- ağtur (T 25) qaldırmaq və s.".

 

Araşdırmaq sözü hətta müasir Türkiyə türkcəsində "araştırmaq" şəklində işlənməkdədir.

 

İlkin ƏSGƏR

Naxçıvan Dövlət Universitetinin magistrantı

525-ci qəzet.- 2015.- 29 aprel.- S.6.