Ayrılığın yetəri yox...
"Hər kəs həyatdan indicə doğulmuş kimi gedir" .
Epukur
...Onu qürurundan tanıdım ilk dəfə,
çörək verəninə
etibarından sevdim. Özünü yox, əvvəl imzasını
gördüm, qəbul
etdim... Şəhanə
idi... Rəhmətlik Arif Cəfərovdan
geniş, təbii, saf bir könül
yazısı hazırlamışdı.
Həm özünə,
həm də haqqında söhbət açdığı adama
layiq, həsrət və məhəbbətlə,
itkisinə cızdağı
çıxa-çıxa... Bilirdim yerli "Suqovuşan" qəzetinin
aktiv əməkdaşı
olub, ta Sovet dövründən daimi aktual sahələrdə
dəyərli yazılar
hazırlayıb... O zamanın
da əsas yazı obyektləri pambıqçılıq, əkinçilik,
zəhmət adamları
idi. İndi sərbəst jurnalist kimi işləməsi əl-qolunu bir az da açmış, fikir və düşüncələrini
cilalamışdı. Ürəyinə yatan, ruhuna düşən
hər şeydən yazırdı. Çoxlarının
baxıb ötdüyü
adi bir həyat
elementi onun qələmi ilə bəzənib başqa dona girirdi...
Sonralar
tale bizi ümumi iş yerimizdə görüşdürdü. Arabir
imkan tapanda iç dünyalarımıza
baş vurduq, narahat məqamlarımızı
bölüşdük, sevincli
anlarımıza şahid
durduq. Onun Mahmud Qaşqarinin 1000 illiyi münasibətilə
2008-ci ildə keçirilən
Beynəlxalq hekayə
müsabiqəsində xüsusi
mükafata layiq görülən "Polonez"ini
sevdim. Üz-üzə əyləşib əsərin mövzusu haqqında daha geniş məlumatlar aldım. Onu cəmiyyətə tanıdan da deyərdim ki, "Polonez" oldu. Bundan sonra mətbuatın qapıları daha geniş mənada üzünə açıldı.
Onu "Polonez"lə
kəşf etdilər, sevdilər,
haqqında yazdılar...
... Vəsilə xanımla söhbətimiz tuturdu, birlikdə yazılarımızı
müzakirə edirdik...
Fikrimi bildirəndə
həmişə məndən
obyektiv olmağımı,
düzgün qiymətləndirməyimi
xahiş edirdi. Deyirdi, Şahnaz
xanım mən istəyirəm məni tənqid etsinlər, lap yıxıb sürüsünlər,
amma yetər ki, bundan ədəbiyyat
udsun. Xətirə-xətir söz deməsinlər.
Mənim
ilk publisistik yazım da elə onun
həyatının ən
böyük itkisi olan oğlu İlhamla bağlı olmuşdu... Həmişə həyatının bu səhifəsindən sükutla keçirdi.
Mən də yarasını qanatmaq istəmirdim. Amma bir gün
söhbətin axarı
çəkib apardı
onu... Danışdı...
dinlədim, susdum... Sonra "Təklik tənhalıq deyil" yarandı. Oxudu, bəyəndi, amma xahiş etdi ki, "Ədalət"ə
göndərməyim. O, dərdini biruzə verməyi xoşlamazdı.
Xahişini nəzərə alıb başqa bir qəzetə göndərdim. Yazını qəzet səhifəsindən
bir də oxudu. Üzümə təəccüblə baxıb "Şahnaz xanım, publisistika Sizdə gözəl alınır, nə əcəb məşğul
olmursunuz?!" söylədi.
Bəlkə də onun sözləri mənə yeni mövzular üçün
stimul oldu...
... "Ədalət"də köşə yazarı idi. Hər həftəsonu yazısı
çıxmalı idi.
Yazı göndərə bilməyəndə
narahat olurdu.
"Boynumun borcudu"
deyirdi, "yazmalıyam". Hərdən şikayətlənirdi ki,
belə yazılar adamı tükədir.
O daha sərbəst olmaq istəyirdi. Heç kəsdən, heç nədən asılı yazmaq istəmirdi. Özündən narazı qalırdı,
elə bu məqamların birində
yazmışdı. "Sən dilənçinin ayaqlarını yuyarsanmı?"
məqaləsini. İlk
cümləsini də
etirafla başlamışdı:
"Son zamanlar yazdıqlarım
məni qane eləmir. Mən istəyirəm yazdıqlarım
təkcə maraq xatirinə oxunmasın, həm də təzə ovqat , həvəs oyatsın, oxucunu nələrəsə ruhlandırsın...
Əgər həyata marağı
sönübsə, özünə
qayıtsın... yarımçıq
qoyduğu işinə
daha ürəklə girişib başa çatdırsın. Həm
də elə işlərə baş qoşsun ki, bundan həm özü, həm də cəmiyyət xeyir görsün..." O
hər kəsdə yaxşılıq, gözəllik
görmək arzusu ilə yanırdı. Heç bir sözü boğazdan yuxarı söyləməz,
işini ürəklə
görərdi... Həmişə acı olsa da
həqiqəti söylər,
həm də eşitmək istərdi.
Arzuları çox idi hələ, yazılarını kitab halında görməyi necə arzulayırdı...
Deyirdi gərək bütün arxivi tökəm, elə yazılar var ki, bu günlə
ayaqlaşmır, seçim
etməliyəm...
... Təkliyi çox sevirdi, bayağı adamlardansa təkliyi ilə baş-başa qalmağa üstünlük
verirdi... Bu dünyanın
pisliklərindən uzaqlaşmaq
üçün romantik
xəyallar qururdu:
"Adam istəyir lap gedib
meşə kənarında
bir alacıq qursun, ya qamışdan
ev düzəldib
yaşasın..." Pensiyaya
çıxıb bu fikrini müəyyən mənada reallaşdırmağı
da planlaşdırırdı...
... Doğulub böyüdüyü
doğma Kolanı, kəndin çoxdan dünyasını dəyişmiş
yaxşı adamları,
ağsaqqal və ağbirçəkləri onun
həm söhbət, həm də yazı mövzularındandı,
sönməz ilham mənbəyi idi... Tərəkəmə olmaları ilə
qürur duyurdu.
.. Onun içində yeri bugünədək dolmayan qiymətli insanlara aid guşələr
vardı...
... Qələm dostları, tələbə yoldaşları
əziz idi ona... Çox zaman üç
xanım yazar qonşu yerləri bölüşərdilər.
"Ədalət"də - hər
birinin öz dəsti- xətti, üslubu, qələmi vardı... Zarafatla "Xanımlar yenə birləşib ha, Vəsilə
xanım, Allah piz gözdən saxlasın"
deyərdim...
... Son vaxtlar onun səhhətində
olan bəzi xoşagəlməz halların
şahidi olurdum, gah danışarkən öskürək tuturdu, gah da səsi
xırıldayırdı... Səbəbini soruşanda
bunun əsəb, sinirlə bağlandığını
söyləyirdi...
Keçəcək deyir, müalicə
təyin edirdilər...
amma keçmirdi... Narahatlıqları artanda təkidlə ciddi müayinəyə ehtiyacı
olduğunu məsləhət gördüm.
Getdi... Amma bu o zaman oldu
ki, bəlkə də ağır xəstəlik öz işini bitirmişdi...
... Günlər
yığılıb həftə,
həftələrsə ay olurdu.
Vəsilə xanımın
səhhətində yaxşıya
doğru dəyişiklik
isə yox idi...
Rəhmətlik Əli Kərim
xəstəxanada yazdığı
şeirlərinin birində
yazırdı:
Yeri oldu - olmadı,
həkim
ki, girdi
xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından
birinin qulağına-
Onda həkim,
Salam-əleykim!...
...Heç kim inanmır
ki,
Öləcək...
Elə
mən də...
Amma ölüm
Oğlanlarımın
kədərli təbəssümüylə
Gülümsəyəndə,
İnandım öləcəyimə...
Demədim heç kimə...
Vəsilə xanım da ümidlə xəstəxanaları dolanıb, sonda həkimlərin baxışlarını ondan yayındırdıqlarını görəndə əl-qolu üzülüb yanına düşmüşdü... çəkdiyinə isə heç kəsi şərik etmək istəmirdi... hətta yeganə övladı Nərgizi belə !...
... Sorağını alıb görüşünə tələsdim. Uşaqlıq, gənclik xatirələrinin közərdiyi kənddə idi Vəsilə xanım... Halı yaxşı deyildi... Ölüm onu qova-qova gətirib balaca bir otaqda çarpayının bir güncünə qısnamışdı... O da nəfəsi qarala-qarala o qədər qaçmışdır ki, daha bir də qalxmağa gücü, taqəti qalmamışdı... O, bu oyunda məğlub idi... Qalib isə həmişə olduğu kimi O idi... Ölüm...
... Necəsən?-soruşdum. Səsimi eşidib azca geri çevrildi: "Çox darıxıram, Şahnaz xanım..." söylədi...
Bu bir neçə kəlmədə nələr yox idi... İlahi!
İztirab, kədər, intizar, giley, iki dünya arası nigarançılıq, yarım qalan istəklərin açısı, əbədi vüsal və ayrılıq ağrısı... və çoxdan içinə yol edən göz yaşları...
Payızda durnalar köçdü,
Ürəyimdən ağrı keçdi.
Nə ömürdü gəldi, keçdi
Sevinci az, kədəri çox...
Tanrım qurdu Göyü, Yeri.
Göynəyir həsrətin yeri.
Nə vermişdi aldı geri,
Daha bundan betəri yox...
Bir sevdanın yolçusuydum,
Yorulmazdım arasaydın.
Sənə Leyli olasıydım
Ayrılığın yetəri yox...
PS. Cəmi bir gün
sonra Vəsilə xanım ruhunun daha azad olacağı
bir məkana köçdü... O, pilləkənləri
bir-bir düşdü
və getdi...Yaradanına ucalaraq Dünyasını dəyişdi...
...Yeni dünyan mübarəkdi, Vəsilə
xanım...
Şahnaz Şahin
525-ci qəzet.- 2015.- 30 aprel.-
S.8