Köynək
(hekayə)
Novruz Nəcəfoğluya
...Yayın qorabişirəni
idi. Qapı-pəncərəni açıq qoysa
da, Sənəm qarı hiss etdi ki, içəridə istidən-bürküdən yata
bilməyəcək. Hərçənd ki, yayın qısa gecələrindən
biri idi, gecədən də xeyli keçmişdi və sübh çağına da bir elə qalmırdı.
Canı tutmasa da, Sənəm
qarı çar-naçar
qalıb əringənlik
etmədi. Kilimi, yorğanı, yasdığı
otaqdan eyvana daşıyıb yerə sərdi.
Ayın aydınlığı idi. Göydə ulduzlar
bir-birinə göz vurub elə bil öz aralarında
nəsə danışır,
gizlicə pıçıldaşırdılar.
Bir anlığa canındakı soyuqluğu
yaddan çıxarıb
heyran-heyran ulduzlara baxan Sənəm qarı lap qəfildən fikirləşdi ki, görən gecənin bu dərin vaxtında
ulduzlar nədən danışır?..
Başına düşən bu fikirdən Sənəm qarının dodaqları qaçdı, hələ
bir gülümsəyən
təhər də oldu. Elə gülümsəyə-gülümsəyə
də Sənəm qarı cavanca bir qız oldu...
Ürəyi atlandı. Özlüyündə
şəkk-şübhəsi qalmadı ki, belə bir gecədə
ulduzlar da yəqin ki, elə sevgidən-məhəbbətdən
danışar...
Eyvanda hər tərəf küləkdöyən,
açıq olsa da, ona elə
gəldi ki, heç buralar da sərin deyil. Ancaq yerinin içinə girib gözlərini yuman kimi
qarı əlbəəl
yuxuya getdi. Hətta yanında kimsə olsaydı, onun yorğun xorultusunu da eşidə bilərdi...
...Sənəm qarı yuxu görürdü. Və çox qəribə idi ki, yuxulu olsa
da ,
qarı yuxunun içində yuxu gördüyünü elə
özü də bilirdi. Yoxsa yayın istisi, bürküsü hara, yuxusundakı qar, çovğun hara?..
Həmin
yay gecəsində Sənəm qarının
gördüyü yuxuda
qışın boranı,tufanı cövlan edirdi... Yuxuda olsa da, qışın bu soyuğu, sazağı elə bil birdən-birə
qarının canına
doldu.
Bəlkə də elə bu soyuqdan, şaxtadan
idi ki, o, yuxudan üşüyə-üşüyə
ayıldı. Qarı yayın bu cırhacırında tir-tir
əsirdi. Yuxudan üşüyə-üşüyə
ayılan qarı gözlərini bərk-bərk
ovuşdura-ovuşdura başının
üstündəki açıq
göyə baxdı.
Bu dəfə göyün alatoranında
tək-tük ulduz bir-birinə göz vurub sayrışırdı.
Hardasa uzaqlarda yuxudan erkən duran quşlar da səs-səsə vermişdi.
Dan qızarır, sübhün də sərin mehi əsirdi.
Sənəm qarı yuxusunu xatırladı. Və birdən-birə yenə də onu üşütmə tutdu. Az
qala birdən-birə dişi-dişinə dəydi.
Qarı
"bismillah" deyib
gözlərini ovuşdurdu.
İçəri otağa keçib
bardaqdan su götürüb qırışmış
sifətinə, üz-gözünə
vurdu. Söz yox ki, oyaq idi, yuxulu
deyildi. Bəs bu nə soyuq,üşütmə idi
ki, canına dolmuşdu?..
...Sənəm qarı yayın bu isti
sübh çağında
əynini qalın etsə də, vic-vicəsi keçmədi.
Hardansa
nadir hallarda tapıb əyninə keçirdiyi
yun jaketinin də xeyri olmadı.
Əstəğfürullah! Yayın bu cırhacırında
bəlkə sobaya çır-çırpı atıb
qalasın?! Qarı bu
fikirlə hətta damaltına yollanmaq da istədi.
Ancaq nə işdisə, birdən-birə
burasını da bildi ki, xeyr
ha, sobanı qalasa da, xeyri olmayacaq.
Bəs, indi neyləsin, necə eləsin?! Qarı hətta bir ara qəsdləndi
ki, çıxıb qapıya düşsün,
lap qonum-qonşunu haylasın
ki, donuram, üşüyürəm. Mənə
bir od-ocaq!..
Sənəm qarının yadına
birdən-birə yun
köynək düşdü.
O yun köynək ki, onu uzun
illər bundan əvvəl öz əli ilə toxumuşdu. O yun köynəyi toxuyanda, indiki Sənəm qarı cavanca bir qız idi.
Və o yun köynəyi toxuduqca elə bil dilinə
gətirə bilmədiyi
sözləri ilmələrin
dili ilə deyirdi: "Yayda buzumsan, qışda odum, ocağım, a Teyyub!.."
Sənəm o yun köynəyi toxuyub başa çatdıranda yay idi və o köynəyi
Teyyub bircə dəfə də olsa əyninə geyə bilmədi. Dava başlamışdı
və Teyyub da davaya yola
düşdü. Sənəmlə
ayrılanda ömür-gün
yoldaşının əlindəki
yun köynəyə baxa-baxa onu toxtadıb:
-Qışda yollayarsan, - dedi. - Sonra da
nə fikirləşdisə:
- Bəlkə elə
o vaxtacan dava da qurtardı, mən də geri döndüm...
Ancaq Sənəm
o yun köynəyi doyunca bir yastığa
baş qoymadığı
ərinə yola sala bilmədi. Qışacan Teyyubun qara kağızı
gəldi. Və elə
o vaxtdan da o yun köynək sandıqda qaldı.
Sənəm qarı birdən-birə burasını da bildi ki, onun titrəyən canını qızdıran yalnız o yun köynək olar...Və Sənəm qarı əlləri əsə-əsə sandığı açdı. Əlləri əsən qarı burasını heç bilmirdi ki, əllərinin bu titrəyişi olmaya canındakı soyuqdandır...
Sandığın dibindəki küncdən axır ki, köynəyi götürüb əlinə aldı. Elə bil canındakı soyuq da, az da olsa keçdi. Ancaq birdən elə bil ki, köynəyi tutduğu əllərinə qor düşdü.
Qarının gözlərindən süzülən bumbuz soyuq damcılar oda, közə dönüb əllərini yandırdı və qəribə idi ki, o od, o köz elə bil Sənəm qarının canını da isidirdi.
Bəlkə də ağladığından idi ki, yüngülləşirdi...
Ərinin qara xəbərindən, davadan sonra gözəl-göyçək dul qadına elçi düşən çox olmuşdu. Sənəm də hamısını boş, geri qaytarmışdı. Onu qınayanlar da olmuşdu. Sənəm isə hamısının ağzından vurmuşdu: "Yox, Teyyubdan sonra kürəyim qızar, ürəyim yox..."
lll
...Günəş çırt vurub çoxdan qalxmış, yayın isti bir səhəri açılmışdı. Günortaya da az qalmışdı. Bu vaxtacan toyuq-cücəni dənlətməyən Sənəm qarını həyət-bacada görməyib nigaran qalan qonşular ürəklərinə nəsə damıbmış kimi içəri keçəndə heyrətdə qaldılar. Yayın istisində çarpayısında uzanıb qalan Sənəm qarının əynində yun köynək vardı.
Qonşularını görən Sənəm qarı yarıyumulu gözlərini açıb yerindən dikəlmək istədi.
...Ağlı-huşu başında idi. Amma sayıqlayırdı, ya vəsiyyət edirdi, bilmək olmurdu. "Kəfənimin altından bu köynəyi də əyninə geyindirərsiniz! Ya da... - qarının bir ara səsi qırıldı, - ya da qəbrimə qoyarsız...
Aydın Tağıyev
525-ci qəzet.- 2015.- 30 aprel.-
S.8.