“Əl-ələ
tut gedək” kompozisiyası
təqdim olundu
Bu gün Beynəlxalq
Mətbuat Mərkəzində
(BMM) müğənni Xumar
Qədimovanın “Əl-ələ
tut gedək” kompozisiyasının
təqdimatı keçirilib.
Axşam.az-ın məlumatına görə,
tədbiri giriş sözü ilə şair, Azərbaycan Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid açaraq bəstənin ərsəyə gəlməsindən
bəhs edib:
“Əl-ələ tut gedək”
kompozisiyasının sözləri
Sona xanım Vəliyevaya, musiqisi Xumar xanım Qədimovaya məxsusdur. Sona xanımı
çoxumuz ictimai və mədəni proseslərlə, maarifçilik
tədbirlərilə əlaqədar
tanıyırıq.
Ancaq ədəbi
mühit üçün
Sona Vəliyeva ilk növbədə çox
gözəl şairdir. Onun “Çəhrayı
rəngli dünyam”, “Arazbarı” kimi şeirlər kitabı işıq üzü görüb və rəğbətlə qarşılanıb.
Hətta
“Ulduz” jurnalının
4-cü aprel sayında
“Arazbarı” hədiyyə
kimi oxuculara təqdim olunub. Bu, Sona xanımla
Xumar xanımın ilk
işbirliyi deyil.
Xumar Qədimova 2012-ci ildə Sona Vəliyevanın “Şükür ki, ölməmişəm” şeirinə
bəstələdiyi mahnını
səsləndirib. “Əl-ələ tut gedək”
kompozisiyasını orkestrdə
Əvəz Muradov müşayiət edir.
İnstrumental ifa Hikmət
Aslanova məxsusdur.
Burada Xalq artistləri Alim Qasımovla Nurəddin Mehdixanlının,
sənətçi Novruz
Savalanın da ifası yer alıb. Klipdə dərviş obrazı
var. Fərqli bir kompozisiya kimi ortaya çıxan bu əsərin maraq doğuracağına
və seviləcəyinə
inanıram”.
R.Məcid X. Qədimovanın sənəti
barədə də fikirlərini bölüşüb:
“Onun səsi, ifası mənim üçün əzizdir,
xüsusi dəyərə
malikdir. Xumar xanımın ifasını
hər dəfə dinləyəndə fərqli
auraya düşürəm.
Onun səsində, oxu tərzində qeyri-adilik
var. Həyatda və yaradıcılıqda da belədir.
Xumar birdən
qeyb olur, yoxa çıxır. Sonra məlum
olur ki, hansısa ciddi bir işlə, yaradıcılıq yenilikləri
ilə məşğul
imiş. “Əl-ələ tut gedək”
Xumar xanımın daha əvvəlki “Sevgi harayı” layihəsinin davamıdır.
Kompozisiyanın birinci hissəsi
həzin, sona yaxın isə qətiyyətli, hökm kimi səslənir və insanda fərqli təsirlər oyadır”.
Şairə Sona Vəliyeva çıxışında mahnının
musiqisinin də, ekran işinin də uğurlu alındığını bildirib:
“Müəllif şeiri yazır, oxuyan oxuyur, oxumayanın isə xəbəri olmur. Ancaq mahnı janrında o yayılır və daha geniş auditoriya qazanır. Mən buna görə Xumar xanıma təşəkkürümü bildirirəm. Vətən, torpaq haqqında mahnılara bəstəkarın, müğənninin müraciəti onun özünün böyüklüyüdür. Bunu Xumar xanımın əsərə yanaşmasında da görürük. İnsan öləndə unudulmur, unudulanda ölür. “Şükür ki, ölməmişəm” mahnımdan sonra mənə zəng vurub deyirdilər ki, elə bil ailəm, vəsiyyətim haqqında yazmısınız. Düşünürəm ki, Xumar Qədimova ilə çoxlu əsərlər yaratmaq olar. Çünki həyata, dünyaya baxışımız, fəlsəfəmiz eynidir. Mən burada musiqinin sözlərdən güclü olduğu qənaətinə gəldim. Xumar xanım onu tək də ifa edə bilərdi, amma şeirin tələbindən kompozisiya şəklinə salıb. Qoy bu klipin ayağı hamı üçün uğurlu, sayalı olsun”.
Xumar Qədimova bu kompozisiyadan əlavə, Sona Vəliyeva ilə daha bir möhtəşəm layihə hazırlayacağını deyib:
“Çıxışıma Sona xanımın sözləri ilə başlamaq istəyirəm: “Şükür ki, ölməmişəm. Elə belə, bu dünyadan getmişəm”. Bunu əbəs yerə demirəm. Bu iş başa çatanadək, mən onun özümdən asılı olan tərəflərini ərsəyə gətirənədək, şükür ki, ölmədim. Ona tam varlığımı, ürəyimi qoydum, torpağıma, vətənimə olan sevgimlə, ailəmdən aldığım tərbiyəylə, Sona xanımın qələminə olan sevgiylə yaratdım, canımı qoydum bu işə. Şükür Allaha ki, mən ölmədim, gözəl bir iş ortaya çıxardıq. Bu, təkcə Sona xanımla Xumarın işi deyil.
Bu gün hamımızın günüdür. Rəşad bəyə çıxışı və yanımızda olduğu üçün təşəkkür edirəm. Sona xanımla növbəti bir layihəmiz də olacaq. Allah eləsin, onda da oturub deyim, şükür ki, ölməmişəm. O da möhtəşəm bir kompozisiya olacaq. Çox danışmayım, qoy sirr qalsın. Bu, Sona xanımın çox fəlsəfi, məni dəli edən bir əsəri əsasında yaranacaq”.
Sənətçi, həmçinin, sentyabrda “Sən və mən” adlı yeni layihəsini təqdim edəcəyini deyib.
Daha sonra “Əl-ələ tut gedək” kompozisiyanın nümayişi olub.
525-ci qəzet.- 2015.- 30 aprel.-
S.7