Bir verilişin
tarixçəsi
Üçüncü yazı
Hələ uşaqlıq çağımdan
müəllim babamın,
eləcə də el-obamızın yaşlı
adamlarının dilindən
eşitdiyim xoş sözlər ürəyimdə
Azərbaycanın görkəmli
yazıçısı Mir Cəlal Paşayevin şəxsiyyətinə, yaradıcılığına
böyük rəğbət
yaradıb. Ali məktəbdə
təhsil aldığım
illərdə kitabxanalardan
birinci Mir Cəlal müəllimin əsərlərini
soruşurdum. Bir
dəfə "Bir gəncin manifesti" əsərini istəyəndə:
- Kitab oxuculardadır, - dedilər, - bir neçə gündən
sonra qaytaracaqlar.
Aradan günlər keçdi və "Bir gəncin manifesti"ni əlimə götürəndə çox
sevindim. Evə qayıdan kimi
başladım oxumağa,
qurtarana kimi kitabı əlimdən yerə qoymadım. Əsər məni sehrləmişdi, onun qəhrəmanları düşüncəmə hakim kəsilmişdi, xəyalımdan
getmirdi. Bütün varlığımla
Baharın dərdinə,
kədərinə acıyır,
Mərdanla bir nəfəs alırdım.
Sonrakı illərdə Mir Cəlal müəllimin bütün əsərlərini
oxudum, böyük yazıçının yaradıcılığına
dərindən bələd
oldum.
Günlərin birində həmyerlimiz, şair İlyas Tapdığın "Əziz
bir insanı xatırlayıram" adlı
xatirələr kitabı
əlimə keçdi. Maraqla oxudum.
Şair uzun illər qonşu olduğu unudulmaz yazıçımızın
həyat yolu, zəngin yaradıcılığı,
onunla ayrı-ayrı vaxtlarda görüşləri
barədə geniş
söhbət açır,
sənətkarın sadə,
səmimi bir insan, istedadlı qələm ustası olmasından məhəbbətlə
danışırdı.
İlyas
Tapdıqla növbəti
görüşümüzdə o, məndən soruşdu:
- Rauf, Mir Cəlal müəllimin Gədəbəydə
açılan muzeyində
olmusan?
Düzünü deyim ki, nə
cavab verəcəyimi bilmədim. Çünki son vaxtlar rayona
yolum düşməmişdi.
İş elə gətirdi ki, bir gün
İlyas müəllimlə
yolumuzu oradan saldıq. Muzeydəki kitablara, şəkillərə
baxandan sonra böyük ədib haqqında məlumatım
daha da zənginləşdi.
Öz-özümə dedim: "Nə üçün bu muzey haqqında veriliş hazırlamayım?!"
Arzumu tələbəlik illərindən
yaxşı tanıdığım,
hazırda İctimai Televiziyada çalışan
yazıçı-publisist Rafiq
Səməndərə bildirdim.
Rafiqin məsləhəti belə
oldu:
- Ssenarini yaz, gətir.
Həmin
ərəfədə Mir Cəlal
Paşayevin yaxın qohumu Cümşüd müəllimlə tanış oldum. O, biləndə ki, mən gədəbəyliyəm,
özüm də Mir Cəlal müəllim haqqında veriliş hazırlamaq istəyirəm,
çox sevindi. Söhbət
əsnasında Mir Cəlal
müəllim barədə
yadında qalan xatirələrini də danışdı. Sonra
məndən soruşdu:
"Görəsən Mir Cəlal
müəllimin vaxtilə
Gədəbəydə dərs
dediyi şagirdlərdən
qalanı varmı?"
Dedim bilmirəm, öyrənərəm.
Yenə də İlyas Tapdığa müraciət
etdim. İlyas müəllim dedi ki, onun yeganə
sağ qalan şagirdi Əmiraslan Nuriyev 90 yaşındadır,
rayon mərkəzində
yaşayır.
Bu xəbər məni
çox sevindirdi. Bunu Rafiq
Səməndərə deyəndə
qayıtdı ki, çox gözəl faktdır. Ancaq yaxşı olar
ki, verilişə Mir Cəlal müəllimin universitetdə dərs dediyi tələbələrdən
də dəvət edəsən.
Bundan sonra birinci növbədə unudulmaz yazıçımız Abdulla Şaiqin oğlu, hörmətli akademikimiz Kamal Talıbzadə ilə görüşdüm. O, öz ustadı barədə olduqca xoş, unudulmaz xatirələr danışdı! Sözünün axırında dedi ki, Mir Cəlal müəllim böyük yazıçı, alim-pedaqoq olmaqla yanaşı, həm də çox sadə, pambıq kimi yumşaq təbiətli, heç kəsin qəlbinə dəyməyən bir insan idi. Amma onun sadəliyində böyük əzəmət, xeyirxahlıq, nəciblik vardı.
Bunun ardınca professorlardan Təhsin Mütəllibovun, Qara Namazovun, Xalq şairi Nəriman Həsənzadənin, yaxın dostum İlyas Tapdığın xatirələrini lentə yazdırdım. Qalırdı bircə Əmiraslan müəllim. Yolun uzaqlığı, yaşının çoxluğu onu Bakıya dəvət etməyə imkan vermirdi. Çəkiliş qrupu ilə Gədəbəyə, onun görüşünə getdik. Birlikdə Mir Cəlal müəllimin muzeyində olduq. O, bizə sevimli müəlliminin kitablarını göstərir, onun Gədəbəylə bağlı hekayələri barədə həvəslə danışırdı. "Yalnız barmaqlar" hekayəsini isə xüsusi olaraq qeyd etdi.
Mir Cəlal müəllimin keçmiş şagirdi ustadının yolu ilə getmiş, taleyini qələmə bağlamışdı. Uzun illər pedaqoji fəaliyyətlə bərabər, rayon qəzetinin redaktoru işləmişdir. Söhbət zamanı iftixarla dedi: "Mən fəxr edirəm ki, Mir Cəlal müəllim kimi böyük sənətkarın şagirdi olmuşam. O, bütün Gədəbəy camaatının hörmətini qazanmışdı. Rayonumuzda dərs dediyi illərdə Mirzə Teymur, Əli Rəsulov və bir sıra başqa tanınmış ziyalılarla yaxından dostluq edirdi. Bu barədə onların övladları, nəvə-nəticələri həmişə ürəkdolusu, həm də fəxarətlə danışırlar".
İctimai Televiziyada bir neçə dəfə nümayiş etdirilən "Mir Cəlal xatirələrdə" verilişi geniş əks-səda doğurdu. Redaksiyaya, eləcə də müəllif kimi mənə çoxlu zənglər oldu. Təbii ki, bu, ilk növbədə hörmətli yazıçımızın adı ilə bağlıdır.
Unudulmaz sənətkar, bacarıqlı pedaqoq, adı böyük hərflərlə yazılan insan Mir Cəlal Paşayevlə bağlı üçüncü yazımı şair İlyas Tapdığın verilişdə səslənən misraları ilə yekunlaşdırmaq istərdim:
Yaxın dostlarıydı tələbələri,
Neçə gənc alimə qanad verirdi.
Vətəndaş şairi, üsyankar şeiri,
Mübariz adamı tərifləyirdi...
Rauf VƏLİYEV
Mir Cəlal Paşayev
ədəbi irsinin tədqiqatçısı
525-ci qəzet.- 2015.- 30 aprel.-
S.7.