"Multikulturalizmin
aktual məsələləri" mövzusunda elmi konfrans
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında
"Multikulturalizmin aktual məsələləri"
keçirilib.
Konfransda mövzu ilə bağlı müxtəlif məsələlər
işıqlandırılıb.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin baş məsləhətçisi,
Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə
və Sosial Psixologiya kafedrasının müdiri, professor Etibar
Nəcəfov konfransda "Etnik- mədəni müxtəlifliyin
tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti" mövzusunda məruzə ilə
çıxış edib:
"Müasir dövrdə dünya ölkələrinin
əksəriyyətində etnik, irqi, dini və mədəni
müxtəlifliklər mövcuddur.
İctimai inkişafda mədəniyyətin
aparıcı rol oynaması faktı cəmiyyətdə
etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin
vacibliyini vurğulayır. Bu müxtəlifliklər
dövlət tərəfindən tənzimlənmədikdə
və yaxud düzgün tənzimlənmədikdə, cəmiyyətin
inkişafının müxtəlif sahələrində ciddi
problemlərə, hətta münaqişələrə səbəb
olur. Buna görə də bu müxtəlifliklərin
düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli
dövlət üçün böyük praktiki əhəmiyyət
kəsb edir.
Multikulturalizm siyasəti müəyyən birləşmiş
cəmiyyət daxilində etnik-mədəni müxtəlifliklərin
və onların əsasını təşkil edən etnik-mədəni
dəyərlərin ən azı qorunmasına yönələn
bir siyasət kimi ictimai inkişafda mədəniyyətin
aparıcı rol oynamasını təmin edir. Bu siyasət nə
milli azlıqların etnik-mədəni dəyərlərini
assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin
inkişafını cəmiyyətin inkişafından təcrid
edir.
Multikulturalizm titular etnos ilə milli azlıqların
etnik-mədəni dəyərlərinin inkişafı
üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin
qarşılıqlı təsiri üçün əlverişli
zəmin yaradır.
Bəzi Avropa dövlətləri (Almaniya, Böyük
Britaniya, Fransa) başçıları milli azlıqların
müqavimətini əsas götürərək multikulturalizm
siyasətinin iflasa uğradığını bəyan etdikləri
bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi
özünün dövlət siyasəti kimi qələmə
verir. Bu siyasətin əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. AMEA-nın
həqiqi üzvü Kamal Abdullayevin qeyd etdiyi kimi, ümummilli
lider Heydər Əliyev multikulturalizmin hüquqi və siyasi
müstəvidə yerini müəyyən etmişdir. O,
Azərbaycanın gələcək uğurlu inkişafı
üçün dəqiq ideoloji hədəf seçdi və
öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər
boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə
yeni mərhələyə qaldırdı. Bu mərhələ
siyasi mərhələ idi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə
Prezident İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
multikulturalizm xalqımızın həyat tərzinə
çevrilib.
Multikulturalizmin vətəndaşların həyat tərzinə
çevrilməsi onun inkişafının ən yüksək
mərhələsidir. Bu mərhələdə vətəndaş
cəmiyyəti multikulturalizmin cəmiyyətdə
yayılmasında olduqca fəal rol oynayır.
Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir.
Azərbaycanda multikulturalizmin dövlət siyasəti və
həyat tərzinə çevrilməsi onun yüksək
inkişaf mərhələsindən xəbər verir. Elmi ədəbiyyatda
"multikulturalizmin Azərbaycan modeli" termini geniş
istifadə olunur.
Beləliklə, multikulturalizm cəmiyyətdə
mövcud olan etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsinə
yönələn digər siyasətlərdən fərqli
olaraq mədəniyyətin ictimai inkişafda aparıcı rol
oynaması ideyasının tələbinə cavab verir,
çünki o, etnik-mədəni müxtəlifliklərin əsasını
təşkil edən etnik-mədəni dəyərlərin
qorunmasına yönəlib. Multikulturalizmin bu cəhəti
onun səmərəli siyasət olması üçün
real imkan yaradır. Lakin bu imkanın həyata
keçirilməsi dövlətin bu istiqamətdə
atdığı konkret praktiki addımlardan asılıdır.
Azərbaycan Respublikası hətta multikulturalizm siyasətinin
meydana gəldiyi Qərb ölkələrindən də səmərəli
multikulturalizm modelini təklif edir. Ölkə Prezidenti cənab
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada
multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək
qiymətləndirilir".
Prezident
İlham Əliyev bir neçə
çıxışında Azərbaycanın multikulturalizm
sahəsində təcrübəsinin xarici ölkələrdə
öyrənilməsinin vacibliyini qeyd edib:
"Bizim təcrübəmiz öyrənilir. Əminəm
ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi
tətbiq olunduqda o ölkələrdə də dinlərarası,
millətlərarası münasibətlər sağlam zəmində
öz həllini tapacaq". "Azərbaycan
Multikulturalizmi" fənninin xarici ölkə universitetlərində
tədris olunması qeyd olunan təcrübənin öyrənilməsinin
bariz nümunələrindən biridir".
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru, professor Azad Məmmədov "Azərbaycan
Respublikasının multikulturalizm siyasətinin həyata
keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
rolu" mövzulu məruzəsində mərkəzin önəmini
önə çəkib:
"Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham
Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı
ilə təsis edilib. Bu addım bizim liderimizin
Azərbaycanda multikulturalizm ruhuna sədaqətini bir daha
nümayiş etdirdi. Multikulturalizmin həm
də öz tarixi kökləri vardır. Bizim
milli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycanda
tolerantlıq və multikulturalizm ənənələrinin bərpa
edilməsini təmin edib. Heydər
Əliyevin müdrik siyasəti sayəsində bu ənənələrin
qorunması bizim ölkəmizdə prioritetlərdən biri
olub. Heydər Əliyev multikulturalizm siyasətini
ölkənin demokratik inkişafının ayrılmaz tərkib
hissəsi hesab edirdi. O, etnik azlıqların hüquq və
azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin
qorunmasını insan hüquqları və əsas
azadlıqları çərçivəsində nəzərdən
keçirirdi.
Bu gün Prezident İlham Əliyev Azərbaycanda
multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş
bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin
bizim dövlət siyasəti və həyat tərzimiz
olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə
beynəlxalq əməkdaşlığa xüsusi önəm
verir.
Eyni zamanda, mən qeyd etməliyəm ki, Heydər
Əliyev Fondu da həmçinin bizim multikulturalizm və tolerantlıq
ənənələrimizin beynəlxalq arenada yeridilməsinə
böyük töhfə verir. Fond Azərbaycan
multikulturalizminin bizim ölkəmizin hüdudlarından
çox uzaqlarda yeridilməsi üçün yeni perspektivlər
açan çox vacib layihələr həyata keçirir.
Bu inkişaf sayəsində dünyada heç kəs
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis
edilməsi faktına təəccüb etməyib.
Özünün çoxəsrlik tolerantlıq və
multikulturalizm ənənələri olan Azərbaycan
xalqının bu cür təşkilatın
açılmasına mənəvi hüququ var. Biz əminik
ki, Azərbaycan uğurlu multikulturalizm siyasətinin
aparmasına parlaq nümunədir və biz öz təcrübəmizlə
dünya ictimaiyyəti ilə bölüşməyə
hazırıq".
A.Məmmədov
qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
öz fəaliyyətini iki əsas istiqamətdə həyata
keçirir:
" Birinci istiqamət - multikulturalizmin fənlərarası
perspektivlik nöqteyi-nəzərindən öyrənilməsi
ilə bağlı tədqiqat işlərinin
aparılmasıdır. Beləliklə, biz Azərbaycanda
multikulturalizm ənənələrinin və dünyada
multikulturalizm təcrübəsinin müntəzəm surətdə
tədqiqini təşkil etmək niyyətindəyik. Yuxarıda qeyd edilən məqsədlərin həyata
keçirilməsi üçün Mərkəz elmi
konfransların, seminarların, dəyirmi masaların
keçirilməsini, həmçinin kitab və
monoqrafiyaların dərc edilməsini planlaşdırır.
Bizim gələcək layihələrimizdən
biri də multikulturalizm jurnalının nəşr edilməsidir.
Mərkəz həm də universitetlərdə
multikulturalizm kursları təşkil edir. Hazırda biz
bu sahədə Bakının ali təhsil
ocaqları ilə əməkdaşlıq edirik.
Bizim fəaliyyətimizin ikinci istiqaməti - Azərbaycanda
etnik və dini icmaların nümayəndələrinin mədəni
irsinin qorunub saxlanılması və yeridilməsi məqsədilə
layihələrin həyata keçirilməsidir".
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman
Qasımoğlu "Multikultural təhlükəsizlik və
onun əsas prinsipləri" məruzəsində
vurğulayıb ki, multikultural təhlükəsizlik
anlayışı multikulturalizmin dövlət siyasətinə
dair istiqamətində yer alır və ölkənin milli təhlükəsizliyi
kontekstində mühüm yer tutur:
"Multikultural təhlükəsizlik milli təhlükəsizlyin
vacib komponenti kimi anlaşılır və ona görə də
aydındır ki, bu yeni anlayış ölkə daxilində
multikulturalizm situasiyasını siyasi
dayanıqlığın təminatçısı qismində
nəzərdə tutur. Başqa sözlə desək, dövlət
çoxmədəniyyətlilik mühitinin özündə
maraqlı olduğu üçün bu mühitə
qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik
əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi
ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə
yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası
təbəqələşmələrin yaratdığı
multikultural situasiyanın qorunub saxlanması və inkişaf
etdirilməsidır. Azərbaycan ərazisi
ən qədim tarixdən bu günədək etnik və dini
müxtəlifliyin vətəni olub.
Azərbaycanda uzun əsrlərdən bəri türk mənşəli çoxluqla yanaşı yaşayan rus, ukraynalı, belarus, gürcü, avar, ləzgi, erməni, başqırd, tatar, yəhudi, yunan, kürd, osetin, lak, talış, udi, tat, lahıc, buduq, qrız, haput, çek, saxur, xınalıq, inqiloylara son illər ərzində ərəb, əfqan, fars, macar, Çin, Koreya, kubalı, krım türkü, özbək, qazax, litvalı, latış, moldovan, eston, qırğız, tacik, türkmən, abxaz, aqul, buryat, inquş, dargin, kabardin, komi, qumuq, mari, noqay, udmurt, çeçen, çuvaş, adıgey, çərkəz, qaqauz və b. əlavə olunub. Bu etnik müxtəlifliyi dini müxtəliflik də tamamlayır. Ölkədə islamın müxtəlif qollarına mənsub çoxsaylı müsəlmanlarla yanaşı pravoslavlıq, katoliklik, protestantlıq, yəhudilik, beynəlxalq krişna şüuru, bəhailik və s. dini konfessiyalara mənsub dindarlar yaşayırlar.
Multikultural təhlükəsizliyin bu etnik-dini müxtəlifliyin qorunması və inkişaf etdirilməsilə bağlı prinsipinin həyata keçirilməsi Azərbaycan dövlətinin gördüyü tədbirlərdə öz əksini tapır".
Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev "Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri"ndən söz açıb: "Avropada, Amerikada isə irqi, etnik, dinlərarası ayrı-seçkilik, hətta bu zəmində toqquşmalar geniş miqyas almaqdadır. Bütün bunlar ideoloji, nəzəri-metedoloji səviyyələrdə də əks səda verir və siyasi davranış seçimini daha da çətinləşdirir, etnosentrizm, avropasentrizm, sivilizasiyaların toqquşması, mədəni relyativizm və s. kimi konsepsiyaların, miqrantofobiya, islamofobiya kimi davranış stereotiplərinin yayılması qlobal səviyyədə qlobal səviyyədə formalaqmaqda olan gələcək təhlükələrdən xəbər verir və bu sahədə sosial-fəlsəfi araşdırmaları həyati zərurət edir və eyni zamanda bu gün dünyanın ən ahəngdar mədəni müxtəliflik məkanlarından biri olan və artıq həmin sahədə ən mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycanın beynəlxalq miqyaslı mühüm Azərbaycan multikulturalizm ənənələri və müasir praktikasının daha ətraflı öyənilməsini aktuallaşdırır".
Müzakirələrdən sonra konfrans işini başa çatdırıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 30 aprel.-
S.6.