Sağlam həyat tərzi diabetin müalicəsində
mühüm amildir
İnsanın
sağlam həyat tərzi onda yaranan biləcək hər
hansı bir xəstəliyin qarşısının
alınmasında və ya əgər artıq xəstədirsə,
onun müalicəsində birmənalı olaraq zəruri amildir.
Sağlam həyat tərzi xəstəliklərin
profilaktikası və sağlamlığın möhkəmlənməsi
istiqamətində ən mühüm və vacib şərtdir. Fəlsəfi-sosioloji
və tibb elminin görkəmli nümayəndələri
artıq neçə illərdir ki, sağlam həyat tərzinə
cəmiyyət həyatının bütövlükdə tərkib
hissəsinin qlobal sosial problemi kimi baxırlar.
Mütəxəssislərin
qiymətləndirilməsi ilə insan
sağlamlığının 50-55 faiz məhz sağlam həyat
tərzindən, 20 faiz - ətraf mühitdən, 18-20 faiz - irsi meyllikdən və
yalnız 8-10 faiz - səhiyyədən asılıdır.
Sağlam həyat tərzini özünə gündəlik
olaraq təlqin edən və onun tələblərinə riayət
edən adamlarda həyat fəaliyyəti inkişaf edir,
uzunömürlülüyə və özünün sosial
funksiyalarını yerinə yetirməyə nail olurlar.
Artıq müəyyən edilib ki, məlum tibbi
patologiyalar arasında sağlam həyat tərzi tələblərinin
yerinə yetirilməsi ilə onun profilaktikası və fəsadlarının
müalicəsində ən mühüm nəticələr
şəkərli diabet (ŞD) xəstə insanlarda baş
verir. Sağlam həyat tərzinin müəyyən
edilmiş qaydalarına əməl etməklə ŞD xəstə
insanların həyat keyfiyyəti əhəmiyyətli dərəcədə
yaxşılaşır.
Diabet
üzrə görkəmli alimlərin, Ümumdünya Səhiyyə
Təşkilatının və Beynəlxalq Diabet
Federasiyasının tövsiyələri ilə ŞD xəstə
insanların sağlam həyat tərzi elementlərinə
aşağıdakılar daxildir: doğru qidalanma, fiziki
yüklənmə, əmək fəaliyyəti, istirahət və
pis vərdişlərdən (alkoqol, tütün) xilas olmaq.
Müəyyən edilmiş qida rejiminin gözlənilməsi
müalicə tədbirlərinin müvəffəqiyyətlə
aparılmasında önəmli bir amildir. Şəkərli
diabetin həm 1-ci, həm də 2-ci tipində qidalanmanın
kiçik həcmlərlə (gün ərzində 3-5 dəfə)
qəbul edilməsi məsləhət görülür,
özü də qida qəbul edilməsində gözlənilən
fasilə 3-5 saatdan artıq olmamalıdır.
Düzgün
qidalanma 2-ci tip şəkərli diabetlə xəstələrin
müalicəsində xüsusilə mühüm əhəmiyyət
kəsb edir. Bu və ya digər pəhriz proqramı şəkərli
diabetlə xəstə insanın sağlamlıq vəziyyətindən
asılıdır ( piylənmə, arterial
hipertoniya və s.). 2-ci tip şəkərli diabetlə xəstə
insanların qidalanmasında ümumi prinsip karbohidrat mübadiləsinin
normallaşdırılmasıdır. Bu məqsədlə
bütün ərzaqlar 3 qrupa bölünür:
" İcazəli (istənilən miqdarda yemək olar) - mürəkkəb
karbohidrat və bitki, meyvə qabığlı ərzaq, bura
daxildir: bütün tərəvəz növləri (kartofdan
başqa), yağsız hazırlanmış qidalar, çay,
kofe.
" Məhdud
(miqdarına ciddi nəzarət etməklə yemək olar) - tərkibində
yağlar az olan ərzaqlar bura daxildir: yağsız ət,
balıq, süd məhsulları, yağlılığı
30% az pendirlər, kartof, qarğıdalı, çörək
və un məmulatı, yumurta;
"Qadağan
edilmiş (qida rasionuna qatılması məsləhət
görülmür) - bu qrupa tərkibində çoxlu yağ
olan ərzaqlar, o cümlədən, yağlı ət,
balıq hisə verilmiş kolbasalar, quş dərisi, konservlər,
yağlılığı 30 faiz çox pendirlər, qaymaq,
xama, mayonez, qoz, tum, şəkər və şəkərli məmulatlar,
şirinli və alkoqol içkilər;
Məlum olduğu kimi, 2-ci tip şəkərli diabet xəstələrinin
əksəriyyəti artıq çəkidən əziyyət
çəkirlər, odur ki, onlara yağlı və
kaloriyalı yeməklərə məhdudiyyət qoymaları məsləhət
görülür. Ümumiyyətlə belə xəstələrin
bədən çəkisi kütləsinin tədricən
azalması birmənalı olaraq onların qanlarında olan
şəkərin kompensasiyasına kömək edir. Yəni məsləhət görülür ki, belə
xəstələr aşağı kaloriyalı ərzaqlardan
istifadə etsinlər, bu zaman ortaya çıxan enerji defisiti
- çatışmamazlığı ehtiyatda olan yağlı
toxumaların hesabına aradan götürülür ki nəticədə
artıq çəkidən xilas olunur.
1-ci tip və
insulindən asılı 2-ci tip şəkərli diabet xəstələrinin
qidalanmasında çörək vahidlərinin nəzərə
alınması mühüm şərtdir. Çörək
vahidləri haqqında məlumatları isə belə xəstələr
müalicə olunduqları həkim-endokrinoloqlardan və ya
xüsusi təşkil edilmiş Diabet məktəblərində,
həmçinin onlar üçün nəşr edilmiş
kitabçalardan maariflənə bilərlər.
Diabetli xəstələrin sağlam həyat tərzində
yerinə yetirəcəkləri ikinci mühüm element isə
onların mütəmadi fiziki yüklənmələridir. Fiziki yüklənmə
şəkərli diabetin kompleks müalicəsində ən
mühüm tərkib hissələrindən biridir.
Müntəzəm fizikin fəallıq toxumaların
insulinə olan hissiyyatını qaldırmaqla şəkərsalıcı
dərmanların təsirini artırır.
Qanda şəkərin normada saxlanılması və
ürək-damar xəstəliyinin profilaktikası
üçün şəkərli diabetlə xəstə
insanlar müntəzəm olaraq fiziki yüklənməli və
mülayim idman növləri ilə məşğul
olmalıdırlar. Fiziki yüklənməyə piyada yerimək, ev işləri, bağda işləmək və
s. daxildir. Mülayim idman növlərini isə hər bir
növünün seçilməsi həm sizin
marağınız və həm də müalicə həkiminin
məsləhəti ilə olmalıdır. Fiziki
təlimlərin və idman növünün müntəzəm
aparılması, onun uzun çəkməsi məhdudlaşdırılmalıdır,
bu fərdi və həkimlə məsləhətləşmə
ilə yerinə yetirilməlidir. Ancaq belə
olduqda sağlamlığa əngəl gətirmədən
yaxşı nəticə alınar. Ümumiyyətlə
idmanla məşğul olduqda qanda şəkərin miqdarı
nəzarətə götürülməlidir. Onun miqdarı çox olduqda (11 mmol/l-dən
çox) hər hansı fiziki yüklənmə əks
göstərişdir.
Ümumiyyətlə
şəkərli diabetlə xəstə insanların fiziki fəallığı
dövründə hipoqlikemiya ağrıları baş verə
bilər (qanda şəkərin az
olması). Buna görədə heç vaxt ac qarnına, yəni
qlikemiya 5.5 mmol/l - dən az olduqda fiziki
yüklənməyə yol verilməməlidir. Xüsusilə
bu 1-ci tip şəkərli diabetlə insanlarda idmanla məşğul
olduqda baş verir. Odur ki, belə adamlar öz yanında tez həll
olan karbohidrat (qənd, bal, limonad) götürməlidirlər.
Amma tələb edilən qaydalara əməl etdikdə hətta
idmanda yaxşı göstəricilərə də nail olmaq
olar. Artıq şəkərli diabeti olan
insanlardan idmanın bəzi növlərində dünya
çempionları da məlumdur.
Sağlam
həyat tərzinə tam əks olan vərdişlərdən siqaret çəkilməsi və
alkoqollu içkiləri göstərmək olar. Burada xüsusilə tütün (siqaret) çəkilməsini
sağlamlığa ziyan vuran ciddi vərdiş olduğu
ön plana çəkilməlidir. Siqaret
çəkən şəkərli diabetlə xəstə
insanların insulta, ürək tutmalarına, qan dövrüyyəsinin
pozulmasına gətirən risklər qaçılmazdır.
Odur ki, bu şəxslər tütünə birdəfəlik
"yox" deməlidirlər. Eləcə də
alkoqollu içkilərin şəkərli diabetin müalicəsində
mənfi təsirləri artıq çoxdan bəllidir. Ona
görədə onlardan ya tamamilə imtina etməli və ya
çox məhdud hallarda az miqdarda qəbul
edilməsi məsləhətdir.
Diabetli insanların doğru peşə seçimi, əmək
fəaliyyəti və təhsili də onların kompleks
müalicə sisteminə ciddi təsir edən cəhətlərdir. Bütün
bu fəaliyyət növləri onların şəkərli
diabetin müvazinətinin (kompensasiyasının) yaxşı
saxladıqları şəraitdə mümkündür.
Buradan da o nəticə çıxarılır
ki, hər bir diabetli şəxs özünənəzarət
prinsiplərinə ciddi əməl etməlidir.
Diabetli insanların həyat keyfiyyətlərinin
yaxşılaşmasında mühüm amillərdən biri də
onların vaxtaşırı istirahət zonalarında
(sanatoriya, istirahət evləri) dincəlib reabilitasiya
keçmələridir. Diabetli uşaqların
sağlamlıqlarının möhkəmlənməsində
isə yay sağlamlıq düşərgələrində
onların istirahət etmələri yaxşı nəticələr
verir. Keçən illərdə
respublikamızda "Heydər Əliyev Fondu"nun təşkil
etdiyi yay sağlamlıq düşərgələrində
istirahət edən uşaq və yeniyetmələr, həmçinin
onların valideynləri bu tədbirdən çox razı
qaldıqlarını bildirmişlər. Ancaq bu iş hər
il daimi aparılmalıdır. Bu lazımi tədbir isə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinə həvalə edilmişdir.
Fəaliyyəti
və məqsədi şəkərli diabet xəstələrinin
hüquqlarının qorunması və onların maariflənməsinə
istiqamətlənən
Azərbaycan Diabet Cəmiyyətinin bu mövzunu
qabartması heç də təsadüfü deyil. XX əsrin sonu və XXI əsrin əvvəlində
yaranmış gərgin ictimai -siyasi, texnogen, ekoloji, psixoloji,
siyasi və hərbi xarakterli risklərin artması nəticəsində
müasir insan orqanizminə düşən yükün və
onun psixoloji vəziyyətinin neqativ sürüşmələri
bütünlükdə cəmiyyətin ümumi səhhətinə
çox pis təsir göstərmişdir. Bu mövcud vəziyyətin qabarıq təsiri şəkərli
diabet xəstəliyinin artıq epidemiya sürətilə
bütün dünyada yayılmasında özünü
göstərir.
Bu gün dünyada 366 milyon insan diabetdən əziyyət
çəkir, 280 milyondan da çox insan isə xəstəliyə
yüksək risk qrupuna daxildir. Əgər qarşıda bu xəstəliyə
qarşı ən
təsirli tədbirlər görülməzsə
onda 2030-cu ilə diabetli insanların sayı 552 milyona, risk
qrupuna daxil olanların sayı isə 398 milyona çatacaq.
Bu məkrli xəstəlikdən ildə 4 milyondan
çox insan dünyasını dəyişir, on milyonlarla
insan isə ya əlil olur ya da diabetin
ağırlaşmalarına gətirib çıxaran infarkt
miokarda, insulta, böyrək
çatışmamazlığına, korluğa və
amputasiyalara məruz qalırlar.
Diabet - bu təkcə səhiyyənin böhranı
deyil, bu dünya miqyasında faciədir. Məhz bunu nəzərə
alan Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyası diabet barədə Qətnamə qəbul
etmiş (20 dekabr 2006-cı il), 2011-ci ildə isə hökumət
başçılarının iştirakı ilə
Qeyri-İnfeksion xəstəliklərinə (QİX) aid Siyasi Bəyannamə
yaymışdır. Bəyannamədə QİX arasında şəkərli
diabet xüsusi qabardılmışdır.
Diabetlə vəziyyət bizim respublikada da ürəkaçan
deyil. Əgər XXI əsrin ilk ilində Azərbaycanda
56.0 min nəfər diabet xəstəsi vardırsa, hazırda
onların sayı 220.0 mini ötmüşdür.
Dünyanın bir çox inkişaf etmiş ölkələrin
hökumətləri diabetin müalicəsi üçün
çəkilən xərclərin öhdəsindən gəlmək
üçün müəyyən tədbirlər
görürlər. Bizim dövlətimiz də bu barədə önəmli
addımlar atmışdır, belə ki, əgər 2005-ci ildə bu məqsədlə
dövlət büdcəsindən məxsusi olaraq diabet
proqramını yerinə yetirmək üçün 6.0 milyon
manat ayrılmışdısa, 2015-ci ilin dövlət büdcəsində
bu məqsədlə 35.4 milyon manat nəzərdə tutulub. Bununla belə bu məbləğ diabet üzrə qəbul
edilmiş Tədbirlər Proqramını tam həyata
keçirmək üçün yetərincə deyil. Diabet ictimaiyyəti ümid edir ki, bu məsələyə
qarşıdakı illərdə xüsusi əhəmiyyət
veriləcək. Həm də onu nəzərə almaq
lazımdır ki, hər il şəkərli
diabet xəstələrinin sayı təxminən 15% artır.
Yazımı onunla bitirmək istəyirəm
ki, sağlam həyat tərzini özünə müntəzəm
təlqin edən iradəli insanlar bu xəstəliyin problemlərinə
qarşı vaxtında adekvativ müalicə tədbirlərini
yerinə yetirərsə onda həyat onlar üçün tam
mənalı olub onun bütün sahələrində
dolğun fəaliyyət göstərə bilərlər.
Akif Muxtarov
525-ci qəzet.-
2015.- 3 aprel.- S. 4.