Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şəkinin yeri və rolu
(Əvvəli 31 mart sayımızda)
Şəki təkcə qədim tarixi, memarlıq abidələri
ilə deyil, həm də görkəmli şəxsiyyətləri
ilə Azərbaycanın dövlətçililk və mədəniyyət
tarixində önəmli rol oynayır.
lll
Görkəmli aktyor İsmayıl Osmanlı 1902-ci ildə
Şəkidə (Nuxa) kasıb ailədə doğulub. Mükəmməl
təhsil görməyib. On bir
yaşından yetim qalan İsmayıl, Şəki ipək
fabrikində, dabbaqxanada işləyib. 1920-ci
ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə
üzv yazılıb. 1922-ci ildə Gəncəyə
köçüb və 6 il buradakı həvəskarlar
teatrında çalışıb. 1928-ci ildə
Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət
alıb. 1929-cu ildə Bakıya gələrək
Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının
sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında
xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin,
həm də komediyalarda məsxərəli və satirik
rolların ifaçısı olub. Əsas rolları bunlardır:
Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar",
"İnsan" və "Vaqif", Səməd Vurğun),
Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan",
"Səyavuş" və "Knyaz", Hüseyn Cavid),
Munis, Kərim Rəhimli ("Nizami" və "Alov",
Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd",
Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl
çeşmə", Qurban Musayev), Məşədi Cəfər
("Dağılan tifaq", Əbdürrəhim bəy
Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil,
Qasım ("Xoşbəxtlər",
"Aydınlıq", "Küləklər",
"Əliqulu evlənir" və "Nişanlı
qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski,
("Həyat" və "Kəndçi qızı",
Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi",
Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib
("Ölülər" və "Dəli
yığıncağı", Cəlil Məmmədquluzadə),
Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və
"Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir
("Bahar suları", İlyas Əfəndiyev), Cəbi
("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər
bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə),
Əşrəf ("Türkiyədə", Nazim Hikmət),
İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze),
Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn
("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator,
Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və
"Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və
karandışev ("Müdriklər", "Tufan" və
"Cehizsiz qız", Aleksandr Ostrovski).
İsmayıl
Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər"
(daxili işlər naziri), "Bir məhəlləli iki
oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy),
"Əsl dost" (Usta Şirəli), "Yenilməz
batalyon" (Yusif), "Mən ki gözəl deyildim"
(Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar
sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"
(Nəimi), "Yeddi oğul istərəm" (Kələntər)
və sair filmlərdə çəkilib.
İsmayıl
Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-in Əməkdar
artisti, 21 iyul 1949-cu ildə Xalq artisti, 1 avqust 1974-cü ildə
SSRİ Xalq artisti fəxri adları ilə təltif olunub. 22 iyun 1978-ci ildə vəfat edib. Məzarı
Fəxri Xiyabandadır.
Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl
Dəmirçizadə 1909-cu ildə Şəkidə anadan
olub. O, ibtidai
və orta təhsilini Şəkidə alıb, əvvəlcə
"Həqiqətül- maatif" adlanan yeni tipli məktəbdə,
sonra isə "Şəki nümunə zəhmət" məktəbində
oxuyub. Şəki Müəllimlər
Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından
2 saylı şəhər məktəbində müəllim
kimi əmək fəaliyyətinə başlayıb. Onun ilk məqaləsi də həmin ildə "Yeni
Məktəb" məcmuəsində dərc edilib.
Dəmirçizadə gəncliyində bədii
yaradıcılığa böyük həvəs göstərib,
bir sıra şeirlər, hekayələr və oçerklər
yazıb.
Lakin onu elmi iş daha çox maraqlandırıb və buna
görə də bütün fəaliyyətini elmi təhqiqat
sahəsinə istiqamətləndirib.
O, 1929-cu
ildə Bakı şəhərinə gəlib və ADU
Pedaqoji fakultəsinə daxil olub. Burada B. Çobanzadə,
Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A.Şaiq kimi
görkəmli alim və yazıçılardan dərs
alıb. Həmin fakültəni bitirdikdən
sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə
yanaşdığı müəllimliyini davam etdirib. O,
1933- cü ildə yenidən Bakıya gəlib, APİ-nin
"Dillər" kafedrasına aspirant qəbul olunub. 1936-cı ildə "Türk dili" adlı ilk
kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni
1938-ci ildə "Azərbaycan ədəbi dili tarixinin
xülasələri" adlı ikinci kitabı işıq
üzü görüb. Dövrün
görkəmli alimləri Y.E. Bertels, S.E.Malov və İ.K.
Dmitriyev sonuncu kitabın namizədlik dissertasiyası kimi
müdafiəyə layiq olduğunu bildirib. 1940-cı ildə Ə.Dəmirçizadəyə
filologiya elmləri namizədi alimlik dərəcəsi verilib.
Dil tarixi sahəsində elmi təhqiqatlarını davam
etdirən təhqiqatçı 1944-cü ildə "Azərbaycan
dilinin tarixi (qədim dövr)" adlı əsəri
müdafiə edib. 1945-ci ildə isə professor elmi adına
layiq görülüb. Ə. Dəmirçizadə 1940-cı
ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən
ömrünün sonuna qədər isə APİ-də
"Azərbaycan dilçiliyi" kafedralarına rəhbərlik
edib. 1955-ci ildə Azərbaycan SSR EA-nın
müxbir üzvü seçilib. Onun 20-dən
çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi
çap olunub. Bu əsərdə
yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin
işlənilməmiş sahələri (fonetika, orfoepiya,
etimologiya, üslubiyyat, dil tarixi və s.)
araşdırılıb. Alimin "Azərbaycan dili
tarixi xülasələri" (1938), "M.F. Axundov dil
haqqında və Axundovun dili" (1941), "Azərbaycan
dilinin tarixi" (1948), "Azərbaycan ədəbi dilinin
inkişaf yolları" (1959), "Kitabi-Dədə
Qorqud" dastanının dili" (1959), "Azəri ədəbi
dilinin tarixi" (1967), "Azərbaycan dilinin tarixi
qrammatikası"(1967) və ölümündən sonra
çap olunmuş "Azərbaycan ədəbi dilinin tarixi
(II hissə)" kitabları yalnız Azərbaycan
dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirib.
Dəmirçizadə nəzəri dilçilik məsələləri
ilə yanaşı, təbliği dilçilik problemlərini
də həll etməyə çalışıb, "Azərbaycan
dili orfoepiyasının əsasları" (1969)
kitabını ədəbi tələffüz, onun mənbələri,
pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə
təfəffüz məsələlərinə həsr edib. O, etimoloji tədqiqatlar sahəsində
də xeyli iş görüb, araşdırmalarını
ümumiləşdirərək 1962-ci ildə "50
söz" adlı orijinal kitab nəşr etdirib.
Azərbaycan dilçiliyi üzrə yüksək
ixtisaslı elmi kadrların hazırlanmasında professor Dəmirçizadənin
böyük rolu olub. O, 50-dən çox elmlər namizədi və doktoru
hazırlayıb. 1979-cu ildə vəfat edib.
Paytaxt küçələrindən biri onun
adınadır.
Tanınmış azərbaycanlı jurnalist Gülarə
Qədirbəyova da Şəki torpağının yetirməsidir.1903-cü
ildə Nuxa qəzasının Baş Göynük kəndində
molla ailəsində dünyaya gələn G. Qədirbəyova
1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində
müəllimlik edib.
Tezliklə
ictimai-siyasi fəaliyyətə cəlb olunub, 20 yaşında
Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə
irəli çəkilib, Şəki, Şamxor (indiki Şəmkir),
Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik
edib, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin
müdiri vəzifəsinə irəli çəkilib,
"Şərq qadını" jurnalının redaktoru
olub, 1930-1937-ci illərdə isə Əli Bayramov adına
qadınlar klubunun müdiri vəzifəsində işləyib.
"Şərq qadını" jurnalı ilk
fəaliyyətə başladığı gündən onun səhifələrində
çıxış edən ilk müxbir qız olub. O vətəninin,
millətinin tərəqqisi naminə qətiyyətlə
mübarizə aparıb, mətbuat səhifələrindəki
alovlu publisist yazıları ilə Azərbaycan
qadınlarının maariflənməsində böyük
xidmətləri olub.
1936-cı
ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə
əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi
altında yazılmış "Bir sarayın tarixi"
adlı kitab millətçilik ruhunda yazılmış əsər
kimi ciddi tənqid edilib, Hüseyn Cavid, Əhməd Cavad, Seyid
Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin
olmasına görə onu antisovet fəaliyyətdə
iştirak edən, əksinqilabi təşkilatın
üzvü kimi təqib etməyə başlayıblar.
Azərbaycan
SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi
zamanı təzyiq altında alınan böhtançı ifadələrdə
Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın
üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş
İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata
cəlb edilməsi göstərilib.1938-ci il iyulun 23-də
Gülarə Qədirbəyovanın həbsi barədə
L-956 saylı order verilib, üç gündən sonra isə
o, İsmayıllı rayonunun Basqal kəndində
anasının dəfn mərasimində həbs olunub. O, 4 dəfə
- 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın
31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il
noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunub, hər
dəfə də günahsız olduğunu qeyd edib. 1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın
istintaq işinin bitməsi haqqında protokol tərtib edilib,
protokolla tanış olan müttəhim ora bu sözləri əlavə
edib: "Mən partiyanın namuslu və sadiq üzvü
olaraq qalıram".
Xüsusi
Müşavirənin 1939-cu il 9 iyul tarixli
(protokol №14) qərarı ilə Gülarə Qədirbəyova
5 il Sibirə sürgün edilib, 1942-ci ildə isə Sibir
sürgünündə dünyasını dəyişib.
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR
Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul
tarixli qərarı cinayət tərkibi olmadığına
görə ləğv edib və ona bəraət verilib.
Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf
Rəhmanov 1938-ci il yanvarın 3-də
güllələnib, qardaşı Kərim Qazıyev isə
Müsavat Partiyasının fəal üzvü kimi
sürgün edilib. Hazırda Baş
Göynük kəndindəki 1 saylı orta məktəb
Gülarə Qədirbəyovanın adını
daşıyır.
(Ardı var)
Sevinc ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 3 aprel.- S. 6.