Arifin tövbəsi
UNUDULMAZ
ŞAİR VƏ ALİM ARİF ABDULLAZADƏNİN 75
İLLİYİNƏ
Uzun illər bundan əvvəl çox sevdiyim bir mahnı vardı.
Hazırladığım radio verilişlərində
yeri gəldikcə onu səsləndirərdim." Hər şey
gözəldir həyatda"
adlanır. Akif İslamzadə
ilə Brilyant Dadaşovanın duet şəklində
oxuduqları bu mahnının sözləri
Arif Abdullazadənindir.
Son dərəcə böyük məhəbbətlə
yazılıb. Görünür, Arif bu dünyanı
dərk eləmək istəyəndə həyatda
hər şey ona gözəl görünürdü. Elə bəlkə
də onu poeziya aləminə gətirən də bu gözəllik olmuşdu. Ona görə də bu gözəlliyi bütün varlığı
ilə duymaq , sanki içinə
çəkmək istəyirdi.
Amma sadəcə olaraq bununla kifayətlənmək
də istəmirdi. Özü də mahnıda
deyildiyi kimi, zərrə qədər də olsa bir
gözəllik yaratmaq
niyyətindəydi. Bu niyyətinə isə qismətinə düşən
ömür payında
elə bilirik az da olsa nail ola bilmişdi.
Ən azından bayaq söhbət açdığımız
o qəlboxşar mahnının
sözlərinə görə.
Amma təəssüf ki, həyatda hər şeyi gözəl görmək istəyən
bu şair, gördüyü min bir gözəllikdən yetərincə
kam ala bilməmişdi.
Özünün obrazlı
şəkildə dediyi
kimi uşaqlığının
üzünü görə
bilməmişdi , gəncliyinin də izini elə
gəncliyində qoyub
gəlmişdi.
Uşaqlığın qoynunda zamanı
yelə verib,
birdən birə qocaldım,
Ömürlük uşaq qaldım .
İndi bu it ilində
Şəhərin sahilində , Xəzərin sağ əlində ,
Saç- saqqalı ağarmış kimsəsiz
bir uşağam.
İnsan seli adlanan bu arı pətəyindən
milyon illik uzağam.
Bu "kimsəsiz uşaq"
obrazlı şəkildə
desək ömür yolunu sanki dördnala
çapdı. Çapa - çapa gəlib
tənhalığına qovuşdu.
Həm özünün , həm də
özü kimilərinin
taleyini qələmə
alaraq dedi ki,
Tənha şairlərin ömür
günləri ,
Ömrün açılmamış
izindən keçir.
Tənha şairlərin tənhalığı
da ,
Özünə tuşlanır , özündən keçir.
Aprelin 5- i tənhalığı özündən
keçən, nasir, ədəbiyyatşünas Arif
Abdullazadənin anadan olduğu gündür. Sağ olsaydı, 75 yaşı tamam olacaqdı. Yaşının 50-si Azərbaycan üçün çətin
bir dövrə təsadüf etmişdi.
1990-cı ilə. Bu 50-nin gəlişindən özü də narazı qalmışdı.
Ya belə gec, ya belə tez
Niyə gəldin 50 yaşım?
Yurdum hələ qarasını
soyunmayıb
Yurdum hələ qəlbdolusu
ovunmayıb
Hansı evin işığına
Hansı səsə-küyə
gəldin 50 yaşım?
Bu misraları yalnız
o faciəni bütün
varlığı ilə
yaşayan bir insan yaza bilərdi. Necə ki,
yazdı. Amma heç
60-ı da onu sevindirmədi.
Bu 60 nə
yaman daş- kəsəklidir.
Çoxumuz bu həddi keçə bilmirik - dedi.
Amma özü çətinliklə
də olsa keçə bildi. Altmışından sonra cəmisi iki il yaşadı.
Yetmişinə yetə bilmədi.
Sən demə, ona cəmisi 62 illik bir ömür yazılıbmış. Bu 62 ildə, özünün təbirincə desək,
"adamlar arasında
insan axtarışında"
oldu.Təəssüf ki,
axtardığı gördüyü
çoxun içində
az idi.
Amma nə yaxşı ki, onun bu
azdan əxz elədiyi çox oldu. Ən başlıcası da bu oldu
ki, öz daxili azadlığını
qoruyub saxlaya bildi. Bu azad ruhlu şair günlərin bir günü ömür yolunda qazandıqlarını
saf- çürük
eləyərək nəzmə
çəkib belə
dedi:
Nə bir mənsəb,
nə rəyasət ,
Nə can şövqü arxasınca
düşüb getdim.
Nə var-dövlət yığa
bildim, nə cah- cəlal,
Nə də sərvət qoyub getdim.
Gözüm toxluqdan qaraldı.
Qısqananlar qısqandılar,
qısqanmaqdan usandılar.
Daşladılar , şər
atdılar ,
duyğulardan çələng hörən
büsatıma.
Beş-on şeir, beş-on
nəğmə əkməsəydim,
Kim ağıllı
söyləyərdi bu
sərsəri həyatıma.
Arif Abdullazadə
ömrünü tənhalıq
dünyasından salaraq
həyatını büsbütün
ədəbiyyata qurban
verənlərdən oldu. Bizim yaşadığımız , çox zaman
da əcaib qanunları ilə barışdığımız bu dünyaya Arif Abdullazadə öz dünyasından baxıb keçdi. Amma bir həqiqət də var ki,
sadəcə olaraq baxıb keçmədi.
Bilənlər bilir ki, öz sözünü yetərincə deyib keçdi.
Onun fikrincə
"şair sərbəst
olmalıdır. Bir metafora, bir təşbeh işlədəndə
düşünməməlidir ki, buna nə
deyərlər. Çünki bir zaman gələcək
o mütləq dərk
olunacaq". Elə
Arif Abdullazadənin özü də bu gün dünənkindən
daha yaxşı , daha aydın
dərk olunur.
Arif Abdullazadə
1940-cı ildə Şəkidə
dünyaya gəlib. Atası Abdurəhman
müəllim dövrünün
çox tanınmış
ziyalılarından biri
olub. Onun xeyirxah əməlləri
bu gün belə yaddaşlarda qalmaqdadır. Arif Abdullazadə
1961-ci ildə Bakı
Dövlət Universitetinin
Filologiya fakültəsini
bitirib. "Arzular" adlı ilk şeirlər kitabı isə 1964- cü ildə dərc olunub. Sonralar davamlı olaraq
çoxsaylı nəzm
və nəsr əsərləri oxuculara
təqdim edilib.
O elmi fəaliyyətinə
də elə 60- cı illərdə başlayıb. "Qantəmirin
həyat və yaradıcılığı " mövzusunda namizədlik dissertasiyasını
müdafiə edib.
"Azərbaycan poeziyasında üslublar
və istiqamətlər"
adlı doktorluq dissertasiyası da öz dövründə birmənalı qarşılanmayaraq
böyük mübahisələrə
səbəb olsa da, bu elmi
araşdırmanın əsl
mahiyyəti sonralar dərk olunub. Amma dərk olunmayan bir həqiqət
yaşanıb . Baharlı bir gündə
dünyaya gələn
Arif, elə bir baharlı gündə də bu dünyanı tərk edib. Bütün ömrü isə şaxtada, boranda, sazağda keçib.Çox
zaman misraları dodağında donub, arzuları ürəyində.
Elə ona görə də dünyasını dəyişəndə kimsəyə
əlvida deməyib.
Macal tapıb deyə bildiyi isə bir bu
olub ki, "
bir də bu dünyaya gəlmərəm daha".
Amma dili desə də şair ruhu bu qərarda israrlı ola
bilməz. Gələcək, mütləq gələcək.
Ən azından hər baharda gələcək.
Özünün dediyi
kimi "sular durulanda ,
lalələr yananda,vurğun
könüllər titrəyəndə"
gələcək.
Gələcək, Xəzərin sahilini də dolaşacaq. Dolaşdıqca şair ruhu şad olacaq. Olsun! Mən də çalışdım
ki, bu kiçik
yazı ilə bu dünyadan incik düşən bir şair , bir nasir
, bir sənət fədaisi yad olunsun. Amma dünyadanmı
incik idi Arif Abdullazadə , yoxsa bu
dünyanın sakinlərindən?
Bu sualın cavabını
yalnız özü verə bilərdi. Özü isə o zaman da bu "dünyanın
insan selindən milyon illik uzaq
idi", bu gün də uzaqdır. Odur ki, ömürlük
açıq qalan bir çox suallar kimi, bu
sual da həmişəlik
cavabsız qalacaq.
Fikirləşdikcə bu məşhur misralar düşdü yadıma:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin...
Bəlkə doğrudan da, sağlığında yaxşılara
yaxşı deyilsə,
bu dünyadan köç edəndə də yaxşılıq apararlar. Ən azından
Arif Abdullazadə kimi "bir də bu dünyaya
gəlməyə tövbə " deməzlər.
Zərxanım
ƏHMƏDLİ
525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.