Yadındamı, Aqil Abbas?

 

Aprelin 1-də dünyaya gəldin. Biz ona  "Aldatma günü" deyirik. Dünya "Gülüş günü" kimi qeyd eləyir. Hər ikisi qəbul olunandır - onda da, bunda da gülüş var. Bilmirəm,  bəlkə o zaman Məhəmməd kişiyə "oğlun olub" desələr əvvəlcə inanmayıb. Axı, aprelin  1-i... Səni ilk dəfə görəndə özünü gülməkdən saxlaya bilməyib. Səni qarışla  ölçüb:

 

- Ə, bu bir qırıqdı. Bundan olacaq?!

 

Amma sən oldun. Aqil Abbas oldun. Yazıçı, jurnalist, ssenarist, millət vəkili, fəxri adlara, mükafatlara layiq görülmüş Aqil Abbas! Yaxşı dost, sadədən sadə insan, gülənlə gülən, ağlayanla ağlayan Aqil Abbas!

 

lll

 

Pulumuz qurtarmışdı. Sənin kirayə qaldığın evdən çıxıb  nəşriyyata  payi-piyada gedirdik. Nərimanovun heykəlinin önündən keçəndə (Allah o kişiyə rəhmət eləsin) yerə səpələnmiş pulları gördüm. Fikrini  yayındırmaq  üçün o kişinin heykəlinə baxıb nəsə soruşdum. Sən başını qaldırıb o möhtəşəm insandan danışanda, mən yerə səpələnmiş pulları  yığdım. Hamısı 5-lik idi. Ayılanda əlimdəki pullara baxıb  şok keçirdin:

 

- Ə, bunları  hardan aldın?

 

Nərimanovu göstərdim:

 

- Odeyy, o kişi verdi.

 

- Mən ölüm? - deyib  çaşqınlıqla  bir əlimdəki pullara, bir Nərimanova baxdın.

 

İkimiz o kişiyə rəhmət oxuduq. Belə xoşbəxtlik tələbəni hər zaman tapmır. öz aramızdı, həmin gün  yaxşıca yeyib-içib, kef elədik.

 

lll

 

Günlərin birində dedin ki, bir tanış adam rəhmətə gedib. Oraya baş çəkək. Lökbatana çatanda  elə ilk  hüzr mağarının yanında  maşından düşdük (Onu da deyim ki, respublikanın bütün mollaları  müğənniləri  səni "daimi kliyent" kimi tanıyırlar, toyda, yasda səni görməyəndə  dilxor olurlar). Astadan soruşdum:

 

- Aqil, əminsən ki, düz gəlmişik?

 

Az qala bomba kimi partladın:

 

- danışırsan, ə?! Mən bura yüz dəfə gəlmişəm.

 

Mağara girdik. Az adam vardı. əlbəttə, həmişə olduğu kimi, səni tanıdılar. "Növbətçi" molla ayağa qalxıb ikiəlli salamlaşdı. Bir əliboş qayıtmadı. Ovcuna  pul basdın. Başqaları da yaxınlaşıb görüşdü. Cavan bir oğlan  bizimlə üzbəüz oturub dil-ağız elədi:

 

- Sağ olun, Aqil müəllim, ayaqlarınız var olsun. Zəhmət çəkmisiniz.

 

- zəhmət? - deyə xoşgörü yaratdın, - Mənim borcumdu. O kişinin xətrini  çox istəyirdim.

 

Oğlan tutuldu. Amma sən öz işindəydin:

 

- Allah rəhmət eləsin! Gözəl kişiydi. Hər dəfə məni danlardı ki,  az görünürsən, ürəyim səni istəyir. Heç olmasa ayda bir dəfə gəl görüşək. Adam indi heyfslənir. Qabaqlaşanda  küçənin ortasında öpüşürdük. Gözəl kişiydi, əsl o köhnə  kişilərdən.

 

Oğlan qıpqırmızı olmuşdu. Nəhayət, dözə bilmədi.  Bayaqdan bəri ürəyimi bürüyən şübhə özünü doğrultdu:

 

- Aqil müəllim, rəhmətə gedən atam deyil e, anamdı.

 

Mən həm sarsıldım, həm   az qala bomba  kimi partlayacaq  gülməyimi  zorla  saxladım. Amma sənin o an, məhz o an, heç saniyələr keçməmiş vəziyyətdən çıxma qabiliyyətin  məni  heyrətə  saldı:

 

- Bilirəm anandı! (Əlbəttə, bilmirdin, Aqil!) Belə, bilirsən kişi kimi  arvad idi. Ona görə belə deyirəm. Mən onu  heç vaxt  qadın kimi qəbul eləməmişəm. Sənin anandı, amma mənim gözümdə bir kişidi, əsl kişi!

 

Oğlanın rəngi açıldı. Mən rahat nəfəs aldım. Üzrxahlıq eləyib mağardan  çıxdıq. Maşına  oturanda:

 

- Ə, sən öl, düz gəlməmişik  e. Onların evi bax o məktəbin arxa tərəfindədi.

 

Özümü saxlaya bilmədim:

 

- Aqil, getməyinə gedirik. Amma bir məsələni dəqiqləşdir. Rəhmətə gedən arvaddı, yoxsa kişi?

 

Qəhqəhə  çəkdin:

 

- Ə, yox, o kişidi...

 

lll

 

Qarabağ müharibəsinin ağır günləri idi. Birlikdə Tərtərə getdik. Sərdar Həmidovla, Nəcməddin Sadıqovla, əsgərlərlə görüşdük. Əynində qəşəng bir köynək vardı. Sarımtıl əsgər  köynəyi, daha  doğrusu, amerikan zabitlərinin geyindiyi  forma. Yolboyu gözüm onda qalmışdı.

 

Səhər sən Ağdama, mən Kəlbəcərə  getməliydik. Dedim:

 

-  Aqil, o köynəyi dəyişək.

 

Daş atıb başını tutdun:

 

- danışırsan, ə? Bunu bilirsən hardan gətizdirmişəm?

 

- Haradan gəldiyi  maraqlı deyil. İndi burdadı. Sənin əynindədi.

 

- Yox, üz vurma.

 

- Qulaq as!

 

- Yox e...

 

- Qulaq as! Gör deyirəm. Baax, döyüşdə ölənin qanlı  köynəyini  ailəsinə göndərirlər, illah da biz tərəflərdə. Bax, təsəvvür elə ki,  məni Aterkdə, ya da elə Çaparda vurdular. olacaq?

 

- olacaq? Biz kimdən artığıq?

 

- Onu demirəm. Məni vuranda qanlı köynəyimi  Bakıya  göndərəcəklər. Sənin ailən-uşağın baxacaq ki, bu köynək Aqilindir. Ağlaşıb, qarışacaqlar bir-birinə. Mənim uşaqlarım  sevinəcək. Deyəcəklər ki, bu bizim atamızın köynəyi deyil, amma görəcəklər ki, dünyada ölüm deyilən bir şey var. Az-çox  hazır olacaqlar.

 

- Nağıl danışma! - dedin.

 

- Qulaq as! Mağar quracaqlar, molla çağıracaqlar, şəklini böyüdüb  baş tərəfdə asacaqlar. Qohum-qardaş, dost-tanış tökülüb gələcək. Ehsanın qoxusu məhləni bürüyəcək. Elə molla Yasin oxumağa başlayanda sən çatıb maşından düşəcəksən. Əynində   mənim  köynəyim. Mollanın səsi batacaq. Aləm dəyəcək bir-birinə. Arvad-uşaq  ağlaşa-ağlaşa üstünə qaçacaq. Qohum-qardaş səni duz kimi yalayacaq. Mollanı yola salıb  ya Ağadadaşı, ya da  Teymur  əmini, ya da  elə hamını çağıracaqsan. Vur-çatlasın başlayacaq. Ehsan da hazır, sadəcə olaraq istiqaməti dəyişəcək.

 

Güldün. Köynəyi çıxardın:

 

- Ə, al, e al! Amma vurulsan  ora-bura göndərməsinlər. Arvad-uşaq  qanbağır olar...

 

lll

 

Qələm dostlarımız bir aksiya  keçirdilər: "Bizə təzyiq edirlər!" şüarı ilə  Cəlil Məmmədquluzadəyə  və Mirzə Ələkbər  Sabirə şikayət  etməyə  getdilər. Mirzə Cəlili tez tapdılar. Sonra  Şamaxıya, Sabirin məzarına  üz tutdular. Amma... Heç biri o böyük insanın məzarını  tanımırdı. Yerli camaatdan soruşmaq istəyəndə, yenə sən dadlarına çatdın. Onları Sabirin məzarına apardın:

 

- Baxın, bu şikayət etməyə gəldiyiniz, tez-tez  istinad etdiyiniz, hər sözündən  bəhrələndiyiniz kişinin məzarıdır. Sabirin məzarıdır, böyük Sabirin. Arizi-qəmlər əlindən ürəyi  şişmiş Sabirin...

 

lll

 

Biz həm də bir növü yerli də sayılırıq. Sovet hökumətinə, bolşeviklərə  qarşı amansız mübarizə aparan  babanın - qaçaq Abbasın məzarı  Kəlbəcərdədi.  Qaçaq Abbas haqqında  söylənən əfsanələr  bu gün də yaddaşlardadır. Rəhmətlik Məhəmməd kişi  hər yay Kəlbəcərə gələndə səni də özü ilə  götürürdü. Babanın məzarını o sənə göstərmişdi -  Bağlıpəyədə uyuyan babanın - qaçaq Abbasın.

 

Aqil, babalarımız o torpaqları, gözəl Qarabağı düşmənə  vermədilər. Onları diz üstə qoydular. Biz isə...

 

Əziz dostum, biz onlara  layiq olmadıq. Qəhrəmanlığımız ya şeirlərimizdə, ya da söyüş dolu  yazılarımızda  oldu.

 

lll

 

Ad günün mübarək! Yenəmi o şablonu deyim:

 

- İnşallah, gələn dəfə ad gününü...

 

İnşallah, Aqil, bilmək olar?! Bəlkə elə doğrudan da gələn dəfə...

 

Hidayət ELVÜSAL

 

525-ci qəzet.- 2015.- 1 aprel.- S. 7.