Molla Abbasın Gül Baba əfsanəsi

 

Ötən yüzilliyin 80-ci illərinin əvvəllərindən ədəbiyyatşünaslıq və ədəbi tənqid üzrə yazdığı məqalələri, etdiyi çıxışları ilə Azərbaycan ədəbi, ictimai fikrində, ədəbi-kulturoloji həyatında böyük qatqıları olan  filologiya üzrə elmlər doktoru Vilayət Quliyevin sanballı monoqrafiya və tərcümələri həmişə ədəbi həyatın uğuru kimi səciyyələnib.

Son iki onillikdə fəaliyyət sahəsini dəyişərək  ölkənin siyasi həyatında olmasına rəğmən (əvvəlcə xarici işlər naziri, sonra isə Polşada və Macarıstanda səfir vəzifələrində işləməsi) ədəbiyyatşünas, tənqidçi elmi, ədəbi yaradıcılığından ayırmamış, hələ bəlkə də onun fəaliyyət sferasını bir qədər də genişləndirmişdir. Bu cəhətdən onun tez-tez müraciət etdiyi tərcümə işini xüsusi qeyd etmək gərəkir; belə ki, bir tərcüməçi kimi bu günə qədər Vilayət Quliyevin ingilis, rus, türk ədəbiyyatından etdiyi çevirmələr professionallığı ilə seçilir. C.Coys, C.Selincer, C.Oruel, R.Bredberidən bədii, R.Mustafin, L.Qumilyov, V.Panovadan ədəbi çevirmələri milli tərcümə yaradıcılığındakı boşluğu doldurur.

Bu günlərdə isə görkəmli alim Vilayət Quliyevin daha bir tərcüməsi işıq üzü görmüşdür;  türk dünyasında geniş yayılmış “Tərcüman” qəzetinin redaktoru, böyük fikir adamı İsmayıl bəy Qaspıralının (1853-1914) “Firəngistan məktubları” (Bakı, “Qanun” nəşriyyatı, 2015, 300 səh.) roman-trilogiyasını Krım tatar türkcəsindən çevirərək izahlar və şərhlərlə çap etdirmişdir. Deməliyik ki, Krım-tatar romanının ilk nümunələrindən biri kimi bu əsərin dilimizə çevrilməsi həm yazıçının özünün fəaliyyət sferasının, həm də əsərdə qoyulan problemlərin Azərbaycanla bu və ya digər şəkildə bağlı olması onun milli arealda öyrənilməsini də zəruri edirdi. Nədən ki, H.Zərdabi, Ə.Topçubaşov, N.Nərimanov, N.Yusifbəyli, Ə.Ağaoğlu, Ə.Hüseynzadə kimi mütəfəkkirlərimiz daim onunla birgə ideyalar və əməllər uğrunda mücadilə aparmışlar.

Bu mənada İ.Qaspıralının “Firəngistan məktubları” romanının dərc olunması XIX yüzilin sonları XX yüzilin əvvəlləri ədəbi-bədii düşüncənin inkişafını təsəvvür etmək baxımından da dəyərlidir. Ə.Topçubaşovun 1914-cü ildə İ.Qaspıralının vəfatı münasibətilə yazdığı məqalə onun türk dünyası üçün kim olduğunu dəqiq ifadə edir: “Qasprınski öldü. Amansız tale qəddar əli ilə işıq saçan şamı söndürdü. Bununla da müsəlmanları dərin ələm və qüssəyə qərq etdi. Müsəlmanlar arasında doğma xalqın mənafeyinə səmimi qəlbdən bağlı olan ictimai xadimlərə  çox az təsadüf edildiyindən ələm və qüssəmizin miqyası da böyükdür. Çünki indi unudulmaz İsmayıl bəy Qasprınskini əvəz etməyə başqa adamımız yoxdur”.

Tərcüməçinin “Krım-tatar ədəbiyyatının ilk romanı” adlı kitaba yazdığı müqəddimə oxucu üçün yazıçının fəaliyyəti və romanın mövzu və problematikası ilə bağlı geniş, hərtərəfli informasiya almağa imkan verir.

Romanın milli ədəbiyyatşünaslığımız üçün əhəmiyyəti burada qoyulan problemlərin (şərq-qərb qarşılaşdırması, islam-xristianlıq paralelləri və s.) ədəbiyyatımızda oxşar səsləşməsindən ibarətdir.  Bu mənada “Firəngistan məktubları”, hər şeydən əvvəl, bioqrafik roman adlandırmaq daha doğru olardı; yazıçı burada başına gələn hadisələri bədii şəkildə qələmə almağa çalışmışdır. Roman üç hissəyə ayrılır; birinci hissə “Firəngistan məktubları” (bu hissə Molla Abbasın 1987-ci ildə Fransaya səfəri və orada başına gələn hadisələri əhatə edir) adı ilə “Tərcüman”da çap edilmişdi, ikinci hissə “Darürrahat müsəlmanları” qəhrəmanın Əndəlis (İspaniya) səyahətini təsvir edir. İslam toplumundan bəhs edən bu hissə əsər şəklində çap edilərək “Tərcüman”ın oxucularına çatdırılıb. Üçüncü hissə zaman etibarilə XX əsrə keçir, yazıçı burada fikirlərini “Molla Əhməd Fransəvi ilə görüş” adı altında verir. Romanın hər üç hissəsi bir-birinə yalnız qəhrəmanın (burada müəllifin) iştirak etdiyi süjet xətti  bağlayır. Ancaq trilogiyanın bu bölümləri müxtəlif zaman və məkanlarda yazıldığı, özü də müəyyən zaman məsafəsi ilə yazıldığından onu  vahid ideya və üslub izləmir. Romanın birinci hissəsi daha çox gündəlik, ikinci hissə utopik cəmiyyət ideyası, üçüncü hissə isə publisistika (müsahibə) şəklində qələmə alınmışdır. Bu hissə yarımçıq qaldığından cəmi bir neçə səhifəni təşkil edir. Bütün hallarda əsər  avtobioqrafik sentimental-realist roman kimi səciyyələnir.

Romanın “Firəngistan məktubları”nda “cavanlıq yoldaşları Daşkəndin böyük mədrəsəsində təhsillərini başa vurduqdan sonra ibadət və təriqətlə” məşğul olduqları halda Molla Abbas “Aya Sofya” deyərkən özünü Parisdə Madlen kilsəsinin yanında görür. Əsilzadə övladı olduğundan atasından qalan var-dövlətə Avropa ölkələrini dolaşır, Macarıstanda “Gül baba” ziyarət etmək nəsib olmasa da, Fransada “Qırx Müqəddəslərə” üz sürtür. Molla Abbasın bu səfərini Armin Vamberinin Osmanlı pasportu və sənədləri ilə “İstanbul dərvişi” tək Türküstana, İrana, Buxaraya  səfər etməsi, buranın adət-ənənəsini, mədəniyyətini öyrənməsi və vətənə qayıtdıqdan sonra kitablar yazıb nəşr etdirməsinə bənzətmək olar.   A.Vamberi kimi gənc yaşlarından fərqli məkana səyahətə çıxan Molla Abbasın  məqsədi heç də Avropanı dolaşmaq deyil, iki fərqli toplumu, mədəniyyəti öz gözləri ilə görmək və müqayisə etməkdir. Romanın hər səhifəsində, demək olar ki, bu cür müqayisələrə rast gəlmək olur. Maraqlıdır ki, yazıçı Molla Abbası Avropaya ilk səfərində Vamberi ilə görüşdürür. Molla Abbasın Vyanaya gəlib çıxmasını təəccüblə qarşılayan Vamberi  buranın salamat yer olduğunu, sərbəst gəzib dolaşmağın mümkün olduğunu bildirir və buradan əliboş qayıtmamağı “dünyanın ümumi dərsxanası” olan Firəngistandan elm öyrənməyi tövsiyə edir. Vamberi ilə görüşdən əsas məqsəd haqqında çox eşitdiyi Macarıstanda “Gül baba” ziyarət etmək olsa da, buna nail ola bilmir, çünki Vamberinin də İstanbulda haqqında çox danışılan “Gül baba”nın harada yerləşməsi ilə bağlı məlumatı yox idi.  Molla Abbas Avropaya yalnız səyahət dalınca getmir, həm də Vamberinin məsləhətinə uyğun olaraq təhsil alır.

“Firəngistan məktubları”nda müəllif Molla Abbasın fransız qızları ilə məhəbbət macərasını da təsvir edir və deməliyik ki, romanın bu səhifələrində sentimental bədii elementlərə üstünlük verilir. Yazıçı romanın təsirli çıxması üçün melodramatik süjetə də əl atır.  Molla Abbasın Jozefina (onunla Odessada tanış olmuş və ondan sonra Firəngistana getməyi qərar vermişdi) və Marqarita (ona dərs verirdi) ilə olan eşq macərasına geniş yer ayrılması da buradan irəli gəlir. Molla Abbasın ikinci macərası-Marqarita ilə münasibətləri az qala onun ölümü ilə bitəcəkdi; yazıçı burada Şərq insanının gizlin, mübhəm hadisələri faş etməmək əxlaqını nümayiş etdirir. Romanın əvvəlində Jozefina ilə Odessada tamaşaya baxarkən sonda qızla oğlanın öpüşməsi səhnəsini məqbul hesab etməyən Molla Abbas o zaman Jozefinanın istehzası ilə qarşılaşmışdı. Lakin Fransada baş verən bir hadisə Molla Abbasın bu qənaətinin möhkəm bir əxlaqa dayandığını sübut edir.

Belə ki, fransız polisi Molla Abbası Parisin yaxınlığındakı bir kənddə bir qarının ölümündə təqsirli bilir; qadının evindən çıxan pul kisəsi və yaylığın ona məxsus olması da izi onun üzərinə gətirirdi. Lakin həmin gecə o Marqarita ilə bir yerdə olmuşdu. Molla Abbas bu barədə fransız polisinə məlumat verməsi isə sirrin açılması, qızın ailəsi qarşısında pis vəziyyətdə qalması demək idi. Ona görə də Marqaritanı pis vəziyyətdə qoymamaq üçün sirrin üstünü açmır, ölümə getməyi belə üstün tutur (Fransa qanunlarına görə adam öldürən şəxs ölümə məhkum edilir, başı gilyotinlə kəsilirdi). Yalnız məhkəmə zamanı Marqaritanın bir təsadüf nəticəsində hadisədən xəbər tutaraq məhkəməyə gəlməsi və şahidlik etməsi nəticəsində Molla Abbas ölümdən qurtulur. Müəllif sanki bu hadisənin təsviri ilə Avropa və Asiyanı qarşılaşdırır, Avropada gördükləri elm, mədəniyyət, ədalət və s. kimi müsbət  hadisələrin qarşısına Asiya əxlaqını çıxarır. O, Marqaritaya qarşı sevgisində axıradək sadiq qalsa da, tale buna qarşı gedir: “Əsl məhəbbət yolunda canlarını fəda edənlərin yeri şəhidlərlə bir mərtəbədə imiş! Bu nə böyük bir yol, nə böyük mərhəmət imiş! Ya Rəbb,sənə şükürlər! Bu çəkdiyim əzab və acıların sonunda məhv olsam, onu şəxsimə ən böyük ehsanım sayacağam. Ey İslamiyyət, sən insaf və ədalətlə dolu imişsən!”

Ümumiyyətlə, Molla Abbas Avropada gördüklərini müsbət qiymətləndirməsinə rəğmən həmişə İslama da hörmətlə yanaşır, özünü islam təəssübkeşi kimi aparır. Onun Fransa səyahəti 1887-ci ilin fevralın 1-dən noyabrın 23-dək davam edir. Gündəlik üslubundan istifadə edən yazıçı əslində müxtəlif tarixlərdə yarıbədii, yarıavtobioqrafik hadisələri qələmə alır. Sonuncu hadisədən sonra Parisdən ikrah edib bezdiyindən burada qalmayaraq  islam tarixinə bağlı bir yer kimi tanıdığı Əndəlisə (İspaniyaya) üz tutur.

“Firəngistan məktubları”nın ikinci qismi “Darürrahat müsəlmanları” adı altında İspaniyanın tarixindən, təbiətindən və burada yaşayan İslam toplumundan bəhs edir. Kitabın bu hissəsinin ayrıca  Darürrahat, yaxud əcaib diyari-islam” adı ilə altı dəfə nəşr edilməsi müsəlman aləminin islam ölkəsi kimi tanıdığı bu yerlərin tarixi və coğrafiyasına marağından irəli gəlirdi. Təsadüfi deyil ki, Şeyx Cəlal bu ölkədən danışarkən qədim islam məskəni kimi qələmə verir, Darürrahata ayaq basanları “məmləkətimizə aparan yol və qapıların gizli qalması ümumi qaydadır” deyərək onları gözü bağlı aparır. Əsərdə təsvir edilən bu cəmiyyət daha çox Ə.Ağaoğlunun “Sərbəst insanlar ölkəsi”nə oxşayır. Müəllif bununla arzuladığı utopik cəmiyyəti göstərmək istəmişdir. Bu cəmiyyətdə ən böyük qəbahət və cinayət yalan danışmaqdır. Bu günahın cəzası da yetərincə ağırdır; yalançını həbsxanaya salırlar, amma məhbəsin qapıları açıqdır, ətrafda min nəfər olsa da, danışmağa, ürək sözünü deməyə bir adam tapmır. Bundan sonra Qazinin sorğu-sualı başlayır.Yalnız bu suallara doğru cavab verdikdən sonra onun burada qalması üçün xeyir-dua edilir və tapşırıqlar verilir: “Daim sakit, salim olmaq istəyirsinizsə, məkr və yalandan Allahdan qorxan kimi qorxmalısınız, fəna fikirlərdən cəhənnəmdən qaçan kimi qaçmalısınız, insanları isə cənnəti sevən kimi sevməlisiniz”.

 Molla Abbasın Darürrahat cəmiyyətinə qəbul edilməsinin zəruri hazırlıq mərhələsi Molla Abbas üçün uğurlu keçir, Fransada başına gələn Marqarita hadisəsini danışmalı olur. Molla Abbasın Darürrahatda gördükləri (qəzet, poçt, ictimai münasibətlər və s.), eşitdikləri daim onu heyrətləndirir, qırx gün qaldığı Darürrahatı tərk edərkən “Darürrahatın mövcudluğunu və  sirlərini faş etməyəcəyəm” vədinə qarşı “istərsən başına gələnləri hər kəsə söylərsən” cavabını alır. Buna görə də Molla Abbas Darürrahat müsəlmanlarının həyatından yazmağı və bu ölkənin varlığı haqqında məlumat verməyi üstün tutur. Əlbəttə, bu üsul “Darürrahat müsəlmanları” əsərinin oxunmasını şərtləndirən bir üslub kimi diqqəti çəkir.

“Molla Əhməd Fransəvi ilə görüş” adlanan üçüncü hissə XX yüzilin əvvəllərini, bir qədər də dəqiqləşdirsək, 1908-ci ilin iyun-iyul aylarını əhatə edir. Hadisələr Molla Abbasın “Firəngistan məktubları” romanının oxucusunun təəssüratları əsasında yazılıb. Roman gənc oxucuya o qədər təsir etmişdir ki, özünü fikrən Molla Abbasın şagirdi hesab etmişdir. Daha sonra gənc Macarıstanda “Gül baba” türbəsini ziyarət edərkən təsvir edilir. Maraqlıdır ki, gənc müsəlman gözlənilmədən burada   Molla Abbasla rastlaşır.  Tanımadığı ixtiyardan kim olduğunu soruşduqda “Molla Abbas Fransəvi” cavabını alır. Beləliklə, tale bu gənci çoxdan görmək istədiyi roman müəllifi ilə Gül Babada rastlaşdırır. Molla Abbas ona Gül babanın əfsanəsindən danışır; məlum olur ki, Gül Baba haqqında ilkin mənbələrdə çox az məlumatlar var. Bu məlumatlardan aydın olur ki, Gül baba bu yerlərə  türklərin Macarıstandakı hakimiyyətindən əvvəl gəlib, burada dərviş tək yaşayıb və vəfat edən tək müsəlman olub. Onun vəfatı ilə bağlı danışılanlar isə əfsanəyə daha çox oxşayır.

Belə ki, macarların nəql etdiklərinə görə Gül Baba Buda şəhərində olarkən bir gün xəstələnir. Camaat ona yardım göstərsə də, köməyi olmur, can verdiyi zaman hardansa bir dərviş peyda olur. Dərviş canını tapşırdığı zaman o, başının üstündə durub dualar oxuyur, vəfat etdikdən sonra isə yuyub dəfn edir. Çox güman ki, oxuduğu “Yasini-şərif” surəsi imiş. Heyrətləndirici cəhət o idi ki, gənc dərviş Gül Babanı dəfn etdikdən sonra necə gəlmişdisə də, eləcə də yoxa çıxır. Bundan sonra budalılar Gül Babanın qəbrini ziyarət etməklə ona hörmətlərini izhar edirlər. Osmanlılar Buda qalasını zəbt etdikdən sonra bu ziyarət haqqında eşidirlər, bir məqbərə tikdirib burada olduqları müddətdə oranı daim ziyarət edirlər. Türklər getdikdən sonra isə bu məqbərəyə macarlar yenidən sahib çıxırlar.

Romanın üçüncü hissəsi bununla da tamamlanır; lakin müəllifin romanda qoyduğu müsəlman aləminə yönəlik ideyalar oxucunu tərk etmir, tərcüməçi V.Quliyevin qeyd etdiyi kimi “Bütövlükdə isə bir-birini tamamlayan hissələr həm maarifçi, həm sağlam düşüncəli islam təəssübkeşi, həm də yeni tipli ictimai-siyasi xadim kimi İsmayıl Qaspıralının niyyət və məramına işıq salır”.

 

Bədirxan ƏHMƏDOV

 

525-ci qəzet.- 2015.- 1 avqust.- S. 12.