Unudulmaz səfər haqqında gecikmiş yazı...

 

YAXUD ÇANAQQALA ZƏFƏRİ... QARABAĞ NİSGİLİ... “DƏLİCƏSİNƏ” SEVGİ...

 

Çanaqqala zəfəri türkün 100 illik şanlı tarixidir. Türk əsgərinin qəhrəmanlığını, türk sərkərdəsinin qüdrətini, türk insanının əzmini, milli ruhunu özündə yaşadan bir tarixdir. Bu şərəfli  tarixə, qosqocaman bir dövləti enmək istəyən işğalçıların birləşmiş gücünə qarşı ölüm-qalım savaşına qalxan və savaşdan qalib çıxan xalqın böyüklüyünə biganə qalmaq mümkün deyil.

Azərbaycan Yazıçılar Birliyi və Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirdiyi ədəbi müsabiqə də bu həqiqəti bir daha təsdiq etdi. Bu müsabiqənin keçirilməsinin özü o tarixə, o tarixi tarixə yazanlara bir hörmət, ehtiram nümunəsi oldu. Müsabiqə qaliblərini Çanaqqala səfərinə göndərənlər də məhz Çanaqqala şəhidlərinin xatirəsini əziz tutanlar idi. Bəri başdan, Azərbaycan Yazıçılar Birliyinə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşquna, Türkiyənin ölkəmizdəki səfirliyinin keçmiş Mədəniyyət və Tanıtma müşaviri Seyid Əhməd Arslana sonsuz təşəkkürlər...

Maraqlı səfərlər, səyahətlər hər zaman arzulanandır. Çanaqqala səfəri də çox gözlədiyim bir səfər idi. Bakıdan yola düşəndə bu səfərin ürəyimcə olacağını düşünürəm. Hansısa ölkəyə gedərkən bu qədər arxayın olduğum da ağlıma gəlmir. Həmişə Bakıda elə təyyarəyə qalxan kimi peşmançılıq, nigarançılıq hissi bürüyür məni. Gözüm də, ürəyim də arxada qalır: “Gedib də dönməmək var, dönüb də görməmək var...” Bu dəfə tam əksinədir, çox rahatam. Səbəbini heç özüm də bilmirəm...

İstanbula çatırıq. İstanbul mənim də sevdiyim şəhərlər sırasındadır. Türklərin zaman-zaman əzizlədiyi, qoruduğu, turistlərin də çox sevdiyi bu şəhərlə bağlı xoş xatirələrim var. Övladlarımla İstanbulda keçirdiyim günlər ömrümə yazılası günlərdir... Bu dəfə İstanbulda ləngimirik. “Vilusa turizm”in əməkdaşları, turizm rəhbəri İrəm Ceyhan və sürücü Ahmet bəy Atatürk Hava limanında qarşılayır bizi. Vaxt itirmədən Gelibolu yarımadasına – Çanaqqalaya yola düşürük. İstanbuldan 330 km aralıdır bu şəhər – təqribən Bakıdan Ağdama qədər. Bakıdan Ağdama aparan yollarımızı 22 ildir ot-ələf, qanqal basıb. Ağdam yenə xəyalımda, ağrılı yaddaşımdadır. Maşınımız sürətini artırdıqca, mənə elə gəlir ki, sanki yol bizi Ağdama aparır. “O erməni qanqallarını elə ermənilərin öz gözlərinə batırmağa gedirəm...”

Yol uzandıqca İstanbul da, onun fərqli füsunkarlığa malik park və xiyabanları da geridə qalır, insan əlinin yaratdığı səliqə-sahmanı getdikcə təbii, İlahi gözəlliklər, təkrarsız mənzərələr əvəz edir. Yazın gözəl çağı, lalələrin çöl-çəmənə səpələnən vaxtıdır. Yol boyunca diqqətimizi çəkən də elə ən çox qıpqırmızı lalələr, yaşıllıq, bir də mavi dənizdir. Hər biri insanın gözünü sevindirir, ruhuna sığal çəkir...

Mərmərə dənizini keçəndən sonra ilk dayanacağımız Slivri şəhəri olur: bir stəkan çay içmək üçün ləngiyirik. Burda da təbiət gözəldir, hava küləklidir, amma ciyərdolusu nəfəs alacaq qədər təmizdir. Sonra İstanbulun daha bir rayonundan – Çorludan keçirik. Ecebat isə Çorludan sonra gəlir...

Təxminən 5 saatlıq yolun canını boğazına yığırıq. Bu da həmin məşhur Çanaqqala boğazı, 100 il əvvəl amansız savaşa şahidlik edən və savaşdan qəhrəman kimi ayrılan məkan. Elə gəldiyimiz maşınla da feribota – bərəyə minib boğazın o tayına, Çanaqqalanın mərkəzinə keçirik. Birinci dəfədir burdayam. Bu kiçik şəhər ilk baxışda ürəyimə yatır. Dar, ensiz, təmiz küçələri ilə Avropa şəhərlərini xatırladır. Bakıya da bənzəri var, ən azından, Çanaqqala kordonu ilə – türklər sahilboyu bulvara belə deyirlər. Çanaqqala, həm də küləkli şəhərdir, türklərin dilincə desək, rüzgarlı şəhər. İlk gəlişimizdəcə buna əmin oluruq...

“Parion” hotelə yerləşirik – 5 ulduzludur. İrəm deyir ki, şəhərdə ikinci bu adda hoteldir. O biri “Parion” 3 ulduzludur. Yeni “Parion” 2 il əvvəl tikilib, olduqca rahat, komfortludur. İşçiləri də mehriban, gülərüz və nəzakətlidir. Üzü gecəyə getməsinə baxmayaraq, hoteldə yerbəyer olub şəhərə çıxırıq. Səfər yoldaşlarımızla sözləşmişik ki, fürsəti və vaxtı qaçırmayaq, daha çox gəzək, daha çox görək. İki Sevinc xanımla birgə hotelin yerləşdiyi küçə ilə düz kordona – Çanaqqala boğazı boyu uzanan bulvara üz tuturuq. Uşaq şairəsi Sevinc Nuruqızı və “525-ci qəzet”in əməkdaşı Sevinc Mürvətqızı ilə...

 

***

 

Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı o müqəddəs torpağa ziyarətimizdən xeyli keçib. Günü günə satıb, dəmiri isti-isti döymədiyim, amma gec olsa da, təəssüratlarımı bölüşməyi özümə borc bildiyim bu yazıda Çanaqqala haqqında tarixdən bildiklərimizi (kitablardan, İnternetdən hər kəs bu tarix haqqında yetərincə məlumat ala bilər) təkrarlamayacağam...

Mən Çanaqqalanı möhtəşəm Çanaqqala zəfərinin qüruru, Qarabağ nisgili və “Dəlicəsinə” sevgi ilə dolaşdım...

Səfərimiz hafizəmə böyük ağrı ilə həkk olunan günlərə təsadüf edir: yox, bu, təsadüf ola bilməz, bu, Allahın xatırlatmasıdır, məncə. İlk gün – mayın 18-i, Laçının işğal günü. İşə bax, yenilməz Çanaqqaladayam və düşüncələrimdə qəhrəman kişilərin yurdu Laçındır. Tarixə məlum olduğu vaxtdan Qarabağa, Azərbaycan türklərinə məxsus olan, genetik baxımdan bizim əcdadlarımızın yaşadığı Laçın. Nəslimin bir qanadının yurdu olan Laçın 23 ildir ermənidədir. Keçən il elə bu vaxt AzTV-də işğalın 22 illiyi ilə bağlı film hazırlamışdım: “Əsirlikdə qala qalmaz”. Özümü qınayıram: bir il də keçdi, heç nə dəyişmədi, yenə də əsirlikdə qaldı qala... Bəlkə, “Dəlicəsinə” sevmədiyimizdən? Bəlkə, “Dəlicəsinə” Laçına qovuşmaq istəmədiyimizdən? Bəlkə, Rəşad Məcid demişkən, o yurdu xilas etmək üçün bir “Dəlicəsinə” istəyimiz çatmır? Çox istedadlı yazarın “Dəlicəsinə” fəlsəfəsi Çanaqqalada bir an da olsun tərk etmir beynimi. Məni sözün yaxşı mənasında “dəli” edən, bir də türk insanının məğrurluğu, əyilməzliyi, qəhrəmanlığı, yurd sevgisidir! 250 min insana tarixə öz qanı ilə Çanaqqala zəfərini yazdıran yurda “dəlicəsinə” sevgi olmayıbmı? Yoxsa ölümün gözünə dik baxaraq meydana atılmaz, Türkiyəni böyük güclərdən qoruya bilməzdilər ki! Atatürk millətinin, torpağının fədaisi olmasaydı, yurduna İlahi sevgidən doğan bir savaşda “Mən sizə vuruşmağı yox, ölməyi əmr edirəm!” deməzdi ki! Seyid Onbaşı məmləkətinin vurğunu olmasaydı, zəif vücudu ilə “dəlicəsinə” 276 kiloluq mərmini yerdən təkbaşına qaldıra bilməzdi ki! Və s...

Sözü, fikri, düşüncəsi, duyğuları, ruhu ilə də orijinal olan Rəşad Məcidin “bapbalaca” “Dəlicəsinə”nin təsiri o qədər güclüdür ki! Bu kiçik esse Qarabağ mövzusunda oxuduğum irihəcmli əsərlərdən, filmlərdən də çox yandırıb məni, ruhumu yerindən oynadıb! Əslində bu, Qarabağ haqqında deyil, bir futbol oyunun təsiri ilə yazılan essedir. Amma “Dəlicəsinə istək! Dəlicəsinə qalib gəlmək əzmi!” ilə silahlandırır insanı, “Allah çox istəyənləri mükafatlandırır! İnsan bir şeyi dəlicəsinə istəyirsə, ona çatır!” deyə İlahi sevgi ilə sevməyi öyrədir. Yenə də təsadüfə bax ki, bu esseni Çanaqqala səfəri ərəfəsində təkrarən oxumuşdum!..

 

***

 

Çanaqqaladayam. Çanaqqala zahirən Laçına çox oxşayır, amma Laçında dəniz yoxdu. Çanaqqala və Laçın, həm də ruhən çox yaxındır, məncə... “Əsirlikdə qala qalmaz” filminin kadrları gəlir gözümün önünə. Laçın Qarabağın dağlıq hissəsində təbiət, mədəniyyət və tarixi zənginlik baxımından möcüzə bir ərazi idi, uca dağlar başında qala idi, böyük tarixi abidə idi, eksponatları zəngin sərvətləri olan təbii muzey idi, bir sözlə, dağlar qoynunda bir şəhər idi, onu sevənlər üçün uşaq kimi pak, təmiz, sevimli bir “varlıq” idi. 4 mindən çox bitki növü və nadir ağacların, şəffaf bulaqların, iti dağ çaylarının məskəni olan, zirvələrə, yaylaqlara, meşələrə qucaq açan Laçın, əslində, Allahın insanlığa möhtəşəm bir bəxşişi idi!.. Laçınlılar igidlikləri, əyilməzlikləri ilə də tarixin yaddaşında qalıblar. 1917-ci ildə Müəssislər Məclisinin deputatı, Zaqafqaziya Seyminin üzvü, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri, Birinci hökumət kabinetində Cümhuriyyətin ilk hərbi naziri olmuş Xosrov bəy Paşabəy oğlu Sultanov, onun qardaşı, Qarabağın və Zəngəzurun erməni quldurlarından qorunmasında, qırğınların digər bölgələrə yayılmasının qarşısının alınmasında misilsiz qəhrəmanlıqlar göstərmiş Sultan bəy və saysız-hesabsız igidlər. Onlar Vətənlərini İlahi sevgi ilə “dəlicəsinə” sevirdilər...

 

***

 

...Bu gün Çanaqqala bayram ovqatlıdır. Bulvar boyunca qələbəlikdir. Xüsusi hazırlanmış guşədə konsert var. Çoxlu tamaşaçı yığışıb. Sabah, 19 may Atatürkü anma: gənclik və spor bayramıdır. Konserti də bu münasibətlə T.C. Gənclik və Spor Bakanlığı təşkil edib. Gözüm tədbirin şüarına sataşır: “Güclü yarınlar üçün”... Konsertdə oxuyan təkcə müğənnilər deyil, hər kəs onlara qoşulub, hamı birgə oxuyur, doğma türk musiqisinin sədaları ətrafa yayılıb. Biz də tamaşaçıların sırasına qoşuluruq. Öz aramızda məsləhətləşirik: gəlin, mikrafona yaxınlaşıb, bayramlarını təbrik edək, Laçını da xatırlayaq, birlikdə “Laçın” oxuyaq, Laçına da zəfər arzulayaq – Canaqqala zəfəri kimi. Amma tez də fikrimizdən daşınırıq, kompleksimuiz imkan vermir, deyəsən. Konsertdən ayrılıb kordon boyu yol alırıq, insan seli içərisində kompleksimiz yoxa çıxır, hər üçümüz birgə “Laçın”, “Sarı gəlin” oxuyuruq, Laçın yanğısı ilə, “dəlicəsinə” oxuyuruq. Qarşımızdan keçənlər isə bizə baxıb, sadəcə gülümsəyirlər. Yorulanadək gəzirik. Sahildəki Troya atının – ona “bədbəxtlik gətirən bəxşiş” deyirlər – yanında iki Sevinc xanımın arasında dayanıb niyyət də tuturam: Laçın zəfərimiz və Laçına səfərimiz olsun çox tezliklə!..

 

***

 

Əsl ziyarətimiz ertəsi gündən başlayır. Çanaqqala mərkəzindən Şəhidlik bölgəsinə keçirik. Limanla üzbəüz təpənin döşündə ucalan türk bayrağı, əsrarəngiz yaşıllığın əhatəsində torpağa həkk olunan ağappaq “əli tüfəngli türk əsgəri” və “Dur, yolçu!” yazısı yarımadanın hər yerindən görünür. Şair Necmettin Halil Onanın “Bir yolçuya” şeirindən bir misradır yazılan torpağa: “Dur, yolçu, bilmədən gəlib bastığın bu torpaq, bir devrin battığı yerdir!..

Çanaqqalada qəribə hisslər keçirir adam, həqiqətən də, müqəddəs bir torpağa ayaq basdığını hər addımda hiss edir. Səfər boyu gəzdiyimiz torpaq, gördüyümüz döyüş yerləri, məzarlıqlar, İrəmin birnəfəsə danışdığı “tarix”, Çanaqqala savaşı ilə bağlı həqiqətlər, rəvayətlər... Hamısını diqqətlə dinləyirəm. “Bura Kilitbahir kalesidir. 1452-də Fatih Sultan Mehmet yapdırıb. Ona görə belə adlanır ki, heç bir düşmən bura keçə bilməyib... Bu, Namazgah tabyasıdır, mehmetciklər namaz qılıblar burda... Bu, Seyit Onbaşı Anıtıdır... Bu, Şehitler Abidesidir...” Çanaqqala haqqında oxuduqlarımı, bildiklərimi Çanaqqalada bələdçimiz İrəm Ceyhan bircə-bircə yenidən danışır. Eşitdiklərim daha təsirlidir, gördüklərim bildiklərimi kölgədə qoyur. Çünki məkan həmin məkandır – Çanaqqala savaşını görən, Çanaqqala yaddaşını bütünlüklə özünə hopduran, Çanaqqala ruhunu yaşadan məkan. İrəmin söylədiyi hekayətlər bu təsiri daha da artırır. İrəm yol boyu heç susmur, ara vermədən danışır, yurduna “dəlicəsinə” sevgi ilə danışır, hətta avtobusda da susmur, savaş haqqında heç nəyi ötürmək istəmir, tarixi “əzbər” söyləyir, o böyük qəhrəmanlığı fəxrlə, həm də sanki hər şeyi öz gözləri ilə görmüş kimi hiss və həyəcanla bizə çatdırır. İşimi çox sevirəm, deyir İrəm. Yox, bu, sadəcə “işini sevmək” deyil, gənc qızın hədsiz vətənpərvərliyidir, məmləkətinə “dəlicəsinə” vurğunluğudur. İrəm Ankara Universitetini bitirib. Çanaqqalada yaşayır, mövsüm vaxtı “Vilusa turizm” şirkətində işləyir. Turistləri öz ölkəsində görməkdən, Türkiyəni, onun tarix və mədəniyyətini əcnəbilərə tanıtmaqdan çox məmnundur...

Çanaqqala turistlərlə doludur, ziyarətçilər olduqca çoxdur. Zəfər günü ərəfəsi və həmin günlərdə turistlərin bura axını daha çox olur. Əcnəbilərlə yanaşı, Türkiyənin bölgələrindən gələnlər də yetərincədir: yaşlı, cavan, uşaq. Avtobuslar o qədərdir ki, hərdən özümüzünkü ilə dəyişik salırıq. Məktəblilərin çoxluğu da gözdən yayınmır, onların bölgəyə səfərini dövlət təşkil edir. Yeni nəslin vətənpərvərlik tərbiyəsi çox önəmlidir, burada ölkənin tarixini ölkənin gələcəyinə diqqətlə öyrədirlər. Bəzi maraqlı epizodlar gözümün önündən getmir: hansısa muzeydə uşaqlar yerdəncə əyləşiblər, qeyd dəftərləri də əllərində, müəllimlərini dinləyirlər, amma burda danışan təkcə müəllimlər, bələdçilər deyil, həm də tarixi mühitin özüdür. Bu mühit kütləşməyə qoymur adamı. Tarixin yadigarları, qəhrəmanları ilə, məsələn, əfsanəvi “Nüsrət” minadöşəyən gəmisinin önündə, Seyid Onbaşının abidəsinin yanında şəkil çəkdirmək üçün əməlli-başlı “növbə” var...

İrəm onu da deyir ki, işğalçı qüvvələrin tərkibində Çanaqqalada vuruşan və həlak olan avstraliyalılar və yeni zelandiyalıların – anzakların varisləri də buranı ziyarət edirlər. Yarımadada ingilislər, fransızlarla yanaşı, anzakların da ayrıca məzarlıqları var. Bu torpaqlarda həlak olan anzaklara, türk qanı axıdanlara da abidə qoyulub. Xalqdakı ürəyə bax... Çanaqqala abidəsi olan parkda Atatürkün daş kitabə üzərində yazılan fikri isə adamı dəhşətə gətirir: “Bu məmləkətin torpaqları üstündə qanlarını tökən qəhrəmanlar! Burada dost bir vətənin torpağındasınız. Hüzur və sükut içində uyuyursunuz. ...Uzaq diyardan övladlarını müharibəyə göndərən analar! Göz yaşlarınızı ovudun! ...Övladlarınız bizim bağrımızdadır. Hüzur içindədirlər... Onlar bu torpaqlarda canlarını verdikdən sonra artıq bizim övladlarımızdır.” Bu böyüklük qarşısında deməyə söz tapmırsan, heyrətlənirsən: “Torpağında düşmən tək sənə qarşı vuruşanlara necə “bizim övladlarımız” demək olar?”

İngilis və fransızların varisləri isə, demək olar ki, bura heç gəlmirlər. Halbuki təkcə fransızlar Çanaqqalada 40 min əsgərini itirib. “Yəqin utanırlar burdakı uğursuzluqlarından...” – elə belə də deyir İrəm. Haqq qazandırıram ona: “Axı, özgə torpaqlarında nə gəzirdilər?” Və Prezident İlham Əliyevin bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi məşhur bəyanat yadıma düşür: “...İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o, ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. ...Sizin Ağdamda, Füzulidə nə işiniz var?” Düşünürəm, erməni xələflər də sələflərinin özgə torpaqlarına gəlmələrinə görə xəcalət çəkəcəklər, Ağdama, Şuşaya, Laçına turist kimi səfər etməyə də utanacaqlar. Bəlkə, indidən utansınlar, rəhmətlik nənəm demiş, elə “qaxılıb otursanlar öz xarabalarında”...

 

***

 

Şəhidlər bölgəsindəyik... 

Burda kədərli notlar çoxdur. Burda ruhlar dolaşır. Bir sızıltı keçir ürəyimdən. Qarabağlı olmağım “tərk etmir” məni. Bu dəfə Ağdam gəlir gözümün önünə. Dünyanın “ruhlar şəhəri” siyahısına düşən Ağdam. Üzülürəm. Ən böyük nisgilimdi Qarabağ, hələ də sinirə bilmirəm Ağdamın getməyini. Qarabağ müharibəsində təkcə Ağdam 6 min şəhid verib. Mənim də şəhid olmaq, Ağdamda basdırılmaq üçün ürəyim gedir, amma bir qarış torpağının geri alınmasında haqqım olsun, sonra...

Canaqqalada olduğum daha bir gün qardaşımın ad gününə düşür. Təkcə ad günü yox, əlamətdar yubileyinə. 60 yaşı tamam olur. Özü yoxdu. 38-də qırılıb ömrü. Onu da müharibə apardı, Qarabağın şəhidi oldu. Mən də adını “ölə-ölə” yazdım adımın yanına, istəmədən yazdım. Heç bir bacıya arzulamaram bunu. Əslində, bacılarım təkid etdilər, bəlkə, atamıza təsəlli olar, deyə. Amma heç nə təsəlli olmadı: nə atama, nə anama, nə bacılarıma, nə də özümə... Atam dözmədi, oğluna vəd etdiyi kimi, ilini verib özünü çatdırdı ona. Anamın qardaşımdan sonra yaşadığı ömrü də ömür saymıram heç, çünki necə yaşadı, mən bilirəm... Bacılarım da eləcə. Qardaşımın balaları da atasız böyüdü, ürəksiz böyüdü, uşaqlıqlarını uşaq kimi yaşamadan böyüdü. Nə isə... Bu gün qardaşımın yubileyidir, mən Çanaqqaladayam. 60 illik yubiley ürəyimdə 60 illik ağrıya dönür. Bunu da təsadüf saymıram, bu da İlahinin işarəsidir: doğulduğun torpaq ermənidədir!..

 

***

 

Gelibolu yarımadasında Çanaqqala Şəhidlər abidəsi şəhidlərin xatirəsinə ucaldılan möhtəşəm bir abidədir. Tikintisinə 1954-də başlanıb, 1960-da başa çatıb. Hər biri 7,5 metr olmaqla 4 sütun üzərində qurulub, sütunlar arasında 10 metrlik məsafə var. Abidənin hündürlüyü 41,7 metrdir. Atatürk onun 40 metr olmasını istəyib. Abidəni ucaldanlar isə Atatürkün boyunun uzunluğunu – 1,7 metri də bura əlavə ediblər. Uzaqdan “mehmetcik” sözünün baş hərfi olan “M” hərfi şəklində görünür bu abidə, tavanında mozaikadan türk bayrağı işlənib. Kompleksdəki bürünc bayraq dirəyi 25 metrdir. Çanaqqala Şəhidlər abidəsinin bağçasında türk bayrağı şəklində simvolik 131 məzar daşı var...

Çanaqqala şəhidlərinə hörmətlə yaradılan, uzanıb gedən simvolik məzarlıqları, şüşə başdaşlarını ziyarət etmək çox təsirlidir. Simvolik məzarlıqlarda heç kəs dəfn olunmayıb. Bu, sadəcə, Çanaqqala şəhidlərinin adlarını əbədiləşdirmək üçündür. Bəzi məzarların üstündə şəhidlərin adları yazılıb, bəzilərində heç nə yoxdur. Məmləkətin dörd bir yanından ölümü gözünə alıb gələnlər birləşmiş qoşunlara qarşı igidliklə vuruşublar. Savaş 250 min insanın həyatı bahasına başa gəlib, onun 90 mini şəhid olub, qalanı itkin düşüb, yaralanıb. Eşitdiklərimdən daha cəsur, daha əzmli, daha mərd türk əsgərini “görürəm” burada. Onun yenilməz ruhunu hiss edirəm. Bizim Şəhidlər Xyabanında naməlum əsgər məzarları olduğu kimi, burada da məchul əsgər abidəsi var. Onun qarşısında daha çox dayanıram, nədənsə...

“Ey bu topraklar için toprağa düşmüş asker!

Gökten ecdad inerek öpse o pak alnı değer.

Sana dar gelmeyecek makberi kimler kazsın?

Gömelim gel seni tarihe, desem, sığmazsın...”

Məzarlıqları dolaşarkən bir fikir də beynimi “deşir”: gör Çanaqqala savaşı neçə-neçə işıqlı insanı, aydını çox görüb bu millətə? 90 min şəhidin arasında milləti irəli aparacaq nə qədər müəllim, rəssam, yazıçı, alim yetişəcəkdi, savaş onları da alıb millətin əlindən...

Çanaqqla məzarlığında azərbaycanlıların xatirəsinə də lövhə qoyulub. Təqribən 3 min azərbaycanlı şəhid olub Çanaqqala savaşında. Bu lövhənin önündə bütün şəhidlərimizi yad edirik...

 

***

 

İnsanı varından yox edən hadisələr, möcüzələr haqqında da danışır İrəm. Yüz il əvvəl ingilislər hindistanlı əsgərləri “Almanlarla döyüşə gedirsiniz” deyə Çanaqqalaya gətirirlər. Əsgərlər yalnız Azan səsi eşidəndə yalanı, aldadıldıqlarını başa düşür və döyüşməkdən imtina ediblər. İngilislər isə başqalarına görk üçün həmin 150 hindli müsəlmanı hamının gözü qabağında güllələyirlər... Qəhrəman topçu Seyid Əlinin həyatı ilə bağlı bir əhvalat da çox ibrətamizdir. Qurtuluş savaşı bitir, Cümhuriyyət qurulur, Atatürk Seyid Əlini axtarıb tapır, səfalət içində yaşadığını görüb ona maliyyə yardımı ayrılmasını tapşırır. Qarşılığında Seyid Əli nə desə yaxşıdır? “Mən para üçün savaşmadım, mən Vətənim üçün savaşdım...”

Daha bir möcüzə. Savaş vaxtı Çanaqqalada torpağın, yalan olmasın, elə hər qarışına bir qarış güllə düşürmüş. Neçə-neçə igidin ömrünə son qoyan güllələr. Çimənlik qalasında bunun real görüntüsünü də yaradıblar. Bu güllələrdən ikisinin gilizinin havada toqquşub bir-birinə yapışması isə... Yox, bu da artıq Tanrının işidir. Bu güllələrin havada bir-birinə çarpazlaşması, bununla da iki insanın ölümdən qurtulması yalnız Tanrının qüdrətinə bağlı məsələdir...     

Daha bir möcüzəni də xatırlatmaya bilmirəm. Qanlı savaşlardan birində düşmən gülləsinin Atatürkün köksünə dəyməsi və döş cibində olan saatın onu ölümdən qurtarması. Yenə də İrəmin mehriban və kədərli səsini “eşidirəm”: “Burası Atatürkün saatının partladığı yer...” Yox, vallah, saat yox, onu ölümdən qurtaran da Allahdır... Bir daha bu qənaətə gəlirəm ki, Çanaqqala savaşından türkü qalib çıxaran onun xarakteri, ruhu, mübarizliyi, vətənsevərliyi, dönməzliyi olub. Və bir də... Tanrı türkün tərəfində olub! O yerləri gəzəndən sonra bir daha Tanrının türklərə lütfünə inanıram. Bu əsrarəngiz gözəlliyə malik torpağı türkə bəxş edən Allah onu heç başqalarına qıyardımı?..

 

***

 

Tarixi özündə yaşadan abidələri ziyarət etmək dünyanin hər yerində maraqlıdır. Hər addımda tarixin nəfəsini duyursan, bu ünsiyyəti heç nə əvəz edə bilməz. Bu yerlərin xüsusi cəzibə qüvvəsi, maraqlı aurası, sehirli ab-havası olur. Dörd bir yanda hökmranlıq edən səssizlik, lal sükut isə insana, həm də başqa mətləbləri diqtə edir: bir zaman hər şey, hər kəs, bax beləcə “lal” olacaq, susacaq...

Troya və Assosda gördüklərimi də gözümə yığıram, düşünürəm ki, bura gələn burda gördüklərini heç zaman unutmaz. İllah da, hər addımda üzləşdiyi qədim dövrlərin yadigarlarını...

Türklərin Truva adlandırdığı Troya Çanaqqala yaxınlığında antik şəhərdir, 5 min illik tarixi yaşadır özündə. Çanaqqalanın 35 kilometrliyindədir. “Bədbəxtlik gətirən bəxşiş”dən – Troya atından biri də buradadır. Məşhur Troya əfsanəsi isə hamımızın yadındadır. Troya çarı Paris yunan gözəli Yelenaya aşiq olur, onu qaçırır, Yelenanın əri ordusuyla Troyanı mühasirəyə alır. Bir neçə günlük mühasirədən sonra yunanlar hiyləyə əl atır, taxtadan nəhəng at düzəldib, əsgərləri içərisində gizlədirlər. Troyalılar bunu sülh rəmzi kimi qəbul edirlər. Gizlənən əsgərlər isə şəhərin qapılarını açıb ordunu içəri buraxırlar, troyalılar məğlub olur... Qədim şəhərin xarabalıqları, qədim tikililərin qalıqları, qala divarları bu əsfanəni xatırladır. Bu yerlər, heç şübhəsiz, öz tarixi ilə nəhəng xəzinədir...

Troyadan Assosa yola düşürük. Assos Çanaqqalanın kiçik bir rayonudur. Egey dənizinin kənarında uçurumun üstündə yerləşir. Yolboyu heyrətamiz mənzərələr Şuşa, Laçın, Kəlbəcər yollarını xatırladır. Assosun ən yüksək nöqtəsi Akropoldur, Allahlar üçün tikilən ev. Miladdan əvvəl 6-cı yüzilə aiddir. Bura sanki vaxtın dayandığı toxunulmaz məkandır. Qayalar, sıldırımlı dağ-dərələrdən sonra göz önündə gözəl panoram açılır: göz işlədikcə uzanan mavi dəniz. Burada da tarixlə təbiətin vəhdəti, ayrılmaz üçlük – qədimlik, dəniz, yaşıllıq bir-birini tamamlayır. Şəhərin ən uca nöqtəsinə qalxırıq – Egey dənizi ayağımızın altındadır, aşağı baxmağa qorxursan... Sıldırım qayanın üstündə özümü Şuşada, Cıdır düzündə hiss edirəm, sanki. Cıdır düzü ilə Topxana meşəsi arasındakı nəhəng məkanda isə mavi dənizin həlim görkəmi, səssizliyi yox, Daşaltı çayının şaqraq səsi insanı cəzb edirdi. Qarşı tərəfdə İbrahim xanın qalası görünürdü...

Şuşa qalasının girəcəyindəki Çanaqqalanı da xatırlayıram. Bu Çanaqqalanı Türkiyədəki Çanaqqala ilə yalnız adının eyniliyi bağlayır. Şuşadakı Çanaqqala çanağa oxşadığından belə adlandırılıb. Məzmun etibarilə isə hər ikisinin bağlılığı çoxdur. ”Çanaqqala keçilməz!” Keçilmədi! Şuşa... Yox, o da keçilməz!.. Qarabağ zəfəri, Şuşa zəfəri də tarixdə Azərbaycan xalqının möhtəşəm qələbəsi kimi əfsanələşər!..

 

***

 

Assosdakı Bəhramqala köyü də öz unikallığı ilə yaddaşıma yazılır. Bəhramqalada filosof Aristotelə heykəl də qoyulub. Yenə İrəmin söylədiklərini xatırlayıram: Aristotelin natiqlik məktəbində bir şagirdi də vardı – Hermias. O, çox varlı bir şəxs olur, az zamanda şəhərin hökmdarına çevrilir. Və miladdan öncə 347-də Aristoteli öz sarayına dəvət edir. Filosof bu dəvəti qəbul edir, sarayda isə hökmdarın qızına aşiq olur. Hökmdar “Əgər qızıma aşiqsənsə, burda məktəb açmalısan” deyir. Aristotel Bəhramqalada fəlsəfə məktəbi açır. 344-də isə bu kəndi tərk edir – “Ağıllı insan hər düşündüyünü danışmaz, ancaq söylədiyi hər şeyi düşünər” deyən Aristotel...

Gözdən uzaq, könüldən iraq bu qeyri-adi kənd gözdoyuran mənzərələrlə boldur. Kənd sakinlərinin isə çörəyi ticarətdən çıxır. Kəskin istilər də onları bu ticarətdən çəkindirmir. Alış-verişi elə öz evlərinin kandarındaca edirlər. Bu yerlərin təbii sərvətlərindən hazırlanan müxtəlif bəzək əşyaları, suvenirlər, hətta özlərinin tutduqları pendir, zeytun yağı bu bazarda satılan matah məhsullardır. Bazarları isə pis deyil, turistlər bu məhsullara böyük maraq göstərirlər. Hər bir ziyarətçi mütləq səfərdə olduğu yeri ona xatırladacaq nə isə alır...

 

***

 

Çanaqqalada son günümüz şəhər gəzintisinə, muzeylərlə tanışlığa həsr olunub. Bu, balaca şəhərdir. Amma bu balaca şəhərdə iki Universitet var, biri 18 Mart Universitetidir. Cümhuriyyət qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkildiyi gün – 18 mart Çanaqqala şəhidlərini Anım günü elan edilib, 18 Mart Universiteti də bu günün şərəfinə adlandırılıb. Çanaqqalanın əhalisi 150 mindən çox deyil. Şəhərdəki muzeyləri gəzirik, yenə də turist çoxdur, istər yerli, istərsə də əcnəbi. 18 may Beynəlxalq muzey günündə burada da bütün muzeylərə giriş pulsuzdur. Çöl qala divarlarının qalınlığı yeddi, iç qala divarlarının qalınlığı beş metr olan Çimənlik qalasında məlumatları ziyarətçilərə əsgər geyimli bələdçilər çatdırır. Yaxşı düşünülüb, bu, ziyarətçilər üçün də maraqlıdır. Çanaqqala arxeologiya muzeyində öyrənirəm ki, il ərzində təkcə bu muzeyi 200 min insan ziyarət edir. Çanaqqala Tanıtım muzeyində isə yüz il əvvəlki savaşı xatırladan və böyük məharətlə yaradılan maketlər, döyüş səhnələri, müxtəlif silahları dörd gözlə izlədikcə müharibəyə nifrətim birə-beş artır...

 

***

 

Çanaqqalada dükan-bazara baş çəkməyə də vaxt tapırıq... “525-ci qəzet”in müxbiri Sevinc Mürvətqızı elə hey kitab mağazası axtarır. “Mənim kimi “kitab dəlisi”sən ki!” deyirəm. Maşallah, yaradıcılıq eşqi ilə dopdolu, sağlam ruhlu bir gəncdir. Nobel mükafatçısı Orxan Pamukun “Kafamda bir tuhaflıq”, Elif Şafakın “Ustam ve ben” kitablarını alır. Qızına aldığı hədiyyə də kitabdır. Deyir, 8 yaşlı Sara “Baron Münhauzerin sərgüzəştləri”ni oxuyur, qoy mütaliə ilə böyüsün...

Digər səfər yoldaşlarım barədə də bir neçə kəlmə. Hamısı ilə ilk yolçuçuğum idi. İstedadlı imzalardır: müasir uşaq ədəbiyyatımızın tanınmış nümayəndələrindən biri, şairə, “Qızım Zöhrə balaca olanda soruşurdu ki: “Ana, Füzuli yaxşı şairdir, yoxsa sən?” zarafatı ilə də yaddaşıma yazılan Sevinc Nuruqızı; “hardan desən ordan deyən”, öz sözü ilə desəm, “mezzo-soprano” səsi ilə oxuduğu ariyalarla səfərimizə xoş ovqat qatan Leyla Faiqqızı; Çanaqqala tarixini az qala əzbər bilən, Əməkdar jurnalist Namiq Əhmədov; sakit, qayğılı görkəmi “Çanaqqala, mən Şuşadan gəlmişəm” şeiri ilə həmahəng olan Akif Əhmədgil, “Yanıq Kərəmi”yə oynama, qardaş!” deyən istedadlı şair Yusif Nəğməkar, zəngin mənəvi aləmi söhbətlərində görünən Firidun Qurbansoy... Türkiyə Turizm və Kültür Bakanlığının əməkdaşı Əsra Köksal, həyat yoldaşı Lütfi Gur Köksal, oğlu, səfər boyu hər birimizin sevimlisinə çevrilən balaca Doruq... Hər birinizə gözəl yol yolçuluğuna görə minnətdaram...

Dağlıq Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov da ziyarətçilər arasında olmalı idi, doktorluq işi ilə bağlı Çanaqqalaya gedə bilmədi. Bu ziyarəti ona çox arzulayıram...

BİR DAHA XÜSUSİ TƏŞƏKKÜRLƏR:

Seyid Əhməd Arslana – həm də Çanaqqala zəfəri haqqında yazılarımızın toplandığı “Çanaqqala. Milli ruh” kitabına görə. Yazıçılar Birliyində kitabın təqdimatı və Seyid Əhməd Arslanla vida mərasimində bu dəyərli ziyalının kövrələrək söylədiyi fikri indi onun özünə ünvanlayıram: “Haqqınızı halal edin...”

Və... Rəşad Məcidə – Qarabağa getməyi “Dəlicəsinə” istəməyi hamımıza xatırlatdığına görə...

 

Firuzə Nadir

 

525-ci qəzet.- 2015.- 1 avqust.-S. 16, 17, 22.