Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu

 

Qarabağın tarixi simaları sırasında Sarı Aşığın da xüsusi yeri var. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub. Qəbrin başdaşına onun xəyali şəkli də həkk olunub.

Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği verib. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. “Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği verib”.

Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut ediblər. Sarı Aşığın həyatıyla bağlı xalq arasında “Yaxşı və Aşıq” dastanı təşəkkül tapıb.

Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, “bayatı qoşmaq qadın işidir” deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib. 1993-cü ildə erməni vandalları Sarı Aşığın qəbrini tamamilə dağıdıblar.

Qarabağ xanlığının banisi Pənahəli xan Sarıcalı Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi. O 1693-cü ildə anadan olub. Görkəmli sərkərdə və dövlət xadimi kimi şöhrət qazanıb. Onun hakimiyyəti dövründə böyük miqyaslı tikinti və quruculuq işləri aparılmış Şahbulaq qəsri, Əsgəran qalası inşa olunub. Lakin gördüyü işlər içərisində ən önəmlisi 1750-ci ildə inşasına başladığı və ilk öncə Pənahabad daha sonra isə Şuşa adlandırılmış şəhər-qalası olub.

Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqif də Qarabağın yetirməsidir. Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində dünyaya gəlib. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından olub.

Yaxşı təhsil görən Pənah fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. XVIII əsrin ortalarında Gürcüstan sərhədində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər. Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşikağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.

Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.

Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olub. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınıb. Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.

1758-ci ildən xanlığın sonuna qədər Qarabağ xanlığının xanı, general-leytenant İbrahimxəlil xan Cavanşirin dövründə isə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edib. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Onun xanlığı dövründə Ağa Məhəmməd xan Qacar Şuşaya iki dəfə hücum edib. Birinci hücumu (1795) dəf edilsə də ikinci dəfə (1797) Şuşa qalası alınıb, lakin Şah Qacar həmin gecə öz ətrafı tərəfindən öldürülüb. 1806-cı ildə İbrahimxəlil xan rus işğalçıları tərəfindən qətlə yetirilib.

Qarabağın daha bir məşhur şairi Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Zakir ilk təhsilini Şuşada mollaxanada alıb, ərəb, fars, dillərini öyrənib. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məhşur söz usadlarının əsərləri ilə tanış olmaq imkanı verib. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilib. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. Onun müxtəlif mövzularda yazılan “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq və məşuq haqqında”, “Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi itən kəs”, “Dərviş ilə qız”, “Həyasız dərviş”, “Əxlaqsız qazı”, “Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim” kimi mənzum hekayələri var.

Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş “Əsərləri”ndə: “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “İlan, Dəvə, Tısbağa”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında”, “Tısbağa, Qarğa, Kəsəyən, Ahu” adları ilə təmsili çap olunub. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

Şair, tarixçi Mirmehdi Mirhəşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olub. İbtidai təhsilini molla yanında alıb. Sonra mədrəsədə oxuyub. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının dəvəti ilə Dizaq mahalına köçüb. Bir müddət bu kənddə müəllimlik edəndən sonra kürəkənin dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşib. O, burda da müəllimliklə məşğul olub. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirib. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun “Kitabi-tarixi-Qarabağ” tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarix”lərindən əlavə “təvarixi-qədimlər”dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə “xalis türki” dilində yazıb. Mir Mehdi şair idi. Xəzani təxəllüsü ilə şeirlər yazırdı. Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib.

 

(əvvəli  və ardı var)

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 1 avqust.- S.18.