Çin
- qədim sivilizasiya və müasir möcüzələr
ölkəsi
Mədəniyyət:
ənənələr və müasirlik
Çinlilərin (hanların) və Çinin digər xalqlarının maddi mədəniyyəti ayrı-ayrı etnosların sosial-iqtisadi inkişaf prosesində bir neçə min illər boyu əmələ gəlmişdir. Çin xalqlarının maddi mədəniyyətinin formalaşmasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin qeyri-bərabər inkişafının, həmçinin fiziki-coğrafi rəngarənglikdə öz əksini tapan ekoloji şəraitin spesifikası da öz rolunu oynamışdır.
Müasir Çinin ərazisi iki iri tarixi-etnoqrafik regiona: Şərqi-Asiya və Mərkəzi-Asiya regionlarına bölünmüşdür. Birinciyə, Çinin bütün şərq əyalətləri, ikinciyə Daxili Monqolustan muxtar rayonu, Qansu, Tibet və Sintszyan - Uyqur muxtar rayonlarının böyük hissələri daxildir. Şərqi-Asiya regionunda qədimdən mülayim quraq zonanın əkinçilərinin təsərrüfat-mədəni tipi üstünlük təşkil etmişdir. Mərkəzi-Asiya tarixi-mədəni regionunda iki vilayət; Şimali-qərb (Sintszyan-Uyqur) və Qərb vilayətləri (Tibet) seçilir. Birincidə mülayim quraqlıq qurşaqdakı əkinçilər qrupları köçəri heyvandarlarla qarşılıqlı əlaqədədirlər. Qərb vilayətində (Tibet) yüksək dağlıq təsərrüfat-mədəni tipi - əkinçilik və heyvandarlıqla məşğul olanlar üstünlük təşkil edir.
Şimali Çinin müxtəlif xalqların yaşayış evi çox böyük müxtəlifliyinə görə fərqlənir. Demək olar ki, hər yerdə evlərin tikintisində gil geniş tətbiq edilir. Çin ənənəvi arxitekturasının qaydalarına görə karkas tipli evlər daşla üz çəkilmiş yüksək platformalarda ucalır. Damın uclarına Çin arxitekturası üçün xarakterik olan yuxarıya əyilmə görünüşü verilir. Çin ənənəsinə görə binaya giriş cənub tərəfdən olur. Evlərdə mebel çox azdır, ancaq müxtəlif formada olan stollar və ev əşyaları üçün ağacdan olan sandıqlar xarakterikdir.
Çinlilərdə və koreyalılarda ət xörəklərini əsasən donuz və toyuq ətindən hazırlayırlar. Huey və uyqurlarda isə qoyun və mal əti çox işlədilir. Uyqurlarda plov çox populyardır. Çinlilərdə və koreyalılarda çay və dəniz balıqlarından, xərçəngəbənzərlərdən, su bitkilərindən və digər “dəniz nemətlərindən” müxtəlif xörəklər hazırlamağa üstünlük verilir. Hər yerdə tünd qida əlavələri - soya sousu, qırmızı bibər, sirkə çox işlədilir.
Çinlilərin və çox sayda digər xalqların evində bambuk çubuqlarından hörülmüş mebelə və qab-qaşığa çox rast gəlinir. Bu xalqların qida ratsionunda soyutma düyü mühüm rol oynayır. Ölkənin cənubunun çox saydakı xalqları, xüsusən taylar tərəvəzi və balığı xüsusi metodla turşuya qoyurlar. Onlardan tünd iyi və dadı olan özünəməxsus “paştet” hazırlayırlar.
Yüksək dağlıq əkinçilərinin qidasında hər cür kökələr (vələmir, qarabaşaq, qarğıdalıdan bişirilmiş) əsas yer tuturdu. Tibetdə onları arpa tszambası (qovrulub, sonra bişirilən arpa) əvəz edirdi. Tibetlilər qida üçün süd məhsullarından, xüsusən saxlanmış bişmiş inək südündən istifadə edirlər. Kərpic qara çay burada çox işlənir.
Monqol, türk, bir qədər də tunqus-mancur xalqlarının qidalanmasında birinci yeri soyutma qoyun əti və müxtəlif süd məhsulları tutur. Burada da ən çox yayılan içki çaydır, özü də başlıca olaraq kərpic formasında. Onu adətən südlə, bəzən hətta duz və yağla içirlər. Madyan südü kumıs düzəltmək üçün istifadə edilir. Onların yaşayış evi, indi də bəzi yerlərdə bu qalır, şəbəkəli karkası olan və üstü keçə ilə örtülmüş, bir yerdən başqa yerə daşınan alaçıq-yurtadır. Məişətdə ən müxtəlif məqsədlər üçün də keçədən istifadə olunur. Qab-qacaqların arasında dəri, bəzən isə ağac və metal məmulatlar başlıca rol oynayır. Gil qablara rast gəlinmir. Çünki köç edəndə onlar çox tez qırılırlar. Amma tuluq tipindəki dəri qablar çox geniş yayılmışdır.
Şimali və Qərbi Tibetin uca dağ yaylalarında daha bir özünəməxsus təsərrüfat-mədəni tip - yüksək dağ heyvandar - köçəriləri meydana gəlmişdir. Burada əsasən yak yetişdirilir, bu bədəni sıx və uzun yunla örtülmüş və Tibetin sərt iqliminə yaxşı uyğunlaşmış heyvandır. Yakların yunu keçə və yun parçalar hazırlanması üçün, onların dərisi isə ayaqqabı və digər məişət əşyaları düzəltmək üçün istifadə olunur. Əti və südü qida üçün, peyini isə yanacaq kimi işlədilir. Onlar nəqliyyat vasitəsi kimi, xüsusən, yük daşımaq üçün tətbiq olunur. Yüksək dağ heyvandarlarının əsas yaşayış evi bir yerdən başqa yerə daşınan düzbucaqlı alaçıqdır. Etnoqrafik ədəbiyyatda bu, “qara çadır” kimi məşhurdur. Evin ortasında ocaq yerləşir, o, eyni zamanda həm qida hazırlamaq, həm də evi qızdırmağa xidmət edir. Qidalarında soyutma ət, piy, əridilmiş yağ, qatıq mühüm yer tutur.
Neolit dövrlərindən mancurların, bəzən isə Amur hövzəsində yaşayan tunqusların əcdadlarında mülayim qurşağın iri çaylarının sahillərində oturan balıqçılar təsərrüfat- mədəni tipi inkişaf etmişdir. Onlar başlıca olaraq torpaqları və çay axınını dayandırmaq üçün cürbəcür süni maneələrin köməyi ilə qızıl balıq tuturlar. Balığın dərisindən, yaxşı emal edildikdən sonra müxtəlif məişət əşyaları, həmçinin paltar məqsədilə istifadə olunurdu.
Çinin əsas mənəvi mədəniyyətinin əsası b.e.ə. III minillikdə Huan Ho çayının vadisində yaşayan protoçin tayfalarının yazısız mədəniyyətində qoyulmuşdur. Bu vaxt Çin ənənəvi naturfəlsəfəsinin əsas aparatları: dünyanın kişi başlanğıcı yan və qadın başlanğıcı in, dünyanın beş ilkin elementləri - ağac, metal, torpaq, su və od işlənib hazırlanmışdır. Tarix hesabının və təqvimin yaradılması da həmin dövrə aiddir. Onlar göy cisimlərinin və təbiətin illik dövrlərinin müşahidələrinin məlumatları üzərində qurulurdu.
Qədim çinlilər çox sayda ilahi qüvvələrə sitayiş edirdilər, lakin onların sitayiş etdikləri əsas predmet əcdadlar idi, onlara pərəstiş güclü ailə təşkilatlanması şəraitində meydana gəlmişdi. Bu ailələrin daxilində ictimai rolların dəqiq bölünməsi mövcud idi. Protoçin tayfalarının cəmiyyətində həm ailədə, həm də dövlət təşkilatlarında kiçiklərin böyüyə qeyd-şərtsiz tabe olması adamlar arasındakı münasibətlərin təməli idi.
Konfutsi
fəlsəfəsi
B.e.ə. I minilliyin ikinci yarısında Çin fəlsəfəsinin əsas cərəyanları formalaşdı. Onlar bu ölkədə ən son vaxtlaradək fəlsəfi və ictimai fikrin inkişafının əsası kimi xidmət göstərmişdir. Çin ənənəvi fəlsəfəsi müasir ölkənin də ictimai fikrinə təsir göstərməkdə davam edir. Çjou epoxasının fəlsəfi məktəblərindən hər biri öz xüsusi ideyalar kompleksini işləyib hazırlayırdı. Bu dövrün bütün məktəbləri qədim yazılı mətnlərin nüfuzunu etiraf edir, onları öz təlimlərinin mənbəyi hesab edirdilər.
Konfutsinin (b.e.ə. 551-479-cu illər) təlimi hər şeydən əvvəl əxlaq və etika problemlərini işləyib, hazırlayırdı. Konfutsinin özü nəsil əyanları epoxasının və “müharibə aparan çarlıqlar” dövrünün ideoloqu olmaqla hesab edirdi ki, onun dövründə mövcud olan adətlər və ictimai qaydalar qədim Sya sülaləsinin (güman edildiyinə görə b.e.ə. XXI-XV əsrlər) dövründəki və Çjou sülaləsinin hakimiyyətindən əvvəllərdəki (Qərbi Çjou, b.e.ə. 1027-771-ci illər) həmin adətlərin və qaydaların unudulması nəticəsində meydana gəlmişdir. Buna görə də o, müasiri olan hökmdarların vəzifəsini həmin sülalələrin banilərini təqlid etməkdə görürdü.
Ailədə və dövlətdə qaydanın əsasını Konfutsi hər bir adamın ailə və ictimai münasibətlər strukturunda yerini dəqiq müəyyən etməkdən ibarət olduğunu hesab edirdi. Bu qayda cəmiyyətin bütün üzvlərinin riayət etməli olduğu “li” ritual formasında həyata keçirilir. İnsanlar arasında münasibətlərin əsas prinsiplərini Konfutsi “jen” - insanı sevmək və “i” - ədalət kimi elan etmişdi. Konfutsi cəmiyyətində bu, kiçiyin böyüyə hökmən tabe olmasının sərt iyerarxiyasıdır. Ailədə belə iyerarxiya “Syao prinsipi - oğul ehtiramı ilə təbəələr və hökmdarlar arasındakı münasibətlər, “çjun” prinsipi - ədalətlə dəstəklənir. Konfutsi 3 min şagirdi öyrətmişdi, onlardan 72-si sonralar görkəmli şəxsiyyətlər olmuşdular.
Daosizm fəlsəfi təlimi isə dünyanın ümumi problemlərini işləyib hazırlamışdı. Bu təlimin banisi Konfutsinin müasiri olan Lao Tszı hesab olunur. Daosizmə görə, dünyanın qaydasının əsası - “dao”dur - yoldur (buradan da təlim öz adını götürmüşdü). Yollarla - dao ilə göy, ulduzlar və planetlər, Yer, cansız əşyalar və canlı məxluqlar gedirlər. Bu yolla hərəkət dəyişiləcəkdir. Heç nə və heç kəs ona qabaqcadan müəyyən edilmiş daodan kənara çıxa bilməz. İnsanların həyatında bütün bədbəxtliklərə səbəb, ona qabaqcadan göstərilmiş daodan kənarlaşmaq cəhdindən əmələ gəlir. Ona görə də insanın vəzifəsi - öz fərdi daosunu dərk etmək - hökmdarın borcu isə, onun ölkəsində işlərin və hadisələrin getdiyi daonu dərk etməkdir. Dao müəyyən mənada təbiətin qanunlarının sinonimi olduğuna görə daosizmin ardıcılları naturfəlsəfə ideyalarının işlənib-hazırlanması sahəsində çox işlər görmüşlər.
Özünün etik təlimində daosizm ritual və cəmiyyətdəki süni konfutsiçilik iyerarxiyasının əleyhinə çıxırdı. Onların əksinə o, təbiət dəyərləri iyerarxiyasını qoyurdu. İctimai həyat sonda daosizm doktrinası olan “uvey” - “fəaliyyətsizlik” prinsipini irəli sürürdü, bu da insanın hər cür fəaliyyətdən imtina etmək, özü tərəfindən inkişaf etdirilən həyata “müdaxilə etməmək” demək idi. Bu təlim sosial utopiyanı yaratdı, elə cəmiyyəti ki, orada insanlar kiçik yaşayış məntəqələrində yaşayır, bütün ictimai işlər birgə görülür, orada yoxsulluq, istismar və müharibələr yoxa çıxmışdır. Daha bir böyük daosizm əsərində “Çjuan Tszı”-da şəxsiyyət haqqında, həqiqətin nisbiliyi haqqında, bədənin və ruhun həyatı haqqında, ölüm və ölümsüzlük (əbədilik) haqqında təlim işlənib hazırlanmışdır.
Mo Tszının fəlsəfi təlimi Konfutsi məktəbinin işləyib hazırladığı eyni ideyalar kompleksindən bəhs edirdi. Konfutsidən fərqli olaraq Mo Tszı (b.e.ə. 479-381-ci illər) ailədə və cəmiyyətdə insanlar arasındakı münasibətlərin əsas prinsipini ümumi məhəbbət hesab edirdi, bu, adamların nəcib kişilərə və sadə adamlara bölünməsindən imtina etmək və onların bərabərliyini tanımaq mənasını verirdi. Şəxsi həyat sferasında Mo Tszı şəxsi istehlaka olan xərcləri azaltmağa çağırırdı, dəbdəbəli dəfnlərin əleyhinə idi, bunu isə Konfutsi ritualı tələb edirdi, həmçinin musiqi və əyləncələrə qarşı çıxırdı. İctimai həyat sferasında o, müdrikliyə ehtiram, bərabərliyə hörmət bəsləməyi, dövlətdə hakimiyyətin irs üzrə verilməsindən imtina etməyi tələb edirdi. Dövlətlərarası münasibətlər sferasında o, müharibələrin ləğv edilməsinə və münaqişələrin dinc yolla həll edilməsinə çağırırdı.
Leqizm təlimi isə dövlət quruluşunun və dövlət idarəçiliyinin kompleks problemlərini tədqiq edirdi. Bu təlim despotik dövlət nəzəriyyəsi ili. Öz məqsədinə çatmaq üçün dövlət idarəçiliyi qanuna əsaslanmalı idi, bu qanun qarşısında bütün təbəələr mənşəyindən və sosial vəziyyətindən asılı olmayaraq bərabər olmalı idi. Qanunun nüfuzu ciddi cəzalarla dəstəklənirdi, ondan heç kəs azad ola bilməzdi. Leqistlər Sya sülaləsinin natriarxal qaydalarını o qədər də nüfuzlu saymırdılar.
Konfutsinin, Lao Tszının, leqizmin fəlsəfi təlimləri bəzən hakim ideologiya səviyyəsinə qalxırdı, lakin b.e. I əsrində bu mövqeyi konfutsiçilik möhkəm ələ keçirdi. Bu, Han sülaləsi dövrü idi. Konfutsi təliminin yeni variantına daosizm doktrinasının əsas kosmologiya ideyaları, leqist təlmimindən isə - dövlət idarəçiliyinin praktiki təşkili prinsipləri daxil oldu.
əvvəli var
Telman
Orucov
525-ci qəzet. - 2015.-1 avqust.- S.20.