“Yaddan çıxmaz həyat
anları”
Söhbət tələbə yoldaşımız,
Azərbaycan Dövlət
Universitetinin yataqxanasında
beş il
bir otaqda qaldığımız, fəlsəfə
üzrə elmlər doktoru, məşhur mətnşünas - ərəb
əlyazmalarının tətqiqi
və tərcüməsi
üzrə səviyyəli
nadir mütəxəssislərdən biri sayılan Kamandar Şəriflinin “Ömürdən yarpaqlar
- gördüyüm torpaqlar”
kitabından gedir.
Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir
roman janrından çox
öncələr yaranmağa
başlamışdır. Bu ədəbi janrda yazılan kitablar bütün ölkələrdə
oxucular tərəfindən
böyük maraqla qarşılanır. Bunun əsas
səbəbi hansısa
qələm sahibinin istedad və fantaziyasının gücünə
yazdığı bədii
nəsr nümunələrindən
fərqli olaraq, səyahət və memuar ədəbiyyatı nümunələrinin öz
müəllifini real olaylar
çərçivəsində saxlamasıdır. Başqa cür
desək, bədii nəsrin ən populyar janrı olan roman heç bir sərhəd, çərçivə tanımır.
Müəllifi şeirdəki kimi
qafiyə və vəzn, dram əsərlərində
səhnə tələbləri
ilə məhdudlaşdırmır,
roman oxucusunu göyün
ənginliyinə, dənizin
dərinliyinə aparır.
Lakin tarixi romanlar bir az fərqlidir, tarixi olaylar və faktlar məhək daşı kimi daima müəllifin
başı üstünü
kəsdirir. Memuar ədəbiyyatı da belədir: müəllif baş vermiş, ötüb keçmiş
olaylardan, onların iştirakçılarından, ayrı-ayrı fərdlərdən
danışanda gerçəkliklərə,
tarixiliyə əsaslanmalıdır.
Bir qayda olaraq, memuar ədəbiyyatı müəllifləri
tanınmış şəxsiyyətlər
olurlar. Onların keçdiyi həyat
yolu nə qədər zəngin olsa, yazdıqları da oxucular tərəfindən
bir o qədər maraqla qarşılanır.
Məlum
səbəblərdən gizli
saxlanan, vaxtında deyilib yazılması mümkün olmayan siyasi olaylar müəyyən vaxt keçdikdən sonra qələmə alına bilir. Çox hallarda gerçəklikləri
bilmək üçün
insanların müəyyən
zaman kəsiyinə ehtiyacı olur. Bu baxımdan tanınmış
şərqşünas alim,
doktor Kamandar Şəriflinin nəşr
etdirdiyi “Ömürdən
yarpaqlar, gördüyüm
torpaqlar” kitabı çox önəmlidir.
Keçmişini bilməyənin gələcəyi
olmaz. Bu həyatda hər bir kəs öz
nəslinin şaxələnmiş
şəcərəsinə bağlıdır. Bu şəcərənin qol-budaqları
arasında bağlılıq
nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm olar.
Filologiya elmləri doktoru, professor Kamandar Şəriflinin “Ömürdən yarpaqlar
- gördüyüm torpaqlar”
adlı kitabının
qələmə alması
da məhz onun öz keçmişinə
işıq salması
istəyindən irəli
gəlib. Kamandar Şəriflinin keçdiyi
həyat yolunu - uşaqlıq və gənclik illərini, Misirə, İraqa, Yəmənə və İordaniyaya etdiyi səfərləri, eləcə
də elmi yaradıcılığını işıqlandıran bu kitabın publisistik üslubda xatirələr şəklində qələmə
alınması onun əhəmiyyətliliyini artıran
məqamlardandır. Əxlaqi-mənəvi
dəyərlərin unudulduğu,
tarixə, keçmişə
marağın azaldığı,
milli xüsusiyyətlərimizə,
adət-ənənələrimizə zidd Avropa, Qərb
dəyərlərinin sürətlə
məişətimizə daxil
olduğu, əsrlərin
sınağından keçmiş,
dədə-babadan qalmış
irsimizin mühüm atributlarının yaddan çıxdığı bir
zaman kəsiyində Kamandar müəllim kimi bir ziyalının
qələmə aldığı,
cəmiyyətimiz, xüsusilə
də gənclərimiz
üçün faydalı
olan, reallığı
əks etdirən bu avtobioqrafik kitab canlı söhbətlə, fotolarla
zəngin dəyərli
mənbə kimi qiymətləndirilməlidir.
“İnsan ağappaq qar almış kamillik zirvəsindən geriyə boylanaraq ömür yolunu vərəqlədikcə acılı-şirinli, sevincli-kədərli xatirələr yada düşür, xatirələrin axarına düşərək, sanki keçmiş həyatını yenidən yaşamağa başlayır. Mən də həyatımın enişli-yoxuşlu illərini yarpaq-yarpaq çevirdikcə uşaqlıq dövrünün ağrılı, çətin və acı xatirələri gözlərimin önündə canlanır. Hələ gənclik yaşlarında “quşkeçməz” Sovet sərhədlərini adlayaraq, xarici ölkələrə qədəm basmağım, milyonların görə bilmədiyi, ancaq haqqında kitablardan oxuduqları torpaqları, ölkələri, qədim dünyanın möcüzəli mədəniyyət abidələri ilə ilk tanışlığım, nəhayət demək olar ki, bütün ömrümü həsr etdiyim əlyazmaların sehrli dünyası, həyatda və elmdə əldə etdiyim uğurlar yada düşür. İndi bu xatirələri söz-söz, cümlə-cümlə kağıza köçürməyin vaxtı çatmışdır”, - deyən yazan müəllif kitabda təkcə mənsub olduğu nəslin deyil, ümumilikdə yetirməsi olduğu Borçalı mahalının keçmişinə, tarixinə işıq salır. Onun böyüyüb boya-başa çatdığı Ləmbəli kəndinin təbiətindən tutmuş adət-ənənələrinə, tarixinə, əhalisinin ata-baba yurdundan deportasiya edilməsinə qədər hər bir faktı qələmə alması bu kitabın publisistika ilə yanaşı, tarix elmi üçün də qiymətli tapıntı olmasından xəbər verir. Hər birimizə yaxşı bəllidir ki, Vətənimizin dilbər guşələrində sığınacaq verib, yedirib-içirdiyimiz, özümüzə dost, kirvə, qızlarını gəlin etdiyimiz ermənilər uzun illər boyu üzümüzə gülə-gülə ayağımızın altını qazaraq, arxadan bizə zərbə vurublar. Onların öz ölkəmizdə özümüzə qarşı törətdikləri xəyanətlərin, qırğınların, faciələrin dəfələrlə şahidi olmuşuq. Taleyinə uzaq ellərdə köçkünlük həyatı keçirmək yazılmış Kamandar Şərifli bütün bu ağrı-acını yaşamış bir insan kimi gəncləri tarixi unutmamağa, törədilən qırğınlardan, təxribat və sui-qəsdlərdən nəticə çıxarmağa səsləyir. Keçmişini unudanın müasirliyində boşluğun olduğunu, gələcəyinin aydın olmayacağına diqqət cəlb edir. “Vətənə məhəbbət - anaya məhəbbətdir” deyən müəllif başa salmağa çalışır ki, insan yalnız bir ideya ilə bağlı olduqda mənən təmiz, cismən güclü, ideyaca mətin ola bilər.
Kitabın ən maraqlı hissələrindən biri də müəllifin Misir, İraq, Yəmən və İordaniya səfərləri ilə bağlı qələmə aldığı xatirələridir. Universitetin üçüncü kurs tələbəsinin sərhədləri aşaraq xarici ölkəyə getməsi ətrafına poladdan “çəpər” çəkilmiş SSRİ kimi dövlətin mövcud olduğu zamanda həqiqətən həsəd aparılacaq hal idi. SSRİ ilə ərəb ölkələri arasında imzalanmış tələbə mübadiləsi qərarına əsasən, üç tələbə - mən, Kamandar Şərifli və Ziyəddin Yusifov seçilərək Bağdad və Qahirə universitetlərinə göndərildik. Həmin universitetlərdə dövrün görkəmli alimləri, şair və yazıçıları fəaliyyət göstərirdilər. Kamandar Şərifli Misirdə təhsil aldığı və daha sonra tərcüməçi kimi ora göndərildiyi illərlə bağlı bütün xatirələrini, oradakı tarixi abidələr haqqında əldə etdiyi maraqlı faktları, misirlilərin adət-ənənələrini və fərdi keyfiyyətlərini “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar” kitabında qələmə alıb. Müəllifin Bağdad və Yəmən səfərləri zamanı apardığı müşahidələr sayəsində qələmə aldığı xatirələr də ərəb ölkələrinin tarixi ilə tanış olmaq baxımından olduqca maraqlıdır. Kamandar Şərifli görüb-eşitdiklərini, hiss etdiklərini səmimi şəkildə qələmə almaqla, oxucunun qəlbinə yol tapmaqla sanki onunla öz arasında körpü salmağa çalışır. Kitabı maraqlı edən cəhətlərdən biri də məhz budur. Ümid edirik ki, Kamandar Şəriflinin “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar” kitabı keçmişi, tarixi öyrənmək üçün qiymətli mənbə rolunu oynamaqla yanaşı, gənc nəslə əsl həyat dərsi vermək baxımından da olduqca faydalı olacaq.
Rafiq Əliyev
525-ci qəzet.-
2015.- 8 avqust.- S.19.