Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Qarabağın yeri və rolu
(Əvvəli ötən sayımızda)
Qarabağın məşhur şəxsiyyətlərindən biri də Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbüldür. Məmmədov Murtuza Məşədi Rza oğluna Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirib Azərbaycana geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.1940-cı ildə professor seçilib. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib.
Görkəmli xanəndə Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. 1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb. Onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub. Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat edib.
Görkəmli xalçaçı alim Lətif Kərimov da Qarabağın yetirməsidir. Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Şuşa şəhərində doğulub. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarıb. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənib.
Şuşa şəhərində “Qarabağxalça” artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib. İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplayıb və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlayıb. Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.
Tanınmış dirijor Niyazi Tağızadə-Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olsa da, əslən Şuşadandır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir. “Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir. Niyazi Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb. Niyazi 1934-cü ildə “Zaqatala süitası”nı yazıb, 1944-cü ildə iki hissəli “Qəhrəmanlıq” simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. 1951 - 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib. Niyazinin “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “Almas”, S.Vurğunun “Vaqif, A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin “Almas”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib.
Azərbaycanın görkəmli ifaılarından olan Rəşid Behbudov da əslən şuşalıdır. Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunur. 1946-1956-cı illərdə Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. 1959-cu ildə ona SSRİ Xalq artisti adına layiq görülüb. Bir sıra xarici ölkələrin dövlət mükafatlarını alıb. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Qarabağın görkəmli şəxsiyyətlərindən biri də kristalloqraf-alim, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovdur. Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Əsas elmi işləri kristallokimya sahəsindədir. Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib. Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib.
Qarabağ təkcə elm və mədəniyyət xadimləri ilə deyil, həm də Şirin Mirzəyev, Şahlar Şükürov, Əlif Hacıyev, Əliyar Əliyev, Pəhlivan Fərzəliyev, Ramiz Qəmbərov, Oqtay Güləliyev, Şikar Aslanov kimi igid oğulları, Milli Qəhrəmanları ilə Azərbaycan tarixində özünəməxsus yer tutur.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 8 avqust.- S.18.