Kamal Talıbzadənin tənqidində
ədəbi refleksiya
Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndələrindən
olan Kamal Talıbzadə bütün
şüurlu həyatını
ədəbiyyat elminə
və milli şüurun formalaşmasına
sərf etmiş alimlərimizdəndir. K.Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə
etmişdir. K.Talıbzadənin
“Füzuli şeirinin Azərbaycan romantiklərində
əks-sədası”, “XX əsr
Azərbaycan romantizmi və M. Hadi”, “A.Səhhətin həyat və yaradıcılığı”,
“Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan ədəbi tənqidi”, “Tənqidimiz haqqında qeydlər”, “Ədəbi irs və varislər”, “Sənətkarın şəxsiyyəti”,
“Azərbaycan ədəbi
tənqidinin tarixi”, “Tənqid və tənqidçilər” və
digər ədəbi-elmi
tədqiqatları milli
məfkurə yaddaşında
həkk olunmuşdur.
Zəngin
faktik materiallar əsasında yazılan
“XX əsr Azərbaycan
ədəbi tənqidi
(1905-1917- ci illər)”
monoqrafiyasında ədəbiyyatdaxili
meyl və cərəyanları, bədii
üslub və ədəbi məktəblərinin
qanunauyğunluqlarının ədəbi inkişafı
birtipli proses kimi deyil, hərtərəfli
proses kimi tədqiq olunur. Monoqrafik tədqiqat əsəri milli tənqidin tarixinin yaradılması sahəsində atılan uğurlu addıma çevrilir.
“Sənətkarın şəxsiyyəti”,
“Tənqid və tənqidçilər” və
digər kitablarında
klassik və müasir ədəbiyyatımızın
ədəbi - nəzəri
fikrinin inkişafında
xidmətləri olmuş
şəxsiyyətlər haqqında
maraq doğuran məqalə və tədqiqatlar əksini tapmışdır. Arif Ərdəbili, Saib Təbrizi, Şərəfəddin
Həsən Rami Təbrizi, Nəsrəddin
Tusi, Firidun bəy Köçərli,
Seyid Hüseyn, Abdulla
Sur, Məmməd Arif və digər ədiblərin yaradıcılıqlarının
analitik təhlilləri
aparılır, ədəbi
tənqidimizin bir sıra spesifik xüsusiyyətlərinə toxunulur,
ədəbi fikrin inkişaf qanunauyğunluqları
nəzərdən keçirilir.
Kamal Talıbzadə qələmə
almış olduğu
bu tədqiqat işlərində Yusif Vəziri “açıq fikirli, qabaqcıl bir yazıçı”, Mirzə İbrahimovu “həyata, həqiqətə
bağlı sənətkar”,
Osman Sarıvəllini
“kiçik həcmli şeirlərlə mühüm
ictimai-siyasi əhəmiyyəti
olan mövzular ifadə etməyi bacaran şair”, İlyas Əfəndiyevi “ictimai-siyasi problemlərin
realist təsvirini verən
romanlar müəllifi”,
Nəbi Xəzri şeirlərini “həyat və insan haqqında
düşüncələr”, M.Ə. Sabirin poeziyasını “diri ölülərə”
üsyan poeziyası, Məhəmməd Hadi irsini “həyat haqqında düşüncələr
kitabı” adlandıraraq
ictimaiyyətə təqdim
etmişdir.
K.Talıbzadə “Qorki və Azərbaycan”
adlı monoqrafiyasında
milli ədəbiyyatların
qarşılıqlı əlaqə
və təsiri kontekstində tədqiq edilməsi zəruriliyini irəli sürmüşdür. Ədəbi əlaqələrin
inkişaf tarixinə,
M.Qorkinin milli ədəbiyyatımızla əlaqələrinə
diqqət yetirmişdir.
K.Talıbzadənin elmi yaradıcılığının
qızğın dövrü
Azərbaycan ədəbiyyatının
Sovet dövrünə
təsadüf etmişdir. Bu elə
bir dövr idi ki, milli
şüuru yaratdıqları
əsərlərində əks
etdirən, turan və türkçülük
ideyasını təbliğ
edən ədiblərimizin
adlarının çəkilməsi
yasaq olunmuş, “mürtəce”, “mühafizəkar”,
“pantürkist”, “panislamist”,
“xırda burjua şairi” adlandırılmışdılar.
Bu cür münasibət
M.Hadi, A.Səhhət,
A.Şaiq, H.Cavid və digər ədiblərimizin ədəbi
prosesdəki fəaliyyətlərinə
qeyri-obyektiv yanaşılmasına
səbəb olmuşdur.
Qeyri-obyektiv münasibəti milli şüurun doğuşunu
özündə cəmləşdirən
Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
Ə.Topçubaşov kimi
ədiblərin, “Füyuzat”
jurnalının çağdaş
nəzəri düşüncə
müstəvisində araşdırılaraq
tənqid edilməsində
də müşahidə
edirik. K.Talıbzadə milli şüurun
formalaşmasında xidmətləri
olmuş ədiblərin
yaddaşlardan pozulmaması
və tarixdən silinməməsi üçün,
deyilməsi yasaq edilmiş tarixi faktların ümumi ahəngini pozmadan, ədəbi irsə özünəməxsus yeni
qiymət verə bilmişdir.
Özündə milli şüurun formalaşmasını və
iqtisadi - sosial problemləri əks etdirən “Füyuzat” jurnalı və jurnalın banisi Ə. Hüseynzadə haqqında
fikirləri diqqət mərkəzindədir. “Füyuzat” jurnalı ilə yanaşı “Həyat” qəzetini burjua istiqamətli mətbuat orqanları adlandırmışdır. K. Talıbzadə bu mətbuat orqanlarını
“burjua” adlandırmış
olsa da, tarixi reallığı nəzərə alıb, bunu milli kimi
oxunulması gərəkdir.
K. Talıbzadə XIX-XX əsrdə yaradılmış
əsərlərə ədəbi
- tənqid mövqeyindən
yaxınlaşmış, Sovet
dövrünə xas olan ənənəvi münasibətlərdən imtina
etmişdir. Odur ki, K. Talıbzadəni
milli ədəbiyyatşünaslıqda
yeni metodoloji yanaşmanın banisi kimi qəbul etmək lazımdır.
K. Talıbzadə osmanlaşdırma,
yəni türkləşdirmək
və ümumtürk ideyasının dərinliyini
başa düşərək,
Azərbaycanı ümumtürk
dünyasından ayırmadan
öyrənməsinin tərəfdarı
olan Ə. Hüseynzadəni
qiymətləndirməklə bu məsələyə öz münasibətini də bildirirdi: “Ə. Hüseynzadə müasir Azərbaycan mədəniyyətini
osmanlılaşdırmaq yolu
ilə inkişaf etdirməyin tərəfdarı
idi... Ə. Hüseynzadə
Azərbaycanı ümumtürk
dünyasından ayırmadan
öyrənməyin tərəfdarı
idi. Onun türkçülük ideyasının mərkəzində
duran qayələrdən
biri də məhz bu idi
və həqiqətən
də Azərbaycan xalqının tarixini, mədəniyyətini belə
kompleks halda öyrənmək daha elmi, daha obyektiv
bir yol idi”.
K.Talıbzadə XIX-XX əsrlərdə yaradılmış əsərlərdə
milli inkişaf yolunun bədii əks edilməsini tənqid obyektinə çevirməyə nail olur.
“Türkləşmək, islamlaşmaq
və müasirləşmək”,
yəni, avropalaşmaq
ideyalarının toplusu
olan “Füyuzat” və Ə. Hüseynzadə
məktəbini də
“Molla Nəsrəddin”
və C. Məmmədquluzadə
məktəbi kimi yeni dövr Azərbaycanının ictimai,
siyasi, fəlsəfi və ədəbi fikrinin bir zirvəsi
hesab edir.
Bir sıra
ədiblərimiz milli
inkişaf yolunu ümumtürkçülük ideyalarından kənar, yəni avropalaşmaqda, müasirləşməkdə görürdülər. Qərbçilik (avropaçılıq) ideyalarını
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycan xalqının
milli oyanışında
xidmətləri olmuş
Mirzə Fətəli
Axundzadənin və Həsən bəy Zərdabinin qələmə
aldığı yazılarda
görürük. Akademik milli
ədəbi tənqidin
banisi kimi dəyərləndirdiyi M.F. Axundovun
avropaçılıq ideyalarına
toxunaraq vurğulayırdı
ki, ədib “tənqidin Avropanın fikri oyanmasındakı rolunu qeyd edərək,
eynilə ondan Şərqdə də istifadə etməyə çağırırdı”.
K.Talıbzadə Azərbaycan ədəbi tənqidinin inkişaf və təşəkkül
tarixinin elmi mənzərəsinin yaradılması
və ədəbi-estetik
fikrin tarixi köklərini, milli ədəbiyyat tarixini dərindən öyrənilməsi
üçün qədim
və orta əsr Azərbaycan ədəbiyyatına müraciət
edir. Bu dövrə aid maraq kəsb edən materialları ədəbi-estetik fikrini tədqiqat obyektinə çevirir. Özəl milli
ədəbi ənənələrin
yaranması və onların milli şüuru əks etdirmələrinə diqqət
yetirir.
K.Talıbzadənin orta dövr ədəbi-estetik fikrinin inkişaf etmə yolunu bəzən iki yolla, bəzən
isə üç istiqamətdə inkişaf
etməsini söyləməsi
diqqətdən yayınmır:
“orta əsr Azərbaycan ədəbi-estetik
fikri əsasən iki yolla inkişaf
etmişdir: orta əsrin professional elmi əsərləri, poetika və estetika risalələri, ədəbi
şərhlər və
təzkirələr, bir
də ki, böyük söz ustadlarının bədii
əsərləri yolu
ilə”. Daha sonra K. Talıbzadə “Ədəbi-estetik fikrimizin
qaynaqları və əsas istiqamətləri
(XI-XVIII əsrlər)” məqaləsində
qeyd edir: “orta əsrlərdə Azərbaycan ədəbi fikri üç istiqamətdə inkişaf
etmişdir”. Birinci istiqamətə Xətib Təbrizinin, Yusif Xoylunun, Nəsrəddin Tusinin, Əssar Təbrizinin, Şərəfəddin
Həsən Rami Təbrizinin, Vəhid Təbrizinin, Məhəmməd
Rəfi Dost Məhəmməd
oğlunun, Mirzə Əbutalib Təbrizinin “poetika kitabları, estetik risalələri, ayrı-ayrı bədii əsərlərə yazılmış
şərhləri daxildir...
Orta əsr Azərbaycan ədəbi fikrinin ikinci əsas mənbəyi təzkirələrdir... Klassik Azərbaycan
ədəbi tənqidinin
üçüncü əsas
mənbəyi böyük
söz ustalarının
bədii əsərləridir”.
Bu təzadlara baxmayaraq, Kamal Talıbzadə ədəbi
fikrin inkişaf yolunu paralel araşdırmağı və
bir-birinə təsirini
aydınlaşdırmağı elm cəhətdən vacib olduğu fikrində idi.
Azərbaycanın ədəbi-estetik fikri üzərində refleksiyalar
akademikin çağdaş
dünya ədəbiyyatı
tendensiyalarına dərindən
bələd olduğunun
nəticəsidir. K.Talıbzadə ədəbi prosesi
tədqiqat obyektinə
çevirmişdir. K.Talıbzadənin əsərlərində bədii
mühitdəki siyasi-ideoloji,
estetik və janr xarakterli tendensiyalar elmi metodologiya əsasında təhlil edilmişdir.
Nəticədə, K.Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığında
mühüm yer tutmuşdur. XX əsrin əvvəlləri
və ortalarını
əhatə edən milli ədəbiyyatımız
haqqında elmi görüşlərimiz məhz
Kamal müəllimin təsiri altında formalaşmışdır.
Salidə ŞƏRİFOVA
filologiya üzrə elmlər
doktoru, dosent
525-ci qəzet.-
2015.- 8 avqust.- S.17.