Azərbaycan
multikulturalizmi: həvəslə öyrənilən,
maraqla araşdırılan, sevgiylə paylaşılan irs
Şövqlə başlanılan və məsuliyyətlə
icra edilən bütün layihələr uğur qazanır. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı
Slavyan Universitetinin təşkilatçılığı ilə
“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən,
araşdır və paylaş” adlı 21 iyul-1 avqust tarixlərində
keçirilən beynəlxalq yay məktəbi hər kəsi
buna bir daha inandırdı. Az qala hər məqamını izlədiyim
bu müddət ərzində millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, BBMM-in Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdullayevin müəllifi
olduğu bu dəyərli təşəbbüsün birləşdirici
gücünə şəxsən şahid oldum.
BBMM-in mətbuat
katibi, tanınmış jurnalist Yadigar Məmmədlinin rəhbərlik
etdiyi media qrupunda sözügedən layihənin informasiya təminatçısı
kimi yay məktəbi ilə bağlı hər məqamı,
hər faktı, hər hadisəni yazıya aldıqca paralel
olaraq düşünürdüm ki, oxucuya bəzən yorucu,
bəzənsə təkrar kimi görünə biləcək
bu statistikanın ardında əslində nə qədər
insanın zəhməti, gərgin əməyi dayanır.
Hazırlıq iclaslarında K. Abdullayevin hər xırda
detalacan şəxsən nəzarəti, tələbələrin
qidalanmasından tutmuş bütün lazımi təhlükəsizlik
tədbirlərinin görülməsinə qədər layihəyə
məsul şəxslərə verdiyi tapşırıq və
tövsiyələr, qiymətli vaxtını sərf edərək
dəfələrlə yay məktəbinin
iştirakçıları ilə görüşməsi, bu
təşəbbüsün gerçəkləşməsi
üçün çəkdiyi zəhmət, göstərdiyi
ardıcıl səy layihənin uğuruna təminat verməklə
yanaşı, yüksək məsuliyyət hissi ideyanın
icrası üçün təhkim olunan mən də daxil -hər
kəsə sirayət etmişdi.
lll
Bakı
Slavyan Universitetindəki növbəti toplantıdan sonra yay məktəbinin
iştirakçılarını Nabran Təhsil İstirahət
Mərkəzinə şəxsən uğurlayan və
hamını bir-birinə əmanət edən Dövlət
müşavirinin nigarançılığı təşəbbüskarı
və rəhbəri olduğu bir layihə üçün məsul
məmurun nigarançılığından daha artıq-
övladlarını səfərə yola salan atanın, bir neçə
xalqın nümayəndəsinin təmsil olunduğu
qrupların gəncləri üçün əsl
ziyalının, böyük yazıçının səmimi
nigarançılığı idi. K. Abdullayevin həmin gənclərlə
sonrakı görüşlərində onların hər
birinin Dövlət müşaviri ilə sevgi ilə ünsiyyət
qurmaları həmin səmimiyyətin bəhrəsi idi.
İtaliya,
Rusiya, Litva, Çexiya, Gürcüstan, Bolqarıstan, Belarus,
Türkiyə və Ukraynadan təmsil olunan tələbələrin
proqramda nəzərdə tutulan mühazirə, müzakirə
dəyirmi masa və diskussiyalarda iştirakı, qeydlər
aparmaları, mövzularla bağlı çoxsaylı suallar
ünvanlamaları onların Azərbaycan multikulturalizminə həvəsinin,
marağının göstəricisi idi. Hiss olunurdu ki, onlar həvəslə
öyrəndikləri, maraqla araşdırdıqları bu
milli dəyərimizi həm də sevgiylə paylaşmaq əzmindədirlər.
Dəyərli
tədrisi, unudulmaz məqamları, məzəli hadisələri,
əyləncəli tədbirləri ilə
iştirakçıların yaddaşında özünəməxsus
iz buraxan beynəlxalq
yay məktəbi bütövlükdə Azərbaycanın təbliğatı,
həqiqətlərimizi dünya ictimaiyyətinə
çatdırmaq üçün
düşünülmüş düzgün, dolğun və sivil
bir metoddur. Məhz bu üsulla
heç kimin beyninə, şüuruna lazımsız
informasiyalarla “təcavüz etmədən”, malik olduğumuz zəngin
dəyərlə-Azərbaycan multikulturalizmi ilə əyani tanış olmaq üçün imkan
yaradıldı. Adları çəkilən xarici ölkələrin
aparıcı universitetlərində Azərbaycan multikulturalizmi fənnini
nəzəri şəkildə öyrənən gənclər
yay məktəbi ərzində bu mənəvi irsimizlə
praktik şəkildə tanış oldular.
lll
Bakı,
Quba, Qusar, Xaçmaz və Nabranda fəaliyyət göstərən
yay məktəbində tələbələr hər bir məkanın
özünməxsus məqamını, olayını özləri
ilə xatirə apardılar. Məsələn, Azərbaycanın
tanınmış elm və ədəbiyyat adamları,
“Evrovision” qalibi Eldar Qasımov, Birinci Avropa Oyunlarının
mükafatçıları ilə görüşlər,
İçərişəhərdəki möhtəşəm
tarix, Qubada rayon icra hakimiyyətinin xüsusi diqqəti,
oradakı yerli gənclərin tələbələrə məxsusi
ilgisi, mehribanlığı, dağ yəhudilərinin kompakt
yaşadığı Qırmızı Qəsəbənin
unikal mənzərəsi, Qusarın əvəzolunmaz, əsrarəngiz
təbiəti, ekstrimsevərlərin Şahdağ Turizm
Kompleksində kanatla gəzinti zamanı yaşadıqları həyəcan,
Xaçmazın gözəl görüntüləri, rayon mərkəzindəki
müxtəlif məişət əşyalarını təsvir
edən maraqlı heykəllər, orijinal üslubda inşa
edilmiş bulaqlar, əvəzsiz muzeylər və bütün
bunları hər addımda həm də fotoaparatın yaddaşına
köçürməyə çalışan, dost ölkələrin
gənc təmsilçiləri...
Tədris
gününün xoş yorğunluğundan sonra axşam rəqs
meydançasında stress atan, müxtəlif yarışmalar,
müsabiqələr təşkil edən 15 xarici, 9 yerli
olmaqla, ümumilikdə 24 universitetin tələbəsi-49 xarici,
19 azərbaycanlı olmaqla bütövlükdə 12 ölkənin
vətəndaşı Azərbaycan multikulturalizminin möhtəşəm
çətiri altında birləşməyə müvəffəq
oldular. Müxtəlif xalqların, fərqli din və mədəniyyət
daşıyıcılarının sözün həm həqiqi,
həm də məcazi mənasında mənəvi
“Yallı”sını izlədikcə “Azərbaycan
multikulturalizmi” adlanan bu zəngin irsimizə yenidən
vurulmamaq, eləcə də bu irsi hamıyla səxavətlə
paylaşan dövlətimizlə, xalqımızla, bu layihənin
təşəbbüskarı və icraçıları ilə
qürur duymamaq mümkün deyildi.
Multikulturalizmin
sadəcə söz kimi, ideya kimi mövcud olduğu əksər
xarici ölkələrdən fərqlənən Azərbaycan
multikulturalizminin əsas cəhəti burada hər kəsin bunu
tam təbii, uzun əsrlər boyu həyat tərzimizə, məişətimizə
oturuşmuş, xalqımızın genetik bir dəyəri
kimi qəbul etməsidir.
Avropa və Amerikada əsasən miqrasiya proseslərinin nəticəsinə
münasibət məcmusu kimi meydana çıxan və mənəvi
amildən daha çox, demokratiyanın, insan
hüquqlarının təminat simgəsi kimi qəbul edilən
multikulturalizmdən fərqli olaraq Azərbaycan multikulturalizmi
modeli əsrlərdir öz-özlüyündə mövcud
olan təbii yaşam formasıdır. Bakıda eyni
küçədə məscid, kilsə və sinaqoqun yerləşməsi,
regionlarda onlarla xalqın qaynayıb-qarışıb bir yerdə
bütöv azərbaycanlı toplumunu təşkil etməsi
haqlı olaraq xaricilərin heyrət və marağına səbəb
oldu.
lll
Təxminən
10 gün ərzində Bakının tarixi məkanları,
ölkəmizin maraqlı regionları, səfalı guşələri,
geosiyasi durumu, gözəl təbiəti,
çoxçalarlı mədəniyyəti, ləziz mətbəxi,
həyat və məişəti ilə tanış olan
müxtəlif xalqların təmsilçiləri yay məktəbinin
sonunda Azərbaycanın vətəndaşı olmaq, burada
yaşamaq arzularını dilə gətirdilər. Bu beynəlxalq yay məktəbinin indiki zaman
üçün uğuru idi. Əslində isə yay məktəbinin
gələcəyə hesablanan, çox -çox sonralar
üçün aktual olacaq faydaları var. İnsanı adətən
sevdiyi ölkəyə
yenidən getmək arzusu rahat buraxmır və ilk
fürsət düşən kimi bunu həyata keçirir. Aydındır ki, Azərbaycanda olmuş bu tələbələr
yenidən buraya gəlmək üçün gələcəkdə
yaranacaq ilk fürsəti qaçırmayacaqlar. Bundan əlavə, Azərbaycan haqqında zəngin təəssüratlarını
öz ölkələrində ailələri, dostları,
tanışları, əhatələrində olan insanlarla
bölüşməklə ölkəmizə həm də
qiyabi dostlar qazandıracaqlar. Bu qiyabi dostların da imkan
yaranan kimi bu gözəlliklərlə əyani tanış
olmaq fürsətindən yararlanacağı
inandırıcıdır. Bu isə xaricdə
Azərbaycanın onlarla, yüzlərlə yeni dostunun,
lobbisinin yaranması deməkdir. Ümid
edirik ki, gələcəkdə bu gənclərdən bir qismi
öz karyerasını məhz Azərbaycanda qurmaq haqqında
düşünəcək.
Bundan
başqa tələbələrin mühazirələrdə Azərbaycana
qarşı aparılan soyqırım cinayətləri, ermənilərin
törətdikləri terror əməliyyatları haqqında nəzəri
tanışlığı Qubadakı kütləvi
soyqırım məzarlığında, eləcə də Azərbaycanın
tarixi ərazisi olan, uzun illərdir Ermənistan silahlı
qüvvələri tərəfindən işğala məruz
qalan Dağlıq Qarabağın uğrunda canını qurban
verən vətən övladlarının torpağa
tapşırıldığı Şəhidlər
Xiyabanında olarkən əyani müşahidələri ilə
tamamlandı. Bu yolla da onlarla xarici ölkə nümayəndəsi
Azərbaycanın haqq səsini eşitdi, həqiqətləri
ilə tanış oldu.
lll
Akademik Kamal Abdullayevin yay məktəbinin bağlanış mərasimində vurğuladığı kimi, həmin günlər ərzində qurulan ünsiyyət zamanı təkcə xarici tələbələr yox, həm də biz daxilən zənginləşdik. Səmimi ruslarla, çılğın italyanlarla, şən bolqarlarla, mehriban gürcülərlə, qardaş türklərlə, ünsiyyətcil litvalılarla, gülərüz belaruslarla, təmkinli çexlərlə, dost ukraynalılarla ünsiyyət azərbaycanlı tələbələrə, regionlarımızın yerli gənclərinə adları çəkilən xalqların xarakteri, məişəti, həyat tərzi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdı. Tədrisə olan maraqlarından əlavə, əyləncə müddətində italyanların hazırladığı pizza və xoşagəlim vokalı, belarusların oynaq, gürcülərin şux rəqsləri, ukraynalı təmsilçinin ölkəmizin politik durumuna marağı, rusların ifa etdiyi milli “Yallı”mız, bolqarların şirin ləhcə ilə Azərbaycan dilində oxuduğu mahnılar, hər bir xalqın nümayəndəsinin təqdim etdiyi milli süfrə, Çexiyadan gəlmiş cütlüyün bir-birinə bəslədiyi eşq, bir sözlə, sadaladığımız və sadalamadığımız hər şey iştirakçıların bir-birilərini daha yaxından tanıyıb qəbul etməsinə vəsilə oldu. Ural Universiteti tələbələrinin hazırladığı videoçarxda günəşli Azərbaycanın maddi-mənəvi dəyərləri sırasında meyvə, neft, Qarabağ və ümummilli lider Heydər Əliyevin adı çəkildi, rus milli rəqsləri və şirniyyatları hər bir iştirakçıda xoş təəssürat yaratdı. Yay məktəbi müddətində azərbaycanlılarla ukraynalıların, rusların, belorusların, italyanların və digər xalqların təmsilçilərinin yeni multikultural dostluqlarının, azərbaycanlı oğlanla belorus qızın Nabranda bir-birinə yaranan sevgisi fonunda bəlkə də gələcəkdə qurulacaq yeni bir multikultural ailənin təməl daşları atıldı.
Azərbaycan multikulturalizminin mahiyyətini, özəyini təşkil edən -mənsub olduğu etnik kökdən, dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq ümumən insana, insanlığa olan məhəbbət təbii olaraq gələcək yeni sevgilərə başlanğıc oldu. Təbiidir, sevgi sevgi doğurur. Sevginin bərqərar olduğu yerdən etibarlı, güvənli sığınacaq yoxdur...
lll
Deyilənlərə, yazılanlara və görü(l)nənlərə sözardı: Kamal Abdullayevin də çıxışlarında həmişə vurğuladığı kimi, Prezident İlham Əliyevin xüsusi diqqətdə saxladığı multikulturalizm siyasətinin məntiqi nəticəsi olaraq təşkil edilən beynəlxalq yay məktəbinin vasitəsilə Azərbaycan multikulturalizminin daha bir əlvan tablosu çəkildi, çoxçalarlı milli və dini “səslər”in ehtiva olunduğu daha bir bəstəsi yarandı. Beynəlxalq yay məktəbi həm də məmur Kamal Abdullayevlə görkəmli yazıçı Kamal Abdullanın “birgə” müəllifi olduğu növbəti möhtəşəm əsərdir. Mövzusu Azərbaycan multikulturalizmi, Azərbaycan sevgisi olan bu ehtişamlı əsərin də müəllifin bundan əvvəlki əsərləri kimi onlarla dildə oxunacağı, öyrəniləcəyi, araşdırılacağı və paylaşılacağı şübhəsizdir...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 8 avqust.- S.16