Hüseyn Cavid və
ümumbəşəri problemlər
Tarixdən bu günə bizə miras qalmış ədəbi,
bədii, yaxud fikir mirasına baxdıqda bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu, öz dar ailə və
ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən,
onun dərdləri ilə dərdlənən
və bu dərdlərə çarələr
təklif edən şəxslər, ədiblər,
mütəfəkkirlər bizim
günlərədək yaşaya
bilib, bizə irs qoyub
gediblər. Ədəbi
tariximizdə qürurla
adlarını çəkdiyimiz
Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə, Sabir,
Üzeyir Hacıbəyli
və onlarla başqaları məhz buna görə - dünyanın dərdi ilə yükləndiklərinə
görə adlarını
qəlbimizə, tariximizə
həkk etmişlər.
Başqa
sözlə, onlar öz xalqının mənsubu olmaqla yanaşı, bütün
bəşəriyyətin dəyərinə
çevriliblər. Onların arasında
heç şübhəsiz,
Hüseyn Cavid öz layiqli yerini tutur.
Hüseyn Cavid bütün yaradıcılığı ilə,
belə demək mümkündürsə, ilk qələm
təcrübəsi ilə
bu cür geniş düşünən,
bu cür böyük dərdlərlə
dərdlənən qələm
sahibi olduğunu göstərə bilib və bütün yaradıcılığı ilə
ümumbəşəri dəyərlərin
təbliğatçısı olub. Bəlkə elə buna görə bir çoxları onu anlaya bilməyib, bəzilərinin həsədinə,
bəzilərinin qısqanclığına
səbəb olub, başı min bəlalar çəkib, amma bu idealından - dünyanın dərdi ilə dərdlənməkdən
vaz keçməyib. Onu anlamayanlara, onu tənqid edənlərə
də həyat fəlsəfəsini aşağıdakı
misralarla ifadə edib:
Bən fəqət hüsni-Xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Məncə, bu misra Hüseyn
Cavidin nə qədər geniş baxışlı, geniş
düşüncəli, nə
qədər dünya dərdlisi olduğunu anlamamız üçün
kifayətdir. Yaxud onun aşağıdakı
dördlüyünə baxaq:
Həzz
etmədim firqədən,
cəmiyyətdən,
Zövq
almam hərbdən, siyasətdən,
Bir şey duymam fəlsəfədən, hikmətdən;
Mənim ruhum gözəllikdir, sevgidir.
Baxın, bu fikirləri ilə Hüseyn Cavid sanki bizi
on əsr geriyə aparıb "Eşqdir mehrabı uca göylərin/ Eşqsiz, ey dünya, nədir dəyərin?"
deyən dünya şairi Nizami ilə eyniləşir. Cavid üçün
siyasi qruplaşmalar, hərbi ideologiya, fərdi ağlını önə çıxaran
fəlsəfə, başqalarına
dərs vermək kimi ideyalar heç
bir dəyər kəsb etmir, onun həyat fəlsəfəsi gözəllikdir,
sevgidir. Çünki insan başqalarında nöqsanları, qüsurları
deyil, gözəllikləri
axtararkən böyüyür,
kin, nifrət, qısqanclıq,
ədavət daşıyıcısı
olaraq deyil, sevgi, mərhəmət, şəfqət daşıyıcısı
olaraq əsl mahiyyətini kəsb etmiş olur.
Hüseyn Cavid əsərlərinin çoxunda insanı eqosundan uzaqlaşmağa, humanistləşməyə çağırır. Eqonun önə
çıxmasının ümumbəşəri
problemlərin qaynağı
olduğunu isbatlayır.
Hüseyn Cavid bu ideyası, bu fikirləri ilə bu gün dünya
ədəbiyyatında daha
çox tanınmış
ədiblərdən daha
irəli gedir, daha böyük idealları tərənnüm
edir. Məsələn, "İblis" faciəsində onun tərənnüm etdiyi ümumbəşəri problemlər
daha dərin çalarları ilə diqqət çəkir.
Əsərdə müəllif insan
oğlunun məruz qaldığı bir sıra mühüm problemləri gözlərimiz
önünə sərir.
Dar, sırf insanın
eqosuna bağlı eşq, din adına şəxsi mənfəətləri
naminə hər rəzalətə əl atan miskinlər, inqilab, ümumi səadət naminə ideyalarla meydana atılıb insanları məhv edən ideologiya təmsilçiləri,
yalnız öz dar oliqarxik mənafeləri
naminə milyonları
məhvə sürükləyən
müharibə dəllalları
və sair bu kimi ümumbəşəri
problemlərin mənbəyini,
həm də yeganə mənbəyini açan müəllif insan nəfsinə işarə edir, bütün bəla və müsibətlərin
qaynağının məhz
nəfs - eqo olduğunu göstərir.
Əsərin sonunda İblis inanları ittiham edərkən bunu göstərir, ümumbəşəri problemlərin
səbəbini bir sillə kimi üzümüzə vurur:
Olduqca müsəllət sana bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın.
Daim ayaq altında sönüb, məhv olacaqsın.
Bu möhtəşəm monoloqun
müəllifi Hüseyn
Cavid Hötenin "Faust"unda tərənnüm
etdiyi ideyalardan daha irəli gedərək insanın necə bəlalara səbəb ola
biləcək mahiyyəti
ilə əsəri tamamlayır və əsərə qoyduğu
nöqtə ilə insanın qəlbində yeni bir səhifə
açır - özünü
dərk, özünütənqid,
özünəbaxış, özünütəhlil. Hamımızın
əzbər bildiyi o
son sozlərə bir də nəzər salaq:
İblis nədir?
- Cümlə xəyanətlərə
bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis!...
Məncə, bu son dialoq insanın
həyat fəlsəfəsini
dərk etməsi, iblisləşməkdən qorxub
çəkinməsi, özünün
əsl mahiyyətini -
yaşatmaq üçün
yaşamaq idealını
dərk etməsi üçün verilən
ən doğru reseptdir.
Yaxud yaşatmaq üçün
yaşamaq idealını
unudub bəşəri
şeylərə uymasının
hansı faciələrə
səbəb ola
biləcəyini tərənnüm
edən "Şeyx Sənan"a baxaq. Hüseyn Cavid bu faciəsində bəzilərinin düşündüyü
kimi din əleyhinə
fikir irəlisürmür,
əksinə, bəşəriyyətin
son və qlobal dini olan İslamın
təmsilçilərinin böyük
qayələrdən, böyük
dəyərlərdən üz
çevirib fərdi dərdlərinin arxasınca
düşmələrinin, böyüklükdən
üz çevirməklə
necə kiçilmələrinin
portretini çəkir
və insanın məruz qaldığı
faciəni təqdim edir.
İnsan nəfsi, nəfsə qul olmağın ümumbəşəri faciələrə
səbəb olduğunu
Hüseyn Cavidin demək olar ki, bütün əsərlərində görürük. Ümimiyyətlə, Cavid yaradıcılığı
bütövlükdə insanın
öz nəfsinin - eqosunun köləsinə çevrilməsinin təkcə
onun özü üçün deyil, ətrafı, daha geniş mənada bütün bəşəriyyət
üçün dəhşətli
təhlükə olduğu
bir qırmızı xətt kimi keçir. Hüseyn Cavidə görə
bütün bəşəri
problemlərin səbəbi
eqodur. Bu fikirlərimizi sübut üçün ilk növbədə
onun "Topal Teymur" əsərinə
baxmamız kifayətdir.
Hətta
bütün əsəri
nümunə göstərməmiz
də gərək deyildir, yalnız onun finalına baxmamız bütün deyilənlər üçün
sübutdur. Xatırlayırsınız,
əsərin sonunda iki türk xaqanının
üzləşdiyi səhnədə
türk qövmünün
faciəsinin səbəbləri
Teymurun dili ilə ifadə edilir. Amma bir qədər
də diqqətlə baxsaq, bu faciəni
təkcə türk qövmü ilə deyil, ümumiyyətlə,
bütün müharibələrin
səbəbi olaraq təqdim etdiyini görərik. Fikrimizi
sübut üçün
yadınıza həmin
əsərdən final səhnəsini
xatırlatmaq istəyirəm:
“Əsir aldığı İldırım Bəyazidə
müraciət edən
Teymur belə deyir: "Heç məraq etmə, xaqanım! Sən kor bir abdal,
mən də dəli bir topal!
Əgər dünyanın zərrə
qədər dəyəri
olsaydı, yığın-yığın
insanlara, ucu-bucağı
yox məmləkətlərə...
sənin kimi bir kor, mənim
kimi bir topal müsəllət olmazdı".
Romantik ədəbiyyatın vazkeçilməz üslublarından biri ilan rəmzlərdən bacarıqla istifadə edən Cavid burada fərdi korluğu deyil, siyasi korluğu, topallıqla isə fərdi qüsuru deyil, siyasətdə topallığı, inkişafın qarşısını almağı, onu ləngitməyi, geri sürükləməyi tərənnüm edir və iki eqonun çarpışması ilə milyonların, bütün bəşəriyyətin faciəsinin səbəblərini gözlərimiz önünə sərir.
Növbəti əsərində bu ideyanı daha da dərinləşdirir, "Peyğəmbər" əsərində Hüseyn Cavid yenə böyüklük, dahilik arxasınca düşən, öz eqosunu tərənnüm edənlərin şeytanla qardaşlaşdığını, ümumbəşəri dərdlərlə dərdlənənlərin isə səmaviləşdiyini rəsm edərək bir cümlə ilə bəşəriyyətə böyüklüyün bir növ tərifini təqdim edir:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü.
Hüseyn Cavid yaradıcılığının
mahiyyəti olan ümumbəşəri problemlər
və onların həlli yolları bir neçə səhifə, hətta bir neçə kitabla izah edilib
başa çatdırılacaq
məsələ deyildir. Şübhəsiz ki, digər yazılarda bu porblem daha geniş
təhlil ediləcək.
Bəhruz AXUNDOV
525-ci qəzet.- 2015.- 11 avquat.- S.4.