Milli tariximiz üçün hüznlü
və unudulmaz məkan, yaxud Nargindən kimlər keçdi
1915-ci ildən 1940-cı ilədək əvvəlcə
çar Rusiyası, sonra da Sovet imperiyası Nargin adasında
onminlərlə Anadolu və Azərbaycan türkünü qətlə
yetirib. 1915-ci ildən başlayan bu tarixin hər səhifəsi
tük ürpədir, ürək dağlayır, göz
yaşı tökdürür.
Yüz ildir ki, Nargində şəhid olan türklərin
nigaran ruhuna bir dəfə də olsun fatihə oxunmayıb,
salavat çevrilməyib. Hələ də
tarixin qaranlığına gömülmüş sirr olaraq qalır.
Bu tarix gün üzünə
çıxarılmalı, baiskarlardan hesab sorulmalı, cavab
istəməlidir. Rusiyanın ermənilərlə
birlikdə törətdiyi əli qanlı siyasəti ifşa
olunmalıdır. Nargində Azərbaycanın
minlərlə işıqlı insanı, ziyalısı,
elm-irfan sahibi, millətini zülmətdən çıxara
biləcək siyasi və hərbi xadimləri güllələnib.
Olmayan "erməni soyqırımı"nın
yüzilliyinə qatılmaq üçün Yerevana gələn
Rusiya rəhbərliyi arxivləri açmalı, Birinci
Dünya savaşı dönəmində erməni çetələri
ilə bərabər Qafqaz cəbhəsində türk
xalqının başına gətirdiyi insanlıq dramına
cavab verməlidir. Bu hesabın sorulma vaxtıdır artıq!..
Birinci Cahan savaşında ağır duruma düşən,
müsibətlərlə üz-üzə qalan
Osmanlının o dönəm tarixinin ən faciəli səhifəsindən
biri də Qafqaz cəbhəsində ruslara əsir düşən
türklərin acı taleyi oldu. Dünyanın kar
olmuş qulaqlarının duymadığı, kor olmuş
gözlərinin görmədiyi əsir düşərgələrində
zülüm və işgəncələrlə
öldürülən günahsızlar naləsi kimsənin
qulağına çatmadı. Nə
yazıq ki, yüz ildə bu hadisələr bir dəfə də
olsun gün üzünə çıxarılmadı, əsirlərin
acı dramı dünyaya duyurulmadı. Əksinə,
olmayan erməni soyqırımı yüz ildir dünyanın
qulağını dəlir.
Qafqaz cəbhəsindən
əsir götürülən Osmanlı əsirlərinə
qarşı cinayətlər Qars, Gümrü, Batum, Qori,
Aleksandropol, Tiflis, Rostov, Tambuk, Kamışlı, Krosnayarosk,
İrkutusk, Sibirin Otlağa,
Çohluma, Noryevski, Açinski, Skotof, Stavropol, Maykop və
başqa şəhərlərində, Moskvada, Nijni-Novqorodda,
Petroqradda, Ziç adasında və Xəzər dənizinin
Nargin adasında törədilib. Bu qədər əsir
düşərgələrində 1915-1918-ci illər
arasında Osmanlı dövlətinin 100 minə qədər vətəndaşı
amansızlıqla öldürülüb, ağlagəlməz
işgəncələrə məruz qalıb. Sarıqamış məğlubiyyətdən sonra
bölgə tamamilə Rusiyanın əlinə keçdi. Daşnaksütyun
Partiyasının birləşmələri rusların onlara
yaratdığı şəraitdən yararlanaraq türklərə
qarşı kin və nifrət bəsləyir, işğal
olunan bölgəni qan gölünə döndərirdilər.
Ərzurum, Qars, Sarıqamış, Ərdəhan və ətraf bölgələr
döyüşçüləri və insanları ilə bərabər
düşmən əlinə keçmişdi. Əsirlər
heyvanlara məxsus vaqonlara doldurularaq öncə Tiflisə,
oradan da Rusiyanın müxtəlif bölgələrinə
ölüm düşərgələrinə göndərilirdi.
1915-ci ilin ilk aylarında Qarsdan Batumiyə, oradan
da Tiflisə çox böyük sayda əsir gətirilir.
Bakıda dərc olunan "Kaspi" qəzetinin 1915-ci ildəki
nömrəsində yazılırdı: "Əsirlərin
içərisində mülki vətəndaşlar, qocalar,
uşaqlar da var idi. Yaralıların sayı da
çox idi. Hər gün ölüm
faktları artır, yoluxucu xəstəliklər baş
alıb gedirdi". Tiflisə gətirilən
əsirlər burada hər dörd nəfərlik yerə 12-13
nəfər yerləşdirməklə vaqonlara doldurulur.
...Və
buradan da tarixin yaşadığı ən ağır
insanlıq dramı başlayır. Vaqonların qapıları
çöldən kilitlənir və qatar
ölümə yol alır. Vaqonun qapıları 4-5 gündən
bir açılır və hər
açıldığında aclıqdan, susuzluqdan və
soyuqdan donub ölmüş əsirlərin cəsədləri Sibirin
şaxtalı meşələrinə atılır, qalanlara
bir para çörək və su verildikdən sonra yenə
qapılar kilitlənərək yola davam edilirdi. Bir ayın
tamamında qatar Sibirin Qamışlı
stansiyasına yetişir. Bu vaxt vaqonlarda əsirlərin
sayı xeyli azalmış, qalanlar da vaqondaki pisliklərdən,
aclıq və soyuqdan yoluxucu xəstəliklərə
tutlmuşdu. Sarıqamışdakı IX Qolordu qərargah
əsgərlərinin geyimləri, şəxsi əşyaları
əsirlərin üstünə rəhbər təyin edilən
general Prezevalskinin tapşırığı ilə kazak süvariləri tərəfindən
alınmış, onlara haqarət edilmişdi. Rusiya
imperiyası əsir hərbçilərə dair
davranış qaydalarının əksinə olaraq Osmanlı
hərbçiləri ilə amansız davranır, işgəncəylə
öldürürdülər. Alman və
avstriyalı əsirlər Rusiyanın Avropa hissəsindəki
şəhərlərinə aparılarkən türk əsirləri
ən dözülməz düşərgələrdə yerləşdirildi.
Döyüş meydanından əsir
götürülən yaralı əsgərlərin yarası
sarınmır, bəziləri qan itkisindən keçinirdi.
Rus ordusunda Osmanlıya qarşı savaşan ermənilər
it sürüsü kimi əsirlərin üstünə
yürüdülürdü.
Əsirlərin ikinci böyük hissəsi işğal
olunmuş ərazidən Tiflisə gətirilir. Bu dəfə
də yaşlı, uşaq, əsgər, yaralı, xəstə
demədən minlərlə insanı vaqonlara doldurub Sibirin
ölüm düşərgələrinə yola salırlar.
Vaqonlarda nəinki oturmaq, ayaqüstə belə
durmaq çətin idi. Bu dəfə
ölüm yolçuluğu tam iki ay sürür. Baxımsızlıq, həkim, dərman verilmədiyindən
əsgərlərin yarası sarılmadığından
çoxu yolda dünyasını dəyişirdi.
Qanlı hadisələrin şahidi olmuş isveçli Qraf Londrof gördükləri haqqında
yazırdı: "İzdihamdan və üfunətdən
yanlarına yaxın düşülməsi mümkün
olmayan qapalı, kilitli, içərisi tıka-basa Osmanlı əsirləri
ilə dolu böyük bir vaqon 1915-ci il yanvar ayının
sonunda Sirzan istasyonuna gəldi. İçindəki
əsirlər sümükləri çıxmış, yerindən
tərpənməyəcək şəkildə yorğun və
qüvvətdən düşmüş, əyinlərində
geyimləri yox, ayaqları çılpaq, kainatda mövcud
bütün bulaşıcı xəstəliklərə
mübtəla bir halda idilər. Bu fəci
mənzərə insanlığın üzünü
qızardacaq və ürəklərini sızladacaq dərəcədə
idi. Tiza stansiyasında vaqonların
qapıları yenidən kilidləndi və həmin ərazi tərk
edildi. Əsirlərin içərisində
qadın, uşaq və ixtiyar yaşlı insanlar daha çox
idi. Günlərlə sürən ürək
partlayıcı fəryadlar, aclıqdan, susuzluqdan,
havasızlıqdan vaqonların içində inləyən insan dramına
qulaq verilmədi. Bir neçə gündən
sonra əraziyə gedildi, tərpəniş və səs-səmir
gəlmirdi. Bütün əsirlər
ölmüşdü. Bu cinayətdən
bir iz qalmasın deyə ruslar içi cəsədlə dolu
vaqonları atəşə verdilər". Daha bir xatirəsində
Londrof yazırdı: "Ruslar xəstəlik bəhanəsilə
500 əsir əsgərin paltarını soyundurmuşdu. Onlar Tiza şəhərinə varana qədər
tamamən soyuqdan donmuşdular. İçlərində
yalnız bir nəfər sağ qalmışdı..."
"Frankfurt
Saytong" qəzeti 22.06.1916 tarixli sayında yazırdı:
"1916-cı ilin fevralında Krosnayarskdan Primorskiyə
göndərilən 10 min Osmanlı əsirindən sadəcə
200-ü Primorskiyə yetişdi, əsirlərin paltarları
soyundurulmuş, Sibirin soyuğuna buraxılmışdı. Yaralıların çoxu oturduqları yerdə, bəzən
ayaqüstə ölürdülər. Düşərgədəki
sağlam və xəstələr qucaq-qucağa
yatırdılar. Xəstəxanalara
göndərilənlər orada erməni doktorlar tərəfindən
öldürülür və ya günlərlə yemək
verilmir".
Sibir
düşərgəsində çox az
bir qismi qalan türklərə sonralar Rusiya müsəlmanları
sahib çıxır. Ərzaq və isti geyimlə
onları təmin edirdilər. Onlar Moskvada, Petroqradda,
Kazanda, Ufa və
Orenburqda yardım komitələri təşkil edərək
1917-ci il mayın 17-də Rusiya müsəlmanlarının
Moskvada keçirilən qurultayında məsələ
qaldırırlar. Sibirin müxtəlif şəhərlərinin
saxlanan türk əsirlərinin durumunu gündəmə gətirir
və təcili tədbir görülməsini tələb
edirlər. Bundan sonra onlar Rusiyanın hərbi
naziri Kerenskiyə teleqram göndərirlər. Nəticədə əsirlərdən 100-ə qədəri
öz başarıları və müsəlmanların
yardımı ilə Əfqanıstana, oradan da Türkiyəyə
gedə bilirlər.
NARGİN
ADASI
Mirzə
Fətəli Axundovun başladığı mədəni türkçülük
XX əsrin əvvəllərində Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğluların,
Hüseyn Cavidlərin fəaliyyəti ilə siyasi
türkçülüyə çevrilmişdi. Odur ki,
Osmanlı dövləti ilə Azərbaycan arasında
yaxınlaşma münasibətlərin dövlətlərarası
hüquqa əsaslanmadığı vaxtdan yaranmış, can, qan yaxınlığı bu inkişafı
xeyli sürətləndirmişdi. Birinci Dünya savaşı
başlayarkən Azərbaycanda heç kim
Türkiyənin bu savaşa girməsini arzu etmirdi. Türkiyə
kommunistlərinin lideri Mustafa Sübhi 9 avqust 1914-cü ildə
Bakıda dərc olunan "Bəsirət" qəzetində
"Türkiyənin daxili işləri" adlı məqaləsində
yazırdı ki, Türkiyə ilə Rusiya arasında
savaş rüzgarları əsir. O, düşüncələrini
belə paylaşırdı ki, bu savaşın ola
biləcəyi ağlabatandır və gözlənilir. İstanbulda dərc olunan qəzetlərdə
Sübhinin savaş yanlısı məqalələri dərc
olunurdu. Arzu olunmasa da, onun düşüncələri
doğru oldu və Osmanlı dövləti Birinci Dünya
savaşının tən ortasında qaldı. Çar Rusiyasının Azərbaycan türklərinə
qarşı basqılarına baxmayaraq, Bakının zəngin
neft maqnatlarının sahibləri və ziyalılar
aşkar-gizli Türkiyə ilə təmasları
yaxınlaşdırır, Rusiya əleyhinə broşur və
vərəqələr yayımlayır, Türkiyənin durumu
ilə bağlı yazılar dərc olunurdu. Türk ordusunun məğlubiyyətləri Azərbaycan
türklərini üzür, Anadoludan gələn fəlakətli
xəbərlərdən pərişan olurdular. Osmanlının məğlubiyyəti Azərbaycan
xalqının istiqlal arzularını xəyal
qırıqlığına uğradırdı. Sarıqamış məğlubiyyəti Qafqaz cəbhəsi
savaşlarında sanki ümidləri bitirmişdi. Türk qüvvəsi böyük miqdarda
gücünü bu savaşda itirdiyindən Ərzurum,
Güney Anadolu və Qaradəniz bölgəsində
savaşlarda uğur qazana bilmədi, bölgə müdafiəsiz
qaldı. Rusiya bölgədə yaşayan
türklərə qarşı ağlagəlməz
soyqırıma başlamışdı. Çoruh
vadisində 52 min nəfərlik əhalidən 7 mini sağ
qalmışdı. Ərdahana girən
Sibir kazakları "Türkləri alqışlayıb onlara
yardım etdiniz" deyə bütün qəsəbəni
qılıncdan keçirmişdi. Erməni
çetələri işğal altındakı Ərzurum,
Ərzincan, Trabzon və Van bölgəsində müdafiəsiz
xalqa amansız divan tutur, yüzminlərlə insanı
qılıncdan keçirirdilər. Anadoluda
türk-müsəlman əhalisinə qarşı törədilən
fəlakətlər çox keçmədən Rusiyada
yaşayan müsəlmanları ayaqlandırdı. Azərbaycan türkləri qardaş yardımı
üçün hər cür təhlükəyə girməkdən
çəkinmədi. İmperiyanın
güclü senzurasına baxmayaraq Qafqaz cəbhəsində
yaşanan fəlakətlər, türk-müsəlman
xalqının başına gətirilən faciələr
Bakıda dərc olunan qəzetlərin səhifələrinə
çıxarılırdı.
Xəzər dənizinin ortasındakı Nargin adası
Birinci Dünya savaşına qədər imperiyanın bir növ
dustaqxanası olmuşdu. Çar Rusiyası ona xəyanət edən,
cinayət törədən əsgərini ən ağır cəzaya
məhkum edəndə Nargin adasına sürgün edirdi.
Birinci Cahan Savaşı başlayanda Rusiya
buranı əsir düşərgəsinə çevirdi.
Savaş illərində Qafqaz cəbhəsində
100 minədək türk əsgəri və mülkü şəxsi
çar Rusiyasının əlinə keçmişdi. Onlardan 10 mindən çoxu Xəzər dənizinin
ortasındakı Nargin adasına gətirilmişdi. Gözdən uzaq ciddi rejimli əsir düşərgələrindən
biri də Nargin adası idi. 1905-ci ildə
burada həbs düşərgələri salınmışdı.
Xalq yazıçısı Qılman Musayev yazırdı:
"Burada taxtadan düzəldilmiş baraklara işıq
damdan açılmış pəncərələrdən
düşürdü. Bir neçə barakda
taxtlar olsa da məhbusların əksəriyyəti quru torpaq
döşəmə üstündə yatırdılar. Qış aylarında baraklar qızdırılmırdı.
Su çatışmırdı: hərdənbir şəhərdən
gətirilirdi. Belə yaşayışdan məhbuslar cana
doymuşdular..."
(Ardı var)
Rəsmiyyə QARAYEVA
"Azərnəşr"in redaktoru
525-ci qəzet.-
2015.- 12 avqust.- S.4.