Milli tariximiz üçün hüznlü
və unudulmaz məkan, yaxud
Nargindən kimlər keçdi
(Əvvəli ötən sayımızda)
Şimali
Qafqaz dəmir yolundan Bakıya eşalonla gətirilən
minlərlə osmanlı əsir
"Knyaz Borodanski"
gəmisi ilə gecələr Nargin adasına daşınırdı.
O vaxt Nəriman Nərimanovun rəhbərlik
etdiyi "Hümmət"
təşkilatında bundan
xəbərdar olsa da, qadağan olunmuş zonaya heç kim buraxılmadığından orada nələr
baş verdiyini heç kim bilmirdi.
Nərimanov Bakı şəhər Dumasına seçiləndən
sonra onu çoxdan narahat edən Nargin adasında saxlanan türk əsirlərinin vəziyyəti ilə maraqlanır. O, həmfikirləri
ilə Dumada bir komissiya seçib
Nargin adasına göndərilməsi məsələsini
tələb edir.
"Hümmət" 1917-ci il 28 noyabr
tarixli sayında yazır: "Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər
tərəfindən yoldaşımız
Nərimanov bir neçə adamla Nargin cəzirəsinə gedib əsirlər barəsində mükəmməl
məlumat toplayıbdır.
Bu barədə Dumada bir məruzə
oxuyacaqdır".
Beləliklə, Dumanın "Təhqiqat
komissiyası"nın üzvləri-Nəriman
bəy Nərimanov, Əbdülbağı Məmmədov,
Ağa Məhəmməd
İbrahimov, Mürsəlov,
Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları
Nargin adasına gedir, orada əsirlərin
vəziyyətindən və
saxlanma şəraitindən
dəhşətə gəlirlər.
"Açıq söz"
qəzeti 1917-ci il 7 dekabr tarixli sayında "Təhqiqat komissiyası"
üzvlərinin Nargin
cəzirəsində gördüklərini
belə şərh edir: "Cəzirədə
yaşayan dəhşətli
vəziyyətin izlərini
görən komitə
üzvləri hönkür-hönkür
ağlamaqdan özlərini
saxlaya bilmirdilər.
400 adam yerləşəcək
xəstəxanada 1200 xəstə
balıq kimi bir-birinin üstünə
tökülmüşdü, bəzisi can verirdi, bəzisi "Əfəndim
su", "Əfəndim
yemək" deyə qışqırırdı. Bir tərəfdən
isə o gün ölmüş 40 əsir
bir-birinin üstünə
yığılıb dururdu.
Gündə 40-a qədər əsir
acından susuzluqdan soyuqdan ölür. Əyinlərinə geyinməyə, bir
də yandırmağa
yanacaqları yox idi. Bir çoxları başlarının
altına kərpic qoymuşdular.Quru taxta üstündə yatmaqdan bir çoxlarının yanlarında böyük yaralar əmələ gəlmişdi. Mülki
əsirlər arasında
80 yaşında qocalarla
yanaşı, 2 yaşından
15 yaşına qədər
körpə uşaqlar
da var idi..."
1917-ci il dekabrın
5-də Bakı şəhər
Dumasının növbəti
iclasında Nərimanov
zalda oturanlara müraciətlə dedi:
"Adanın halı
hər tərəfdən
fənadır. Buradakı evlər
adamlar üçün
tikilməyib. Bu evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir.
Burada heç vaxt soba yandırmazlar. Çünki odun yoxdur, bu
daxmaların soyuqluğuna
səbəb taxtaların
aralarında olan deşiklər və damların üstəki şüşəsiz pəncərələridir.
Mən əsirlər üçün bişən
şorbanı gördüm:
itini sevən kişi bunu
itinə verməz",
su da burada
çox vaxt tapılmır. Burada insanlar susuzluqdan can verirlər".
Nərimanovun məruzəsindən sonra çıxış
edənlər əsirlərə
yardım komitəsi yaradılmasını təklif
edirlər. Komissiya Nəriman
Nərimanovun təkidli
tələbinə görə
qərara alır ki, cəzirəyə bir daha əsir
göndərilməsin, orada
saxlanan qocalar, qadın və uşaqlar vətəninə
göndərilsin, əsirlərin
yemək-içməkləri artırılsın, alt-üst
paltarlarına diqqət
yetirilsin.
Nəriman Nərimanovun Dumadakı çıxışı təsirsiz
qalmadı. Duma Nərimanovun rəhbərlik
etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi
təcili teleqramın
cavabında Nargin hərbi düşərgəsindən
ən ağır xəstələrin çıxarılmasına
və cəzirədə
yaşayan əsirlərə
xeyriyyə cəmiyyətlərinin
köməyinə icazə
verilirdi. Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti
Nargin hərbi düşərgəsində komissiyanın
müəyyən etdiyi
üç yüz xəstə- türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə
yerləşdirdi. Nargində əsir
sifəti ilə yaşamaqda olan 130 nəfər körpə türk balaları şəhərə gətirilib
Çəmbərəkəndin qabağındakı mülkdə
yerləşdirildi. Bunu "Möhtaclara
yardım" Cəmiyyəti
öz öhdəsinə
alıb və hər bir məxarici
boynuna götürdü.
Türkiyənin müharibədə düçar olduğu faciə ümummüsəlman
dərdinə çevrilmişdi.
"Qardaş köməyi",
"Türk əsirlərinə
yardım komitəsi",
"Möhtaclara kömək",
"Bakı İslam Xeyriyyə Cəmiyyətləri",
"Müsəlman Qadınlarının
Xeyriyyə Cəmiyyəti"
və "Qırmızı
Xaç Cəmiyyəti"
cəbhə bölgələrində,
hərbi düşərgələrdə
köməksiz qalan uşaqlara, qadınlara, qocalara maddi, tibbi yardım etməklə və əsirləri həbsxanalardan
qaçırıb vətənlərinə
yola salmaqla məşğul olmağa
başladılar. Bakıda məhəllə-məhəllə
maddi yardım-pul, əşya, yorğan-döşək
toplanırdı. Bu, ayrıca bir araşdırmanın mövzusudur.
Nargin adası
təkcə Osmanlı
türklərinə deyil,
Azərbaycan türklərinə
də cəhənnəm
adası olub. Milli genefondumuzun
məhvinə yönəlmiş
mürtəce siyasət
bəşəri cinayət
idi. 1920-ci ildən başlayaraq xalqımızın bütün
işıqlı insanları,
oxumuşları, ziyalısı
tək-tək məhv
edilirdi. Stalinin qanlı
repressiyası xalqın
qüdrətini, milli-mənəvi
sərvətini məhv
etmək məqsədi
güdürdü. 1918-1919-cu illərdə Azərbaycanda
Milli Ordu quran 13 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik
və podpraporşik,
266 digər rütbəli
hərbi qulluqçu həbs edildi. Onlar 1920-ci il
iyunun 16-da gecə ikən Nargin adasına aparılıb güllələndilər. Azərbaycanda
Milli Ordu quruculuğu tarixinə şanlı səhifələr
yazan hərbçilər-Azərbaycan
Cümhuriyyətinin ilk hərbi
naziri-general-mayor Həbib
bəy Səlimov,
general-mayor İbrahim ağa
Usubov, general-mayor Əmir
Kazım Qacar,
general-mayor Məhəmməd bəy Sulkeviç,
general-mayor Əbdülhəmid bəy Qaytabaşı,
general-mayor Murad Tlexas
(çərkəz), Əlyar
bəy Haşımbəyov
qırmızı ordunun
bolşevik-daşnak terroruna
tuş gəldilər.
Rəsmiyyə
QARAYEVA
"Azərnəşr"in
redaktoru
525-ci qəzet.-
2015.- 13 avqust.- S.4.