Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli
simaları: Məmməd Həsən Hacınski
Dünyanın qədim tarixə malik ölkələrindən
biri olan Azərbaycan öz coğrafi mövqeyinə və strateji əhəmiyyətinə görə
hər zaman diqqət mərkəzində
olub.
Yalnız şərqdən qərbə
doğru uzanan ticarət yolları deyil, eyni zamanda
tarixin müəyyən
məqamlarında böyük
imperiyaların, dünya
cahangirlərinin dağıdıcı
yürüşləri də
Azərbaycandan keçib. Minilliklər boyu qılınc səsinin səksəkəsi
ilə diplomatiya fəlsəfəsinin qovşağında
yaşayan Azərbaycan
xalqı bu tarixi prosesdə qılıncla diplomatiyanın
vəhdətini yaratmağı
bacarıb. Hələ 14-cü əsrdə Əmir Teymurla Şirvanşah İbrahimin arasında diplomatik gedişlər, Ağqoyunlu Uzun Həsənlə Avropa dövlətləri arasında
yazışmalar, Səfəvi
dövlətinin geniş
beynəlxalq əlaqələri
isə diplomatiya tariximizin ilk səhifələri
idi. Azərbaycanın taleyində və
tarixində əsaslı
dönüş isə
XIX əsrin sonlarından
başlanıb. Məhz bu
dövrdə Azərbaycanın
fikir adamları yeni mübarizə metoduna keçib. Belə ki, dövrün ziyalıları yüz illər boyu davam edən ümmət anlayışından
yeni əsrin millət düşüncəsinə
keçməyin zərurətini
ideya istiqaməti olaraq önə çəkib. A. Bakıxanov,
M. F. Axundzadə və
H. Zərdabi kimi mütəfəkkirlər ümmətdən
millətə keçməyin
zəruriliyini əsaslandırmaqla
milli hədəfləri
müəyyənləşdiriblər.
Bu böyük mütəfəkkirlərin
Ə. Hüseynzadə, Ə. Ağaoğlu və Ə.
M. Topçubaşov kimi
ardıcılları isə
azərbaycanlıların ümmətdən
millətə başlayan
tarixi keçid prosesini uğurla davam etdirərək bu ideyanın fəlsəfi baxışlar
sisteminə çevrilməsində
xüsusi rol oynayıblar. 1918-ci ildə tarix səhnəsinə çıxan Azərbaycan
Xalq Cümhuriyyəti
dünyəvi bir dövlət olaraq, islam ümmətçiliyindən
türk millətçiliyinə
keçidin məntiqi
yekunu olub. XX əsrin əvvəllərində
dünya xalqları içərisində öz
millətlərinin imzasını
görməyən Azərbaycan
aydınları ilk imkan
düşən kimi,
1918-ci ilin may ayının
28-də Xalq Cümhuriyyətini
yaratmaqla diplomatik baxımdan bu imzanı beynəlxalq aləmdə təsdiq etdirə biliblər. Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşasa da, yaradılan tarix, keçilən yol, atılan diplomatik addımlar və görülən böyük işlərin
siyasi məzmunu millətin varlığında
böyük rol oynayıb. Dünya müharibəsinin başa çatması ilə müşahidə edilən gərgin diplomatik mübarizə şəraiti yeni yaranmış Azərbaycan
Xalq Cümhuriyyətindən
böyük diplomatik bacarıq, dünya siyasətinin dönüş
məqamlarından baş
çıxarmaq qabiliyyəti
tələb edirdi.
Fəaliyyət göstərdiyi dövrün
çətinliyinə baxmayaraq
Azərbaycan diplomatiyası
bu mühüm vəzifənin öhdəsindən
gələ bilib. Siyasi məzmunda
Azərbaycan ideyasını
dünyaya təqdim edənlər 1920-ci ildə
diplomatik baxımdan da bu ideyanın
Versal Ali Şurası
tərəfindən beynəlxalq
aləmdə təsdiqlənməsinə
nail olublar. 1919-cu il may ayının 28
-də -İstiqlal günü ABŞ prezidenti
V. Vilson Azərbaycan nümayəndə heyətini
qəbul edir, bu görüşdə Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma
tarixi, onun bir illik inkişaf
yolundan danışılırdı.
Lakin prezident Vilson Azərbaycan nümayəndə
heyətinə qəbulda
ümidverici bir şey deməyib. O, sülh konfransında dünyanın kiçik hissələrə parçalamaq
niyyətində olmadığını
qeyd etdikdən sonra Azərbaycan nümayəndələrinə federasiya ideyasını müdafiə etməyi məsləhət görmüş,
Millətlər Liqasının
mandatı ilə böyük dövlətlərin
birinin bu konfederasiya üzərində
qəyyumluğunun real çıxış
yolu olduğunu bildirib. Birinci Dünya Müharibəsindən
sonra yaranmış vəziyyətlə əlaqədar
olaraq dünyanın aparıcı dövlətinə
çevrilmiş ABŞ Paris sülh konfransında da diktə edən
tərəf kimi çıxış edıb . O zamanki dünya düzəninin baş memarı sayılan V.Vilsonun 14 sülh prinsipində hələ ki , yeni yaranmış dövlətlərin o cümlədən,
Azərbaycanın müstəqilliyinin
tanınması yox idi. Hələ 1919-cu ilin sentyabrın
sonunda Ə.Topçubaşov
hökumətə göndərdiyi
məktubunda xəbər
verirdi ki, müttəfiqlər istiqlalımıza
dair məsələni
nəinki müzakirəyə
çıxarmır, hətta
bunu heç etmək belə istəmirlər. Məhz
belə bir şəraitdə Azərbaycan
Xalq Cümhuriyyətinin
müstəqilliyinin 1920-ci ildə
Versal Ali Şurası
tərəfindən tanınması
1919-cu ilin payızından
etibarən dəyişən
siyasi vəziyyətlə
yanaşı, Azərbaycan
diplomatiyasının mühüm
uğuru, onun Paris Sülh konfransındakı
say etibarı ilə kiçik olan heyətinin böyük qələbəsi idi.
Mürəkkəb tarixi şəraitdə mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyanlar, onun xarici siyasətini
həyata keçirənlər
dünyəvi dəyərlərə,
demokratik prinsiplərə
əsaslanaraq dünya
siyasəti və coğrafiyasında azərbaycanlıların
yerini müəyyən
ediblər. Azərbaycan Xalq Cümhuriyyətini
quranlar təkcə azərbaycanlıların dünyaya
baxışını deyil,
dünyanın da Azərbaycana baxışlarının
dəyişməsində mühüm
rol oynayıblar.
Bu prosesdə iştirak edən əsas şəxslərdən
biri tanınmış
mühəndis, görkəmli
siyasətçi və
ictimai xadim Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici
işlər naziri olmuş Məmməd Həsən Hacınski idi. Hacınski Məmməd Həsən
Cəfərqulu oğlu
1875-ci ildə mart ayının
3-də Tiflis şəhərində anadan olub. O, 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirdikdən sonra bir müddət Şəmsi Əsədullayevin
Moskvadakı Neftayırma
Zavodunda mühəndis
kimi çalışıb.
Bakıya qayıdan M.H.Hacınski
1902-ci ildə Bakı
şəhər dumasının
üzvü seçilib.
O, dumada 1917-ci ilə kimi fəaliyyət göstərib və bir çox iclaslar da onun
sədrliyi ilə keçirilib. Həmçinin 1908-ci ildən Bakı
şəhər idarəsində
tikinti şöbəsinə
başçılıq edən
Hacınski Bakının
abadlaşdırılması və inşaat işlərinin genişlənməsində
xüsusi rol oynayıb. O, eyni zamanda şəhərin baş planını təkmilləşdirib. M.H. Hacınskini uzun müddət daha çox Bakı bulvarının banisi kimi tanıyıblar, çünki Dənizkənarı
bulvarın tikintisi onun fəaliyyəti ilə bağlıdır.
Elə o illərdə
M.H. Hacınski artıq
şəhərsalma və
tikinti-inşaat sahəsində
görkəmli təşkilatçı
kimi tanınıb. O, 1913-cu ildə,
qısa müddətə
də olsa, Bakı şəhər idarəsinin rəisi vəzifəsini icra edib. XX əsrin
əvvəllərində xalqımızın
ümmətdən millətə
keçmə prosesində
təşkilatlanma işləri
xüsusi rol oynayırdı, Hacınski
də bu prosesin öndə gedən simalarından idi. O, 1904-cü ildə
Hümmət Sosial Demokratik təşkilatını
yaradanlardan olub . M.H.Hacınski eyni zamanda Nəşri-maarif, Nicat və Müsəlman xeyriyyə cəmiyyətlərinin
yaradılmasının əsas
təşəbbüsçülərindən
və ən fəal üzvlərindən
biri kimi tanınıb. Rusiyada
baş verən fevral burjua inqilabından sonra Azərbaycan
milli-demokratik hərəkatının güclənməsi
ayrı-ayrı ictimai-siyasi qüvvələri birləşdirən
müxtəlif partiya, komitə və cəmiyyətlərin
yaranmasına səbəb oldu.
Onların
arasında ən mötəbər qurum olan, 1917-ci il martın 27-də təsis edilən Bakı
Müsəlman İctimai Təşkilatları Müvəqqəti
Komitəsinə M.H.Hacınskinin sədr seçilməsi onun
ziyalıları içərisində çox
tanınmış və nüfuzlu olmasına dəlalət
edirdi. Onun sədrliyi ilə Komitə 1917-ci ilin aprelində
Bakıda keçirilən Qafqaz müsəlmanları
qurultayının baş tutması üçün
böyük təşkilati iş görüb. M. Hacınski,
habelə, 1917-ci il mayın 1-dən 11-dək
Moskvada baş tutan Ümumrusiya müsəlmanları
qurultayının fəal iştirakçısı olub.
Fəal siyasi mövqeyi və dayanıqlı demokratik
dünyagörüşü M.H.Hacınskini Azərbaycanın
müstəqilliyi uğrunda mübarizənin ön
sıralarına çıxarıb. Onun 1917-1919-cu illərdəki
gərgin fəaliyyəti bötüvlükdə bu amala qulluq
eləməsindən irəli gəlirdi. M.H.Hacınski
Zaqafqaziya Komissarlığında və Zaqafqaziya Demokratik
Federativ Respublikasının hökumətində məsul vəzifələr
tutub. Azərbaycan Xalq Cümhuriyyəti
yarandığı gündən xarici siyasi fəaliyyətə
başlayıb, dövlətlərarası münasibətlərə
daxil olmağa cəhd göstərib və heç də təsadüfi
deyil ki, AXC-nin ilk hökumət kabinəsində xarici işlər
naziri vəzifəsi M. Hacınskiyə
tapşırılıb.
Onun rəhbərliyi altında Azərbaycan Xarici
İşlər Nazirliyinin ilk diplomatik addımı Batumda olan
Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil
bəyə Azərbaycan Milli Şurasının və F.
X.Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetinin
yaradılması haqqında məlumat vermək oldu. 1918-ci il
may ayının 30-da Tiflisdə Azərbaycan Cümhuriyyətinin
yaranması haqqında Nazirlər Şurasının sədri
F.X.Xoyskinin rəhbərliyi altında hazırlanmış məlumatı
xarici ölkələrə çatdırmaqda problemlər
yarandığı üçün o zaman Batumda olan xarici
işlər naziri M.H.Hacınski teleqramı birbaşa radio vasitəsi
ilə İstanbula, oradan da radio vasitəsi ilə
dünyanın əsas ölkələrinə
çatdırır. Hələ Azərbaycan müstəqilliyini
elan etməmişdən əvvəl Qafqaz nümayəndəliyi
daxilində Osmanlı dövləti ilə Batum sülh
danışıqlarında iştirak edən M.Hacınski
diplomat kimi püxtələşib, tərəf müqabilini
dinləmək, qəbul etdiyi qərarın üstündə
durmaq kimi bacarıqlarını artırıb. Elə
bu kimi bacarıqlarından istifadə edən xarici işlər
naziri M.H.Hacınski Xalq Cümhuriyyətinin lideri Məhəmməd
Əmin Rəsulzadə ilə birgə Osmanlı dövləti
ilə imzaladığı müqavilənin 4-cü maddəsinə
əsasən Azərbaycan Osmanlı dövlətindən hərbi
yardım istəyib.
(Ardı var)
Ramil HİKMƏT
525-ci qəzet.- 2015.- 14 avqust.- S.4.