Sübh yuxusu
(hekayə)
Bayırdan
boğuq səs gəldi. Tez qapını açıb eyvana
çıxdı, aynabənddən həyətə
boylandı... Küləyin səsiymiş. Bax e, bir-iki dəqiqənin
ərzində bağ-bağçanı viran qoymuşdu bu
külək. Odur, suvağı çat vermiş
çil-çopur barının, nəmli divarları payız
otları bitirmiş dam-daşın üstündə yarpaqlar
qırmızı bahar kəpənəkləri kimi aramsız
uçuşurdu. Həyətin başında, qovun-kəliyi
çoxdan sovulub uralanmış bostan yeri tərəfdə isə
hələ də səngiməyən küləyin ley kimi
qabağına qatıb qoparağını
götürdüyü bir dəstə yarpaq canını
qoymağa yer gəzirdi...
Çiyinlərini
çəkib əsnədi. Havadan xoşu gəlmədi.
Ağaclar tamam-kamal lüt-üryan qalmışdı. Gör
nə qədər xəzəl süpürməliydi. Hələ
yandırılandan sonra bunun tüstüsü, külü,
zir-zibili vardı. Qəfil payız küləyilə
durduğu yerdə Xumarın işini artırmışdı.
“Eh, qadam canına...” deyib aynabəddən çəkildi.
Allahın küləyi ilə duruşmayacaqdı ki. Əsir,
qoy əssin də, can onun, cəhənnəm tanrının.
Gözü
iri divar saatına sataşanda barmağını dişlədi,
yadına düşdü ki, paho, aşağı siniflərdə
oxuyan oğluyla qızı bir azdan məktəbdən
qayıdacaqdılar. Elə əri Türbət də, dediyinə
görə, nahara evə gəlməlidi. Xumar onlarçün
biş-düş hazırlamaq havası ilə mətbəxin
qapısını açarkən yadına səhərki
yuxusu düşdü. O sübh yuxusu necə də şirin
yuxuydu. Onun şirinliyi büsbütün canına, qanına,
sinirlərinə yayılmışdı. Bəs nə
görmüşdü, kimləri görmüşdü
yuxuda?!
Qapıya
söykənib gözlərini mətbəxin güllü
kafellərinə dikdi, səhərki yuxusunun üstündən
tül örtük ehmalca çəkildi, güllü kafellər
aralandı, uzun bir dəhliz göründü. Dəhliz boyunca
rəngi soluxmuş, çil-çopur skamyalar
düzülmüşdü. Açıq pəncərədən
məktəbin həyətindəki qızılgüllər
aydın görünürdü. Deyəsən, bu, Xumargilin
sinfiydi. Onbirincilər ədəbiyyat fənnindən
yazılı imtahan verirdilər. Gəncəli Naseh müəllim
ortada gəzişir, imtahanın gedişinə nəzarət
edir, elə hey gülümsəyirdi. Amma dodağındakı
təbəssümlə gözlərindəki kədər
heç də bir-birinə uyuşmurdu. Xumar nəyisə bəhanə
edib ondan bir söz soruşmaq, iri ala gözlərinə baxmaq
və gözlərinin içindəki o kədərli ifadənin
sirrini, mənasını bilmək istəyirdi. Amma
utanırdı, ağlını başından alan
yaraşıqlı müəlliminə baxmağa
utanırdı. Axı, bəs necə baxmasın, nətəhər
baxmasın?! Ürəyi elə atlanmışdı ki...
Naseh müəllim
əyilib Xumara nəyisə izah eləyərkən
qıvrım saçı qızın üzünə toxundu.
Sonra o, Xumarın dəftərinin arasına bir məktub qoydu.
Dedi ki, məktubu evdə açıb oxuyar, indi olmaz.
Çünki dərs hissə müdiri arxadan onları
güdür. Xumar bu sözlərdən uçundu, yanaqları
dağ laləsi kimi allandı, pörtdü. İstədi ki,
başını qaldırıb Naseh müəllimin o ala
gözlərinə baxsın, uduxmamış quzu tükünə
bənzəyən buruq-buruq, qıvrım, zil qara
saçına baxsın. Ancaq baxa bilmədi. Ürəyinin
döyüntüsündən, alışıb yanan
yanaqlarının hərarətindən yuxudan ayıldı.
Yerindəcə çömbəlib çılpaq dizlərini
qucaqladı, başındakı havanın təsiri ilə
heyfsləndi: “Ay Allah, görəsən o məktubda nə
yazılmışdı?! Bunu necə, haradan, nətəhər
öyrənmək olar...”
İndi
Xumar bunu qol-qola verən güllü kafellərdən soruşurdu.
Yalvarırdı, rica edirdi, döşəmədən tavanadək
qol-qola verən güllü kafellər
şıdırğı rəqs eləyir, Xumarsa əlini
dizinə vurub elə hey heyfslənirdi: “Gərək elə
yuxudaca məktubu açıb oxuyaydım...”
O, gənc,
yaraşıqlı ərini, Allahın verdiyi bir cüt gözəl
payı - iki gülüzlü balasını, başı
buludlara dəyən “İmarət” dediyi ev-eşiyini, sarı
imperial sikkələrlə ləbaləb cehizlik
mücrüsünü, yamangünlük dür-düyüncəyini,
evinin ballı-bollu xəm-xurudunu... gözlərinin
önünə gətirərək, nə qədər
özünü tox tutmaq istəsə də, ürəyi elə
hey gördüyü yuxuya tərəf uçunurdu. Sanki
büsbütün vücudu, canı, qanı, qəlbi o
şirin yuxunun ağuşunda, ixtiyarındaydı. Artıq əli
uzaq-uzaq səhralarda ilğım kimi ağaran, ləpələnən
gənclik karvanından biryolluq üzülsə də, ruhu,
huşu bir vaxtlar Gəncəli Naseh müəllimin gəzib
dolaşdığı, divarlarına əli toxunduğu, nəfəsi
hopduğu köhnə məktəblərinin dövrəsində
hələ də səfil-sərgərdandı. Söyləniləsi,
açıb ağardılası deyildi bu dərd. Xoşbəxt
anlarında, bəxtəvər çağlarında, bir
şirin tikəni ağzına aldığı dəmdə qəflətən
böyüründə peyda olub gözlərini ona bərəldəndi
bu dərd!
“...Görəsən
o məktubda nə yazılmışdı?! Ay anam, ay
bacım, ay Allahın saya-sadıq bivec bəndəsi, bunu
övliyalardan, ənbiyalardan, o gözəgörünməz
qurbanı olduğumuzdan başqa kim bilər?! Heç kim! -
Xumar qollarını çarpazlayıb mətbəxin yallı
gedən kafelləri ilə söhbət eləyirdi: - Vallah
qonşumuz seyid Tamamın da əli yetməz bu işə,
deyirdi. - Amma öz aramızdı, Tamam da Tamamdı ha,
otaş-paraş, yeddi qazanın damazdığı. Cin
atına mindi, ta üzünü görmə, dədəsin
tanımaz. Keçən yay demişdi ki, el içində
qozu-qozu gəzib imannan, dinnən üyüdüb tökən,
təziyə mərasimlərində mərsiyəxanlara
vagirlik edən, ziyarətdən gətirdiyi yüsür təsbehi
boyu bərabərində olan Kəblə İsminin
paxırını açmasam, dədəm Seyid Sucunun
dölü döyüləm. Sözün nədi, dili də
varmış, dilçəyi də, mafi-qaydayla qaranlıq
otaqda tas qurub Kəblə İsminin Talış tərəfdə
nəvəsi yaşında bir qız uşağının
qoynuna nə sayaq girdiyini, oğru pişik tək necə
yalmandığını firiştələrin köməyiylə
arvadı Naxış xalaya göstərmişdi və
demişdi ki, ay mələməz, ətəyində namaz
qıldığın Kəblə İsmi köpoyoğlu bax
belə qurumsağdı, dəyyusun yekəsidi...
Yox,
Xumarın işi ayrı bir müsibətdi, Seyid Tamamlıq
deyildi. “Sulamadığı ocaq başı qoymayan, havadan
şeh çəkən, acgöz, barmağını göstərəndə
biləyindən yapışan Tamamlıq nə iş vardı
burda. Əgər rüsvay-cahan olmaq istəyirsənsə,
zurna püflətdirmək, boynundan zınqrov asdırıb
qarğa məndə qoz var demək istəyirsənsə, o
yol, o da sən, beş-on manatlıq ayın-oyunla get seyid
Tamamın ziyarətinə, görüm nə təməssük
tapacaqsan?!
“Günah
özümdədi, - deyə başını sinəsinə
söykəyib düşünürdü: - Gərək məktubu
elə oradaca açıb oxuyaydım. Ta ovcumda gizlətməyəydim.
Gərək... yox, e, yox, anam, bacım, nə “gərək-mərək”,
məktubu ovcumda gizlədəndə... artıq yuxudan
ayılmışdım. İş işdən
keçmişdi. Deyirəm, barı, heç olmasa, təkcə,
bircə kəlmə oxuya bilsəydim...”
“Nə
olacaqdı, nə dəyişəcəkdi? Heç
utanmırsan?! - ürəyindən qopan bu sözləri sanki əri
Türbətin dilindən eşidirmiş kimi diksinib yan-yörəsinə
boylandı. Gözü ərinin divardan asılmış
şəklinə dəydi. Elə bil ki, ərinin bu şəkli
çəkilərkən, onun adamın yeddi qatından
keçən qıyıq, mənalı
baxışlarının durumu indiki anların ovqatına
hesablanıbmış. “Yenə nolub, nəyin çatmır?”
deyən bu incik baxışların önündə duruş
tuta bilməyən Xumar barmaqlarının ucunda ehmalca qonaq
otağına keçib divanda uzandı, ərinin
asılqandakı qəttəzə, bir-birindən bahalı
kostyumlarına baxıb, nə isə, qiymətli bir şey
itiribmiş tək heyfsləndi. Canını ilmüdam, peydərpey
evə daşıdığı əşya-ərzaqçün
fəda eliyən Türbətə yazığı gəldi.
Bəs o əcəri getməyən, asılqandaca saqqalları
ağaran “ağayana” paltarları nə vaxt adam balası kimi
geyinib qohum-əqrəbanın xeyir-şərində
görünəcəkdi, bazar-dükana gedəcəkdi? Bu bədbəxt
balası qarışqa kimi hər gün əlinə keçəni
elə hey bir ucdan daşıyıb tökür evə ha.
Şiləbarandı e, şiləbaran. Elə bil ki, yer
üzünə aclıq gələcəkdi deyə zumar
yığırdı. Türbətin bu
yığındarlığına,
daşıhadaşısına baxanda, Xumarın yadına
köçüb gəldiyi kənddəki qonşuları
Ağamalı dayının el arasında aralıq atı deyilən
qaşqa kəhəri düşürdü. Səhərin
gözü açılandan ta qaş qaralanadək benava
atın dincəldiyi yoxuydu. Görürdün ki, budu ha, şəbbün
xeyir, kimi bu yazıq heyvanın belində dəyirmana dən
aparır, kimi də onu təkatlıq arabaya qoşub
çöldən ot-əncər daşıyır.
Gözünə döndüyüm qaşqa kəhərin beli
yağır olub ayaqlarının şatırı
çıxsa da, gör bir gahgirləyirdi? Qətiyyən yox!
Nə gəldi daşıyırdı. Sağolmuş Türbət
də, elə bil udumunu bu atdan almışdı, onun
üzünə tərpənmişdi. Daşımaqdan
savayı bu gen dünyada sanki əlindən ayrı bir iş gəlmirdi.
Bir dəfə
Xumar zarafata salıb bu sözləri Türbətə deyəndə
o, arvadını çəpəki süzüb
başını buladı: “Ağzın isti yerdədi, - dedi,
- heç dünyadan xəbərin var?! Dünənki
abırlı adamların bu gün ehtiyac içində nə
kökə düşdüyünü görsəydin, belə
gijdəməzdin. Həyatla ayaqlaşmayıb, ya da ayaqlaşa
bilməyib, hər gün ayaqlar altında qalanların necə
çərlədiyini mən yaxından görürəm,
balası. Odu ki, onnardan biri olmamaqçün özümü
oda, közə atıram. Ruzu qazanmaq man dögü. Bir də
ki, çay həmişə kötük gətirməz. Nə
bilmək olar, sabah nə baş verəcək?.. Budu, mən
ciddi söz deyirəm, amma sən sağolmuş dişlərini
ağardırsan. Gülürsən. Gül, gül, gülən
vaxtındı. Xumar, vallah sənin işin oyundu. Ay qız, sən
xəyalpərvərsən e, həyatdan xəbərin yoxdu.
Oxuduğun səfeh-süfeh romannar başını xarab eləyib...”
Beləsinə
nə deyəsən, o gün Türbət ağzında bir
Quranlıq söz danışırdı, Xumarsa altdan-altdan
onun iş qiyafəsini süzüb qımışır, arada
da bir əliylə burnunu tutub bərk-bərk sıxır, o
biri əliyləsə havanı qovurdu; Türbət “Araz” ticarət
şirkətində anbardar işləyirdi, vaxt tapıb əynini
dəyişməmişdi. Paltarına hopmuş “Teksun”
yağının iyi adamı gendən vururdu. Elə indicə,
divana uzandığı yerdə haradansa həmin qoxu
Xumarın burnuna dəydiyindən əti ürpəşdi,
ürəyi bulandı. Mətbəx otağına keçib
üz-gözünə su vurmaq, xörək hazırlamaq istəyərkən
bayırdan yenə qulağına səs gəldi. Ancaq bu səs
bayaq eşitdiyi küləyin səsinə
oxşamırdı. Yoox, yooox, nəsə... ayrı bir iş
vardı. “Görəsən, o məktubda nə
yazılmışdı?!...” Bu səs-sədayla o yuxunun nə
yozumu, nə bağlılığı? Allah, xeyrə cala”.
Pəncərədən
bayıra boylanarkən rəngi-rufu qaçdı, əl-ayağı
yerdən üzüldü: - Bu nədi, vayyy, vayyy!... Həyətdə
ambulans dayanmışdı. Dizləri əsə-əsə,
ayaqları bir-birinə dolaşa-dolaşa özünü həyətə
necə atdığını və bu tərəflərdə
təkəmseyrək görünən Kamil
qardaşının qollarının arasına nə sayaq
düşdüyünü hiss eləmədi.
Qardaşının onu qırağa çəkib nə təhər
dilə tutmasından da heç xəbəri
olmamışdı...
Həyətin
ortasında maya dəvətək xıxmış
ambulansın qapıları taybatay açılanda huşu
özünə gəldi və nə baş verdiyini onda
anladı: həkimlər Türbəti xərəklə yataq
otağına aparırdılar. Onlar küsülü adamlar
kimi üzlərini kənara tutmuşdular və sanki kimdənsə
heç kimlə danışmamaq tapşırığını
almışdılar. Qırımlarından belə
görünürdü ki, ta Türbətin işi bitib,
üzü oyannıqdı... Və nəhayət, irəlidə
gedən tosğun, girdəsifət həkim ayaq saxlayıb iri,
qızılı sağanaqlı çeşməyini silə-silə
Xumara yanaşdı, şəhadət barmağını
dodağının üstünə qoyub him-cimlə ona
hay-küy qoparmamağı tapşırdı.
-
Xanım, Türbət müəllim infarkt keçirib, - dedi,
- özü də... ağırınnan. Biz əlimizdən gələn
yardımı elədik. Sizli-bizli Allaha yalvaraq ki...
Həkim,
Xumarın titrədiyini görüb sözünü tamamlaya
bilmədi. Sözünün qalanını Xumarın Kamal
qardaşının qulağına pıçıldadı:
“Yanına adam buraxmayın, -dedi, - Otağı qaranlıq
olmalıdı. Bizim Nərgiz feldşer də burda qalacaq,
dava-dərmanla, Allaha təvəkkül...”
Kamalın
çarəsizlik ifadə eləyən çaşqın,
ölgün baxışları qeyri-ixtiyari olaraq
bacısının donub daşlaşmış sifətinə
dikildi. Ha istədi ki, gözlərini ondan
yayındırsın, bacarmadı. Onsuz da, gizlətmək istədiyi
sözün məşum ifadəsi artıq onun çöhrəsində,
üzündəydi. Bunu görməyə nə vardı ki. Elə
gördüyünə görəydi ki, bir andaca gen, işıqlı
dünya Xumarın gözündə qaralıb zülmətə
döndü. Məktəbdən qayıdan
uşaqlarını bağrına basıb astadan içini
çəkdi: “Yazıq balalarım, atasız qaldız...”
Çiyinlərini ata-ata gözlərini sıxıb sakitcə
ürəyini boşaltdı. Qürbətsiz bu uşaqları
necə böyüdüb boya-başa
çatdıracağını düşünəndə,
bayaqkı sübh yuxusu qəflətən, ani bir sürətlə
gəlib gözünün önündən keçdi: Görəsən,
o məktubda nə yazılmışdı?
Bu arada Nərgiz
feldşer üzündəki soyuq ifadəylə xəstənin
yanından çıxıb eyvanda girlənən Kamal
qardaşı yanladı, arxadan onlara göz qoyan Xumar eşitməsin
deyə astadan: “Xəstə ağırlaşdı” - dedi.
Kamal bir gözünü intizarla onları izləyən
bacısından çəkmədən yavaşca: - Doxdur, -
dedi, - üzü axşama gedir, deyirəm, bəlkə biz...”
Nərgiz feldşer onun ürəyindən keçəni duydu
və odu ki, - Həlbət də, dedi, - siz
ehtiyatınızı görün...”
Söhbətin
nədən getdiyini artırmanın o başından qadın
fəhmiylə duyan Xumar artıq dul qaldığına
inandı. Qonşu kənddən köçüb gəldiyinə
və dərdləşməkçün bu ətrafda,
“avalaşda” yaxınınnan, simsarınnan heç biri
yaşamadığına görə bir qərib kimi bundan
sonra bəlalı günlərə ürcah
olacağını, çox uzaq çəkməyərək,
elə haradasa, bu yaxınlardaca ərinin movru pişik tək
onların dudmanından gözünü çəkməyən,
sıçramağa fürsət gəzən yaxın qohum-əqrəbasıyla
üz-üzə gələcəyini düşündü.
Onlardan artıq ikisi göz önündəydi. Hələ əvvəllər
də müxtəlif bəhanələrlə bu həyət-bacaya
soxularaq, Xumardan gözünü çəkməyən ərinin
əmisi oğlu bayaqdan onun dövrəsində fır-fır
fırlanıb canıyananlıq eləyirdi. Türbətin iynəsi
bir yerdə tikiş tutmayan Bikə bacısı isə onu
qaranlıq otaqda qoyub, o biri otaqlarda vəlleyli vurur, bu
topdağıtmaz evin əntiq qab-qacağını,
çin-çin xalı, xalçasını müştəri
gözüylə seçib sonalayırdı...
Qonaq
otağında isə kənd məscidinin axundu gələndən
sonra vacibət işlərinə hazırlıq
görülürdü. Kəfən biçilmişdi, yuyat
yerində isti su, sabun, qab-qacaq, sidr-kafur müntəzirdi.
Hamının gözlədiyi o məsələ hələ
hazır olmadığınnan bekarçılıqdan söhbət
yenə hərlənib fırlanıb Türbətin işə
saf-sağlam gedib evə xərəkdə gəlməyindən
düşmüşdü. Söz gəzirdi ki, o, şirkət
rəhbəriylə haqq-hesab üstündə dehiddəşdiyinnən
qəflətən ağzı əyilib, kələfi
dolaşıb.
Xumar qonaq
otağının yanından keçərkən eşitdiyi
bu sözün təsiriylə “Kələfi dolaşan mənəm,
evi yıxılan mənəm...” deyə dil-boğaza qoymadan
vaysındığı bir məqamda hələ nə baş
verdiyini yaxşı anlamayan balaca məktəbli oğlu arxadan
onun dizlərini qucaqlayıb: - Atamı istəyirəm, - dedi.
Xumar
dodaqlarını oğlunun dünyanın ən xoş qoxusunu
verən pırtlaşıq, qıvrım saçında gəzdirərək:
- Atan xəstədir, yatır, indi olmaz... sora, - dedi və
dolmuş gözlərini oğlunun israrla ondan cavab gözləyən
nigaran baxışlarından yayındırmaqçün
üzünü kənara çevirdi.
- Onda
ağlayacağam, - deyən oğlu ayağını yerə
dirəyib şinidi: - Atamın yerin deməsən, - dedi, -
qışqıracam, de, yoxsa, bax...
-
Yaxşı, di gəl görüm, burnunu çəkmə, -
Xumar kürlüyü tutmuş oğlunu atası yatan
qaranlıq otağa tərəf çəkib apardı, ürəyində
“can bala, - dedi, - əvvəl-axır sən bunu bilməlisən...”
O,
qatı qaranlıq otaqda üzü o yanlıq olan, nəfəsi
quyunun dibindən gələn ərini narahat etməməkçün
usta balerinalar kimi dabanlarını qaldırıb
barmaqlarının ucuyla yeriyir, Nərgiz feldşerin bayaq
arxadan onun gəldiyini hiss etmədən, aranı xəlvət
görüb baldızı Bikənin qulağına
pıçıldadığı “...daha az qalıb” sözlərini
yadına salaraq, bir azdan bu xanimanda gör nələr
yaşanacağını, nələr baş verəcəyini
düşünürdü. Hələ gözü
alışmadığı qaranlıqda əlinin havasıyla ərinin
uzandığı taxta yaxınlaşarkən Türbətin
sağ çiyni üstə dikəlib pəncərənin pərdəsinin
qırağından azacıq süzülən
işığa tərəf boylanaraq yorğun, çox
yorğun bir səslə sayaqladığını eşitdi.
Xumar arxasınca gətirdiyi oğlunun əlindən əlini
çəkərək, ərinin boynunu qucaqladı, qurumuş
ətli dodaqlarını onun tük basmış üzündə,
tər təmi verən boyun-boğazında gəzdirdi. Bir
neçə dəfə “Çox şükür, çox
şükür” deyə əllərini qoşalayıb
yuxarı qaldırdı. De bayaq qızıl zəncirli “Səng-sitarə”sini
boynundan sivirib kitab dolabının üstündəki nəzir
qutusuna atdı, təsəddüqçün evdən dəyərli,
özü də abırlı başlı bir yatır-əşya
çıxaracağını dilinə gətirdi “Ya Fatimeyi Zəhra,
kənizinəm” dedi.
Türbət
Xumarın xırda, yumyumşaq əlini ovcuna alıb,
hövüllənmiş, çaşqın gözlərini pəncərədən
düşən o nazik, iynənin gözü boyda işıq
zolağından çəkmədən nəfəsini dərə-dərə:
- Bir az əvvəl,
- dedi, - səninlə... atangilin o köhnə gilas
bağında gəzişirdik. Bir də baxıb gördüm
ki, yoxsan, harasa getmisən. Ürəyim... - əlini Xumarın
əlindən çəkərək sinəsində gəzdirdi.
- bərk döyündü... Demə, həmişəki kimi,
yasəmən ağacının dalında gizlənibmişsən...
Hər dəfə bir ağacın, bir gül kolunun
arxasında gizlənəndə, səni tapanacan canımda can
qalmırdı. Yadındadı, məktəbi bitirdiyimiz ilin
may bayramında hörüklərindən bərk-bərk
yapışıb dedim ki, yox e, yox, day bir də səni
gözümdən uzağa buraxan dögürəm...
Türbət
danışdıqca Xumar ətli al dodaqlarını
büzüb heç nə anlamırmış kimi,
çiyinlərini çəkirdi. Axı heç vaxt
atasının gilas bağı olmamışdı və məktəb
illərində, yeniyetmə çağlarında hansısa
bir yasəmən ağacının arxasında gizləndiyi də
yadına düşmürdü. Bu dəqiqələrdə əli
Xumarın əlində olan, huşu-guşu isə
çox-çox uzaqlarda, gənclik güzərgahlarında gəzib
dolaşan Türbətin bu sayaqlaması nəydi belə?!
Üstündən çox sular axıb getmiş bu hekayəti
axıradək dinləməyə Xumarın hövsələsi
çatmadı. Ərinin yaxşı olması barədə
şad xəbəri səliqə-sahmanlı eyvanda, al-əlvan
dibçək güllərinin boyun-boyuna verdiyi artırmada, təzə
gəlin kimi bəzədilmiş gen-geniş otaqlarda, payız
küləyinin üstünə qızılı yarpaqlar səpələdiyi
həyət-bacada hələ yetişməmiş bir iş
üçün him-cimlə tədarük görən “qohum əqraba”ya
çatdırsın deyə tez özünü bayıra
atdı. Bir-bir otaqları gəzib dolaşdı, amma
gözünə heç kim dəymədi. Hamı səhərki
o sübh yuxusutək səssiz, səmirsiz çəkilib
getmişdi.
Böyükxan BAĞIRLI
525-ci qəzet.- 2015.- 15 avqust.- S.21.