Sülh arzulu kainat, yaxud Umud Rəhimoğlu necə varsa...  

 

 

Dolu ürəklə gəlmişdi

 

...Həm ömrümün, həm də qoynunda pərvazlandığım Qarabulağın - indiki Füzuli rayonunun bir-biriylə bəhsləşən həmrəy çağları idi. Köksümə sığışmayan duyğularım dilə gəlib məni uca göyləri, Qacarlı dünyanın bütün gözəlliklərini coşğun bir həvəslə duymağa, sevməyə səsləyirdi:

 

Gəzib dağın-dərənin,

Qoynunu dərin-dərin.

Təşnəyəm-çeşmələrin,

Gurunu axtarıram..

 

O vaxtlar respublikamızda yeganə universitet olan Azərbaycan Dövlət Universitetini (BDU-nu) 1976-cı ildə bitirib, rayonumuzda çıxan “Araz” qəzeti redaksiyasına təyinat almışdım. Gəncliyimə xas coşğun bir həvəslə seçdiyim peşədə axtarışlar aparmağa, yeni söz deməyə tələsdiyim kimi, həyatda məhəbbətin, dostluğun da dağ çayları, çeşmələri kimi ən büllur, ən gur olanlarını tapmağa tələsirdim. Çox istəyirdim ki, ruhuma yaxın narahat təbiətli bir gənc redaksiyamızın qapısını döysün. Günlərin birində şux qamətli, gur saçlı, iti qartal baxışlı bir gənc döydü də. Yerə-göyə sığışmayan dolu bir ürəklə, ürəkdəki təzə-tər duyğularla, ülvi bir istəklə Aşağı Əbdülrəhmanlı kəndindən gəlmişdi. Bu mənim çoxdan axtardığım, görmək istədiyim həmin gənc idi - bu, Umud idi, Umud Rəhimoğlu-Mirzəyev.

 

“... Heyrət, ey büt...”- deyib bir də onda ayıldıq ki, sehrli beytləriylə könlümüzü cəzb edən dahi Füzulinin heykəli önü bizim üçün ruhumuzun ehtiyac hiss etdiyi, sonralar heç vaxt unutmayacağımız “Qəm Karvanı” adlı poeziya günəşinin sehirli ata qucağına çevrilibmiş. “Araz” qəzeti redaksiyasından, “Ərgünəş” ədəbi birliyindən daha çox biz burada görüşər, bir-birimizə yeni şeirlərimizi oxuyar, fikir və düşüncələrimizi, ən məlhəm duyğularımızı bölüşərdik. O, dünyaya məndən 12 il gec gəlsə də, dostluğumuz bizi 12 ildən də artıq sürətlə birləşdirdi.

 

Fəxrlə deyə bilərəm ki, Umud Rəhimoğlunun o vaxtlar üfüqləri yenicə parlamağa başlayan uğurlu sabahını, xüsusi istedad və qabiliyyət sahibi olmasını ilkin görüb, duya bilənlərdən biri də mən olmuşam.

 

Onu da etiraf edim ki, bu gənc “Qacar Əbdülrəhmanlı” balasını sonralar daha dərindən tanıyarkən məlum oldu ki, o təkcə mənim “kəşf” etməklə öyündüyüm adam deyilmiş. Hələ məndən də çox-çox əvvəl o, özünün üstün cəhətləri ilə diqqəti cəlb edə bilirmiş... Kənd məktəbində aşağı sinifdə oxuduğu vaxtlar onların kəndinə aid sovxozda briqadir işləyən Rəhim kişi danışır ki, qoruq sahəsində, üzüm bağlarına yaxın yerlərdə qoyun-quzularını otarıb “təsərrüfata ziyan vuran” uşaqları qoyun-quzuları ilə birlikdə həmin sahələrdən qovub uzaqlaşdırarkən təkcə Umuda dəymirdim. Çünki həmişə yaşıdlarının əllərində nənələrin üstünə yağ, şor yaxıb verdiyi yarım parça təndir çörəyi, mer-meyvə olduğu halda, onun əlində kitab görürdüm. O, həm də səliqəli geyimi, özündən böyükləri görən kimi səmimiyyətlə salam verməsi ilə fərqlənirdi.

 

Ədəbiyyat nəhənglərini

heyrətləndirə bilirdi

 

Umud Rəhimoğlu vaxtı ilə Monqolustan torpağında əsgəri xidmətdə olarkən dünyaya məhəbbət, həyat eşqiylə dolu şeirlərinin birində yazırdı:

 

Göylərə baxıram- qızardıqca dan,

Qəlbim az qalır ki, alışa-yana.

Beşiyim başında çox dayanmısan,

İndi keşiyini çəkirəm ana!

 

Mənim kipriklərim sərhəd dirəyi-

Ətalət gözümə yol tapmaz yatam!

Sinəmin altında əsgər ürəyi,

Özüm sülh arzulu bir kainatam!

 

Sonralar Umud Rəhimoğlu “Sülh arzulu kainat” olduğunu təkcə doğulduğu Aşağı Əbdülrəhmanlı kəndi üçün deyil, bütün Azərbaycanımız üçün, onun işıqlı sabahı üçün çox gərəkli alovlu vətənpərvər bir oğul olduğunu öz iti zəkası, çoxşaxəli, səmərəli, gərgin yaradıcı əməyi, fitri təşkilatçılıq qabiliyyəti ilə sübut etdi...

 

Umudun bir vaxtlar Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığı illərdə mənə ünvanlandığı məktubları ən əziz xatirə kimi bu gün də qoruyub saxlayıram. Ədəbiyyat İnstitutunun o vaxtlar dünyanın orada təhsil alan ümidverən ən istedadlı tələbələrinin yaradıcılıq nümunələri, onların fərdi xüsusiyyətləri haqqında seminar və mühazirə müəllimləri olan görkəmli tənqidçi, şair və yazıçıların fikirlərindən ibarət ədəbi almanaxda Umud Rəhimoğluya da xüsusi yer ayrılmışdı.

 

Ədəbiyyat nəhəngləri hələ o vaxt, o təhsil illərində Umud Rəhimoğlu təbiətinə, yaradıcılıq dünyasına xas olan coşğunluğu, axtarışı, təlatümü, deyim və duyum tərzini görüb heyrətlənirdilər...

 

Qələmimə inamı uğurlu bir yazıya səbəb oldu

 

Yeri gəlmişkən, Umud Rəhimoğlunun mənə, qələmimə göstərdiyi xüsusi hörmət və ehtiramla bağlı ömürboyu unutmayacağım parlaq bir xatirəni də yada salmaq istəyirəm. Umud Rəhimoğlu Moskvada təhsilini başa vurub Azərbaycan Yazıçılar İttifaqının (AYB) orqanı olan “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində işləyirdi. Ömrünün çox narahat çağlarıydı. Həyatda, seçdiyi sənətdə öz yerini tapmaq, özünü-sözünü sübut etmək istəyirdi. Məhz onun qəlbindən, qələmindən qopması hiss edilən, dili-üslubu ilə seçilən bədii və publisistik yazıları, xüsusi ilə nadir tarixi abidələrimizin, incəsənət nümunələrinin hifz edilməsinə dair tarixi oçerkləri, ittihamedici replikaları ilə həmin qəzetdə nə axtardığını yaxşı bilən və onu görmək istəyən tələbkar oxucuların diqqətini cəlb etməkdə idi... Yaxşı yadımdadır,1989-cu ilin mart ayında, gözəl bir yaz səhərində redaksiyadan zəng edərək məni salamlayıb özüməxsus şirin amiranə səsiylə yeni şeirlərimdən birinin iki bəndini söylədi:

 

Yenə gözəllikçün ürəyim acdı-

 Dağlar öz qoynunu üzümə açdı,

Sıldırım qayada ayağım qaçdı-

Ümidim tikanlı kol budağında.

... Əsrlər uzunu təzə-tər qalıb,

 Gör bizə nə gözəl bar-bəhər qalıb-

Hələ dərilməmiş meyvələr qalıb,

Bizim muğamların zil budağında.

 

Sonra zəng etməkdə əsas məqsədini bildirərək həmin ilin aprel ayında Azərbaycanda möhtəşəm muğam məktəbinin yaradıcısı, müqtədir xanəndəmiz Seyid Şuşinskinin 100 illik yubileyinin yaxınlaşdığını söylədi.

 

Qəzetin yubiley nömrəsində xüsusi səhifə üçün mənə Seyid haqqında geniş bir məqalə hazırlamağı təklif etdi.

 

Etiraf edim ki, bu mənim üçün gözlənilməz bir təklif olduğu üçün tərəddüd etdim. Birincisi ona görə tərəddüd etdim ki, başda Firidun Şuşinski olmaqla paytaxtımızda S.Şuşinskinin musiqi sahəsindəki əvəzedilməz yeri və mövqeyi barədə söz demək üçün məşhur musiqi biliciləri, tədqiqatçıları ola-ola həmin sahədə olduqca az bilik və məlumata malik bir jurnalistə, yəni mənə müraciət edilirdi. İkincisi ona görə tərəddüd edirdim ki, xeyli müddət idi rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışırdım. Qəzetdən, yaradıcı jurnalist işindən bir müddət ayrı düşdüyüm üçün bu işin öhdəsindən gələ bilməyəcəyimi zənn edirdim. Sonda Umudun inam dolu ümidverici məsləhətindən ruhlanaraq dünyaya göz açdığı, ilk təhsil aldığı doğma Horadiz kəndində, xüsusi ilə 1933-1938-ci illərdə Füzuli Rayon Dövlət Dram Teatrının bədii rəhbəri işlədiyi dövrdə Seyidi yaxşı tanıyan, el toylarında, şənliklərində onun fitri ifaçılıq məharətinin canlı şahidi olan, ecazkar səsinin sehrinə düşən adamlarla görüşüb topladığım maraqlı faktlar əsasında həmin yazını hazırladım. “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilən bu məqaləm rəğbətlə qarşılandı.

 

Məqaləmdə Umud Rəhimoğlunun da tövsiyələrini nəzərə alıb Seyidin adının rayon mədəniyyət evinin, Füzuli şəhər uşaq musiqi məktəbinin adında əbədiləşdirilməsi barədə real olmayan bir məlumat da vermişdim. Həmin vaxtlar Füzuli rayon partiya komitəsinin 1-ci katibi vəzifəsində çalışan Cavanşir Məmmədovun o vaxtlar Rayon Xalq Deputatları Sovetinin sədri, S.Şuşinskinin qohumu, həmkəndlisi Əbdül Sultanova “bax bu sənin vəzifən və vicdani borcundur” tapşırığından sonra, Azərbaycan Mədəniyyət Nazirliyi ilə razılaşdırılaraq həmin faktın reallığını təsdiq edən sərəncam imzalandı.

 

Çətin günün adamı

 

... Zaman-zaman yaranışım,

Ölümüm də mərd olubdur.

Bu gün artıb çoxalmağım,

Çoxlarına dərd olubdur.

 

Hər bir millətin inkişafı, tərəqqisi ilk növbədə milli özünüdərkdən başlayır. Tarix verdiyi dərslərdən düzgün nəticə çıxarmayanları, qan yaddaşı pozulanları, unutqanları çox amansız cəzalandırır. Qoca tarix Azərbaycanımızı da dönə-dönə çox ciddi sınaqlara, ağır imtahanlara çəkmişdir. Azadlığa, bugünkü müstəqilliyimizə, dövlətçiliyimizə uzanan yol həm faciə, fəlakət, həm də şərəf dolu tarixə malikdir.

 

Azərbaycanın çox ağır vaxtlarında, 90-cı illərin əvvəllərində Azərbaycan həqiqətlərinin blokada şəraitində bütün dünyaya çatdırılmasında Umud Rəhimoğlu o vaxtlar mövcud maneələrə, çətinliklərə baxmayaraq sədri olduğu, əhatə dairəsində böyük nüfuz qazandığı Beynəlxalq Avrasiya Mətbuat Fondunun bütün təsir imkanlarından istifadə etdi.

 

Xalqımızın düçar olduğu Qarabağ müharibəsində ilk gündən Umud Rəhimoğlu vaxtaşırı səngərlərdə döyüşçülərimizin yanında olaraq, onlara maddi və mənəvi dəstək göstərdi. O sanki bir ümid çırağıdır. Bir səma elçisi kimi daim köməyinə, yardımına ehtiyacı olanlara zəruri anda özünü yetirir. O, maddi imkanı zəif, istedadı, qələmi güclü olan onlarca şair, yazıçı, jurnalist dostlarının kitablarının çap olunmasında, onların bir çox maddi və mənəvi problemlərinin həllində, xüsusi ilə dünyasını dəyişmiş qələm dostları üçün müxtəlif mərasimlərin təşkilində böyük ürək və səxavət nümayiş etdirən yorulmaq, usanmaq bilməyən qeyri-adi xarakter sahibidir. Səhhətimlə bağlı dəfələrlə böyük qayğısını, sədaqətini görən-hiss edənlərdən biri də mən olmuşam. Bir neçə kitabım, o cümlədən, “Füzuli şəhidləri”, “Sözüm var hələ” kitablarım da məhz onun dəstəyi ilə işıq üzü görüb.

 

Dünyaya təzadlı gəliş

 

Təlatümlü təbiətinə oxşar qəribə taleli insandır Umud Rəhimoğlu... 1961-ci ilin fevral ayının 1-də, gəlişiylə valideynlərinin sevincini, məhəbbətini alovlandıran şaxtalı-boranlı bir qış günündə üç bacıdan sonra dünyaya gələn dörd qardaşın ilki idi. Bu tarix təkcə Mirzəyevlər ailəsinin böyük həvəslə adlar içindən sevib, seçib öz körpələrinə verdikləri ad kimi deyil, bütün dünyanın öz gələcəyinə böyük bir ümidlə boylandığı, həyatın təzələşməyə, keyfiyyət dəyişiklərinə (respublikamızda o vaxtlar pul dəyişikliyinin baş verməsi, rayonumuzun kəndlərinə elektrik, radio, rabitə xətlərinin çəkilməsi, həmin dövrdə kosmosun insan tərəfindən ilk fəthi bizi dünyaya qovuşduraraq könül dünyamızı da sevincə, nura qərq etmişdi ) ehtiyac hiss etdiyi və bu dəyişiklərin baş verdiyi maraqlı bir zaman kəsiyi idi.   Sonralar, Umud Rəhimoğlu 21 yaşı olanda yazırdı:

 

Onda hələ mən yox idim,

Atam vardı,

       anam vardı,

             3 bacım vardı,

Məndən yox idi bir soraq

 Anamın ürəyinə danmışdı

         oğlan doğacaq

 Əlləri qoynunda,

     mən də boynunda

 Anam məni gözləyirdi.

Bir gün dünyaya gəldim

Bir balaca otaqda doğuldum.

Deyirlər ki, onda belə deyildim

Onda yaman oğuldum

Böyüdüm, ayaq açdım,

Bir balaca otaqdan

    dünyanın içinə sarı qaçdım.

Durnaların köçünə sarı qaçdım

Şəhərə gəldim

Şəhər qızların gözləri oddu, oddu

Bu şəhər uddu məni uddu

İndi mən biri varıymış,

   biri yoxuymuş nağılında

Ay baba fit ver oyununda

Anamsa 21 il bundan əvvəl

Əlləri qoynunda

necə gözlərdisə məni

    eləcədə gözləmədə.

 

Həyatında bir-birindən soyuq, sərt neçə-neçə üzlər gördü, sınağa çəkildi Umud Rəhimoğlu...

 

1983-cü ilin oktyabr ayının 25-də amansız ölümlə üz-üzə gəldi. Belə ki, şair, gənc yazıçıların respublika ədəbi birliyinin rəhbəri Vaqif İbrahimlə birlikdə ədəbi dərnəyin növbəti məşğələsindən çıxaraq Bakıdan Sumqayıta gedərkən ağır avtobus qəzası nəticəsində V.İbrahim faciəli surətdə vəfat etdi, o isə çox ağır yaralanaraq ölümün bir neçə addımlığında dayandı. Daha sonralar iki ağır maşın qəzasına düşdü, Qarabağın ən qaynar nöqtələrində müxtəlif ölkələrdən olan jurnalistlərlə birlikdə cəbhənin odlu-alovlu güllələrinin altında keçirdi, neçə dəfə ölüm təhlükəsi ilə üzləşdi.

 

Müstəqilliyimizin ilk illərində arzuolunmaz həbsxana divarları, bəzən məhəbbət, bəzən rəqabət-maraqlarının kəskin surətdə toqquşması, comərdliyi və birmənalı kəskin fikirlərinə görə ona qarşı qurulan məkrli namərd toru, bəzən şıltaq xəstəliyin üzləri ilə qarşılaşdı. Daim Uca Tanrıya sığındığı, yalnız özünə güvəndiyi, bağışlamağı, yaxşılıqlar etməyi, ölümün gözünün içinə düz baxmağı bacardığı üçün bu keçilməzlikləri yarıb keçə bilərək bir-birindən çətin bu imtahanların hamısından qalib çıxmağı bacardı.

 

Əkiz qardaşlar - “dəli istək, dəli külək”

 

...Müxtəlif televiziya və mətbuat orqanlarında çalışan jurnalist dostlarının, tanışlarının ardıcıl təkidi ilə 2011-ci ilin fevral ayının 1-də özünə 50 illik yubiley tədbirinin keçirilməsinə gəldikdə isə bu da öz qəribəliyi, qeyri-adiliyi ilə yaddaqalan oldu. Bir vaxtlar “Dəli külək” şeirində yazdığı kimi - bəzən onun qəlbində kükrəyən “dəli istəklə” təbiətin qopardığı dəli külək əkiz qardaş olurlar. Umud yubiley tədbirini, orada onu nələr gözlədiyini yaxşı bilə-bilə, dünyaya göz açdığı, xoşbəxt günlərinin şahidi, hazırda işğal zonasında yerləşən, göz dağına çevrilən, daim uca bildiyi doğma kəndində keçirmək, kənd qəbristanlığında uyuyan əzizlərinin təhqir edilmiş küskün məzarlarını ziyarət etmək fikrinə düşdü. (Məgər bu fakt hər gün sorağı dünyanın bir ölkəsindən gələn “sülh arzulu planet”in qəlbinin bütün telləriylə öz müqəddəs yuvasına necə bağlı olduğunu sübut etmirmi?!.) Çəkiliş qrupu, komandanlığın razılığı ilə onları müşaiyət edən milli ordumuzun əsgərləri ilə birlikdə arzuladığı ünvanda güllər-çiçəklərlə deyil, azğın düşmənlərin yağdırdıqları odlu güllə yağışı altında qarşılandı. Burada onu öz doğma torpaqlarında əzizlərinin məzarını ziyarət edərkən girov götürülərək vəhşicəsinə ağır işgəncələr verildikdən sonra saxta məhkəmə məclisi qurulub ən ağır cəzalara məhkum edilən Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin başına gələn acı aqibət gözləyirdi. O vaxt böyük çətinliklə həmin təhlükədən salamat qutara bildilər.

 

Umud onu tanıyanların və özünün gözlərində

 

Ana təbiət hələ erkən yaşlarından onun gur saçlarında daxili aləminin də dəyər göstəricisi kimi müdriklik naxışı vurub. Görən, duyan böyüklü-kiçikli hər kəs həmişə, hər yerdə onu Ağsaqqal sayıblar. O hər zaman dövlətə, dövlətçiliyə, ölkəmizin gələcəyi naminə ümumbəşəri dəyərlərə bağlı olub. Maraqlıdır, görəsən, yorulmaq, usanmaq nə olduğunu bilmədən bu qədər gərgin işlərin öhdəsindən gəlməyi bacaran, ürəyi daim gənclik eşqiylə, həvəsiylə çağlayan böyük şəxsiyyət olan əziz Ağsaqqal, yəni bizim sevimli Umud Rəhimoğlu onu dərindən tanıyanların gözündə, fikrində necə görünür?

 

Həmin sualla başqalarına müraciət etməmişdən əvvəl nədənsə yadıma böyük türk şairi, dramaturqu Nazim Hikmət barədə oxuduğum bir əhvalat düşmüşdü. Vaxtiylə məşhur heykəltəraş Münəvvər Rzayeva büstünü hazırlamaq üçün ona müraciət edəndə “Qızım, bacarırsansa mənim gözlərimin heykəlini yarat!” - demişdi. Və sonralar mahir heykəltəraş şairin bu arzusuna əməl edərək həqiqətən onun Vətən həsrətiylə alışıb-yanan acı nisgil dolu gözlərinin təsirli abidəsini yarada bilmişdi.

 

Bu minvalla da mən onun “olduğu kimi görünə, göründüyü kimi ola bilib” - bilməməsini öyrənmək üçün onu yaxından tanıyanlara müraciət etdim...

 

Hətəm Quliyev, akademik: Mən Umudu 1989-cu ildən tanıyıram. Xarici mütəxəssislərin iştirakı ilə “Yenidənqurma və Sovet İttifaqına daxil olan Respublikaların iqtisadi inkişaf perspektivləri” mövzusunda beynəlxalq tədbir keçirirdik. Şahmat üzrə keçmiş dünya çempionu, nankor həmyerlimiz Harri Kasparovun da iştirak etdiyi bu tədbiri xeyli sayda jurnalist izləyirdi. Öz çıxışı zamanı H.Kasparov güclü qəzəb və etiraz hissi doğuran məkrli, qərəzli bir fikir irəli sürdü. Umud dərhal söz alıb yurdumuzun adına yaraşmayan təhqiredici fikrinə görə şahmat diliylə desək çaşdırıcı, yanlış gedişlər edən H.Kasparovu tutarlı, məntiqi dəlillərlə mat vəziyyətinə qoydu. Bu cəsarəti, vətənpərvərliyi özünün sərrast, rəvan nitqi, gur qıvrım saçı, nüfuzedici iti baxışı ilə diqqəti cəlb edən bu gənc jurnalisti mənim gözlərimdə çox ucaltdı.

 

Bu hadisədən sonra mən Umud Rəhimoğlu ilə dostlaşdım. Şadam ki, sonralar bizim dostluğumuzun BAMF-ın yaradılmasında, onun möhkəmləndirilməsi, fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli təsiri oldu...

 

Dünya şöhrətli alimimiz onu da əlavə etdi ki, Umud Rəhimoğlu olduqca fədakar, yorulmaz adamdır. Onun aylarla təkərlər üstə keçən narahat həyatı, qeyri-adi işgüzarlığı Azərbaycanı sevməsindən, vətənpərvərliyindən irəli gəlir.

 

Umudun təşkilatçılıq məharəti çevik, işgüzar bir komanda yarada bilməsində, Azərbaycanın müasir düşüncəli vətənpərvər ziyalılarını bu işə cəlb edərək, onların təcrübəsindən, fikirlərindən təşkilatın fəaliyyətində istifadə etməsində də özünü göstərir. Onun yaratdığı təşkilatın Azərbaycanda vətəndaş cəmiyyəti və medianın inkişafı, Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması, söz azadlığının qorunması, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müstəsna rolu vardır.

 

Bununla yanaşı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin fəaliyyətinin güclənməsində və minalara qarşı mübarizə proqramının Azərbaycanın müharibədən zərərgörmüş ərazilərində maarifləndirmə, müxtəlif səviyyəli tədqiqatlar, araşdırmalar sayəsində genişlənməsində böyük təsiri olub. Yüzlərcə adam bu sahədə ixtisas qazanıb və bunların təcrübəsi BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə ocaqlarının yerləşdiyi ərazilərdə yayılıb, tətbiq olunub.

 

Elxan Zal, şair: Umud Rəhimoğlu şəxsən mənim xoşuma gələn şairdir, amma ictimai fəaliyyəti daha parlaqdır. Bir azərbaycanlı oğlu gedib BMT səviyyəsinə çıxıbsa, mən onunla qürur duyuram. Şübhəsiz ki, Umud Rəhimoğlu Azərbaycanda QHT sektorunun öncüllərindəndir. Amma o mənim ürəyimi nə QHT rəhbəri kimi, nə də şair kimi fəth edib. Mən onu istedadlı şairlərin hamısı kimi sevmişəm. Onun Azərbaycanın üç bənzərsiz şairinin həyatında çox önəmli rol oynadığının şahidi olmuşam. Bunlar Əlisəmid Kür, Şaiq Vəli və Murad Köhnəqaladır... Əlisəmidin yazar dostlarının əhatəsində göz yaşlarını xatırlayıram, amma bu kasıblıq önündə əyilməyin göz yaşları deyildi, bu möhtəşəm bir dostun olmasının qüruruydu...Şairin yubileyə ehtiyacı olmur, el diqqətinə ehtiyacı var. Yubileylərimiz onsuz da çoxdur. Amma Azərbaycanın bənzərsiz bir şairinin 60 yaşını qeyd eləmək üçün onun dostlarını bir yerə yığan umud qapısı Umud Rəhimoğlu oldu...

 

Yaxşı adamların varlığıdır dünyanı gözəlləşdirən. Hərdən düşünürəm ki, nədir görən yaxşı adamla pis adamın fərqi? Cavabı Umudun bir şeirində gördüm:

 

Yoxdu ulu sevgilərə

Ölüm deyilən şey-

Ulu ürəklərə də eləcə!

 

Sevgi hissidir insanları fərqləndirən, insanın içində sevgi ölən gün insanlıq da öləcək.

 

Mən həmin sualla onun özünə də müraciət etdim. Aldığım cavabı elə bilin ki, özündən eşidirsiniz.

 

- Ağlım kəsən gündən atamı dünyada hamıdan artıq istəmişəm, güvənib hamıdan güclü, hər şeyə qadir bilmişəm. Etiraf edim ki, torpaqlarımız işğal olunduğu ilk günlərdə onu məğlub görkəmdə, köçkün olmasına inana bilmirdim. Atamın mənəvi güzgüm bildiyim, daima ona baxıb özümü düzəltməyə,sahmana salmağa çalışdığım gözlərinin içinə düz baxa bilmirdim.

 

Umud Rəhimoğlunun həmişə nurlu, təbəssüm əskik olmayan, inam dolu üz-gözünə hələm-hələm yaxın düşə bilməyən, çox nadir hallarda gördüyüm bir neçə çəngə acı-nisgil dumanı çökmüşdü. Ani sükutdan sonra sifətinə yaraşmayan yol azmış naşı dumanı qova bilib sözünə davam etdi:

 

- Atam onun ümidini doğrultmaq, “düşmənə çəpər olmaq” üçün ilk oğul övladı olan mənə bu adı qoyub. Neçə illərdir ki, hər bir çətinliyə qatlaşaraq necə gərgin çalışdığımı da, yaratdığım təşkilatın özünü sübut etdiyini də, səsimin-sorağımın bu gün haralardan gəldiyini də indi o, yaxşı bilir. Haqq işimizin zəfər çalması naminə aparılan böyük işlərdən, ciddi cəhdlərdən də xəbərdardır Atam. Hər dəfə xarici səfərlərimdən qayıdarkən Vətənimiz üçün bu gün gərəkli azda olsa bir iş gördüyümüzü eşidib biləndə onun gözlərindəki işığın necə gurlaşdığını, mehriban çöhrəsində fərəh, iftixar naxışlarının necə artdığını görəndə özümü dünyada hamıdan xoşbəxt hiss edirəm. Amma bütün bunlarla yanaşı nə qədər ki, torpaqlarımız azad deyil, nə qədər ki, qaçqın, köçkün sözü adımızdan silinməyib, nə qədər ki, Atamın gözlərinin içinə hələ tam baxa bilmirəm, demək hələ öz gözümdə özümü görə bilmirəm. 

Yol ayrıcında

 

Yol ayrıcında, seçim qarşısında qaldığı vaxtlarda ürəyi onu yalnız məşğul olduğu bədii və publisistik yaradıcılığını axıra kimi davam etdirməyə, əqli-düşüncəsi isə daha çox bu gün məşğul olduğu kimi ictimai, təşkilati sahədə fəaliyyət göstərməyə, əməli işlər görməyə səsləyirdi. Düşünüb-daşındıqdan sonra ikinci yolu seçdi və zaman sübut etdi ki, bu seçimində yanılmayıbdır. Birinci yolla getsəydi, Umud Rəhimoğlu kimi həmin sahədə də yüksək adlar, uğurlar qazana, cild-cild kitabların müəllifi ola bilərdi. İkinci yolu Yurd həsrətiylə yaşayan bizləri bir gün Aşağı Əbdülrəhmalıya, Qacara - bir sözlə doğma Qarabağımıza aparıb çıxarmaqda təsir imkanlarının geniş olduğunu uzaqgörənliklə hələ əvvəlcədən bildiyi üçün könül verib seçmişdi. Birinci yoldan qat-qat çətin, qat-qat əzablı olan ikinci yol öz məqsədinə nail olması üçün qətiyyəti, ardıcıllığı, fitri təşkilatçılıq qabiliyyəti sayəsində Umud Mirzəyevi bu gün yüksəldiyi zirvələrə gətirib çıxarıb. Amma Umud Rəhimoğlunun şeirləri və poeziya nümunələri ilə yaxından tanış olan birisi kimi əminəm ki, O, bir gün öz sözünü deyəcək və onun da məqamı gələcək.

22 ildir ki, qurucusu və rəhbəri olduğu Beynəxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun müşahidə şurasının sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və BMİ-nin Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəri, Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü və Qərbi Asiyanın 18 ölkəsi üzrə nümayəndəsi kimi yüksək vəzifələrin, titulların sahibidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

 

Ünvanlar içində ünvan

 

Dünənki şəhər gözəlliyi, bugünkü inkişafı göz oxşayan sevimli Bakımızın ürəyinin ən füsunkar, ən uca, ən gəlimli-gedimli təkrarsız bir guşəsində, xüsusi ilə rəmzi üç alov diliminin üçrəngli milli bayrağımız kimi dünyada analoqu olmayan çox möhtəşəm bir abidəyə çevrilərək göylərə ucaldığı məşhur ünvanlar arasında bir ünvan da var. Həmin ünvanda BAMF-ın baş ofisi yerləşir. Rəhim ata bu “Dünya evi” nin inşasına bir zamanlar Aşağı Əbdülrəhmanlıda digər həmkəndliləri kimi böyük arzularla, həvəslə tikdirib qoynunda ailəsiylə birlikdə xoşbəxt yaşayıb 4 oğul, 3 qız övladı böyütdüyü evdəkindən də artıq alın təri axıdıb. Bu gün onun oğlu Umud Rəhimoğlunun yaradıcısı olduğu, “övladı kimi sevdiyi” Azərbaycanımız üçün gərəkliyini daim daha da çox sübut edən bu “Dünya evi”nin burada yerləşməsinə haqqı var. Bu həm də uzun bir yolda öz qələmi, sözü və ən nəhayət fəaliyyəti ilə dövlətimizin və xalqımızın keşiyində dayanan, onun yorulmaz əsgəri olan bir qurumun mücəssəməsinə verilən dəyərdir. 

 

İmzası imzalar içində getdikcə daha artıq parlmağa başlayan Umud Mirzəyev yaratdığı, nəfəs aldığı bu təşkilatın qazandığı hər yeni uğura sevimli qızı Aysəbanın Londonun City Universitetinə, yeganə oğlu Oğuzun ABŞ-ın Sent Luis Universitetinə daxil olarkən və həmin dünyəvi ali təhsil ocaqlarını bitirərkən keçirdiyi iftixar və sevinc hissindən də çox sevinir. Fondun bugünkü və gələcək fəaliyyəti barədə məhz həmin ovqatla, ürəkdolusu həvəslə söhbət açır:

 

- BMT-nin Baş katibi Pan Gi-Mun BAMF-nin fəaliyyəti barədə dedikləri məncə fəaliyyətimizi bir cümlə ilə ifadə edən ən doğru yanaşmadır: “Mən sizin bəşəriyyət üçün gördüyünüz təmənnasız işləri dəstəkləyirəm”.

Bu fikir gördüyümüz işlərin necə böyük əhəmiyyət kəsb etdiyini dəqiq ifadə edir. 22 ildir Azərbaycanda, ümumilikdə Avrasiya məkanında mədəni humanitar inkişaf və sülh quruculuğu istiqamətində gördüyümüz irimiqyaslı işlərin, həyata keçirdiyimiz layihələrin, könüllü fəaliyyətimizin müqabilində qazandığımız böyük uğur da həmin fikrin həqiqət olduğunu təsdiq edir. 2014-cü ildə təşkilatımız BMT-nin İqtisadi -Sosial Şurasının (ECOSOC) QHT bölməsinin Ən Yüksək Statuslu (General Status) üzvlüyünü qazandı. Məhz qazandı ifadəsi burada ən düzgün ifadədir. Çünki biz bu ali statusa layiq olmaq üçün gecə-gündüz zəhmət çəkdik, fəaliyyətimizi beynəlxalq statuslara uyğunlaşdırdıq. Müasir dövrün tələblərinə uyğun layihələr icra etdik, tədbirlər keçirdik və vətəndaş cəmiyyətinin inkişafına öz töhfəmizi verdik.

 

Məlumat üçün onu da deyim ki, dünyada 31 min vətəndaş cəmiyyəti qurumu BMT ilə əməkdaşlıq edir.

 

Bunlardan yalnız 147 təşkilat ən yüksək - Əsas Məşvərətçi Statusla (General Consultative Statuse) BMT-yə üzvdür. Təqdirəlayiq haldır ki, Azərbaycandan, eləcə də Rusiya Federasiyası istisna olmaqla digər post Sovet məkanından olan ilk qeyri hökumət təşkilatı kimi, BAMF artıq BMT-də ən yüksək statusu daşıyan vətəndaş cəmiyyəti təşkilatlarının sırasındadır. Bu üzvlük Azərbaycanımızın haqq səsinin BMT-nin daha yüksək tribunasından səsləndirmək, Azərbaycanımızın mövqeyinin və maraqlarının beynəlxalq arenada güclənməsinə dəstək olmaq üçün geniş imkanlar açır. Təsadüfi deyildir ki, BMT-nin baş katibi Pan Gi Mun, nüfuzlu ictimai xadim Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus, Beynəlxalq Sülh Bürosunun baş katibi Kolin Arçer, Beynəlxalq Mətbuat İnstitutunun sədri Con Yerevud, BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova və digər beynəlxalq nüfuz sahibləri Umud Rəhimoğlunun gərgin əməyi, yorulmaz iradəsi sayəsində BAMF-ın əldə etdiyi nailiyyətləri, təkcə Azərbaycan üçün deyil, regionumuz üçün əhəmiyyətli və vacib hesab etdiklərini bildiriblər.

 

Umud Rəhimoğlu həm də zərurət anında cəsarətli addımları, alovlu çıxışları, dövlətimizin dayaqlarının qorunmasında ən xırda təhdidlərə qarşı mübariz, düşmənin üzərinə əyilmədən yeriyə bilən, qorxunun gözlərinə dik baxan kəskin və qətiyyətli fikirləri olan bir şəxsiyyətdir. Azərbaycan mətbuatı üçün illər boyu külüng çalan simalardandır.

 

“Sevməyə dəyərmiş” adlı ilk kitabımdakı “Cəsarət” şeirimin ilk iki bəndi də bu xarakterik obrazı belə canlandırır:

 

Cəsarət ilahi hikmətlə dolu

Sabaha səsləyən bayatımıdır?!.

Cəsarət bəşərin inkişaf yolu,

Haqqın, azadlığın boyartımıdır.

 

 Zirvəyə can atan barmaq yolu var,

İz var ki, sıldırım qayadan keçir.

Tufanla üz-üzə durmaq yolu var-

Bəxtini yuxudan oyadan keçir...

 

 ... Cəfakeş atası ixtiyar yaşlı Rəhim kişinin bütün ümidlərini öz hünəri, cəsarəti ilə doğruldub Umud Rəhimoğlu. Özününsə yeganə oğlu, bu gün müsəlləh əsgər kimi ana vətənin keşiyində dayanan Oğuzun rəmzi adında yaşayan görmək istədiyi nələr varsa-onları dörd yaşının üfüqlərinə yenicə-yenicə boylanan istəkli nübar nəvəsi, böyük qızı Aytəkin xanımın oğlu Maqsudun maraq, heyrət dolu dupduru gözləriylə axtarır. Tapa biləcəkmi? Axtaran tapar - deyiblər. Axtardıqlarının bir çoxunu indiyə qədər tapa bildiyi kimi.

 

Mahmud QACAR

525-ci qəzet.- 2015.- 15 avqust.- S.16-17.