Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi
XVI yüzillikdə Migel de Servantesin "Lamançlı
Don Kixot"la birgə
yaraqlanıb dünya səyahətinə çıxması
Avropa ədəbiyyatını
ardı-arası kəsilməyən
"cəngavərlik romanları"
sindromundan xilas etdi.
Servantes Don Kixot obrazını canlandırmaqla macəra ədəbiyyatının avantürist
təqlidçiliyini məhv
etdi.
Sənətkarın özünəironiya, özünüparodiya
kimi ədəbi fəndləri uğurla nəticələndi. "Don Kixot"un əda və davranışlarındakı
daxili siqlət, sarkazm cəngavərlik romanlarına endirilən öldürücü qılınc
zərbələri (öz
silahları ilə) olmaqla yanaşı, dünya ədəbi nəsrinin şah əsərlərindən birinin
yaranmasına da səbəb oldu.
Milan Kundera "Servantesin xor görülən mirası" adlı essesində yazır: "Tanrı kainatı və dəyərlər nizamını idarə etdiyi, yaxşını pisdən ayırdığı
və hər şeyə bir məna verdiyi yeri yavaş-yavaş tərk edərkən Don Kixot evindən çıxdı
və artıq dünya tanınmayacaq hala gəldi. Dünya ilahi hökmün yoxluğunda birdən şübhəverici
bir bulanıqlığın
içində qaldı:
vahid ilahi həqiqət insanların
bölüşdüyü yüzlərlə nisbi dəyərlərə parçalandı.
Beləcə, müasir dövrün dünyası, onunla birlikdə əks olunması və modeli olan roman doğuldu".
Qənaətimizcə, Servantes olmasaydı, böyük Avropa romanı tarixi də olmayacaqdı. XX yüzillikdə
isə, Azərbaycan ədəbiyyatı Sovetlər
rejiminindəki vahid yaradıcılıq metodu
olan "Sosializm realizmi"nin prinsip və kanonları zindanına həbs edilmişdi (Ədəbiyyatımız Anarın
"Ağ liman" povestindəki trolleybus əhvalatına
bənzəyirdi. Trolleybus haqqında
maraqlı, intellektual söhbət açan Anar Sovet insanı
və ədəbiyyatının
birxətli, yeknəsək
vəziyyətini eyni xətt üzrə hərəkət etmək
məcburiyyətində olan
"trolleybus" metaforasında mənalandırmışdı). "Sosializm realizmi" total, senzuralı,
ideoloji mahiyyətli yaradıcılıq
prinsipləri əsasında
tələblər irəli
sürürdü: Ədəbiyyat
həyatı realistcəsinə
təsvir və tərənnüm etməli,
amma bütün bunlar inqilabi inkişaf fonunda olmalı idi. Ədəbiyyatda partiyalılıq,
sinfi bərabərliyin
mübarizə tarixi kimi "sosializm realizmi" düsturlarına "Qəhrəman"
(Əli Vəliyev),
"Səhər" (Mehdi
Hüseyn), "Saçlı"
(Süleyman Rəhimov)
və başqa onlarla romanlarda artıqlaması ilə əməl olunurdu. Bu tip romanlara baxışımızı
əsaslandırmaq üçün
yenidən Kunderanın
fikirlərinə müraciət
edək: "...Bu romanlar
artıq varlığı
fəth edə bilmirlər.
Yaradılışla bağlı yeni olan ən kiçik
qırıntı dəxi
kəşf etmirlər. Sadəcə
daha əvvəl deyilmiş olanları təsdiqləyirlər, dahası:
yaradılma səbəbləri,
zəfərləri, özlərinə
aid cəmiyyətə faydaları,
deyilənin (deyilməsi
lazım olanın) təsdiqlənməsindən ibarətdir.
Heç bir şey kəşf etmədikləri üçün
mənim roman tarixi dediyim kəşflər zəncirinin davamlılığına
daxil ola
bilmirlər. Onlar bu tarixin xaricində qalırlar, yaxud başqa bir deyimlə bunlar, roman tarixinin sonundan sonrakı romanlardır". Milan Kundera bu fikirləri
Sovet ədəbiyyatının
müəyyən bir dövrünə aid olan romanlar haqqında səsləndirmişdi. Əlbəttə ki, Əli Vəliyev
və Süleyman Rəhimov Azərbaycan nəsrinin ən istedadlı nümayəndələrindəndi.
Xüsusilə, Süleyman Rəhimovun
poetik istedadı bədii nəsr tariximizdə bənzərsiz
yerə malikdir. Ancaq Azərbaycan Sovet ədəbiyyatının
"Sosializm realizmi"
dövrünün (xüsusən,1930-1950-ci
illər) istedadlı sənətkarı Süleyman
Rəhimov yaradıcılığında
"Sovet gerçəkliklərinin"
patetik təbliği və oxucuya "işıqlı gələcəyin"
injektə edilmə çabası ilə qarşılaşırıq. Bu
dövrdə yazıçı
hansı mövzu və dövrdən yazmasından asılı olmayaraq sinfi bərabərlik və inqilab mübarizəsini canlandırmalı idi.
Yazıçılar, sanki real olmayan,
saxta Sovet insanı obrazları yaratmaqda bir-birilə yarışa girmişdilər.
Ədəbi tənqid bədii
əsərlərdə qəhrəmanların
inqilab mübarizəsi
və qələbəsinin
qısa vaxt ərzində inikasının
zəruriliyini müzakirə
edirdi. Yəni, Sovet insanı şəninə yaraşan
bir şəkildə,
daha qısa zaman müddətində inqilabi
mübarizə yolu keçməli və zəfər qazanmalıydı.
Ədəbiyyatımızın böhran çağında
"Yanar ürək"
hərarət və cəsarətinə ehtiyac
var idi. İsa Hüseynov "Yanar ürək" romanı ilə saxta və lazımsız tabuları qırma cəsarəti sərgilədi:
o, raykom katibi Sultan Əmirlinin iyrənc simasını canlandırdı.
Yüksək sinli Sovet məmurunun mənfi obrazını yaratmaq ədəbi ictimaiyyətdə
şok effekti yaratdı. Yazıçı hadisələrə səthi yanaşmaqda ittiham olunurdu. İsa Hüseynov sosial problemləri, həyat həqiqətlərini xalqın
taleyi ilə üzvi şəkildə əlaqələndirirdi. Bir tərəfdə
məzlum xalqın güzəranı, qarşı
tərəfdə isə
zalım vəzifə
sahibinin haqsızlıqlarla
dolu özbaşınalıqları,
Sovet despotizmi ədəbiyyatın predmetinə
çevrilmişdi. Sultan Əmirli
obrazı Sovet idarəetmə sisteminin əxlaq və əqidəsini təmsil edirdi.
O, fərdi xarakter keyfiyyətləri olmaqla yanaşı, vəzifəsindən
istifadə edərək
hər kəsi sözsüz itaətə
məcbur edən məmurların ümumiləşmiş
obrazı idi. Ədalətsiz Sovet məmurları
Sultan Əmirli obrazının
xarakterində təcəssüm
olunurdu. "Yanar
ürək" romanının
ən böyük uğuru həqiqətin mahiyyətinə varmaq və dövrün ictimai kolliziyasına ədəbi şərh
verə bilmək qənaəti idi. İsa Hüseynov "Yanar ürək"lə
sosializm realizmi ilğımlarında can verən
ədəbiyyatımıza həyat
verdi.
Yeni cığırlar açan
arx
Azərbaycan Sovet nəsrində keyfiyyət dəyişiminin
lokomotivi sayılan
"Yanar ürək"
romanından söhbət
açarkən "Arx"
hekayəsini də xatırlamalı oluruq. İsa Hüseynov
nəsri ilkin və əsaslı rüşeym halında
"Arx" hekayəsi
ilə təzahür edir. 19 yaşlı
gənc İsanın
ilk qələm təcrübəsi
"Arx"da müharibə
dövründə unudulmuş,
tək yaşayan, əri və yoldaşı cəbhəyə
gedən qadının-
Nənəm-nəhrənin (ayamasıdı) həyatına
işıq salınır.
Ağır müharibə
şəraitində gözünü
həyətindəki qarğıdalılara
dikən Nənəm-nəhrənin
qarğıdalılarını sulayan adam
tapılmır: "Kişili
evlərin adamları gecələr pambığın
suyundan oğurlayıb
qapılarını sulayardılar.
Səhərisi kolxoz sədri
ilə cuvar qışqır-bağır salanda
kişilər topalama qabaqlarına çıxıb
ikisinin də səslərini batırırdılar.
Nənəm-nəhrə isə elə həmişə yalvardığına görə,
yəni gecələr
su oğurlamayıb gündüzlər də hərbə-zorba gəlmədiyinə
görə, dediyim kimi, qarğıdalısı
yanırdı... Yazıq
arvad ac qalacaq...". Əlacsız qalan Nənəm-nəhrə
pambıq sahəsinə
axan arxın içində oturub suyun axınını səhərə kimi öz qarğıdalı sahəsinə yönəldir.
"İki yüz kilo çəkisi" olan Nənəm-nəhrəni arxdan
çıxarmağa kolxoz
sədri və cuvarın gücü çatmır: "Sonra baxdım ki, kolxoz sədri boynunu bir yanda
büküb durub, cuvar o biri yanda.
Tərpədəmmirik, tərpədəmmirik,
- deyirdilər... Gün
doğanda sudan
çıxıb özünü
günə verib ki, titrəməsi kəssin. Kəsməyib. Yazıq elə orda,
arxın qırağındaca
ölüb". Bəli, əslində
insani hisslərin iqtidarsızlığı Nənəm-nəhrəni
yerindən tərpədə
bilmir. Yazıçı kolxoz
sədrlərinin, kişili
evlərin canını
arxlara tapşıran qadınları - nərəm-nəhrələri
unutmalarının faciəsini
göstərir. Bircə səhifəlik
hekayə müharibənin
doğurduğu böyük
fəlakətlər miqyasında
əks olunur. Nənəm-nəhrənin cismani
ölümü kişiliyin,
mənəviyyatın, insaniyyət
duyğusunun ölümü
kimi mənalanır. Böyük Mirzə Cəlildən sonra pafosdan uzaq, insaniyyət məkəzli, həyatın
müstəqil bədii
təhlilini verən nəsr nümunəsi İsa Hüseynovun qələm məşqində
özünü göstərir.
İsa Hüseynovun "Arx"ı
nəsrimizin mahiyyət
axarının yeni ədəbi kəşflərə
doğru yönəlməsində
başlanğıc rolunu
oynayır.
(Ardı var)
Ülvi BABASOY
525-ci qəzet.- 2015.- 18 avqust.- S.4.