Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov mərhələsi

 

 

(Əvvəli ötən sayımızda)

 

"Teleqram" povestində Zəlimxan Zümrüdlə olan keçmişlərinin üstünə birdəfəlik xətt çəkməmək üçün ona haram pulla qazanılmış ziynət əşyalarını çıxarmasını məsləhət görür.

 

Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd "Tək mənəm?!. Hamı geyinmir?!. Səriyyə bacının, Məryəmin geyindikləri bəs hardandır?!" - həqiqətini böyük hiddət şiddətlə bağırır. Halbuki, Zəlimxan Zümrüdün onu anlayacağını, ona dəstək olacağını fikirləşir. Zəlimxanın hər kəsi öz arşını ilə ölçməsi bu səhnədə bariz bir ölçüdə öz əksini tapır. O anlayır ki, bütün ailə xitrdəyəcən haramın içindədir. Zəlimxan bu gerçəkliyin ağır, dəhşətli şokundan ayılmamış atası Sabit Mayılovun həqarət dolu sözləri bu mühitin, öz doğma ailəsinin ondan mənən qədər uzaqlaşdığını göstərir. Axı onun təhsil ala bilməsi üçün həmin doğma adamlar yad əməllərə əl atmışdılar.

 

"Teleqram"dakı dramatik gərginlik, xarakterlərin əməli davranışlarındakı faciə kəndin dar, lokal məkanından çıxıb dünyanın, insaniyyətin qlobal miqyaslı tragediyası kimi təcəssüm olunur. Povest bədii mətnə xas keyfiyyətləri, dili, üslubi imkanları, həyatın mürəkkəb təfsilatlarının lakonik bədii həllini vermək baxımından nəsrimizə, ədəbiyyatımıza vurulan örnək "teleqram" siqnalıdır. Əsərin sonunda Zəlimxan ona təhsil verən əziz yad adamlar haqqında yazacağını düşünməsi, Zümrüdü fikirləşməsi İsa Hüseynovun qələmindəki həyatı tədqiq edə bilmə ehtiras bacarığından xəbər verir: " Bəli, Zəlimxan Zümrüdün yanında özünü günahkar hiss edirdi. Çünki onun Zümrüdünü dəyişdirib əvəzində başqa Zümrüd gətirən səbəbləri vaxtında görə bilməmiş, Zümrüdü vaxtında xilas edə bilməmişdi. İndi isə... Əfsanədən doğulmuş Dəli pəri əfsanəyə çevrilib Qarasuyun dumanı ilə birgə ələgəlməz, tutulmaz olmuşdu. Zümrüdlə birgə baba da, Qaraxan da, Böyüktalanın sakit-epik həyatı da, hətta təkqol direktorla müəllimlər əfsanəyə dönmüşdü. Elə isə, bəs Zəlimxanı bu yol ayrıcında dayanmağa məcbur edən idi?

 

O, bloknotu çıxarıb dizinin üstündə açmışdı. Amma qələm başlanğıcda ilişib dururdu. Hardan başlasın, necə yazsın, meşənin, təbiətin, insan gözəlliklərinin, doğruluğun, saflığın düşmənləri haqqında necə yazsın, bütün qəzetləri, jurnalları öz patetik nitqləri ilə dolduran"Qarğıdalı"nın, əziz, can-ciyər "Əziz müəllimlə yoldaşlıq məhkəməsi"nin haqqında necə yazsın ki, dərdinin böyüklüyü, qəzəbinin, kininin dərinliyi bütün aydınlığı ilə görünsün?" Sənətkar "Quru budaq", "Tütək səsi", "Şəppəli", "Kollu koxa" əsərlərində müharibə zamanı müharibədən sonrakı dövrdə cəmiyyətdə baş verən hadisələri, mənəvi ekologiyanı zədələyən amilləri, unudulmuş, tərk edilmiş Sovet insanlarının taleyini işıqlandırır. İsa Hüseynov nəsrində həyat materiallarını təhliletmə iqtidarı güclənir.

 

"Bir az romantika"dan "Dəqiqələr illərin" hökm sürdüyü ömür karvanına

 

Nəsrimizin patriarxı "Bir az (da) romantika"dan söhbət açır. Bir-biriləri ilə təzə tanış olan iki gəncin arasında keçən romantik ünsiyyəti ədəbiyyata gətirir. Qırx yaşına çatmış, ancaq hələ evlənməmiş Murad yenicə tanış olduğu Şərqiyə qarşı qəribə, məhrəm hisslər duyur. Gecənin zülmət qaranlığında dənizin sahili Muradla Şərqinin şirin, saf, romantik macərasına şahid olur. Bu əsərdə qəlbləşmiş sevgi etirafı da romantikcəsinədir. Şərqi Murada evlənmək təklifi edir. Hekayənin dili şeir siqlətlidir, təsvirlər məhəbbət dolu anların peyzajıdır: "Uzaqda dənizin sinəsi qabardı. Yaxında axşamdan birinci dəfə ləpələrin şırıltısı ilə birgə Muradın pıçıltısı eşidildi:

 

- Şərqi, mən çimmək istəyirəm!

 

- ?.. Dəniz soyuqdur. Çimmək olmaz! - deyə Şərqi etiraz etmək istədi. Lakin etiraz əvəzində birdən uşaq kimi sevindi. - Dayan! Məni gözlə!..

 

Payızın orta ayında buz kimi soyuq dənizdə iki nəfər çimirdi. Onlar bir-birinin üzünə su çırpır, sonsuz mavi genişlikdə şaqraq qəhqəhə ilə gülüşürdülər.

 

Qoca balıqçı özünü suda təsəvvür etdi, canından üşütmə keçdi.

 

- Brrr!.."

 

Romantikadan söhbət açılmışkən "Dəqiqələr illər"in romantik anlarını xatırlayan, gənclik duyğuları (mühafizəkar) qəlbində yenidən canlanan Heybət düşür yadımıza. "Dəqiqələr illər" hekayəsinin qəhrəmanı Heybət hər gün qapılarının ağzından keçən, gözəl, gənc bir qızı özünün baş açmadığı hisslərlə tamaşa edir. Heybət gənc qızı gənclik illərində sevdiyi Tutuya bənzədir. Heybətin gündəlik adətinə çevrilən gənc qıza tamaşa etməsini arvadı Tükəz gizlincə izləyir, eyni zamanda o, qıza olan məftunluğuna görə özünü məzəmmət edir. Heybət tutduğu əməldən arvadının xəbərdar olmasını biləndə çox peşman olur. Hekayənin qəhrəmanı gənclik çağından etibarən mühafizəkar, dar düşüncəli əxlaq normalarının qatı daşıyıcısıdır. Nişanlısı Tutunu bircə dəfə plyajda açıq-saçıq vəziyyətdə görməsi kifayət edir ki, onu ən nalayiq sözlərlə təhqir edib ömürlük ayrılsın. Heybətin bu hərəkəti onu özündən bir ömür boyu uzaqlaşdırır. Əlbəttə ki, açıq-saçıqlıq milli həyat tərzimizə yaddır. Ancaq Heybət məsələyə fanatikcəsinə yanaşır " bütün varlığı" ilə sevdiyi, məftun olduğu qadından belə üz döndərir. O qırx yaşına gəlib çatanda anlayır ki, ömür karvanı qədər mənasız keçib. Ömrünü mənasız heç kimə lazım olmayan yazılara, əxlaq normalarına həsr etdiyini dərk edir. Hətta arvadı Tükəzə baxanda illər boyu bu qadına verdiyi "yorğunluqdan laqeydlikdən başqa heç nə"yin sezilmədiyini görür. O, mənən şikəst insandır. Heybət daxilən, mənən çürüməyinin, ürəksiz yaşamağının faciəsi ilə sarsılır: "Şap... şap... şap - dəqiqələr laqeyd, əbədi, rəhmsiz qanunla keçib gedir. Şap, şap - yoxsan!.. Yoxsan, Heybət! Məhdud, sevgisiz, qanadsız, "ət, süd" yazan bədbəxt! Yoxsan! Ölü! Dayanıb ömür karvanın!

 

Məhşər günündən ideallarımıza doğru

 

"Məhşər" romanı ilə İsa Hüseynov nəsri zaman, məkan məna müstəvisində miqyasını genişləndirir. Böyük Nəsiminin həyatını qələmə alan yazıçı fərdin, şəxsiyyətin kamilliyi konsepsiyasını irəli sürür. Hürufilik təriqətinin işıqlı, faydalı yönlərini göstərməklə yanaşı, təriqətin mənsubları arasındakı naqis cəhətlər romanın inikas çevrəsinə daxil edilir. Romanda öz bədii həlini tapan vahid həqiqət budur: Bəşəriyyətin qurtuluşu, işıqlı firavan gələcəyi fərdlərin kamillik zirvəsinə çatmasından asılıdır. "Məhşər" tarixi roman kimi əlamətdar ədəbi hadisədir. Tarixin sirli həqiqətləri, dövrün ictimai-siyasi qarşıdurmaları İsa Hüseynovun bədii -fəlsəfi təfəkkürü süzgəcindən uğurla keçirilib müasir insanımıza-bəşəriyyətə təqdim olunur. Nəsimi şeiriyyətinin ağır, ləngərli, fəlsəfi poetikası "Məhşər"in üslubunda, İsa Hüseynovun nəsr dilində müşahidə edilir. "Məhşər" ədəbiyyatımızı geniş miqyasda - dünya səviyyəsində təmsil  edən ilk romandır.

 

"İdeal" romanında İsa Hüseynov "Yanar ürək" romanında işlədiyi mövzunu genişləndirir və yeni formatda qələmə alır. "Yanar ürək"də mənfi obraz kimi canlandırılan Sultan Əmirli "İdeal" romanında müsbət qəhrəmandır. O, olduqca mürəkkəb, ziddiyyətli xarakterə malikdir. Sultan Əmirli bir tərəfdən həyatını xalqın, millətin xoş güzəranına həsr edən əsl el təəssübkeşi kimi görünsə də, bir yandan da xalq düşmənlərinin çirkin əməllərinə göz yummaqla dərin şübhələr doğurur. Üstəlik, öz qardaşı oğlu Səmədin nişanlısı Gülgəzlə ailə qurması Sultan Əmirli haqqında müxtəlif obrazlar tərəfindən səsləndirilən ittihamlara haqq qazandırır. Romanın süjetindəki mürəkkəblik, hadisələrin düyünlər zinciri ilə davam etməsi oxucunu daim gərgin vəziyyətdə saxlayır. Səməd Əmirlinin idealı Sultan Əmirlinin günahsız olması onun xalqın gələcəyi üçün ağır sınaqlara tabe tutulduğu üzə çıxanda aydınlaşır. "İdeal" süjet xəttinin qeyri-adiliyi, xalqımızın tarixi və müqəddəratı ilə bağlı problemlərə toxunması və müxtəlif ədəbi fəndlərlə oxucunu intizarda saxlaması etibarilə bənzərsiz  bir romandır.

 

Ülvi BABASOY

525-ci qəzet.- 2015.- 20 iyun.- S.4.