Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli
simaları: Məhəmməd xan Təkinski
23 aylıq Xalq Cümhuriyyəti dövründə
əvvəlcə Azərbaycanın
Ermənistandakı (İrəvan)
səlahiyyətli nümayəndəsi,
daha sonra isə xarici işlər nazirinin müavini vəzifələrində
çalışmış Məhəmməd xan Təkinski haqqında o dövrə aid məlumatlar
yalnız onun fəaliyyətini qısa şəkildə əks etdirməklə məhdudlaşır.
"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın 2-ci cildində
isə onun anadan olma və
vəfat tarixi belə göstərilməyib.
Məhəmməd xan Təkinski
1879-cu ildə Axal-Təkə
vadisində ruslarla türkmənlər arasında
baş vermiş Göytəpə müharibəsi
zamanı dünyaya gəlib. Bu faktı
ona görə vurğulayırıq ki,
o, valideynlərini məhz
bu müharibə dövründə - 1879-1881-ci illərdə
itirib. Əslən türkmən olan
iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski
oğulluğa götürür
və ona Məhəmməd xan Təkinski adını verir.
M.Təkinski 1901-ci ildə Tiflis birinci
kişi gimnaziyasını bitirir, həmin ilin avqustunda da Novorossiysk İmperator Universitetinin Fizika-riyaziyyat fakültəsinə
qəbul olunur. Bu fakültədə 2 il təhsil aldıqdan sonra rektora müraciətlə
Hüquq fakültəsinə
keçirilməsini xahiş
edir. Bir sıra problemlər
üzündən buradakı
təhsil müddəti
1908-ci ilə qədər
uzanır və nəhayət, 1908-ci ilin iyulunda universitetin Hüquq fakültəsinin
məzunu olur. İstər gimnaziya illərində, istərsə də universitet illərində onun haqqında hər hansı şikayət olmayıb, gözəl əxlaq nümayiş etdirib.
Beləliklə, Ehsan xan Naxçıvanskinin övladı
olaraq Məhəmməd
xan gələcəyin
görkəmli dövlət
xadimi olaraq yetişir.
Təəssüflər olsun ki, Məhəmməd
xan Təkinskinin universiteti bitirdikdən
1918-ci ilə qədər
olan həyatı naməlum qalır. Lakin onun
bu müddət ərzində Güney Qafqazda hüquq-mühafizə,
məhkəmə orqanlarında
fəaliyyət göstərdiyi
güman edilir.
1918-ci il iyun ayının 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə
yaratdığı Fövqəladə
Təhqiqat Komissiyasının
işinə cəlb olunur və Təkinskinin buradakı fəaliyyəti onun əvvəllər hüquq-mühafizə,
məhkəmə orqanlarında
iş təcrübəsini
göstərir.
1918-ci ilin dekabrın
7-də ADR-in ilk parlament iclasında
F. Xoyskiyə yeni hökumətin yaradılması
tapşırılır. Xarici işlər
naziri vəzifəsi müvəqqəti olaraq Məhəmməd Təkinskiyə
tapşırılır. 1919-cu il yanvar
ayının 29-da isə
o, Azərbaycan Cümhuriyyəti
hökumətinin Ermənistanda
səlahiyyətli nümayəndəsi
təyin olunur. M. Təkinski həmin il oktyabrın
1-də xarici işlər
nazirinin müavini təyin olunan vaxta qədər bu vəzifədə fəaliyyət göstərir.
Ermənistan hökuməti yalnız
1919-cu il fevralın 1-də Azərbaycanın
İrəvan şəhərində
daimi nümayəndəliyinin
fəaliyyətə başlamasına
razılıq verib. Azərbaycanın Ermənistanda
diplomatik nümayəndəliyi
fəaliyyətə başlayanadək
İrəvan quberniyası
ərazisində ermənilərin
törətdikləri vəhşiliklər
barədə beynəlxalq
təşkilatları, Azərbaycan
mətbuatını və
rəsmi dairələrini
İrəvan Müsəlman
Milli Şurası, İrəvan Müsəlman
Xeyriyyə Cəmiyyəti
və İrəvan Quberniyası Həmyerliləri
Təşkilatı məlumatlandırırdı.
İrəvan Quberniyası Həmyerliləri
Təşkilatının 1919-cu il yanvarın
17-də keçirilən iclasında
Azərbaycan hökumətinə
müraciət qəbul
olunmuşdu. Təşkilatın
sədri Teymur xan Makinskinin imzası ilə göndərilən müraciətdə
qeyd edilirdi ki, türk qoşunlarının
İrəvan quberniyasından
çəkilməsindən sonra erməni silahlı qüvvələri
Sürməli qəzasını
bütünlüklə və
Eçmiədzin qəzasının
müsəlmanlar yaşayan
hissəsini ələ
keçirib, üstəlik,
Şərur və Naxçıvan qəzalarını
almaq üçün
hücuma başlayıb.
Məhvə məhkum edilmiş
İrəvan quberniyası
müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin
komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi
konfransının təşkil
olunması təklifi irəli sülürdü.
10 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan
XİN-ə göndərdiyi notada bildirilirdi ki, başda erməni zabiti olmaqla Ermənistan silahlı dəstələri
Göyçə gölü
ətrafında sərhədi
keçərək Azərbaycan
ərazisinə daxil olub, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini
viran ediblər. Həmin kəndlərin kişilərinin
bir hissəsi öldürülmüş, bir
hissəsi isə qaçaraq canını qurtarmışdı.
Eçmiədzin kilsəsinin fitvası
ilə Ermənistan hökuməti, bir tərəfdən azərbaycanlı
kəndlərini dağıdır,
insanları məscidlərə
dolduraraq yandırır,
əhalisini kütləvi
qırğınlara məruz
qoyur, digər tərəfdən isə Azərbaycanla dostluq münasibətlərindən dəm
vurur, onun neft potensialından faydalanmaq istəyirdi. 2 aprel 1919-cu ildə
Azərbaycanın Ermənistandakı
diplomatik nümayəndəsi
M. Təkinski xarici işlər naziri M. Cəfərova göndərdiyi
məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti
onun şərəfinə
verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının
zəruriliyindən danışıblar.
M. Təkinski martın
18-də Eçmiədzində katolikosla görüşü
zamanı katolikosun Ermənistanla müsəlmanlar
arasında dostluğun
zəruriliyini vurğuladığını,
müsəlmanlarla dinc
yaşamaq üçün
erməni xalqına müraciət edəcəyini
vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin
kilsəsinin və katolikosun iqamətgahının
işıqlandırılmadığını
yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini
vəd verib və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün
çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin
ağır olduğunu
və dərhal onlara kömək göstərilməsi lüzumunu
qeyd edir.
Naxçıvanın işğaldan təmizlənməsində, daşnak
qüvvələrinin məhv
edilməsində böyük
əhəmiyyət kəsb
edən Araz-Türk hökumətinə, təəssüf
ki, 1919-cu il aprelin 12-də bölgəni
himayəyə götürən
Böyük Britaniya qüvvələri tərəfindən
son qoyulur, üzvləri
isə Maltaya sürgün edilir. Hökumətin süqutundan sonra
Naxçıvan olduqca
ağır vəziyyətə
düşür, bölgəyə
ayaq açan müttəfiqlərin emissarları
Naxçıvanı Ermənistan
ərazisi etmək üçün yollar axtarırlar. 1919-cu ilin mayında bu cür havadarların
fitnəsi ilə erməni quldurları yenidən Naxçıvana
girir.
Mənbələrdə qeyd olunur ki,
bu dəfə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi
Naxçıvanda baş
verənlərə kəskin
reaksiya bildirir. Azərbaycanın Ermənistandakı diplomatik
nümayəndəsi Təkinski
Ermənistan hökumətinə
bu barədə etiraz notası təqdim edir. O, Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyliyə ingilislərin Şəruru,
Naxçıvanı ermənilərə
vermək istədiyi, bunun xalqın gələcək aqibətini
təhlükə altına
saldığını yazaraq
bildirmişdi.
1919-cu ildə ingilislər
Naxçıvanda qondarma
erməni qubernatorluğu
yaradır. Lakin Naxçıvan camaatı
bu idarəetməni qəbul etmir və nəticədə qurumun fəaliyyəti yerləşdiyi qərargahdan
kənara çıxa
bilmir. AXC-nin Naxçıvanla əlaqələri müttəfiqlər
tərəfindən əngəlləndiyindən
bölgə barədə
məlumatlar yalnız
AXC-nin Ermənistandaki
diplomatik nümayəndəliyindən
və İran səfirliyindən alınır.
Azərbaycan hökumətinin
başçısı F.Xoyskinin
qərarı ilə
1919-cu il martın 19-da İsmayıl
xan Ziyadxanov başda olmaqla İrana fövqəladə
diplomatik missiya göndərilir. Bundan sonra buradakı
vəziyyət barədə
məlumatlar həmin diplomatik missiyaya çatdırılır.
1919-cu ilin yazına doğru Təkinski xarici işlər nazirinə yazırdı:
"Naxçıvan, Şərur,
Şahtaxtı və Vedibasar erməni qoşunları tərəfindən
tutulmuşdur. Naxçıvan Milli Şurası bunu müttəfiq komandanlığına bildirməyi
və təcili tədbirlər görməyi
xahiş edir".
Düşmən qarşısında təklənən Azərbaycan
hökuməti artıq
Türkiyədən yardım
ala bilmirdi. Erməni işğalçılara
qarşı mübarizə
aparan Naxçıvan
əhalisi İrana və Türkiyəyə yenidən nümayəndə
heyəti göndərir.
İran şahzadəsinə çatdırılan
məktub əsasında
İran hökuməti
Mirzə Əli Heyətin (dünya şöhrətli alim, cərrah Cavad Heyətin atası) başçılığı ilə nümayəndə
göndərir ki, vəziyyəti təfərrüatı
ilə öyrənib hökumətə məruzə
etsin.
3 may
1919-cu ildə Azərbaycanın
Ermənistandakı diplomatik
nümayəndəsi M.Təkinskinin
Azərbaycan hökumətinin
başçısına göndərdiyi
teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərilməsi
vurğulanırdı.
Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına
göndərdiyi şifrəli
teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan
üzərinə hücuma
keçmişlər. Ermənistana təzyiq etmək üçün M.Təkinski
təklif edirdi ki, qoşunlarımız Ermənistanla sərhəddə
cəmləşdirilsin.
(Ardı var)
Ramil HİKMƏT
525-ci qəzet.-
2015.- 21 avqust.- S.4.