“Azərbaycan multikulturalizmi
müxtəlif xalqları doğmalaşdıran dəyərdir"
Multikulturalizm həyat tərzimizdir
“Azərbaycanda multikulturalizm
həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı yay məktəbi
bir müddət əvvəl yekunlaşıb.
21 iyul-1 avqust tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu və
Bakı Slavyan Universitetinin təşkilatçılığı
ilə keçirilən
yay məktəbi unudulmaz təəssüratlar
yaradıb. İtaliya,
Rusiya, Türkiyə, Litva, Bolqarıstan, Gürcüstan, Belarus, Çexiya
və Ukraynanın nüfuzlu universitetlərindən
49, Azərbaycanın aparıcı
ali təhsil müəssisələrindən 19 tələbəyə indiyədək
nəzəri şəkildə
tədris olunan Azərbaycan multikulturalizmi
ilə həm də əyani formada tanış olmaq imkanı yaradıldı. Yay məktəbi ərzində
Bakıyla yanaşı,
Azərbaycanın multikultural
bölgələrindən sayılan,
müxtəlif xalqların,
etnik qrupların, fərqli dinlərin nümayəndələrinin yaşadığı
Quba, Qusar, Xaçmaz, Nabranda olan tələbələr
təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüblər.
Onlar yay məktəbinin təşkilinə
görə Prezident İlham Əliyevə, həmçinin millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri Kamal Abdullayevə minnətdarlıqlarını
ifadə ediblər, Azərbaycana yenidən səfər etmək arzularını dilə gətiriblər.
Kiyev Universitetinin tələbəsi
Mariya Tişinka bildirib ki, səfərlə
bağlı çox müsbət təəssüratları
var: “Yay məktəbində çoxlu
informasiya aldım. Bu müddət ərzində
Azərbaycan multikulturalizminin
mahiyyətini və Avropa multikulturalizmindən
fərqini anladım.
Bu, çox maraqlı
təcrübədir. Hesab
edirəm ki, Ukraynada hazırkı şərtlər daxilində
multikulturalizmin tətbiqi
sülhün əldə
olunması üçün
əsas vasitə ola bilər.
Yay məktəbi ərzində
müşahidə elədim
ki, burada hər bir tələbə
öz ölkəsinin
mədəni diplomatı
rolunu oynadı. Bir də diqqətimi çəkən məqam
odur ki, Azərbaycanın əsas dəyəri onun insanlarıdır. Azərbaycan insanı
artıq uzun əsrlərdir ki, multikulturalizmi özünün
həyat tərzinə
çevirib, bunu qiymətli bir dəyər kimi yaşadır”.
lll
Türkiyəli tələbə Gürhan
Çopur Azərbaycan
və Türkiyə arasındakı münasibətlərin
çox qədimlərə
dayandığını vurğulayıb:
“Azərbaycan xalqının
qonaqpərvər olduğunu
bilirdim, çünki
əvvəl də burada olmuşam. Amma açığı, bu qədər isti münasibət gözləmirdim.
Yay məktəbinin klassik bir simpozium havasında
keçəcəyini düşünürdüm.
Ancaq burada gözlədiyimdən
fərqli olaraq çox canlı bir zaman yaşadıq.
Azərbaycanda bizə
gözəl ev
sahibliyi elədilər.
Məşhur şairimiz
Yunus Əmrənin gözəl bir sözü var: “Yetmiş iki millətə bir gözlə baxmayan bizdən deyildir”. Yay məktəbi bu şeirin anlamını tamamilə özündə
ehtiva edib. Düşünürəm ki, Azərbaycanın
multikulturalizm kimi qiymətli bir dəyəri dövlət
siyasətinin prioritet istiqamətinə çevirməsi
çox əhəmiyyətlidir.
Bununla bağlı Azərbaycandan öyrəniləcək
çox şey var.
Biz burada bir çox ölkənin gəncləri ilə tanış olub ünsiyyət yaratdıq, yeni əlaqələr qurduq. Buna görə buradakı
dostlarımıza, şəxsən
Kamal Abdullayevə təşəkkür edirəm.
İnşallah, daha böyük
təcrübə mübadiləsi
üçün gələcəkdə
də Azərbaycana gələcəyimizə inanıram”.
lll
Azərbaycan Texniki Universitetinin
tələbəsi Şükufə
Əhmədli üçün
də yay məktəbində iştirak
çox xoş və yaddaqalan olub: “Yay məktəbi
respublikamızın tarixi,
dili, etnoqrafiyası, mədəniyyəti haqqında
biliklərimi daha da inkişaf etdirməyimə səbəb
oldu. Yaz semestri ərzində
qiyabi olaraq öyrəndiyim Azərbaycan
multikulturalizmi haqqındakı
praktik biliklərimi zənginləşdirmək imkanı
qazandım. Akademik Kamal
Abdullayev ilə ünsiyyətdə olub, onun söylədiyi fikirləri dinləmək
mənim üçün
unudulmaz bir təəssüratdı. Azərbaycanda multikulturalizm yaşayır
və inkişaf edir. Mən bunu hər mühazirəmizdə, gəzdiyimiz
bölgələrdə - Nabranda,
Qubada, Qusarda, Xaçmazda, ünsiyyətdə
olduğum hər bir şəxslərlə
münasibətimdə müşahidə
etdim. “Multikulturalizm
Azərbaycanda həyat
tərzi kimi: öyrən, araşdır,
paylaş” adlı beynəlxalq yay məktəbi öz missiyasının öhdəsindən
layiqincə gəldi.
Yay məktəbində
tanış olduğum dostlarıma uğurlar arzu edir, xoş münasibət, səmimi ünsiyyət üçün
təşəkkür edirəm.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə,
Azərbaycan Respublikası
Prezidenti yayında Bilik Fondu və
Bakı Slavyan Universitetinə təşkil
etdikləri unudulmaz yay məktəbi üçün sonsuz təşəkkürlərimi bildirirəm”.
lll
İtaliyanın La Sapienza Universitetinin
tələbəsi, misirli
Rami Said Azərbaycana
ilk səfəri olduğunu
və burada özünü çox xoşbəxt hiss etdiyini dilə gətirib: “İlk dəfədir ki, multikulturalizmə həsr olunmuş yay məktəbində iştirak edirdim. Bu mənim çox
xoşuma gəldi.
Azərbaycanla bağlı zəngin
təəssüratlarım yarandı. İndiyədək dünyanın bir
çox ölkələrində
olmuşam, ancaq Azərbaycanı bu günə qədər tanımadığıma görə
özümü qınayıram.
Bura gələndən sonra Azərbaycanın zəngin
mədəniyyəti, adət-ənənələri,
həyat tərzi haqqında çoxlu bilgilər əldə etdim. Burada çoxsaylı etnik
qrupların, müxtəlif
dinli insanların dinc, yanaşı yaşamalarının şəxsən
şahidi oldum. Yay məktəbində iştirakımız
üçün bizə
yaradılan gözəl
şəraitə görə
Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Bu layihə vasitəsilə ecazkar Azərbaycanla tanış olduq”.
lll
“Əlimi ürəyimin
üstünə qoyub
rahatlıqla deyə bilərəm ki, burada bütün gözləntilərim özünü
doğrultdu. Azərbaycan xalqı məni
heyran etdi. Biz gürcülər azərbaycanlılarla oxşar
temperamentə malik qonşu xalqlarıq.
Qonşu olsaq da, təəssüf ki, indiyədək Azərbaycanla bağlı
çox az
məlumata malik olmuşam. İndi isə çox şadam ki, Azərbaycan xalqı ilə, bu gözəl
ölkəylə yaxından
tanış oldum. Azərbaycan xalqı çox
istiqanlıdı, bizə
burada çox böyük diqqət, qayğı göstərdilər.
Multikulturalizmə həsr olunmuş
yay məktəbində
ilk dəfədir ki, iştirak edirdim və bunun son səfər olmayacağına
ümid edirəm”.
Bu fikirləri Tbilisi Dövlət Universitetinin tələbəsi Nino Jvaniya
səsləndirib. Başqa
bir gürcü tələbə Konstantin Çeçavadze
həmyerlisi ilə həmfikir olduğunu diqqətə çatdırdı:
“Bu yay məktəbinin
təşkilinə görə-
maraqlı mühazirələrə,
görüşlərə və ümumiyyətlə,
hər şeyə görə Azərbaycanın
dövlət başçısı
cənab İlham Əliyevə və akademik Kamal Abdullayevə təşəkkür
edirəm. Burada yaşadığım hər şeyi ömrümün ən unudulmaz təəssüratı
hesab edirəm və bunlar yaddaşımda həmişəlik
qalacaq. Burada başlanan dostluqlarımızın
gələcəkdə də
davam edəcəyinə
inanıram”.
lll
Litvalı Milda Auqlita bu səfərdən sonra Azərbaycanı çox sevdiyini vurğuladı: “Mənim ölkəm və xalqım da multikulturalizm ideyasını
dəstəkləyir. Burada bir
daha əmin oldum ki, Azərbaycan
multikulturalizmi müxtəlif
xalqları yaxınlaşdıran,
doğmalaşdıran dəyərdir.
Yay məktəbini təşkil
edən hər kəsə minnətdaram”.
Çexiyalı Teresa Souşkova
Azərbaycanı, Bakını
çox bəyəndiyini,
bu qədər xalqın bir yerdə yaşamasının
başqa ölkələr
üçün də
nümunə ola biləcəyini qeyd edib. T. Souşkova Azərbaycanın
mədəniyyətinin, xüsusilə
ədəbiyyatının onda
dərin maraq oyatdığını deyib.
lll
Belarus Dövlət Universitetinin tələbəsi Enevis Kevan təhsil aldığı ali
təhsil ocağında
Azərbaycan multikulturalizmi
fənninin tədrisi zamanı ölkəmizin mədəniyyəti, tarixi
ənənələri haqqında
xeyli bilgi aldığını deyərək
yay məktəbində
iştirakı zamanı
bütün bunlarla əyani tanışlıqdan
məmnunluğunu ifadə
edib: “Yay məktəbində iştirakım
mənə çox şey qazandırdı. Azərbaycan kimi gözəl bir ölkəni yaxından tanıdım, yeni dostlar qazandım.
Multikulturalizmin Azərbaycanda
həyat tərzi olduğuna şəxsən
şahid oldum, Azərbaycan multikulturalizminin
mahiyyətini daha dərindən dərk elədim”.
lll
Bolqarıstanlı tələbə Janet Nikola Azərbaycan xalqının qonaqpərvərliyinə hər gəlişində yenidən heyran olduğunu deyib: “Azərbaycanın Quba, Qusar, Xaçmaz kimi şəhərlərində olmaqdan böyük zövq aldım. Azərbaycanın şəhərləri bir- birindən gözəldi, Bakı isə xüsusilə heyrətamizdir. Bu qədər xalqın və etnosun əsrlərdir eyni ölkədə qardaşlıq, dostluq şəraitində yaşaması məni sözün yaxşı mənasında təəccübləndirdi. Buradakı mühazirələr mənim çox xoşuma gəldi və xeyli yeni məlumatlar öyrəndim, dünyanın müxtəlif guşələrindən çoxlu dost qazandım. Bütün bunlara görə yay məktəbi layihəsinin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
lll
Ural Federal Universitetinin tələbəsi Ruslana Klimova Azərbaycanın zəngin mədəniyyəti, qədim adət-ənənələri ilə tanışlıqdan şad olduğunu, ləziz mətbəxini çox bəyəndiyini söyləyib: “Bu yay məktəbində Azərbaycanı özüm üçün kəşf etdim. Ümid edirəm ki, bu, son səfərim olmayacaq. Nəzəri şəkildə Azərbaycan multikulturalizminin əsasları ilə tanış olmuşdum, əyani tanışlıqdan sonra ölkənizi daha çox sevdim. Bu proqram çərçivəsində xeyli təcrübə mübadiləsi apardıq”.
lll
Görünənlərə, deyilənlərə və yazılanlara sözardı: Yay məktəbinin Bakı Slavyan Universitetindəki bağlanış mərasimində akademik Kamal Abdullayev “Yay məktəbi başa çatdı, yaşasın yay məktəbi!” nidası ilə fikrini yekunlaşdırmışdı. Bu, sadəcə gəlişigözəl söz deyildi, həmin fikir sübut etdi ki, yay məktəbi başa çatsa da, təəssüratı hələ uzun zaman yaddaşlarda yaşayacaq və gələcəkdə keçiriləcək yay məktəblərinin sələfi kimi hələ xeyli xatırlanacaq.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 22 avqust.- S.17.