"Jurnalistlər məndən çəkinirlər"
"İDDİASI İSTEDADINDAN BÖYÜK OLANLARI YERİNDƏ OTURTMAĞI BACARIRAM"
Feyziyyə
ilə Xəzərin sahilində
“Xəzərin sahilində”ki müsahiblərimlə
sabahın bu çağında görüşdüyüm
olmamışdı. Qarşıdan “525-ci qəzet”in baş
redaktoru, AYB-nin Gənclər üzrə katibi Rəşad Məcidin
doğum günü gəlirdi. Ola bilsin ki, kimlərsə
AYB-nin Gənclər üzrə katibi kimi ondan narazı ola bilər.Amma onun bu vəzifədə
gördüyü işləri danmağa heç kimin
haqqı çatmaz. Görmüşük
adamın üzünə xoş sözlər deyib,
arxasınca olmazın şeyləri danışarlar. Rəşad Məcid o adamlardandı ki, mətbuatda
“üzünə” döşəsələr də, kulisdə
haqqında “Amma kişi işləyir də...” deyə etiraflar
edirlər. Hələ bir neçə il bundan qabaq ədəbi
mühit deyilən bu qarmaqarışıq cameənin
“cikini-bikini” bilmədiyim vaxtlarda Rəşad müəllimi az
görüb, az ünsiyyətdə olsam da yazdığım
bir yazıda onu “gənclərin dar günündə
üstünə qaçdıqları ata”
adlandırmışdım. Gənc ədiblərin
bu boyda yazıçı ordusunun içərisində, hətta
yüksək maddi imkanları və geniş əlaqələri
olan həmkarlarından da çox ona üz tutmalarının
özü çox şeyi deyir.
Hə, bunları ona görə deyirdim ki, ayın-ilin bu
vaxtı, qardaşın-qardaşa əl tutmadığı
bir zamanda imkanları daxilində ətrafındakılara
kömək etməyə çalışan bu adamın
doğum günündə ağlıma gələn ilk ad
günü hədiyyəsi onunla söhbətləşmək
oldu. Rəşad müəllimlə Xəzərin sahilində
səhər saat doqquzun yarısı görüşməyə
razılaşdıq. Doqquza on yeddi dəqiqə işləmiş
Rəşad müəllimə zəng edəndə səsindən
məmnunluğunu hiss elədim: “Ağıllı qız, gəlmisən?”
“Çatmışam, Rəşad müəllim, taksidəyəm. Hansı tərəfdə
düşüm?”
İstiqamət verdiyi yerdəcə
düşdüm.Görüşüb salamlaşdıq. Bulvarın
bulaq suyu kimi təmiz havasında gəzişən adamlar su
üzündə gözə dəyən təkəmseyrək
yarpaqlar kimiydi.
- Mən
tezdən burdayam. Sən gələnə kimi bir
dəfə o başa gedib qayıtmışam. Əvvəllər bulvara axşamlar gələrdim.
Amma bu il Avropa Oyunları vaxtı
bulvarı özüm üçün yenidən kəşf
elədim. “Xətai” metrosundan Bakı Su İdman
Arenasına qədər on kilometr yolu iki saata piyada qət
edirdim. Xeyli də
arıqlamışdım. İndi hər
gün olmasa da, həftədə bir neçə dəfə
səhərlər bulvarda gəzirəm. Bax, burdan
keçəndə alma və kivi şirələrinin
qarışığını içmədən getmirəm.
Çox xeyirlidi. Düzdü, hərdən
buranın işçisi yatıb qalır...
Şirə satılan köşk açıq olsa da,
işçisi gözə dəymirdi. Bir az gözlədik.
Rəşad müəllimlə nə barədə
danışacağımı
planlaşdırmışdım. Amma
sabahın bu çağında, məmur görkəmindən
əsər-əlamət qalmayan Rəşad Məcidlə sadəcə
söhbətləşmək ehtiyacını duydum. Elə bil Rəşad müəllimin bütün
görkəmi dilə gəlib deyirdi ki, Feyziyyə, sən
Allah, min dəfə verilmiş sualları təkrarlayıb, zəhləmi
tökmə. Gənc Ədiblər belə
gəldi, AYB ilə bağlı filan məsələ elə
getdi. Mən də bu mövzularda
danışmağı, ümumiyyətlə, ağlımdan
çıxardım. Budur, satıcı
Mehman da gəldi. İndi bizə meyvələrdən
şirə çəkəcək. Bizsə söhbətə
davam edirik:
- Paulo Koelyonun “Kimyagər” əsərində belə bir
pritça var. Atası uşağı bir aqilin yanına gətirir
ki, ona həyatın mənasını, xoşbəxtliyin nə
olduğunu başa salsın. Aqil uşağa qaşıqda yağ verir ki, işlərini görənə
qədər sarayı gəzsin. Amma yağ
qaşıqdan dağılmamalıdır. Uşaq
gözünü yağdan çəkmədən gəzib
dolanır.
Aqil soruşur ki, sən mənim sarayımda gözəl
xalıları, çilçıraqları, rəngarəng
quşları gördünmü? Uşaq cavab verir ki, onlara baxa bilmədim,
axı başım qarışar, yağ
dağılardı. Aqil bu dəfə deyir: “Yaxşı, mənim
bir az da işim var, onları yekunlaşdırana qədər
get o gözəlliklərə tamaşa elə”. Çox keçmədən uşaq qayıdır.
Aqil ondan soruşur ki, sarayda nə gördün?
Uşaq gördüklərini bəhbəhlə
sadalayanda, aqil qaşıqdakı yağı xəbər
alır. Yağ
dağılıbmış. Aqil onda uşağa deyir:
“Xoşbəxtlik odur ki, dünyanın bütün gözəlliklərini
görəsən, amma qaşıqdakı yağı
dağıtmamaq şərti ilə”.
Bizim millətin yarısı, təəssüf ki,
qaşıqdakı yağı qorumaq naminə həyatdan,
yaşamaqdan özlərini məhrum ediblər. Dünyanın
gözəlliklərini görənlərin əksəriyyəti
isə qaşıqdakı yağı dağıdıblar.
Özümə gəlincə ola bilər ki, yağdan xeyli
dağıtmışam, amma qaşığı əlimdə
möhkəm tutmuşam ki, həyatın gözəlliklərindən
özümü məhrum
etməyim.
Rəşad müəllim
həyatından, taleyindən kifayət qədər məmnun
görünürdü. Adama elə gəlirdi
ki, ona daha heç nə gərək deyil. Sanki bütün arzularına çatıb, illərin
yorğunluğunu indi Bakı Bulvarının skamyalarından
birində oturmaqla çıxardır. Görəsən
bu adam gəncliyində
arzuladığı taleni yaşayıbmı?
- Mənə
elə gəlir ki, kim hansı həyatı
arzulayırsa, onu da yaşayır. “Dəlicəsinə”
adlı essemdə də yazmışam, əgər sən
doğrudan da nəyinsə olmasını bütün
varlığınla istəyirsənsə, o mütləq
olacaq. Əgər istədiyin olmursa, deməli, bunu dəlicəsinə
arzulamırsan. Vaxt var idi, Yazıçılar
Birliyi mənim üçün bir məbəd idi.
Sonra orada katib oldum. Jurnalist işləyirdim, iyirmi səkkiz
yaşında redaktor oldum. Bu mənada
arzularıma çatmışam. Amma
yaddaşıma zədə vuran hadisələr də olub.
Doğulduğum kənd, oxuduğum məktəb,
yaşadığım evlər, uşaqlığımın
keçdiyi yerlər işğal altındadı. Son illər ən çox arzuladığım
şey torpaqların azad olunmasıdır. Şuşaya
getmək istəyirəm. Dəbdəbəli ev, bahalı maşınla bağlı təşnə
arzularım olmayıb. Amma dünyanı görmək
istəmişəm ki, bu da baş redaktorluğum sayəsində
xeyli reallaşıb. Dünyanın bir
çox ölkələrini jurnalist kimi gəzmişəm.
Rəşad müəllim həyatla, taleylə
razılaşmış kimi görünürdü. Haqqında söhbət
düşəndə, “üsyankar yazıları vardı”,
“çox yaxşı jurnalist olub” deyənlər də az deyil. Bəs o
üsyankarlıqdan niyə əsər-əlamət
qalmayıb? Yaşmı öz
sözünü deyir, yoxsa zamanın tələblərimi dəyişir?
- Əlbəttə, deyir, iyirmi yaşında
inqilabçı olmayanın ürəyi yoxdu, qırx
yaşında inqilabçı olanın ağlı. Bu mənada gənclərdə
üsyankarlıq, etiraz, dünyanı dəyişmək
iddialarına təbii baxıram. Amma bu həm
də xarakter məsələsidi. Bəzi
məqamlarda gəncliyimdəki o emosionallıq
özünü büruzə verir. Amma əlbəttə
ki, gənclik illərindəki kimi deyil. Zamanla
görürsən ki, dünyanı dəyişmək
gücündə deyilsən, sən də dünyaya gələn
milyonlarla insanlardan birisən. Sadəcə,
öz həyatını zövqlə yaşamalısan.
Rəşad müəllim, sözarası mənə
iradını da bildirir. Deyir, sənin utancaqlığın jurnalistika
üçün münasib deyil:
- Dəfələrlə
olub ki, müsahibə almağa gələn jurnalistlərin məndən
çəkindiklərini hiss eləmişəm. Sanki qorxurlar.
- Deyəsən,
bir dəfə bunu sizə demişəm. Adamlar
sizin sərt ironiyanızdan çəkinirlər.
- Bir
şey var axı, səbəbsiz yerə heç kim ironiya hədəfi olmur.
- Səbəbli
və ya səbəbsiz, amma kənardan baxan adam
seçdiyiniz hədəfin yerində olmağı heç
istəməz.
Bu yerdə Rəşad müəllim ucadan gülür. Bu gülüşdə bir
qalibiyyət, məmnunluq
hissi də var.
- Zamanla
formalaşır hər şey. Mən uzun
müddət Ağdamda yaşamışam. Oranın camaatında hazırcavablıq, sərt
ironiya var. Ola bilsin, mənə də ordan keçib. Amma bu atmacaların yerində olması, əlbətdə
ki, özümdən böyüklərlə oturub-durmaqdan və
mütaliədən sonra zamanla formalaşıb. Əvvəllər mənim də komplekslərim
vardı, bəzi adamların yanında
danışmırdım, amma sonra onları elə
yaxşı tanıdım ki, kimin nə istədiyini
anladım və cəmiyyətdə özümü suda
balıq kimi hiss etməyə başladım. İddiası özündən, istedadından
böyük olanları vaxtında yerində oturtmağı
bacarıram. Amma işıqlı,
istedadlı adamları irəli çəkmək, onların
özünə inamını artırmaq, güclü
olduqlarını hiss etdirmək kimi xüsusiyyətlərim də
var. Doğrudan da, xarakterimdə təzadlı məqamlar
çoxdu. Evdə də beləyəm, bir anın
içində ovqatım yaxşı da ola
bilər, pis də. Bu da daha çox
düşüncələrim və hisslərimlə
bağlıdı. Çox adam deyir
ki, sənin bu xarakterin karyeran üçün zərərlidir.
Amma bunu dəyişə bilmərəm.
Bulvarın Dəniz Vağzalı tərəfinə gəlirik. Rəşad
müəllim yaxınlıqdakı çay evlərinin birində
oturmağımızı təklif edir. Səhər
aldığı qəzetləri bayaqdan buradaca qoyub
getmişdi. Yaxında əyləşmiş
tanışları ilə salamlaşıb qayıdır.
- İyirmi yeddi yaşında Mətbuat
Yayımının sədri olanda, özümdən yaşca
böyük insanların yazılarım haqqında dedikləri
bəlağətli sözlərin hardan
qaynaqlandığını anlayırdım. Bu təriflərdən
başım gicəllənmirdi. Onu deyim ki,
mənim emosionallığımın da həsədini çəkənlər
var. Hansısa situasiyada çılğın
reaksiyalarımı görən bəzi adamlar elə hesab edir
ki, bu cür davranmağa Rəşada ancaq pul, var-dövlət
əsas verir. Halbuki, belə cəsarətli
davranmağa vadar edəcək qədər pulum yoxdu.
- “Bir də gəlməyəcək”
adlı kitabınızda, səhv etmirəmsə, bütün
şeirləriniz toplanıb. Orda qadına
ünvanlanmış bir xeyli şeir var. Ümumiyyətlə,
kişilərin qadınları ilahiləşdirməsi,
onları oxşamaları, bənzətmələri mənə
həmişə maraqlı olub.
- Mənim
qadınlara münasibətim gənc yaşlarımdan tamam fərqli
olub. Bəxtim gətirib ki, dost olduğum və ya sevdiyim
qadınlar da fərqli insanlar olub. Gözəl
qadınları qiymətləndirmişəm, amma sonra o
gözəlliyin arxasında ağıl, savad, intuisiya,
qadınlıq görməyəndə qadın gözümdən
düşüb. Qadında bütün keyfiyyətlərin
cəmi olmalıdı ki, deyə bilim ki:
Elə
möcüzələr yaratmısan ki,
Elə dəqiqələr
yaşatmısan ki,
Olmayıb
heç onun yüzdə biri də
Nə mənim
dünyamda
Nə bu
dünyada...
... Bilmədim
iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də
gəlməyəcək sənintək Qadın
Nə mənim
dünyama,
Nə bu dünyaya.
Maraqlıdı, nəinki bir qadında, ümumiyyətlə,
bir insanda bütün keyfiyyətlərin olması bir qədər
ağlabatan hesab etməsəm də, Rəşad müəllimi
susaraq dinləməyə üstünlük verirəm. Amma qəfildən
ağlımda bir sual yaranır:
-
Tanıdıqlarımızdan kimi mükəmməl qadın
hesab edirsiniz?
- Mən kim olduğunu bilirəm.Özünüz də
müşahidə edin, görəcəksiniz.
- Mənim
yanaşmamla, sizinki üst-üstə düşməyə
bilər.
-
Qadın kimi, məsələn, siyasətçilərdən
Qənirə Paşayevanın əvvəlki obrazı
maraqlı idi - təmkinli, ağır, hökmlü, cazibədar
xarakterə malik güclü qadın.
- Amma
kişilər ağıllı qadınlardan da qorxur, deyirlər.
- Əlbəttə ki, ağıllı və gözəl
qadın təhlükəlidi, hər hansı özündən
deyən kişini məhv edər.
- Təhlükə
deyəndə nəyi nəzərdə tutursunuz, axı?
- “Qəfil gəlişinlə suç eləmisən, sənsiz
keçən ömrü puç eləmisən”. Bir də
baxırsan ki, yaşadıqların hamısı heç
imiş. Sən demə, başqa cür də
yaşamaq olarmış. Qadının
çoxlu müsbət keyfiyyətləri olmalıdır.
Gözəlliyi,
özünə baxması, saçının
düzümündən, dırnağının səliqəsinə,
geyiminə qədər vəhdət təşkil eləməsi,
özünün siması, təbəssümü,
ağlı, intuisiyası, özünü kişiyə fəda
eləməsi, kişini göyə qaldırması –
bütün bunlar isə zəhmət tələb edir. Azərbaycan qadını tənbəldi. Azərbaycan qadınının ən böyük
arzusudur ki, ərə getsin, dünyaya bir uşaq gətirsin.
Uşaq da olandan sonra ər yaddan
çıxır. Ailə daxilindəki
problemlərin bir çoxunun kökündə Azərbaycan
qadınlarının həm də savadsızlığı
dayanır.
Çayımız soyuyurdu. Baş redaktoru
olduğu qəzetdə çalışan jurnalistlərdən,
mətbuatda çap olunan yazılardan söhbət açsaq
da, bu mövzuların üzərində çox dayanmadıq.
Bayaqdan bəri mənə elə gəlir ki, Rəşad
müəllimin baş redaktor olmaqdan savayı bir istəyi
yoxdu. Məsələn, bu il Milli Məclisə
seçkilər keçiriləcək. Niyə
o, bu seçkiyə qoşulmaq istəməsin?
- Deputat
olmaq kimi təşnə arzum yoxdu. Amma təbii,
istəyərdim ki, maddi sıxıntılarım olmasın.
Şöhrət istəmirəm, səs-küy
istəmirəm. Sakit bir ömür
sürüm, bəsimdi.
- Bəs
iyirmi ildən sonrakı Rəşad Məcidi necə
düşünürsünüz?
- Elə
o Rəşad Məcid də bulvarda gəzir. Gənclərlə
görüşür. Beynindəki bir
romanı yazır. Və yaxud, Azərbaycan
mətbuatının tarixi haqqında bir kitab yaza bilərəm.
- Amma istədiyiniz
bəzi şeylər var, yəqin ki?
- Nəyi
nəzərdə tutursan? De görək.
- Nə
bilim, Rəşad müəllim - deyib beynimi işə
salıram və tapdığım sualı dərhal dilə gətirirəm,
- Vəzifə, filan istəmirsiniz?
- Yox.
İstəmək, ona can atmaq deməkdi. Yəni
olsa da olar, olmasa da.
- Ölkədən
getmək kimi bir fikriniz varmı? Məsələn,
Türkiyə mətbuatından çox yaxşı şərtlərlə
təklif gəlsə, gedərsinizmi?
- Xarici
ölkələri gəzməyi sevirəm. Xüsusən, yad
şəhərləri, küçələrin
yalnız küçə süpürənlərə və
zibil daşıyanlara aid vaxtında -səhərin
alatoranlığında gəzmək çox maraqlıdı.
Başqa ölkədə yaşaya bilmərəm,
çünki sevdiyim insanlarla Azərbaycan dilində təmas
edərək daha rahat yaşayıram. Təbii ki, bu
baxımdan Türkiyə yaşayacağım ölkə ola bilər. Hələlik, belə
bir fikrim yoxdu. Azərbaycan mənə
baş verən bütün prosesləri ilə daha doğma və
maraqlıdı.
Rəşad müəllim üç oğul
atasıdı.
Amma dostlar deyir, onu ata obrazında təsəvvür etmək
çətindi:
- Mən oğlanlarımla daha çox dostam. Aramızda müəyyən mənada sərhəd də var. Hiss edirəm ki, mənimlə qürur duyurlar. İki gəlinim var, onlar da məni çox istəyirlər. Artıq mənim ziddiyyətli xasiyyətimə öyrəşiblər. Bir dəfə çay süfrəsində oturanda böyük gəlinim mənə mürəbbə çəkəndə, dedim üç gilas qoy. Atası da yanımızda idi. Dedi, sən niyə Rəşad müəllimə mürəbbəni az çəkdin? Gəlinim dedi ki, ata, əgər Rəşad müəllim dedisə üç gilas qoyum, deməli, belə də olmalıdı. Biri artıq olsa hirslənəcək. Planlarım pozulanda çox əsəbləşirəm, dediyimi etməyən adamdan əlimi çəkirəm, o adamlara marağım itir. İstəyirəm insanlar dürüst və dəqiq olsunlar. Bu mənada planlı adamam. Bunu da hardansa oxumuşam ki, əslində həyatı planlaşdırmaq vaxta qənaət etmək deməkdi.
Söhbətimiz yekunlaşmaq üzrədi. Axırda xeyli vaxtdı soruşmaq istədiyim sualı verirəm. Bəlkə də onu üç oğul atası olmasını təsəvvür etmək çətindi. Amma onun necə bir qız atası ola biləcəyi təsəvvürü asanlıqla yaranır. Necəliyini demirəm. Özü hər şeyi danışır:
- Bizim evdə həmişə oğlan uşaqları olub. Mirhacib nişanlananda bərk yorğun və əsəbi idim. Evə gəlib, qapının zəngini vurdum. Gözləyirdim ki, indi ya yoldaşım qapıya çıxacaq, ya oğlanlarımdan biri. Amma qapının ağzında gəlinimi görəndə bütün ağırlıq elə bil quş kimi uçub getdi. Evdə qız olanda istər-istəməz danışığını da, geyimini də gözləməlisən.
- Azadlığı nə qədər olardı qızınızın? İçki içərdimi, siqaret çəkərdimi?
- Axı mənim oğlanlarımın heç biri siqaret çəkmir. Amma yəqin ki, qoymazdım, mane olardım. Düşünürəm ki, qız uşağının savadı, dünyagörüşü olmalıdı.
Qızı olmasa da, ilk nəvəsi qız
oldu. İndi o baba statusundadı. Nəvəsi Mehin isə onun
kitabının üz qabığındakı şəklini
görəndə sevinib. Fotoaparatın obyektivinə də elə
onda tuş gəlib. Babasının kitabdakı şəklinə
sevinən nəvə! Və bundan qanadlanan baba!
525-ci qəzet.- 2015.- 22 avqust.- S.10-11