Ruhu Qarabağda, cismi Amasyada
MİR HƏMZƏ SEYİD NİGARİ QARABAĞİNİN ANADAN OLMASININ 210, VƏFATININ 130 İLLİYİNƏ
Mir Həmzə
Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan,
şeirləri iki əsrə yaxındır sevilərək oxunub əzbər
söylənilən təkkə-təsəvvüf ədəbiyyatının
görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin
nüfuzlu şeyxi, kamil mürşiddir.
O,
Qarabağ xanlığının Zəngəzur
mahalının Cicimli kəndində (indiki Laçın
rayonu) dünyaya gəlib. Şeyxin doğum və vəfatı
tarixi barədə bəzi fərqli rəqəmlər göstərilsə
də, “Türk
Ensiklopedisi”, az.wikipedia.org,
tarihvebilgi, ayb.net və digər mənbələr,
çoxlu tədqiqatçılar onun 1805-ci ildə
doğulduğunu, Qarapapaq türklərindən olduğunu,
1885-ci il sentyabrın 29-da vəfat etdiyini təsdiq edir.
Özü də Cicimlidə doğulduğunu yazıb:
Ze
gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
Türkiyənin
populyar qəzetlərindən olan “Bu gün”ün 21 iyul
2013-cü il tarixli geniş redaksiya məqaləsində
“Ulusalcıların babası peygamber soyundan”
başlıqlı yazıdan: “Geçen hafta hayatını
kaybeden ulusalcıların ünlü ismi Prof. Dr. Alpaslan
Işıklı'nın peygamber soyundan geldiği ortaya
çıktı. Işıklı'nın
dedesi ise mutasavvıf Mir Hamza Nigari'ydi. Seyyid Mir
Hamza Nigari, Karabağ'a bağlı Perküşad'da (Bərgüşad-H.N)
1805 yılında dünyaya geldi. Nigari
Seyyid Emir Paşa ve Hayrünnisa Hanım'ın oğluydu.
Büyükbabası Seyyid Rıza ve dedeleri
devrin bilinen alimlerindendi. Ailenin tarihte bilinen
ilk ismi Şeyh Seyyid Muhammed Şemseddin, Medine-i Münevvere'den
Karabağ'a hicret etmiş ve Çiçimli köyüne
yerleşmişti”. Çoxlu digər mənbələr
də Mir Həmzə Nigarinin Peyğəmbər soyundan
olduğunu qeyd edib.
Ədəbiyyatşünaslıq
elmimizin banisi Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı”
kitabında (II cild, “Elm” nəşriyyatı, 1981-ci il, səh
142-149) Seyid Nigarinin çox sayda şeirlərini təqdim və
təhlil edib öz fikirlərinə belə yekun vurur: “Bu gözəl şeirlər Mirhəmzə
əfəndinin alitəb və hürriyətpərəst
olmağına şəhadətedici xoşməzmun bir əsərdir”.
Görkəmli ədəbiyyatşünas onu zəmanəsinin
ən məşhur, nüfuz dairəsi geniş insanlarından
biri kimi dəyərləndirib, öz müasirlərinin yaradıcılığına
təsirindən də faktlarla çoxlu nümunələr gətirib.
Seyid Nigarinin divanı Tiflisdə (1908) və İstanbulda
(1883) dərc edilib. Farsca divanı da yenə İstanbulda
1911-ci ildə nəşr olunub. 2010-cu ildə
Bakıda “Elm və Təhsil” nəşriyyatında 825 səhifəlik
divanı nəfis tərtibatda nəşr ediləndən,
haqqında televiziya verilişləri, yazılar gedəndən
sonra daha yaxından tanınıb.
Mir Həmzə Nigarinin Muhyiddin Arabinin “Fütuhatı-məkkiyyə”
əsərinə yazdığı Təvzihat, türkcə və
farsca divanı, ayrıca “Nigarnamə” və “Saqinamə”
adlı əsərləri vardır. Nigarinin yeganə
portretini türk rəssamı Mustafa Saçlı 1933-cü
ildə onu şəxsən görüb tanıyanların ifadələrinə
əsaslanaraq çəkib.
Mürşidi
Şeyx İsmayıl Şirvani onun haqqında belə söyləmişdir:
“Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur.
Onun mürşidi eşqdir”. Türk ədəbiyyat
tarixçisi İskəndər Pala Nigarinin divanının
Türkiyədəki nəşrinin ön sözündə
yazır: “Mir Həmzə Nigari adlı lüğətdə
bir söz olsaydı, qarşısında mütləq
“eşq” yazılardı. Ömrünü bir tək
eşqə, bir Tək eşqinə sərf etmiş bu
könül dərinliyi olan şeyx heç şübhə
yoxdur ki, XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının
da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi
Anadolu və Şimali Azərbaycanda hələ də analar
övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər”.
Onun
bütün ömrü və yaradıcılığının 3 əsas xəttinin biri
dünyəvi eşqidir - sevib qovuşmadığı Nigara
qarşı bitib tükənməyən sevgisidir. Hələ
gənc yaşında olanda məna aləmində görüb
aşıq olduğu, ancaq qovuşmadığı Qarabağ bəylərinin nəslinə
mənsub və özü kimi eşq əhli Nigar adlı bir
qıza görə şeirlərində Nigari təxəllüsünü
seçdi. 10 il sonra Nigarı
gördüyündə Nigar Mirhəmzəyə:-Məni
gördüyün yuxu yadındamı?-sualını verir və
cavab gözləmədən baxışları göz-gözə
dayananda hər ikisi huşunu itirir.
Alıbdır
canımı qəmzə,
düşübdür könlümə lərzə,
Hər
bir aşiq Seyid Həmzə,
hər
bir dilbər Nigar olmaz.
Seyid
Nigari sufi, təsəvvüf şairidir. Bu
gün də keçmişdə olduğu kimi, Qafqazda,
Anadoluda səma məclislərində mövləvi və nəqşibəndilərin
ayinlərində, zikrlərində Mövlana Cəlaləddin
Rumidən sonra ən çox
Seyid Nigarinin insanlara İlahi sevgisi bəxş edən
şeirləri oxunur, ifa edilir, rituallarda səslənir.
Sovet-KQB rejiminin meydan suladığı illərdə
sevilən yazıçımız İsmayıl
Şıxlının “Dəli Kür”də Nigarini, nəqşbəndiliyi
yaddaşlara gətirməsini minnətdarlıqla xatırlamaq
lazımdır. Bu gün də Qafqaz və Anadolunun bir
çox guşələrində nəqşibəndi təriqətinə
mənsub çox sayda dindar insanlar vardır, onlar Allaha
qovuşmağın musiqili ritmik zikr yolunu seçiblər, o
yola sadiqdirlər.
Şeyxin
dini görüşünün əsasında Allaha, Həzrəti-Peyğəmbərə
(s.ə.s) və onun
əhli-beytinə sonsuz məhəbbət durur. Əksər şeirlərində də könül
verdiyi bu ulu məhəbbəti vəsf edib.
Nəsli-Məhəmmədi
sevmək, istəmək
Haqqın bizə başqa kəramətidir.
Özünün
nəqşibəndi olduğunu da fəxarətlə
vurğulayır:
Əlmədəd,
üftadəyəm, ya dəstgir,
Ya Məhəmməd,
ya Əli, ya Nəqşibənd!
Göründüyü kimi Həzrəti Məhəmmədi
(s.ə.s), Həzrəti Əli ilə birlikdə bu təriqətin
yaradıcısı Bəhaəddin Nəqşibəndini də
piri saydığını söyləyir.
Çoxlu şeirində Kərbəla, İmam
Hüseynin şəhadətini vəsf edir, pisliklərin,
şərin simvolu Yezidi lənətləyir.
Kərbəla
atəşi, ey vah, cigərgahimdən
Baş
verib, dil yağılar,
sinə
yanar, can ağlar.
Tək Azərbaycanda
deyil, bütün islam aləmində bu
gün ən qorxulu meyl digər təriqətlərə
qarşı barışmaz düşmənçilikdir,
qütbləşmədir, islamın siyasilər əlində
vasitəyə çevrilməsidir.
Şeyx Mirhəmzə Nigarinin dini görüşlərinin
müqəddəs islam dinimizin birləşdirici
mahiyyətinə, birliyə, bütünləşməyə,
qardaşlaşmağa, güclənməyə vəsilə
olduğu aşkardır.
Sədi,
Hafiz, xüsusilə Füzulinin, Nəbatinin poetik
dünyasına dərindən bələd olan Nigari onlardan təsirlənib,
əruz vəznində bitkin qəzəllər, divan
yaratdığı kimi, heca vəznində, xalq şeiri
üslubunda da şeirlər yazıb, az zaman içərisində
geniş şöhrət qazanıb, şeirləri dillər əzbəri
olub, çoxlu şairlər ondan ilham alıb özlərinə
ustad sayıb, şeirlərinə nəzirələr
yazıblar.
Nigarinin əsas
davamçıları bunlardır: oğlu Siraci, Şahnigar
Xanım Rəncur, Kadı Mahmud Əfəndi, Hacı Məcdi
Əfəndi, Hacı Rəhim Ağa Dilbazov Vahidi, Qazi Osman
Əfəndi, Hacı Zəkəriyə Əfəndi, Hacı
Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı
Mustafa Əfəndi, Sadi Sani Karabaği, Mir Sədi Ağa və
başqaları. Bunların bəziləri
haqqında Firidun bəy Köçərli də ətraflı
bəhs edib.
Mir Həmzə Nigari öz doğma vətəni
Qarabağa çox böyük məhəbbət bəsləyib,
qürbətdə Qarabağa olan həsrətini şeirlərində
dilə gətirib. Bu, Şeyxin
yaradıcılığında 3-cü əsas xəttdir.
Nigari Qarabağın ruslar tərəfindən
işğalından sonra yazdığı şeirində bu
faciəli hadisənin sinəsinə saplanan xəncər kimi
onu iztiraba qərq etdiyini ifadə edir. Bununla birlikdə,
sanki o, 100 il sonra Qarabağın rus-ermənilər tərəfindən
işğal olunub talan ediləcəyini fəhm ilə hiss edib
kimi bu günkü qarabağlıların
ağrı-acılarını da heyrətamiz duyğu,
hissiyyatla duyub və çox sayda müxtəlif şeirlərində
nəzmə çevirib:
Eşqin
kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Sinəmə
çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər,
odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ
torpağını.
Şeyx
şeirlərində uşaqlıq, gənclik illərinin
keçdiyi Bərgüşad-Bərşad, Həkəri
çaylarını, dağlarını xatırlayır və
həm də agahmış kimi, 23 ildir ki, həsrət
qaldığımız, səsimiz, ünümüz yetməyən,
babalarımızın bizdən incik ruhları dolaşan Zəngəzur,
Qarabağ ellərimizi ağrı-acı ilə yaşadır
bizə:
Canıma
çəkmiş fələk
Bərgüşadın
dağını,
Sönməz atəşi, ursan Həkəri
irmağını.
Ol dairədə
Həkəri, Bərşad,
Eşqin yeridir, buyurdu ustad.
Mir Həmzə
zəkası, şeirləri heyrətamiz dəqiqliklə
bugünkü Qarabağ dərdli, ünvanlı gerçəkliyimizə ayna
tutur. Ulu şeyximiz İlahidən gələn vəhylə, fəhmlə
100 il sonra başımıza gələn, gətirilən qəza-qədəri
görüb, qara yellərin doğulub boya-başa
çatdığı, ayaq açıb ilk yeridiyi,
könül verib ilk sevdiyi yerlərdən uzaq olmasını
diləyib.
Bir
qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Nigari ilk dini təhsilini Şəkidə tamamlayıb
doğulduğu Cicimli kəndinə qayıdıb bir müddət
müəllimlik edib, ətrafındakı aqillərdən
çoxlu suallarına cavab ala bilməyib, yuxusunda onu yanına
çağıran Kürdəmirli şeyx İsmayıl
Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib. Mir Həmzə əfəndinin
mürşidi İsmayıl əfəndi haqqında yazıb:
“Hər nəfəsi Məsih nəfəsinə bənzər,
hər nəzəri nəziri-kimya”. Onların ilk
görüşü haqqında da mənbələrdə
şahid xatirələri qalır...Röyasında
gördüyü Mir Həmzənin dərgahına
yaxınlaşdığını duyur, ətrafındakılarla
birlikdə onu qarşılamağa çıxır,
göz-gözə gəldiklərində hər ikisinin nitqi
tutulur, lal sükut içərisində baxışları
xeyli bir-birinə bənd olur. Burada təsəvvüf
tərbiyəsini tamamlayıb kamil mürşid məqamına
yetişir. 1834-cü ildə həcc ziyarətindən
dönən Şeyx nəqşibəndiliyi yaymaq, həm də
Rusiyaya qarşı xalqı ayağa qaldırmaq məqsədi
ilə Qarabağa
geri qayıdır. Seyidlər məskəni Cicimlidə müəllimlik
edir, Araz çayı kənarındakı Mollaməhərrəmli
kəndindən Allahverdi əfəndinin qızı Əminə
xanımla evlənir, bir il sonra oğlu
Siracəddin dünyaya gəlir. Nigarinin divanında
adını çəkdiyi Fəxrəddin Ağabali həzrətləri
“Hümayi-Ərş” adlı əsərində onun Cicimli kəndinə
qayıtması və buradan Mirlər kəndinə (
Qubadlı rayonu) köçməsindən ətraflı bəhs
edib.
O,
Qarabağ, Şəki xanları ilə gizli əlaqələr
qurur, Şuşada Xasay xanla, digər yetkililərlə dəfələrlə
görüşür.
Ünsiyyətdə olduğu nüfuzlu, imkanlı şəxslərə
xristian bir məmləkətin -Rusiyanın itaətində
olmağın hər iki dünyada böyük günah
olmasını anladır, xeyli tərəfdar toplayır. XIX əsrin ortalarında
Qafqazda rus istilasına qarşı meydana gələn
Cihadın ilk ideya müəlliflərindən biri Şeyx Mir Həmzə
idisə, XX əsrin 20-ci illərində bolşevik-daşnak
işğalına qarşı
bu missiyanı onun sadiq müridləri davam etdirib, “Cihad Bəyannaməsi”nin
carçıları Zəngəzurun sonuncu qazısı Bəhlul
Behcət, bacısı oğlu Mir Sədi Ağa və
Hacı Fətəli Əfəndi olub.
Onların hər üçü sonralar bolşeviklər
tərəfindən həbs və sürgün edilib.
Şuşadakı
Xan sarayına yerləşmiş rus xəfiyyələri onun
Mir Həmzənin Şəki xanına məktubunu ələ
keçirir, bir neçə əqidə yoldaşı tutulsa
da, Mir Həmzə müridlərinin köməyi ilə
Arazı keçib özünü Təbrizə yetirir, rus,
fars xəfiyyələri onu burada həbs edir, ancaq Osmanlı səltənətinə
gizli bağı olan Təbriz valisinin yardımı sayəsində
qaçırılıb Osmanlı dövlətinə -
Ərzuruma keçirilir. Bir müddət sonra
xanımı və oğlunu da yanına gətirdir. Dəvət
aldığı İstanbul sarayında ona hər cür maddi
təminatlı vəzifələr təklif edilsə də,
imtina edib yenidən Ərzuruma gəlir,
1867-ci ilə qədər Ərzurumda yaşayır, həcc
ziyarətində olur, Şam, Qüdsü gəzir, haqq dərgahına
üz tutmaqda olan Şeyxi İsmayıl Şirvaninin vəsiyyəti
ilə onun yerini tutmaq üçün Amasyaya gəlir, təfsir
və hədis dərsləri deyir, təsəvvüfi fəaliyyəti
ilə də məşğul olur. Onun artan nüfuzu, nəqşibəndi
təriqətinin sürətlə yayılması həm
hakimiyyət dairələrini, həm də yaxın ətrafdakı
digər məzhəb mənsublarını rahatsız edir,
sultan sarayına çoxlu şikayətlər göndərilir,
təzyiqlərin nədəni olaraq Mir Həmzə bir qisim
müridi ilə birlikdə əvvəlcə Samsuna, sonra da
Harputa sürgün edilir.
Mir Həmzə
Nigari həzrətləri 1885-ci il
sentyabrın 29-da vəfat etmiş, cənazəsi vəsiyyətinə
uyğun olaraq Harputdan Amasyaya aparılmışdır. 7
gün sürən yolçuluqdan sonra Amasyaya gəlib çatan cəsədi
məzara qoyulmaq üçün təkrar yuyulduğunda
cisminin, üz-gözünün nurunun heç
pozulmadığı məmurları da, müridlərini də
heyrətə gətirir, hətta, şübhələr
üzərinə onun mumiyalanmış olmasına dair
şübhələrin də əsassızlığı
aşkar olur.
Həmzə əfəndinin müridi, Qazaxlı Hacı
Mahmud əfəndinin səyi ilə Qarabağ, Qazax və
Borçalıdakı müridlərdən toplanan ianə ilə
türbəsi, türbənin yanında da bir məscid inşa
edilib. Bu məscid Amasyada indi də Azerilər, yaxud
“Şirvanlı camisi” adı ilə tanınır. 1934 və 44-cü illər də daxil, dəfələrlə
baş vermiş zəlzələlər bu şəhərdəki
bütün tikililəri, o cümlədən, məscidləri
uçursa da, “Şirvanlı camisi”nə xətər
toxunmayıb. Şeyxin adına, ocağına
bağlı Nərminə xanımın vəsaiti hesabına məscid
yenidən bərpa olunaraq özünün tərtəmiz,
ruhu, gözü oxşayan görkəmini saxlamaqdadır. Amasyada hər kəs bu xanımın səxavətindən,
Şeyx ocağına sevgisindən ürəkdolusu
danışır. Beləliklə də,
Amasyada Qarabağ, Zəngəzur, Şəki, Şirvan, Qazax,
Borçalı mahallarından taleyin hökmü ilə üz
tutub pənah gətirən babalarımızın
tapındığı iki şeyximizin cismi uyuyur. Onların
məzarları və adlarına ucaldılan məscid məqbərə
ilbəil daha çox ziyarətçini özünə
çəkməkdədir.
Bir məqamı da qeyd edək ki, Şeyx Mir Həmzə
Nigari oğluna ustadı Mövlana İsmayıl Siracəddin
Şirvaninin ismini qoymuşdu. 1851-52-ci ildə Ərzurumda
yaşayarkən adam göndərib bu
ana-balanı Qarabağdan bura yanına gətirtmişdi. Lakin taleyin acı qisməti ilə Siracəddin xəstələnib
ölür, bu ağrı Şeyxi ömrünün sonuna qədər
tərk etmir, ağır üzüntü ilə yada salır.
Təəssüflər olsun ki, cəmi 20 il ömür
sürmüş, şeirləri ilə Seyid Əzim
Şirvani, Sədi Sani Qarabağinin də diqqətini cəlb
etmiş Siraci haqqında demək
olar ki, müasir Azərbaycan oxucusunun məlumatı yoxdur. Hətta, Seyid Nigari haqqında son illər
çıxan kitablarda, yazılan məqalələrdə də
onun həyatdan vaxtsız getmiş bu istəkli
övladının yaradıcılığı barədə
məlumat verilməyib.
Halbuki Osmanlı dövründə də, Türkiyədə
də çıxan bir çox külliyyatlarda onun şeirləri
toplanıb, haqqında bilgilər verilib, ancaq əslən azəri
türkü, Seyid Nigari cisminin parçası-övladı,
yadigarı olması qeyd edilməyib.
İstanbul
Universitetinin professoru, ədəbiyyatımızın gözəl
bilicisi və yorulmaz tədqiqatçı, təbliğatçısı
olmuş Əhməd Cəfəroğlu yazırdı ki, ona
Amasyada yaşamış Hacı Mahmud Əfəndizadə tərəfindən
bağışlanan Sədi Qarabaği divanının sonunda
Seyid Nigari, İbrahim Veysi bəylə
birlikdə Siraci şeirlərinin də 8 səhifəlik əlyazmaları
da var idi, həm də bu tanıtma ilə: “Seyid Nigari oğlu
olan Mövlanazadə Siracəddin
əfəndi həzrətləri Qarabağlıdır”. Amasya tarixinin tədqiqatçısı Hüsaməddin
bəyə görə Siracəddin 1858-ci ildə Qarabağda
dünyaya gəlib 1877-ci ildə vəfat edib. Şeirlərindən görünür ki,
güclü təbi varmış, dilin və şeirin
qayda-qanunlarını gözəl bilirmiş.
Dostu Sədi Siracinin 13 qəzəlini, 2 müxəmməsini
və 1 natamam tərkibbəndini öz divanının sonuna
köçürməklə nə qədər böyük
xeyirxahlıq etmiş olduğunu heç düşünməzdi. Əgər Sədi Qarabağinin
bu zəhmətinin bəhrəsi olmasaydı, heç həmin
şeirlər də gəlib günümüzə
çatmazdı.
Ə.Cəfəroğlu
həmin şeirləri 1932-ci ildə İstanbulda latın əlifbasıyla kiçik bir
kitabçada nəşr etdirib.
Kitabçanın
titul vərəqində isə yazıb: “Azəri ədəbiyyatının
materiallarını ilk dəfə toplayan mərhum Firidun
Köçərlinin əziz ruhuna ithaf edirəm”. Siracinin şeirləri dövrünün bir çox
şairlərindən fərqli olaraq sadəliyi, rəvanlığı
ilə seçilir, ərəb-fars sözləri ilə
yüklənməyib, Qarabağda gen-bol işlənən
söz, ifadələrlə zəngindir, həm də bu
şeirlərdə gənc yaşdakı Siracinin poetik təfəkkür
sahibi olduğu görünür.
Ziyaəddin
Fəxri bəy də “Ərzurum şairləri” adlı
kitabına (İstanbul, 1927) Siracinin şeirlərini daxil edib,
ancaq bu zaman səhvən “Ərzurumlu şair Osman Siracəddin”
adıyla verib.
İnanırıq
ki, Siracəddin Mir Həmzə Seyid Nigari oğlunun şeirləri
də toplu halında Azərbaycanda nəşr ediləcək.
...Özülü 2 əsr əvvəl Qarabağ-Zəngəzur-Şirvan-Qazaxdan Amasyaya açılan könül körpüsü son illər daha da möhkəmlənir, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə günbəgün genişlənməkdə olan əlaqələrdən “şahzadələr şəhəri” Amasyaya da bir qol ayrılır, get-gəllər yaranır. İndi bu şəhərdə Azərbaycan-Türkiyə qardaşlığı dərnəyi, muzeyi fəaliyyət göstərir. Ötən ilin yayında Mir Həmzə soyundan olan xeyirxah insanların maddi, mənəvi dəstəyi ilə Amasyada keçirilən bir görüşdə 3500 nəfər “azeri kökenli” insan iştirak etmişdi. Birgə konfranslar, simpoziumlar ulu şeyxin ədəbi, mənəvi irsinin öyrənilməsi, təbliği ilə yanaşı, həm də Qafqaz və Anadolu türklərinin daha da yaxınlaşmasına, bir-birinə qovuşmasına yardımçı olur. Amasyadan Qazax, Şamaxı, Ağsuya bu torpaqlardan çıxanların nəticələri avtobuslarla ziyarətə gəlirlər.
Ötən ilin iyununda bir neçə gün Amasyada qalarkən XIX əsrin 2-ci yarısından etibarən Qafqazdan buraya köçən insanların övladları ilə görüşüb həmsöhbət oldum. Azərbaycan, Qarabağ adının Amasyada nə qədər içdən gələn sevgi ilə, məhəbbətlə çəkildiyinin şahidi oldum. Onların sözlərinə görə hər 3 amasyalıdan birinin kökü Qafqazlara gedib çatır. Şəhər ətrafında çox sayda kəndlər var ki yalnız azərilər tərəfindən salınıb, Osmanlı dövləti Qafqazdan gələnlər üçün onların həm də ruslara qarşı savaşdığını da nəzərə alaraq münbit torpaqlarda el-oba, kənd salmağa izin verib, hər cür şərait yaradıb.
Kürdəmirli Mövlanə İsmayıl Siracəddin Şirvani (1782-1848) və Şeyx Mir Həmzə Seyid Nigari Qarabaği adının nuru ilə Amasyaya üz tutan yüzlərlə ailədən çıxan yetkin insanlardan biri Şirvanzade Mehmet Rüştü Paşa sultan Əbdüləziz dönəmində Osmanlı dövlətinin sədrəzəmi, 3 dəfə maliyyə nəzarəti naziri olub. Amasyadan Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş azəri əsilli 6 nəfərin adı bəllidir. Dövlət idarələrində çalışanların sayı daha çoxdur. Amasyanın iki dönəm bələdiyyə başqanı Zəngəzurun Laçın bölgəsindən gələn Qafqaz türklərindən olub. Düzdür, şəhərin genişlənməsi, yeni yaşayış massivlərinin salınması ilə Qarabağ, əsas da Zəngəzurdan gələnlərin sıx məskunlaşdığı məhəllələr sökülsə də, ancaq hələ də “laçınlılar” ifadəsi dillərdə, yaddaşlarda qalıb.
Şeyx Mir Həmzə Seyid Nigari Qarabağinin ömrü və yaradıcılığı bundan sonra da insanları irfana, əxlaqi-mənəvi kamilliyə sövq edəcək.
Hacı
NƏRİMANOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor
müdiri, “Zəngəzur” İctimai Birliyinin sədri
525-ci qəzet.- 2015.- 22 avqust.-
S.21,22.