Hər günü mənalı
və dəyərli olan arxeoloq-tarixçi
ömrü
“Yaddaşı
boydadır insan,
Tarixi boydadır
ölkə”.
Rəhman
Babaxanlı
İnsan
bir ömürdə öz üzərinə nə qədər ağır yük götürə bilər!?
Qasım müəllim
ən ağırını
götürüb: tariximizi,
arxeologiyamızı, etnoqrafiyamızı,
bütövlükdə mədəniyyət
tariximizi, zəngin tarixi mənəvi dünyamızı dərindən
öyrənməyi, yorulmadan
təbliğ etməyi.
Bu sahələrin cəm şəkildə yaxşı bilicisidir.
O, bir-iki ilin, onilliyin, beşilliyin, zavod-fabrikin, dövlətçilik
tariximizdə hansısa
bir qısa konkret dövrün tarixçisi deyil, Azərbaycanın minilliklərlə
tarixini, özü də incəliklərinə
qədər, bilən
və bu tarixi dünya miqyasında təqdim edən alimdir. Azərbaycan tarixinin bütün dövrləri haqqında sanballı elmi fikir söyləməyə
qadir olan bu ziyalımızın bilik və çalışmalarının
kökündə isə
ölkəmizə, dövlətimizə,
türk dünyamıza
böyük sevgisi dayanır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutunun “Qarabağ
tarixi” şöbəsinin
müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin tarixçi kimi fəaliyyəti arxeologiyadan
başlanır. O, peşəkar
arxeoloq-tarixçidir. Qasım Hacıyevin
elmi fikir və mülahizələri
arxeoloq-tarixçi olduğuna
görə daha kəsərlidir.
O, şəhər tarixinin öyrənilməsi üzrə
ixtisaslaşıb. Şəhər tarixi üzrə gözəl tədqiqatçıdır.
Şabran, Şamaxı, Şəmkir,
Gədəbəy, Gəncə
və digər şəhərlərimizin tarixi
haqqında əsərlər
yazıb, ən müxtəlif dövrlər
üzrə müvafiq
tarixi paralellər göstərib.
İlk dəfə Şabran şəhərinin sənətkarlıq
tarixinə dair tədqiqat aparıb, namizədlik dissertasiyası
müdafiə edib, sonra Bərdə şəhərinin b.e.ə.
IV əsrdən - b.e. XIX əsrinədək
(2300 illik!) coğrafi-siyasi, iqtisadi, ictimai və mədəni tarixini tədqiq edib, dissertasiya müdafiə edərək elmlər doktoru alimlik dərəcəsinə layiq
görülüb.
Qasım Hacıyev Qarabağın ən qədim dövrdən son dövrlərədək
olan maddi və mənəvi mədəniyyət tarixini
də dərindən tədqiq edib. Qarabağ tarixini
ümumi təhsilimizə
də Qasım müəllimin gətirdiyini
desəm, güman edirəm, yanılmaram.
Qarabağın tarixini saxtalaşdıran,
mədəniyyət ənənəsini
özününküləşdirməklə
milli mədəniyyət
abidələrimizə sahib çıxmağa çalışan
bədxah qonşuların
(xüsusilə ermənilərin)
böhtanlar uydurduğu,
cəfəng tarix yaratdığı bir zamanda ölkəmizin bu dilbər guşəsinin qədim və zəngin mədəniyyətinin hərtərəfli
öyrənilməsi, eyni
zamanda Azərbaycanın
qədim tarixə və böyük ənənəyə malik
Qarabağ regionunun maddi mədəni irsini dünya ictimaiyyətinə obyektiv
şəkildə çatdırılması
onun yaradıcılığında
əsas yer tutur.
Rəhbərlik etdiyi “Qarabağ tarixi” şöbəsinin başlıca tədqiqat istiqamətini də XIX əsr-XXI əsrin əvvəlində Azərbaycan
Respublikasının Qarabağ
regionunun siyasi, sosial-iqtisadi, mədəniyyət
tarixi təşkil edir. Bu tədqiqatlarda XIX əsrin
I yarısında Rusiya
imperiyası tərəfindən
ermənilərin Şimali
Azərbaycanın Qarabağ
regionu ərazilərinə
köçürülməsi və bu siyasətin
Azərbaycan xalqı üçün törətdiyi
fəlakətlərin nəticələri,
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişənin
yaranması, mahiyyəti,
Azərbaycan hökumətinin
Dağlıq Qarabağ
münaqişəsinin həlli
və Azərbaycanın
işğal edilmiş
ərazilərinin azad
edilməsi istiqamətində
yürütdüyü xarici
siyasət və digər məsələlər
ön planda dayanır.
Qasım
Hacıyevin tədqiqatlarında
dünya şöhrətli
siyasi xadim, Azərbaycanın dövlətçilik
tarixində xüsusi yeri olan Heydər
Əliyevin Azərbaycan
dövlətinə rəhbərliyi
dövründə ölkəmizə
qarşı yönəlmiş
əsassız ərazi
iddialarının, erməni
separatizminin qarşısının
alınmasının, Qarabağ
müharibəsinin dayandırılmasının,
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
apardığı məqsədyönlü
siyasətinin əks etdirilməsi mühüm yer tutur.
Qasım Hacıyev 7 monoqrafiya, 100-dən
artıq elmi məqalənin müəllifidir. Bakı,
Dərbənd, Tbilisi, Moskva,
Sankt-Peterburq, Novosibirsk, Kemerovo, Saxalin, Ankara, Van, Ərzurum,
Tehran, Təbriz, Hələb,
Girasun və s. şəhərlərdə keçirilən
elmi konfranslarda çıxışlar etmiş,
arxeoloji qazıntıların
iştirakçısı olub.
Qasım
Hacıyevin elmi fəaliyyəti haqqında
oxucularda müəyyən
qədər dolğun
təsəvvür yaratmaq
və haqqında dediyim sözlərdə əsassız görünməmək
üçün onun əsərlərindən daha
bir neçəsini qeyd etmək istərdim: “Qarabağın
maddi və mənəvi mədəniyyəti”
(Azərbaycan, ingilis, fransız dillərində);
“Vladimir Kazimirovun “Qarabağa
sülh” arzusu və əsl niyyəti”; “Qarabağlı
hərbçilər (Çar
və AXC ordusunun zabitləri)”; “Erməniliyin
növbəti absurd teatrı
tamaşası və tarixi həqiqətlər.
Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı
mövsümü” əsərini
oxuyarkən”; “İrevanskiy
“akademiçeskiy” ... tap sezona
Qorisskoqo teatra absurda S.Sarkisəna”; “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”...
Qasım Hacıyev Azərbaycan tarixinin bütün dövrləri üzrə
tutarlı fikir söyləməyə qabil
alimimizdir. Onun yaddaşı ölkəmiz
və tariximiz boydadır.
Mən Qasım
müəllimin qələmindən
çıxan bütün
yazıları həvəslə
oxumuşam. Həmişə də qürur
duymuşam. Tariximizlə də, alimimizlə də. Tariximizə də, alimimizə də eşq olsun!
Sədi NURİYEV
Filologiya elmləri doktoru,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
525-ci qəzet.- 2015.- 22 avqust.- S.19.