Fikrət Qoca yaradıcılığı yeni mədəni epoxanın aydın təzahürü kimi

 

ŞAİRİN İNSAN, ALLAH, AZADLIQ VƏ POEZİYA HAQQINDA DÜŞÜNCƏLƏRİNƏ BİR NƏZƏR

 

 

60-cı illərin bədii mənzərəsini, xüsusən, həmin dövrdəki fərdi üslub və poetik üsulların qarşılıqlı əlaqəsini və bir-birinə təsirini bugün də tam mənada təsəvvür etmək çətindir.

 

Gənc şairlərin yaradıcılığında varislik və novatorluq dərəcəsini, poetik təmayül və tendensiyaların bir-biri ilə necə və hansı müstəvidə uzlaşmasını aydınlaşdırmaq da asan deyil. Yeni poetik epoxanın ən parlaq və məşhur imzaları arasında müştərək və fərqli cəhətlər xeyli idi.

 

İnsanın taleyi, həyatın və dünyanın keçmişi, mənbəyi və mənşəyi haqqında düşüncələr altmışıncıların, o cümlədən, Fikrət Qocanın erkən lirikasında mühüm yer tutur. Gənc müəllifin Adəm və Həvva haqqındakı şeiri məhz bu nöqteyi-nəzərdən son dərəcə diqqətəlayiqdir. Bu şeirdə də gənc şairin mövcud cəmiyyət tərəfindən qəbul olunmuş anlayışlar və həqiqətlər haqqındakı dekonstruktiv qiymətləndirmələri davam etdirilib. Şeir belə başlayır: “Deyirlər dünyada bir Adəm olub, bir də Həvva. Demək, hamı bacı-qardaşdı?”. Qeyd etmək lazımdır ki, bu şeirin yazıldığı vaxtlarda insanlığın mənşəyi barəsində tamamilə başqa fikirlər mövcud idi. Elmi və ictimai fikirdə Darvinin məşhur təkamül nəzəriyyəsi hökmran idi; bugünkü insanların insanabənzər meymunlardan törədiyi iddia olunurdu. Şair ilk misralarıyla bu əcaib həqiqəti inkar edir. Şeirdəki poetik fikrin inkişafı bununla dayanmır. Zatən, şeirdə məqsəd daha mühüm və güclü həqiqəti ifadə etməkdir. İnsanlığın bir-birinə qənim kəsilməsi, əzəli-əbədi düşmənçiliyinin səbəbləri, kökü gənc şairi dərindən düşündürür. Nəyə görə “bacı-qardaşlar” bir-birinə bu dərəcədə amansızdır: “üç milyard bacı-qardaşın hələ də yarısı gözü yaşlı. Mehriban dolanır bacı-qardaşlar kəsə-kəsə, asa-asa”. Şeirdəki poetik fikirlərin genişliyi və əzəməti oxucunun qəlbinə, düşüncəsinə sirayət edir. Görəsən, doğmalar necə yadlaşıblar? Bu gedişlə dünyanın gələcəyi necə olacaq? Şeirin sonluğunda məhz bu təəssüf və ümidsizlik əks edib: “Adəm-Həvva nağılı əladır, Habil-Qabil əhvalatı olmasa”.

 

Gənc F.Qocanın estetik axtarışlarının və yeniliklərinin zirvəsini təşkil edən poetik nümunələrdən biri onun ömrünün və yaradıcılığının erkən çağlarında qələmə aldığı “Salam, Allah” şeiridir. Əlbəttə, bugün Allah barəsində tam sərbəst şəkildə düşünmək və yazmaq imkanına malik olan müasirlərimiz aşağıdakı misraları oxuyarkən təəccüblənməməlidir. Zira, “Salam, Allah” şeiri Allahsız və ateist cəmiyyətin hegemonluğu dövründə qələmə alınıb. Biz çox vaxt keçmişə bugündən çıxış edərək yanaşır və qiymət veririk. Əsrlərin sınağından çıxmış böyük həqiqəti unuduruq ki, hər bir hadisəyə və ya sənət əsərinə onunözündən əvvəlki dövrlərə nəzərən nə dərəcədə yeni olub-olmamasından çıxış edərək qiymət vermək lazımdır. “Salam, Allah” şeirini də məhz bu kontekstdə - 30-50-ci illərin Allah haqqında səssizcə düşünməkdən belə xoflanan çoxsaylı lirik qəhrəmanlarının siyasiləşmiş mənəviyyatı fonunda dəyərləndirmək zəruridir. Və şeirdə Sabiranə poetik təhkiyənin xarakteri də diqqəti cəlb edir:

 

Eheyy... salam, Allah!

Açıram pəncərəmi.

Gecə yarıdır, boşdur otaq.

Bəri bax,

gəl, söhbət eyləyək,

təkətək.

 

Yuxarıda qeyd etdiyimiz kimi, şeir uca və misilsiz Tanrının şərəfinə yazılmış mədhiyyə deyil. O illərdə bu cür şeirin yaranmasını da təsəvvür etmək və gözləmək düzgün olmazdı. Şeirdə Allah haqqında kifayət qədər kəskin və ateistlərin “xoşuna gələcək” ifadələr mövcuddur: “Deyirlər, sən məni yaratmısan, Adəm şəklində Yer kürəsinə atmısan. Deyirlər, tez yaratmısan  Mənim üçün ölümü də. Deməli, məni yaradan kimi məndən qorxmusan. Əlimdəsən, Allah, əlimdə”.

 

Bəs bu şeirin məqsədi və bugünümüz üçün dəyəri nədən ibarətdir? Şairin arzusu və istəyi, təbii ki, öz ateist müasirlərinin qəlbini oxşamaq deyildi. Allahla mübahisə şəklində düşünülmüş və yazılmış şeir nəinki dolayısıyla, hətta bilavasitə Allahın varlığını təsdiq edirdi. Çünki lirik “mən” dünyanın Sahibinə, Yaradana etiraz edirdi. Təbii ki, bu qəribə mübahisə və çoxmənalı xitab Allahın varlığını cəmiyyətə təlqin etmək məqsədi daşıyırdı. Şeirin epiloqu müəllifin məhz bu məqsədində son dərəcə ardıcıl və israrlı olduğunu bir daha vurğulayır: “Sən, qatı düşmənimsən, qatı. Xofunla vahiməyə çevirirsən həyatı. Gəl, vuruşaq, Allah! Bu vuruş bəşərin susuz dodağına su olacaq, su! Vuruşaq ki, çıxsın canımdan, Allah vahiməsi, Allah qorxusu!”.

 

Altmışıncıların Allah barəsində düşüncələrinin tarixini “Salam, Allah” şeirindən başlamaq olar. Onların “Mən burdayam, ilahi” (Vaqif Səmədoğlu) xitabına gedən yolu “Salam, Allah”dan keçir. Beləliklə, yeni poetik epoxanın formalaşması prosesi məşhur və əsas ictimai-fəlsəfi və bədii-estetik kanonlara, dəyərlərə tamamilə təzə yanaşmalara əsaslanırdı. Yeni ədəbi dövr özündən əvvəlki estetik mərhələnin qanunlarına və həqiqətlərinə bir təftişçi kimi yanaşır və insan, həyat, tarix, dünya haqqında təsəvvürləri yeniləyərək özününküləri yaradırdı. Gənc F.Qocanın yaradıcılığı yeni mədəni epoxanın poetik dəsti-xəttini və simasını müəyyənləşdirən ədəbi hadisələrdən biri kimi gələcəkdə də oxucu və ədəbiyyatşünasları düşündürəcəkdir.

 

Poetik gəncliyin erkən yaradıcılığında dekonstruktiv yanaşmaya məruz qalan və hələ o zamanlar da ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edən məsələlərdən biri təkcə cəmiyyətin deyil, ümumən, XX yüzilin əsas problemlərindən birinə - insanın xoşbəxtliyi və səadəti haqqındakı ədəbiyyatda kök salmış ənənəyə münasibət idi. Bu mövzuda gənc F.Qoca xeyli şeirlər yazıb. Həmin şeirlər, qeyd etmək lazımdır ki, 60-cı illərdə də, sonralar da birmənalı qarşılanmayıb. Ona görə ki, müəllifin məqsədi heç də Sovet şairlərinin ictimai və milli xoşbəxtlik haqqındakı qənaətlərini və hökmlərini davam etdirmək olmayıb. Bu şeirlərdə, təbii ki, X.R.Ulutürkə məxsus açıq etiraz və üsyankarlıq da, V.Səmədoğluya məxsus səadətin antonimi - bəxtsizliyin və pessimizmin tərənnümü də yoxdur. Amma gənc F.Qocanın erkən lirikasında ictimai səadətin təsdiqi və tərənnümünü də görmürük, əksinə, onun bu tipli şeirlərində X.R.Ulutürk və V.Səmədoğluyla dərin və gizli bir həmrəylik duyulmaqdadır. Məsələn, gəlin şairin həmin şeirlərindən birini birlikdə oxuyaq: “Mat qalmışam sənə: xoşbəxtliyini tək qoyub necə yatacaqsan bu gecə? Xoşbəxtlikdən necə ayrılacaqsan, necə? Bəlkə səhər oyananda xoşbəxtliyin itmiş oldu? Səhərəcən təklikdən darıxıb getmiş oldu? Bəlkə... bəlkə... Nə bilim, bir gecədə dünyada o qədər şeylər olub. Axı, necə yata bilərsən, belə xoşbəxtlikdən ayrılıb”. Oxuduğumuz lirik mətndə müəllifin “xoşbəxtlik” anlayışına qəribə münasibəti diqqətinizi cəlb edirmi? Şeirdə təsvir olunan insanın xoşbəxtliyi və ya ümumən, o insanın xoşbəxt olması müəyyən şübhə və tərəddüd yaradır. Yəni “xoşbəxt” insan yatıb səhər yuxusundan bədbəxt oyana bilər. Burada insan səadəti anlayışının nisbiliyi və ya müvəqqətiliyi də ifadə olunub. Amma daha çox diqqəti çəkən xoşbəxtliyin yalanlığı, saxtalığı və ya yoxluğudur. Bu həqiqəti gənc F.Qoca son dərəcə məharətlə ifadə edib. Poetik həqiqətlərin bu cür sətiraltı mənalar və son dərəcə incə işarələr vasitəsi ilə əks etdirilməsi təcrübəsinə XX əsr poeziyasında bir sıra ustad sənətkarların, o cümlədən, M.Ə.Sabirin, S.Vurğunun, R.Rzanın, Ə.Kərimin və təbii ki, F.Qocanın poeziyasında rast gəlirik.

 

Həqiqət və azadlıq bütün zamanlarda bədii təfəkkürün diqqət mərkəzində dayanan ictimai-estetik anlayışlardır. Yaradıcı insanın simasını, şərəf və ləyaqətini təyin edən bu mənəvi keyfiyyətlər heç vaxt öz aktuallığını itirməyib. Öz dövrü həqiqətlərinə sədaqət sənətkarın mənəviyyatı və tarix qarşısındakı məsuliyyətini həmişə açıq-aydın nümayiş etdirib. Söz sənətinin azadlığa münasibəti də ilk öncə həqiqətə necə və nə dərəcədə sayqı ilə yanaşmaqdan asılı olub. Öz dövrünün həqiqətlərinə arxa çevirən ədəbiyyatın azadlıq barəsindəki dəyərləndirmələri də saxta olmağa məhkumdur. Altmışıncıların öz poetik həqiqətlərini yaratmaqla bağlı estetik axtarışları onların azadlıq ünvanına yönəlmiş mənəvi-əxlaqi hökmləri ilə daha da dolğunlaşırdı.

 

Gənc F.Qocanın həqiqət və azadlıq haqqında bir neçə şeiri var. Bu şeirləri yeni poetik epoxanın varlığını və mahiyyətini səciyyələndirən bədii əsərlərin uğurlu nümunələri hesab etmək olar. Həm də bu şeirlər ümumilikdə altmışıncıların mənəvi-estetik qənaətləri ilə çox yaxın və həmahəngdir. Gənc şairin “Həqiqət” (1963) şeirində yuxarıda söylədiklərimizin inikasını görürük. “Günəş böyük həqiqətdir, Ondan incimək olmayır. Təriflənmək ləyaqətdir, Bəyənməmək qəbahətdir Özgə söz demək olmayır”. Müəllif öz dövrünün böyük həqiqətindən söz açır, onu günəş adlandırır. Amma bu şeiri günəşin tərifinə və təhlilinə həsr olunmuş bir əsər kimi dəyərləndirmək düzgün olmazdı. Əksinə, “Həqiqət” yazıldığı dövrün günəş kimi böyük həqiqəti haqqındakı şeirdir. Yəni yarandığı zamanın ən böyük həqiqətinə poetik münasibəti əks etdirir bu şeir. O dövrün ən böyük həqiqəti və ya həqiqətlərini isə biz öz təsəvvürümüzdə canlandırmalıyıq. Şeirin pafosunu və məqsədini doğru-düzgün dərk etmək üçün həmin həqiqətləri fikrimizdə bütövləşdirərək, aşağıdakı misraları oxuyanda biz şeirin və şairin həqiqətə baxışını anlayırıq:

 

Günəş böyük həqiqətdir,

Böyük olmaq böyük dərddir, -

O hər yanda olsun gərək, 

O hər yana çatsın gərək...

 

Müəllifin həqiqətə yanaşmasını və münasibətini yuxarıdakı misralar daha aydın və sərrast ifadə edir. O, yəni həqiqət hər yerdə ola bilmir, hər yana çata bilmir. Həqiqətin azlığını və bir çox hallarda isə yoxluğunu şair son dərəcə məharətlə, günəş obrazının təbii və coğrafi imkanlarından istifadə edərək söyləməyə nail olub. Şeirin son misraları da müəllifin həqiqətlə bağlı narahatlığını və nigarançılığını, həqiqətsizliyin dəhşətini vurğulayır: “Günəş böyük həqiqətdir, Ondan incimək olmayır. Beləsinin verdiyi ziyan böyük dərddir, heç kəsə demək olmayır”. Amma  gördüyünüz kimi, kiməsə söyləmək nə qədər çətin və təhlükəli olsa da, gənc müəllif “Günəş kimi böyük həqiqətlərin” verdiyi “böyük ziyan” barəsində öz oxucusunu və xalqını xəbərdar etməyə cəsarət etmişdi.

 

(Ardı var)

Qasımbəyli Yaşar

525-ci qəzet.- 2015.- 22 avqust.- S.18.