“Qalan ömrə yarım ürək bəs elər...”  

 

 

 

Bugünlər təqvimdə onun günü deyil. Nə doğulmasının yuvarlaq tarixidir, nə də vəfatının ildönümü. Amma bəzən bütün şərti təqvimləri bir yana atıb, kimlərinsə sıraladığı, “ələyib, dənələdiyi” günləri bir kənara buraxıb bəzən yalnız özünə məlum olan bir gün düşür yadına...

 

Lap naqafil olur bu xatırlama. Bu yadasalma hansısa nəğmələrdən qanadlanıb könlünə qonan “Məndən sənə nə qalacaq, nə bilim” tərəddüdlü bir göyərçin misra ilə də ola bilər, “Yüz il qoşa atılsaq da, qoşa düşmərik” gücüylə bir dimdik vurub ruhunu qanadan şahin bir cümlə ilə də. Bütün hallarda xatırlamağa dəyər-hətta  Unut məni, aldat məni, at məni” deyilsə də...

 

Bircə bunu düşün ki, unudulmaq, aldanılmaq, atılmaq kimi bir arzun var. Və arzuladıqca da bu istək qüvvədə qalır. Kimlər üçünsə arzuolunmaz olan bu arzunun bir qarşısıalınmaz cazibəsi var. Ömrün-günün yalana bələnib keçəndə yaxşıca anlayırsan bunu. Hər addımda aldanıldığına əminsən, üzünü çevirən kimi badalaq vurulacağını hiss eləyirsən, kürəyini söykəmək istədiyin boşluğun səni büdrədəcəyini bilirsən və bu, artıq heç bir əhəmiyyət kəsb eləmir. Çünki bilirsən, ucuzdan ucuz olanlar  sənə dünyanın ən bahalı nemətini- doğrunu qıymazlar. Axı “Düz sözdür dünyada hər şeydən baha...” Bu yalan burulğanlarının içində özündən başqa hamıya gülünc, əyləncəli görünən hansısa doğruya tutunub yaşayanda kənardan Don Kixota bənzədiyinin də fərqində olursan, ya da ən pisi-heç  olmursan. Amma doğuluşdan beləsənsə, mahiyyətin budursa, “yalanı yalana nahaqdan bələyib” önünə gətirsələr belə,  sən bu bələnmişə körpə kimi yanaşırsan, qıymırsan ona. İçinin dərinliyində səni necə lazımdır aldatdıqlarını bilirsən, bunu etiraf eləyəcək gücdəsən həm də:

 

Tutarlı söz gəzmə özünü yorub,

Məni bilirsən ki, aldatmaq asan...

 

Amma böyüksənsə, aldanılmaq əsla narahat eləmir. Çünki əminsən, aldadanların da başqa çıxış yolu yoxdu. Onların da gücü bu zəifliklərindədir: aldatmaqlarında. Amma dönüb-dolanıb etdiyin hər şeyin sənə qayıdacağını bildiyindən nə vaxtsa aldatmaqla aldanılmağın tərəzinin eyni gözündə taraz şəkildə qərar tutacağına əminsən:

 

Aldatmaq da aldanılmaq deyilmi?

Zəhər satmaq zəhər almaq deyilmi?

Yaxşı quyu tərs badalaq deyilmi? -

Elə birdi: yıxılıb get, yıxıb get...

 

Yalan içində yaşayıb həqiqəti vəd eləmək çətindi. Və buna görə də vaxt gəlir, məqam yetişir, hər cür aldadanları, hər dürlü yalanı bağışlayırsan. Axı faniliyin və ölümün fonunda yalanlar, aldanışlar, xəyanətlər, yanlışlar sadəcə bir naxış kimi görünür. Yaşın neçə olur olsun, ürəyinə müdrikliyin bapbalaca bir tumu düşdüsə, bütün bunların nə qədər mənasız, əhəmiyyətsiz olduğunun fərqinə varırsan. Daha o tumu böyüdüb ağacmı, yoxsa gündöyən bir daşın üstünə çıxarıb qurudub hansısa qarğaya yemmi elədin, bu sənin kəramətinə bağlı... Hər iki halda xeyir də, zərər də özünündü. Adamın elədikləri özünə qayıdır.

 

Ətrafını saran yalan çamurunun içinə əynində ağappaq paltarla düşüb də, ətrafdan istehzalı, öldürücü baxışlarla göz qoyanları təmiz qalmaq istəyindən doğan gərginliyin işgəncəsi, əzabı ilə necə əyləndirdiyinin fərqindəsənmi? Amma bu, sənin həqiqətindi. Bu işgəncəni, bu əzabı özün seçmisən, asan olanlar sənə görə deyil. Səndən qabaq da bunu bilirdilər, bu həqiqətlə yaşayırdılar, ona görə “nə ola-ola” deyirsən və hər şeyi qəbul edirsən- unudulmağı da, aldadılmağı da...

 

Enişi qar, yoxuşu qar bu yolun,

Yad nəfəsdən buz qayası su olu...

Yalan yolu beş addımlıq su yolu,

Aldat məni, unut məni, at məni...

 

Kiminsə vasitəçiliyi ilə zamanınmı, Tanrınınmı şəhadət barmağı ürəyinə tuşlanıb “Axır səni düzdə qoydu bu düzlük...” həqiqəti atəş kimi açılanda  -bütün bunlardan sonra hələ sağammı?- heyrətindən gözün böyüyür. “Doğru sözüm aldanışla görüşdü” vaqeəsindən sonra bundan da artıq itiriləcək nələrinsə, kimlərinsə olmadığına artıq özünü də inandırırsan, başqalarını da... Ən gözəli öz-özüylə pıçıltıyla danışmaqdı, adam ancaq bu halda özünü yaxşı eşidə bilir, heç sınadınmı?

 

Sən ömrünün atəşində yananda,

Kölgəndən də gərəksizdim yanında.

Qiymətli bir itik saxla yadında,

Unut məni, aldat məni, at məni...

 

Və artıq qətiyyən fərqi yoxdu sən kimin itiyisən, sevdiyininmi, yoxsa üzünü belə görmək istəmədiyininmi?

 

Əsas odur ki, üzün dönüb artıq. Üzünün döndüyünü görüb üzünə deyənlər tapılacaq ki...

 

Belə dönmə, ismi dönük deyilsən;

Gileyin var: yağdırıb get, yağıb get...

 

Amma ya yağdın, ya yağmadın, bu yağmur özündən başqa kimsəni islatmaz bundan sonra. Sən də üstünə yağan hədələr, gileylər, narazılıqlar, ittihamlar yağışının altında üşüyüb titim-titim titrəyərkən taleyin sənin üçün çaldığı, heç sevmədiyin bir havanın ritmini tutmağa çalışarsan uzun müddət... Hava da hava deyil ki... Yağmur bir yandan, ritm də sümüyünə düşməz...

 

İnnən belə dəmin dəmdə, qəmin kəm...

İnnən belə toy-büsatlar səninki...

Göz yaşların gərək olmaz yəqin ki...

 

- nidasılya bəxtəvərlik verənləri demirəm hələ...

 

Gözlərin “gözlərini gözlərinə sıxmağa” birini gəzərkən dəyişik salıb ürəyini sıxarlar... Son həddə çatdırarlar, sınağa çəkilən dözümünə dözməzsən artıq. “Ömrün tez tökülən gün zəri”nə yandığın vaxt içinə çöküb düşünərsən ki, “günlər mənə gün yazmağı unutdu”... və ancaq xəyallarında görmədiyin günlərə düşərsən, bu kəlmənin bütün çalarlarında sayrışan mənayla- görmədiyin günlərə... “Nə gün gördüm ki” üsyanından ruhun didim-didim didiləndə özünə məsləhət verməyə gücün çatarsa, ən yaxşısı getməkdi...

 

Tufan dəli, il tağında gül zərif,

Tez töküldü ömrümüzün gün zəri.

Barı ayır yadda qalan günləri,

Yaddaşının bir ucuna yığıb get...

 

Əgər getmək əvəzinə dayanıb da:

 

Öyünəsi bircəm idin, birimdin.

Yön tutası qibləm idin, pirimdin -

 

həqiqətini etiraf edəcək qədər doğru olsan, sənə yaxşıca başa salacaqlar ki, “Taleyinə dan ulduzu bildiklərin əslində karvanqıranmış” və sən də yolunu səhv istiqamətlə bəlirləmisənmiş. Anlayacaqsan ki, sən heç yaşamamısan, sadəcə “gün gün üstə xəzəl kimi qalanıb”, günlərini necə mənasız sərf etmisən və bundan istifadə edən kim(lər)sə də görmədiyi günlərə düşübmüş... Bütün bunlardan sonra təəssüflə əlini yelləməkdən başqa yolun olmaz. Bu yolu tapmağa isə dan ulduzu-filan lazım deyil, bu elə asan yoldu ki, onu hamı özü tapmağı bacarır.

 

...Belə ikilikdə onsuz da təkik,

Deyək keçməmişik bu yolu, neynək -

 

aldatmacasından qeyri, əlinə heç nə keçməz. Tam qopmamışdan əvvəl özünüaldatmanın dozasını bir az da artırmaqla nəyə nail olduğunu bilməzsən, amma olsun, bu da bir təsəllidir:

 

Barı inandır ki, təəssüf ilə

Kəsib uçuruma atırsan məni...

Zaman nərələri, qıyları udur,

Hər həşir-harayı eşitməz zaman.

Məni inandır ki, məhəbbət budur -

Səadət başlanır bu ayrılıqdan...

 

“Damağında bal sevdanın turş dadı”yla o tamı unutmağa çalışdığın vaxtlarda da kim nə deyir desin, kim nə düşünür düşünsün, sənin öz həqiqətin, öz doğrun, yaxud da həqiqət və doğru sandıqların var:

 

Nə yaxşı çox sözə qəlbim inanır,

Nə yaxşı ürəyim hələ uşaqdır.

Hardasa qəlbimin bir damla qanı

Riyadan, çamırdan, lildən uzaqdır...

 

Və bu “uşaq ürəyinlə”, uşaq inamınla da anlayacaqsan ki, nə olur olsun, nə yaşanır  yaşansın, nə başlanır başlansın, mütləq günlərin gözəl bir günü unudulandı, bitəndi, əskiləndi. Burda əskilən-təkcə azalan anlamda işlənmir, həm də köhnələn mənasındadır: “Bütün məhəbbətlər köhnələcəkdir”.

 

Fərqi yoxdu, ya bitib gedənlər, ya ölüb gedənlər özündən sonrakına “bir ömürlük xatirə” saxlancından savayı bir miras buraxmır. Belə bir “miras”a varis seçildinsə, Allahın altında yaddaşın bir sahil yaddaşı ola ki, illərin dalğası üstünə yazılanları ilk həmlədəcə yuya apara... Əgər “uşaq ağlın inadını qurşayıb” ürəyini yox, yaddaşını daşa döndəribsə, onda qazıq-qazıq, cızıq-cızıq olmuş o yaddaşı ömür boyu özünlə sürütləməyə məcbursan.  “Uduzduğun bu oyunun peşimanı” olduğunu qəbul etməlisən.

 

Yalanı yalana bələmə nahaq,

Onsuz da nə desən inanasıyam

 

- fəlsəfəsiylə yaşayanda bilməliydin bunları...

 

Səndən o tərəfə sonsuzluq yaşar,

Səndən o tərəfə yer görünməyir

 

- özünütəlqini səni zamanında çaşdırmışdı yəqin, ancaq gözəl bir gündə - deyəlim, Məmməd Araz günündə - illərin bişirib ortaya çıxardığı müdrikliklə anlayanda ki:

 

Mənli də, mənsiz də bu dünya vardı,

Göy belə göy idi, qar belə ağdı...

Bu dünya elə bir nəğməli valdı,

Mənli də, mənsiz də oxuyacaqdı...

 

Bundan sonra - “Dağın o üzündən umacağı” olmayanda da yaşamaq çətin olur yəni? Bu qədərini bilib də əl vuranda zər kimi tökülüb havaya sovrulan ötəri, keçəri nəsnələrdən ötrü bu qədər üzülmələrə, çırpınışlara, ruhi işgəncələrə dəyərmi? “Necə xoşdu - ürəyimi kəs elə...” rahatlığıyla etdiyin “təklifdən” sonra lap belə bal kimi də razılaşmalıydın ki, “Qalan ömrə yarım ürək bəs elər...”

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 22 avqust.- S.16.