Fikrət Qoca
yaradıcılığı yeni mədəni
epoxanın aydın təzahürü kimi
ŞAİRİN İNSAN, ALLAH, AZADLIQ VƏ POEZİYA HAQQINDA DÜŞÜNCƏLƏRİNƏ BİR NƏZƏR
(Əvvəli ötən sayımızda)
Fikrət Qocanın azadlıq haqqındakı şeirlərində
də gənc şairin poetik məharəti və cəsarəti oxucunu heyrətləndirir. Bu şeirlər
yenicə formalaşmaqda
olan F.Qoca üslubunun nadir və təkrarsız təzahürləridir.
Hətta
həssas oxucu da indicə nəzərdən keçirəcəyimiz
poetik nümunələri
dəfələrlə oxuyarkən
qəribə bir heyranlıq və təəccüb duyğusundan
ayrıla bilmir; Gənc müəllif bu cür poetik
nəticələrə axı
necə nail ola
bilib? "Azad insanıq"
(1964) şeirinin ifadə
tərzi çox qəribədir:
Çiynimdə ulduzlu səma,
İslanmış səkilərdə
Rəngarəng reklamların əksini
Geyirəm ayaqlarıma.
Bürkülü günlərdə sərin
Ağac
kölgəsində sərinləyirəm,
elə bil çimirəm.
Bu sətirlərdə insan azadlığının
xüsusi bir əlaməti və ya cəhəti diqqətinizi çəkmir. Çünki
həmin elə bil fövqəladə şey, azadlığın
rəmzi olan bir nişan
yoxdur. Lirik "mən" özünün
adi, hərgünkü
həyatından, hərəkətindən,
gəzintisindən bəhs
edir. İnsan azadlığının özünəməxsus
bir təzahürünü
və ya görüntüsünü görmək
məqsədi ilə yenə şeirə nəzər salırıq:
Soyuqlu gecələrdən incimirəm
Bürünürəm gümüşü
Ay işığına
Səhərəcən tamaşa eləyirəm
Yerlə göylə barışığına.
Gecələyirəm
Ya dörd divar arasında,
Ya da elə-belə, dünyada.
Biz bu misralarda da insan azadlığının
görünən və
görünməyən hansısa
bir əlamətini müşahidə etmirik.
Lirik "mən"in
yaşantıları, müəllifin
təsvir etdiyi lirik situasiya öz poetikliyi və cazibədarlığı
ilə qəlbinizi oxşayır. Amma onların heç
biri fövqəladə
və ya qeyri-adi təsir bağışlamır. Yəni
müəllif insan azadlığının çox
adi və sadə bir şey
olduğunu nəzərimizə
çatdırır.Lirik qəhrəmanın
öz vəziyyəti
haqqındakı etirafı
da azadlığın
yenə də adiliyini, təbiiliyini və heç kim tərəfindən
verilmədiyini göstərir:
Əzələmdə ilan kimi qıvrılıb gücüm,
Ürəyimdəki bir yığın arzudur-köçüm.
İşimdir - hara əlimi atsam,
Yolumdur - hara üzümü tutsam.
F.Qoca lirik qəhrəmanının azadlıq
ovqatı və təsəvvürü onun
bu mövzudakı başqa şeirlərində
də əks edib.
Aşağıdakı şeirdə də qəribə azadlıq əhvali-ruhiyyəsinin ifadəsi
ilə qarşılaşırıq. Bu qəribəlik
obrazlardan və bədii ifadə vasitələrindən başqa
həm də şeirin ruhunda, mündəricəsində və
lirik "mən"in
azadlığa münasibətindədir:
Başımın üstündə günəş,
Ayağımın altında doğma
bir ada...
Hara gəldi üzümü
tutub gedirəm.
Çiçəklərə gözəlləşməyi,
Ağaclara yaşamağı,
torpağa bərəkətli
olmağı öyrədirəm.
Mənimdir bütün binalar,
bütün çöllər,
bağlar.
Mənimdir səmadakı quşlar,
suların altındakı
balıqlar.
Çünki azad ürəyim
var,
azadlıq budur, qardaşım.
Gənc F.Qocanın bu ruhdakı və mövzudakı şeirləri
hələ yazıldığı
vaxtlarda ədəbi ictimaiyyətin diqqətini
cəlb etmişdi. Ədəbi tənqidin
bu şeirlərə münasibəti isə birmənalı deyildi.
Bu şeirləri təqdir edənlər də, inkar edənlər də vardı. Bu şeirin
sağlam təlqini və təhlili sonrakı dövrlərə
aiddir. Tənqidçi
Vaqif Yusifli yuxarıda misal gətirdiyimiz şeirdən
bəhs edərək yazırdı: "F.Qocanın
insan azadlığı
ilə bağlı düşüncələri də
onun poetik qayəsinin əsas atributlarından biridir... F.Qocanın lirik qəhrəmanı bu mənada xoşbəxt insandır.
Fikrən, ruhən azad olan insan üçün
həyat ilk növbədə
nikbin mahiyyət daşımalıdır". Bu fikirlərlə razılaşmaq
mümkündür və
biz də tənqidçinin
münasibətini müdafiə
edirik. Amma bu şeirə
başqa cür də yanaşmaq olar. Məsələn, şairin təsvir
etdiyi lirik əhvali-ruhiyyəni tam əks
mənada qiymətləndirmək
olmazmı? Müəllif insan azadlığını
son dərəcə, qəsdən
və məqsədli şəkildə adiləşdirməyibmi?
Lirik qəhrəmanın məhz
bu mövqeyi və məsələyə
bu cür münasibəti 60-cı illər
tənqidində ən
azı anlaşıqsız,
ən çoxu isə etirazla qarşılanmışdı. Çünki yeni lirik qəhrəmanın, xüsusən,
yuxarıda nəzərdən
keçirdiyimiz lirik
"mən"in yaşantılarında
bir sıra başqa cəhət və keyfiyyətlər də nəzərə çarpırdı. İdeoloji
tənqid yeni lirik qəhrəmanın mənəvi fəaliyyətində
və xarakterində
"passiv istehza" və "ironiya aləminə qapılma"
hallarını görür
və bunu açıqca büruzə
verirdi. Sovet tənqidinin bu
narahatçılığı əsassız deyildi.
Çünki Ə.Kərimin, F.Qocanın,
M.Arazın, X.R.Ulutürkün
və başqa altmışıncıların lirik qəhrəmanları
sosialist realizmi estetikasının qəliblərinə
sığmırdı, hətta
onu bir çox
cəhətlərdən yerli-dibli
inkar edirdi. Ona görə 60-70-ci illərin ən məşhur tənqidçilərindən
birini aşağıdakı
şeir həddindən
artıq hiddətləndirmişdi:
Dəniz
də mənimdir,
Üstünə səpilən ay işığı
da.
Sahildəki ağaclar da mənimdir,
Yarpaqların danışığı da.
Gedir gəmilər,
Fit səsi mənə qalır.
Yollarda bütün gözəllərin
Tökülüb ədası, nazı, qəmzəsi mənə qalır.
Xəyalım hara getmək istəyir, göndərirəm.
Yol pulunu qızırqanmıram,
Laləli
dərələrin qoynuna
atıram özümü,
alışıb yanmıram.
Şeirin epiloqu söz sənətinin məfkurəvi keyfiyyətinə və sosialist gerçəkliyinə nə dərəcədə sədaqətli olub-olmamasına cavabdeh ədəbiyyat texnoloqlarını xüsusi ilə qıcıqlandırırdı:
Kefim istəyəndə
gecələr doyunca
ulduzlara baxa bilirəm.
Heç baxmıram yada
Kef çəkirəm dünyada.
Bu sətirlərdə sosialist realizmi kanonları və qanunları ilə uyğunluğun olmamasını hiss edən tənqidçi əsəblərini və emosiyalarını cilovlaya bilməmişdi: "Bizə elə gəlir ki, bu cür hərcayi, iddialı lirik qəhrəmanı tərənnüm yox, ifşa etmək gərəkdir!..". 60-70-ci illərdə belə bir mülahizənin səslənməsi şairin taleyi üçün ciddi təhlükə yarada bilərdi. Ona görə də bu cür mövqedən yazılmış və altmışıncıları "ifşa" edən hökmlərə, ittihamnamələrə qarşı mütəmadi olaraq, sağlam və milli mənafeyi müdafiə edən tənqidin səsi həmişə eşidilib. Amma bugün yarım əsrə yaxın bir vaxt keçdiyini və elə bir siyasi, ideoloji təhlükənin olmadığına güvənərək, o şeirlər haqqında daha geniş və cəsarətli mülahizələr bildirmək zərurəti duyulmaqdadır.
Həqiqətən də, F.Qocanın yuxarıdakı şeirlərində azadlığa münasibətdə müəyyən dərəcədə istehza, ironiya mövcud idimi? Bizə elə gəlir ki, nəzərdən keçirdiyimiz şeirlərin mətnində siyasi azadlığın şişirdilməsinə, zamanın böyük mübaliğəsinə yanaşmada müəllifin son dərəcə dərin antipatiyası, passiv istehzası və ayıq müasirlərinin, daha çox isə gələcək nəsillərin həssas və iti idrakına hesablanmış incə bir ironiyası gizlənmişdir. Bədii həqiqətin bu cür düşünülməsi və ifadəsi, ümumən, F.Qoca üslubunu təşkil edən və şəkilləndirən poetik komponentlərin mürəkkəb qarşılıqlı əlaqəsi, lirikanın hədsiz məhdud imkanlarının bu dərəcədə genişləndirilməsi və lirik "mən"in birbaşa, müstəqim və az qala monoloq səciyyəli etirafında heyrətamiz çoxmənalılığa nail olmaq ötən əsrdə milli şeirimizin ən mühüm və yadda qalan nailiyyətlərindən biridir.
Beləliklə, gənc F.Qocanın üslubu XX yüzildə Azərbaycanın poetik üslub xəritəsində yeni bir ünvan və poetik məkan, növbəti və yeni bir üslub hadisəsi kimi milli bədii təfəkkürümüzü təzələmiş və zənginləşdirmişdir.
Müdrik F.Qocanın möhtəşəm və zəngin yaradıcılıq dünyası gənc F.Qocanın bədii cəsarətindən və kəşflərindən doğulub, ərsəyə gəlmişdir. Gənc F.Qocanın yarım əsr öncəki poetik həqiqətləri və heyrətləri bugün də bizi düşündürməkdədir.
Yaşar QASIMBƏYLİ
525-ci qəzet.- 2015.- 25 avqust.- S.4.