Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli
simaları: Məhəmməd xan Təkinski
(Əvvəli 21 avqust sayımızda)
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik
nümayəndəmiz M.Təkinskiyə
göndərdiyi teleqramda
Fövqəladə Parlament
İstintaq Komissiyası
yaratmaq üçün
İrəvan quberniyasında
ermənilərin törətdikləri
qırğınlar barədə
İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı.
Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu.
İyunun
10-da Azərbaycan XİN-in Ermənistandakı
diplomatik nümayəndə
M.Təkinskiyə göndərdiyi
şifrəli teleqramda
isə ona tapşırılırdı ki,
dağıdılmış kəndlərin təmsilçilərinin
köməyi ilə İrəvan quberniyasında,
imkan olarsa, Qars vilayətində zərərçəkmişlərin ad və soyadları, yaşayış yerləri,
yaşları göstərilməklə
müsəlmanların həm
insani, həm də əmlak itkiləri haqqında xəlvəti statistik məlumatlar toplansın. Məlumatlarda öldürülənlər, yaralananlar, əsir götürülənlər, dağıdılmış
kəndlər, bağlar,
aparılmış sürülər
haqqında səhih məlumatların əks olunması tapşırılırdı.
Həmçinin qeyd edilirdi ki, Azərbaycan hökumətinin qərarı
ilə ingilis, italyan və digər diplomatik təmsilçilərin iştirakı
ilə, ermənilərin
azərbaycanlılara vurduqları
itkilərin miqyasını
müəyyən etmək
üçün beynəlxalq
komissiya yaradılması
qərara alınıb.
Şərur-Naxçıvan bölgəsində vəziyyətlə
bağlı M.Təkinskinin
Azərbaycan xarici işlər nazirinə iyunun 13-də göndərdiyi
şifrəli teleqramdan
aydın olur ki, bölgədəki silahlı qüvvələrin
maddi təminatını
Azərbaycan hökuməti
İrəvandakı diplomatik
nümayəndəliyin vasitəsilə
həyata keçirib. Teleqramda bildirilirdi
ki, həmin bölgədə 6 min əsgər
və süvaridən
ibarət yarınizami
qoşunlar mövcuddur.
M. Təkinski qoşunların
döyüş hazırlığının
heç də erməni qoşunlarının
hazırlığından geri
qalmadığını ingilislərin
də etiraf etdiklərini bildirir. Daha sonra M.Təkinski yazırdı ki, bölgədəki silahlı
qüvvələrin sayını,
lazım gələrsə,
hərbi əməliyyatlar
zamanı 10 min nəfərə
də çatdırmaq
olar. Diplomatik nümayəndə Şərur-Naxçıvan bölgəsindəki
silahlı qüvvələrin
əvvəlki mövqelərində
qalmağının və
Zəngəzurla sərhəddəki
dağlarda yerləşdirməyin
vacibliyini qeyd edirdi. M.Təkinski ordunun təchizatı üçün göndərilən
vəsaitin düzgün
paylanmasına tam zamin
ola bilmədiyini
də bildirirdi.
İyunun 16-da M.Təkinski xarici işlər naziri M.Y.Cəfərova yazırdı
ki, A.Xatisovla uzun müddət söhbət edib və o, ingilis polkovniki Plantona və Amerika missiyasına arxalanaraq öz mövqeyini haqlı hesab edir. M.Təkinski ingilislərin gizlətmədən
müsəlmanların əleyhinə
çıxdıqlarını yazırdı.
İyunun 17-də A. Ziyadxanovun M. Təkinskiyə
göndərdiyi şifrəli
teleqramda Naxçıvan,
Şərur, Vedibasar,
Şahtaxtı, Culfa və Ordubad rayonlarında vəziyyətlə
bağlı təcili
informasiya istənilirdi. A. Ziyadxanov Vedibasarın qaymaqamı Xəlil ağa Hacılar və Abbasqulu ağa Şadlinskinin həbsdən azad edilməsi üçün
M.Təkinskiyə tədbir
görülməsini tapşırmışdı.
Ermənistandakı diplomatik nümayəndə
M.Təkinskinin verdiyi məlumata əsaslanaraq, A.Ziyadxanov yazırdı ki, Ermənistanın hakimiyyətini tanımamaq
dalğası motivində
Naxçıvanda və
ermənilərin ələ
keçirdikləri digər
yerlərdə narazılıqlar
başlayıb. Şahtaxtıda müsəlmanlar erməni komissarını
qovublar. Ermənistan hökuməti
isə yaranmış
fürsətdən istifadə
edərək mübahisəli
ərazi məsələlərinin
Cənubi Qafqaz respublikaları arasında
keçirilən konfransda
həllinə qədər
iddia etdiyi ərazilərdə idarəçiliyi
öz əlinə almaq və müsəlmanların
istənilən hərəkatını
dərhal boğmaq istəyirdi. A. Ziyadxanov
yaranmış vəziyyətdən
istifadə edərək
Araz Respublikasına həm maddi, həm də döyüş sursatı
ilə köməklik
göstərmək üçün
Naxçıvana zabit
kadrları və 100
min rubl vəsait ayırmağı təklif
etmişdi.
İyunun 21-də M.Təkinskinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi
daha bir şifrəli teleqramda bildirilirdi ki, Naxçıvan, Şərur,
Vedibasar, Şahtaxtı
rayonları erməni qoşunları tərəfindən
tutulmuşdur və erməni administrasiyası
yaradılmışdır. M.Təkinski
Naxçıvan Milli Şurasının ondan müttəfiqlərin komandanlığının
nəzərinə çatdırmağı
xahiş edirdi ki, ingilis generalı
Devinin və Ermənistan hökumətinin
başçısı A.Xatisovun
vədlərinə baxmayaraq,
erməni hakimiyyəti
axtarışlara, silahları
müsadirə etməyə
və ev əşyalarını talan
etməyə başlayıb.
Milli Şura xahiş edir ki, müttəfiqlərin
komandanlığı ermənilərin
bütün bu qanunsuz əməllərinə
son qoysun. Teleqramda həmçinin
bildirilirdi ki, Culfa ermənilərin əlindədir, lakin ordubadlılar erməniləri
ora buraxmırlar.
1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan
xarici işlər nazirinə göndərdiyi
şifrəli teleqramda
göstərirdi ki, Böyük Vedidə erməni qoşunlarının
hücumlarının qarşısı
alınıb, erməni
ordusu artilleriyası ilə birlikdə dəmir yolu xəttinə çəkilib.
İrəvana çoxlu erməni
yaralılarının daşındığı,
öldürülən erməni
əsgərlərinin sayının
200-dən artıq, yaralanan
və öldürülən
erməni zabitlərinin
sayının on nəfərdən
çox olması barədə xəbərlərin
dolaşdığı teleqramda
ifadə edilmişdi.
Ermənilər öz uğursuzluqlarını
Vedibasarda türk əsgərlərinin olması
ilə izah edirlər. İngilislər də ermənilərə
inanırlar. Orada türk
əsgərlərinin olmasını
M.Təkinski qəti surətdə təkzib edir. M. Təkinski İrəvandakı ingilis
hərbi nümayəndəliyinin
açıq-aşkar ermənipərəst
mövqe tutduğunu yazırdı.
Azərbaycanın Ermənistandakı diplomatik
nümayəndəsi M. Təkinski
1 avqust 1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi ki,
erməni qoşunları
iyulun 4-də Böyük
Vediyə çatmışlar
və danışıqlar
zamanı ilk atəş
ermənilər tərəfindən
açılmış, Böyük
Vedidən olan nümayəndələr Zeynalabdin
Şıxəli oğlu
və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşdür. Bundan sonra Böyük vedililər də atəş açmış,
atışma axşamadək
davam etmişdir.
Axşamüstü ermənilər
Böyük Vedi müsəlmanlarının hücumuna
tab gətirməyərək döyüş meydanında
pulemyotlar, mərmilər,
palatkalar qoyaraq geri çəkilmişlər.
M.Təkinski həmin teleqramda
Ermənistanın Azərbaycandakı
diplomatik nümayəndəsi
T.Bekzadyanın Böyük
Vedi müdafiəçilərinin
kənardan pulemyotlarla
təmin edilməsi barədə bəyanatının
yalan olduğunu, vedililərin pulemyotları
ermənilərlə döyüşlərdə
ələ keçirdiklərini
yazır.
Həmin
teleqramda M.Təkinski ortaya belə bir sual qoyur:
- "Nə üçün
Böyük Vedinin müsəlmanları mübarizə
aparmağı qərara
almışlar?" Sualın
cavabında M.Təkinski
yazır ki, Böyük vedililər İrəvan quberniyasında
300-dən artıq müsəlman
kəndinin ermənilər
tərəfindən dağıdılmasını
və on minlərlə
kişi, qadın və uşaqların öldürüldüklərini
görüb mübarizə
aparırlar. Hər gün müsəlmanların
öldürüldüyü, talan edildiyi, eşidilməmiş zorakılıqlara
məruz qoyulduqları
bütöv rayonların
Ermənistanın tabeçiliyindən
imtina etmələrini
və istənilən
qonşu ölkəyə
birləşmək istəklərini
M.Təkinski təbii hal hesab edir.
1919-cu il avqustun
2-də M.Təkinski Azərbaycan
hökuməti adından
Ermənistanın xarici
işlər nazirinə
nota təqdim edir. Notanın əvvəlində
M. Təkinski avqustun
1-də xarici işlər
naziri M.Y.Cəfərova
Böyük Vedi hadisələri ilə bağlı yazdığı
faktları təkrarladıqdan
sonra qeyd edir ki, bölgənin
müsəlmanlarının sözlərinə görə,
İrəvan şəhərinin
küçələrində, Zəngibasarın, Gərnibasarın
və digər rayonların yollarında ermənilər müsəlmanları
öldürür, əmlaklarını
talan edir, müsəlmanların həyətlərindəki ağacları qırıb doğrayır,
bostanlarını və
bağlarını ələ
keçirirlər. Böyük Vedi
ətrafında təqribən
bir ay davam edən döyüşlər
zamanı ev-eşiyindən
didərgin düşən
müsəlmanların yetişdirdikləri
məhsulları ermənilər
toplayıb aparmış,
yerdə qalan məhsulu isə yandırmışlar.
Daha sonra M.Təkinski yazır ki, Ağzıbir, Məngüs,
Milli Dərəsi və s. kəndlərin evlərindən didərgin
düşmüş sakinlərini
"Ermənistana xəyanətdə"
suçlayan Ermənistan
hakimiyyətinin nümayəndələri
onları öz doğma kəndlərinə
buraxmırlar. Uzun sürən
xahişlərdən sonra
bəzi müsəlman
kəndlərinin sakinləri
öz kəndlərinə
buraxılsalar da, ermənilər onların olub-qalan əmlaklarını
talan etmiş, bir neçəsini öldürmüş, ona
görə də müsəlmanlar dəhşət
içərisində qaçıb
canlarını qurtarmışlar.
Müsəlmanlar M. Təkinskidən xahiş edirlər ki, labüd ölümdən qurtulmaq üçün onların
Azərbaycana köçürülməsinə
yardım etsin.
Notanın sonunda M. Təkinski yazır ki, əgər Ermənistan hökuməti iki respublika arasında xoş münasibətlərin
qurulmasını istəyirsə,
Ermənistandakı müsəlmanlar
üçün hüquqi
zəmin yaratmalı, qatilləri və talançıları ciddi
cəzalandırmalıdır.
1919-cu il oktyabrın
1-də Məhəmməd xan
Təkinski Azərbaycan
xarici işlər nazirinin müavini vəzifəsinə təyin
olunur.
1920-ci il aprel
ayının 28-də Sovet
Rusiyasının XI ordusu
tərəfindən Azərbaycan
işğal olunduqdan sonra süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbərlərinə
və fəallarına
qarşı ciddi repressiya siyasəti həyata keçirilir. Həmin repressiyalardan sonra M.Təkinskinin necə olması barədə məlumat son dərəcə
azdır. Dəyərli tədqiqatçı Ədalət
Tahirzadənin verdiyi bilgiyə görə, fədakar dövlət xadimimiz M.Təkinski də 1938-ci ildə repressiyanın qurbanı olaraq güllələnib.
Ramil HİKMƏT
525-ci qəzet.- 2015.- 26 avqust.- S.4.